AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

Fəttah XALIQZADƏ

AMK-nınprofessoru

Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Email: halikzade@mail.ru

 UOT 78.031.4                                         

TARİXİ ETNOMUSİQİŞÜNASLIQ HAQQINDA İLK BÖYÜK KİTAB

 

 endir

 

PDF

 

 

Xülasə: Hazırkı məqalə etnomusiqişünaslığın yeni bir sahəsini təşkil edən, C.Mak.Kollum və D.G.Hebert tərəfindən nəşr edilmiş Theory and Method of historical Ethnomusicology – “Tarixi etnomusiqişünaslığın nəzəriyyəsi və metodu” adlı  ilk iri həcmli kitaba həsr olunmuşdur. Resenziyanın müəllifi fənnin tarix, metodologiya, nəzəriyyə, fəlsəfə və digər mühüm aspektlərini nəzərdən keçirir və eləcə də, həmin toplunun digər fəsillərinin ümumi məzmununu və  elmi yanaşmlarını qısaca şərh edir.

Açar sözlər: tarixi etnomusiqişünaslıq, musiqi tarixi, nəzəriyyə, metod, elmi yanaşmalar

 

 

Məlumdur ki, Qərb etnomusiqişünaslığının (ethnomusicology) ümumbəşəri  əhəmiyyəti və respublikamızda xarici ədəbiyyatın qıtlığı üzündən müvafiq əsərlərin vaxtında tapılıb milli mütəxəssislərə təqdim edilməsi çox vacibdir. Bu gün etnomusiqişünaslıq üzrə klassik müəlliflərin – Q.Adler, E.M.f.Hornbostel, K.Zaks, A.Merriam, A.Lomaks, C.Bleykinq, B.Nettl, T.Rays və bir çox başqalarının Azərbaycanda geniş təbliği öz əhəmiyyətinə görə Şərqin və Qərbin  klassik musiqi-nəzəri sistemlərindən heç də geri qalmır və milli musiqişünaslığın  inkişafında müstəsna rol oynayır.

Əsası dahi Üzeyir bəy Hacıbəylinin möhtəşəm fəhmi və həssasiyyatı sayəsində qoyulmuş Azərbaycan etnomusiqişünaslığı sonralar bir müddət mürəkkəb və ziddiyyətli inkişaf yoluna qədəm qoysa da, ötən əsrin sonlarından yenidən dirçəldilməyə başlamış və hazırda öz üzərinə ağır və məsuliyyətli  vəzifələr götürmüşdür (5). Qərbin məşhur etnomüzikoloq alimlərindən fərqli olaraq, milli mütəxəssislərimiz əsasən doğma musiqi mədəniyyətini araşdırmaqla məşğul olurlar. Eyni zamanda dünya etnomusiqişünaslığının əsasları və müxtəlif inkişaf mərhələləri ilə yaxından tanış olmaq, “lokal şəraitdə çalışıb, qlobalcasına düşünmək” (locally doing, globally thinking) düsturu əsasında çalışmaq, fənnin ən müasir təmayüllərini əxz etmək də olduqca önəmlidir.

XXI əsrdə etnomusiqişünaslıq elmi bir sıra yeni nailiyyətlər qazanmışdır. Onların arasında tarixi araşdırmaların cidd-cəhdlə işlənilməsi xüsusi vurğulanmalıdır. Qeyd olunan təmayül yeni nəsil tədqiqatçıları Conatan Mak.Kollum və David G.Hebert tərəfindən nəşr etdirilən “Tarixi etnomusiqişünaslıqda nəzəriyyə və  metod” adlı iri həcmli kitabda bariz ifadəsini tapmışdır — Theory and Method in Historical Ethnomusicology (1).

Ümumiyyətlə, etnomusiqişünaslıq konsepsiyasında tarixi problematika əzəldən böyük imkanlara malik olmuşdur. Lakin həmin potensial müəyyən səbəblər üzündən çox gec – yalnız ötən əsrin son onilliyindən etibarən aktuallaşmış, beləliklə də yeni istiqamətin intensiv şəkildə işlənilməsinə yol açılmışdır. Kitab həm etnomusiqişünaslıq sahəsində geniş üfüqlər açır, həm də ağ ləkələrlə dolu olan Azərbaycan musiqi tarixşünaslığının inkişafına müsbət təsir göstərə bilər.

Əslində məqalələr toplusu olan bu sanballı nəşr özünün elmi yeniliyi, dolğun məzmunu və geniş tətbiqi imkanları ilə son illərin dəyərli tədqiqatlarından hesab olunur. C.Mak.Kollum və D.Herbert kitabın araya-ərsəyə gəlməsində mühüm rol oynamış və məcmuədə beş fəslin müəllifləri qismində çıxış etmişlər. Onlar müqəddimə əhəmiyyətli ilk üç fəsillə sonuncusunu birlikdə yazmışlar (I, II, III və XI). Xüsusi bir  mövzuya həsr olunmuş VI fəslin də yazarı  C.Mak.Kollumdur.

Ayrıca ölkə və xalqların musiqi tarixinə həsr olunmuş qalan 6 fəsil isə digər mütəxəssislər  tərəfindən yazılmışdır. Beləliklə, vahid mövzu ətrafında birləşmiş bu sanballı nəşr sıx əməkdaşlığın gözəl bəhrəsidir. Bir çox aktual elmi məsələlərin əl-ələ verib işlənilməsində Azərbaycan mütəxəssislərinin də müəyyən təcrübəsi  vardır (7). Bununla belə, bir az da irəli gedib alimlərimizin dünya elminə inteqrasiyasını və çeşidli layihələrdə yaxından iştirakını da arzu edərdik.

Rəy verdiyimiz kitabın meydana gəlməsində etnomusiqişünaslıqla humanitar və ictimai elmlərin sıx qarşılıqlı əlaqələri, elmi ideya, baxış və layihələrin beynəlxalq konfrans və seminarlarda aprobasiyası, okeanın hər iki tayından – Avropa və ABŞ-dan olan mütəxəssislərin çevik və operativ fəaliyyəti də, şübhəsiz ki, öz bəhrəsini vermişdir. Naşirlər tandemi sələfləri və müasirlərinin  qiymətli elmi töhfələrini dərindən təhlil edir, həmkarlarının səylərini vahid bir məcraya yönəltməyə  nail olurlar.

Müasir etnomusiqişünaslığın mühüm nailiyyəti kimi qəbul edilən bu kitab bir sıra amillərin təsiri nəticəsində meydanan gəlmişdir. Ön sözün müəllifi Kit Hovard humanitar və ictimai elmlərdə olduğu kimi, etnomusiqişünaslıqda da “tarixə qayıdış” (historicalturn) meylini qeyd edir (1, IX). Məşhur amerikalı alim Bruno Nettl isə yazır “Mənə elə gəlir ki, etnomusiqişünaslığın dəyəri və töhfəsi öz mahiyyəti və geniş mənası etibarilə tarixilikdədir (historical)” (2, s. 11).

Tarixə və özəlliklə də, musiqi tarixinə qarşı münasibətin dəyişməsi etnomusiqişünaslığın yeni və perspektivli bir qolunun meydana gəlməsinə səbəb olmuşdur. Müasir anlayışlara görə, tarix yalnız keçmiş dövrlərə aid olmayaraq, bugünümüzə qədər gəlib çıxan, onun ayrılmaz bir parçasına çevrilən dərin məzmunlu bir anlayışdır. Keçmişin hadisələri sadəcə baş vermir, onlar tədqiqatçılar tərəfindən təfsir olunduqda tarixə çevrilir. Nəticədə ənənələrin qorunub saxlanılması əvəzinə onların zənginləşdirilməsi qayğısı meydana çıxır, muzey eksponatları — tarixi artefaktlar olmaqdan başqa bugünün tələblərinə də həmçinin xidmət edir.

Onu da xatırlatmaq lazımdır ki, klassik Avropa musiqişünaslığı sənətin yüzillər, minillər və daha çox  davam etmiş şifahi inkişaf dövrlərinə az müraciət edib. Bu sahədə əhəmiyyətli dəyişikliklər yeni tipli musiqi tarixşünaslığının və etnomusiqişünaslığın üzərinə düşmüşdür.

Etnomusiqişünaslıq hələ müqayisəli musuqişünaslıq dövründən (1885) öz diqqətini qədim mənşəli şifahi musiqi yaradıcılığına yönləndirmiş, bu günün folklor durumundan çıxış etsə də, onun yaxın, uzaq və mümkün qədər qədim keçmişlərinə nüfuz etməyə başlamışdır. Lakin bu meyllər etnoqrafik kontekstin hökmranlığı şəraitində xeyli müddət kölgədə qalmış və yalnız son zamanlar (1990- cı illərdən etibarən) aktuallaşmışdır.

Bütün bunlar tarixi etnomusiqişünaslıq nəzəriyyəsinin işlənilməsinə gətirib çıxarmış, musiqişünaslıqla etnomusiqişünaslıq arasında suni yaradılmış səddin aradan qaldırılmasına, onların sıx rabitəsi və hətta birləşdirilməsinə yol açmışdır.

Kitabın ilk 3 fəsildən ibarət böyük bir müqəddiməsi ilə yekun fəsli (XI) arasında özünə yer alan müstəqil tədqiqat əsərləri (IV-X fəsillər) müəyyən ölkə və xalqların spesifik musiqi tarixinə həsr olunmuşdur. İran, erməni, yəhudi, Hindistan, Afrika, Cənubi Amerika, Şərqi Asiya mədəniyyətlərindən hər birinin özünəməxsus problem və vəzifələri olsa da, onlar vahid konsepsiyaya əsaslanır. Bu mənada naşırlərin təqdim etdikləri fəsillər (I, II, III və XI ), habelə layihəyə cəlb etdikləri kontribyutorların məqalələri bir-birilə uzlaşdırılaraq bütöv bir vəhdət təşkil edir.

Müqəddimə əhəmiyyətli üç başlanğıc və bir yekun fəsil (I,II, III və XI fəsillər) , habelə Ön söz (K.Hovard)  etnomusiqişünaslığın yeni istiqamətinin ümumi qanunauyğunluqlarına həsr olunduğu üçün daha böyük maraq oyada bilər. Bunu nəzərə alaraq həmin hissələrin məzmununu bir qədər ətraflı şəkildə şərh etmək niyyətindəyik. Ann Bakli, Deyl Olsen, Robert Provayn, Peter Cefferi, Bonnie Vade, Kay Shelemay, Gariy Tomplinson kimi alimlərin rəngarəng tarixi etnomusiqişünaslıq  araşdırmalarını (IV-X fəsillər) nəzərdən keçirərkən onların fənlərarası yanaşma və üsullarını vurğulamaqla kifayətlənirik. Bu mənada çoxəsrlik Azərbaycan musiqisi ilə sıx tarixi-mədəni əlaqələrdə inkişaf etmiş fars klassik dəstgahlarının tarixindən bəhs edən V fəsil  — A.E.Lukas Qədim musiqi, müasir mif… (1, s. 175-195) istisna təşkil edəcəkdir.

Ön söz — “Keçmiş daha yad bir ölkə deyildir” (1, IX) görkəmli alim, tanınmış etnomusiqişünas Kit Hovard tərəfindən yazılmışdır. Musiqi tarixi dövrlərin araşdırılmasına böyük  ümidlər bəsləyən alim “Ön söz”ün başlığı  kimi məşhur yazıçı L.Hartlidən iqtibas etdiyi skeptik bir müddəanın tam tərsini vermişdir. Bu inam və ümid boş yerdə peyda olmamış, humanitar elmlərdə olduğu kimi, etnomusiqişünaslığın da tarixə üz tutması (historical turn) ilə şərtləndirilmişdir. K.Hovard Ön sözün məcazi başlığından ilham alaraq öz yazısını da bədii obrazlarla zənginləşdirmişdir.

“Tarixi etnomusiqişünaslığın təməlləri” (“Foundatious of Historical Ethnomusicology”) adlı ilk fəsildə qeyd olunduğu kimi, bu sahə heç də dar ixtisas sahiblərinə ünvanlanmır. Həqiqətən, kitabın oxucular dairəsi kifayət qədər geniş olub, “musiqi tarixşünaslığını, etnomusiqişünaslığı, caz və populyar musiqi tədqiqatlarını, erkən musiqi ifaçılığı növlərini, musiqi təhsili tarixini”(2;s.11) və s. əhatə edə bilər. Tarixi etnomusiqişünaslığın başlıca mahiyyətini incələmək məqsədilə naşirlər əvvəlcə etnomusiqişünaslığın mövcud olan təriflərini şərh edir və həmin təriflərdə tarixi məsələnin yalnız ötəri şəkildə toxunulduğunu göstərməyə çalışırlar.

Bu baxımdan SEM’in (Society for Ethnomusicology – Etnomusiqişünaslıq Cəmiyyətinin rəsmi vebsaytında “Etnomusiqişünaslıq nədir?” sualının üç bənddən ibarət olan cavabında tarixi aspektin kifayət qədər qabardılmaması nəzərə çatdırılır. Halbuki, bu elmin məşhur nümayəndələrindən biri olan Bruno Nettlin qənaətinə görə, “etnomusiqişünaslığın dəyəri və töhfəsi öz mahiyyəti və geniş mənası etibarilə tarixilikdədir” (2;s.11).

Digər nüfuzlu alim Timosi Rays öz tədqiqatında (4) Alan Merriamın triadasını inkişaf etdirərək etnomusiqişünaslıqda tarixi məsələnin nə qədər önəmli yer tutduğunu sübuta yetirir: 1. Musiqinin ictimai dəstəklənməsi, (socially maintained); 2. Tarixi konstruksiyası (historical construction) ; 3. Fərdi şəkildə yaradılması və və yaşanılması” (creation and experience).

Oxucuları nisbətən yenicə yaranmış bu sahə ilə yaxından tanış etmək məqsədi ilə eyni fəsil tarixi etnomusiqişünaslığın təşəkkülündə mühüm rol oynamış alimlərin fəaliyyəti (Karl Engel-1, Kurt Zaks, Karl Engel-2, Çarlz Sieger, Bruno Nettl),  habelə son zaman baş vermiş gəlişmələri də işıqlandırır, irəlidəki fəsillərin (IV-X) qısa icmalını təqdim edir və yekunlaşdırıcı qeydlərlə tamamlanır. “Tarixin unudulması və yenidən kəşfi” (Neglect and Rediscovery of History), “Qırılmış bağlar” (Missing Links, 1;s.9), “Qlobal musiqi tarixindən tarixi etnomusiqişünaslığa doğru”, “Whither ethnomusicology” kimi bölmə başlıqları da mühüm məna yükünə malikdir.

Kitabın ümumi məzmununu, xüsusilə də II və III fəsillərində araşdırılan metod və nəzəriyyə problemlərini doğru-dürüst dərk etmək üçün Qərb elminin anlayışlar aparatını qısaca şərh etmək lazımdır. Nəzəriyyə anlayışının “prinsiplər sistemi” kimi açıqlanması ilə “baxışlar sistemi”  arasında  fərq böyük  deyilsə, “metod”  məhfumu  bir empirik təcrübə kimi (empirical experience) yalnız  praktiki fəaliyyətə aid edilir və Azərbaycanda işlənilən metodika  kimi izah olunur. Təbii ki, metodologiya da təxminən metodikaların cəmi mənasını bildirir.

II fəsilin adından da göründüyü kimi (“XXI əsrdə tarixi etnomusiqişünaslığın metodologiyaları”) naşırlər elmin ən son nailiyyətləri və perspektivlərindən geniş şəkildə bəhs edirlər. Fəslin texnologiyalar məsələsindən başlaması isə müasir elm və texnikanın yeni vasitələrinin tətbiq edilməsi tələbləri ilə bağlıdır.

Müəlliflər tarixi araşdırmalarda əski faktların diqqətlə öyrənilməsini tövsiyə edir (“Köhnəni öyrənməklə yenini tapmaq” 1;s.37) və  empirik üsulların məkan və növlərini (arxiv, muzey, kitabxana saxlancı, audio və videoteka, internet resursları və s.) qeyd edir.Onlar faktların saysız-hesabsız rəngarəngliyi şəraitində hesablanma (computational) metodlarını da nəzərdən keçirirlər.

Etnomusiqişünaslıqda zəngin material və məlumatın toplanılması əzab-əziyyətli sahə araşdırmalarını tələb etsə də, tədqiqatların səliqə ilə yazıya alınması üçün “armchair” — rahat  kreslolarda əyləşib, masa üzərindəki çalışmalar tövsiyə edilir. (“armchair” —  kreslo deməkdir.)

II fəslin “Tədqiqatın strategiyası” sərlövhəsi altında verilmiş bölmələrində naşirlər özlərinin çox zəngin elmi-praktiki təcrübələrini öz oxucuları ilə paylaşır, əlyazma və audiovizual mənbələrin necə əldə olunması, şifahi tarixin öyrənilməsi, onlayn mənbələrinin mühafizəsi, səsli və görüntülü filmlərin (Sound and Videofilms) təhlili qaydaları və bəzən qarşıya çıxan etika məsələlərini ətraflı şərh edirlər.

III fəsildə (“Tarixin fəlsəfəsi və tarixi etnomusiqişünaslıqda nəzəriyyə”) ümumi tarixşünaslığa və deməli, tarixi etnomusiqişünaslığa bu və başqa dərəcədə  təsiri olan bir sıra nəzəriyyə və fəlsəfi məsələlərdən geniş bəhs olunur,

Bütövlükdə, musiqi fəlsəfəsindən fərqli olaraq, musiqişünaslığın fəlsəfəsi yalnız 1990-cı illərdən etibarən işlənilməyə başlamışdır. Görkəmli etnomusiqişünas Bruno Nettl 1991-ci ildə yazırdı: “Böyük bir sahə olan musiqişünaslığın fəlsəfəsi seminar və nəşrlərdə hələ meydana gəlməmişdir” (1, s. 85). Üstəlik, etnomusiqişünaslıqda nəinki fəlsəfi, həmçinin nəzəri məsələlər də yenicə işlənilməyə başlamış və bu məqsədlə uzun müddət sosial–mədəni  antropologiyadan istifadə edilmişdi. Buna görə də, əvvəlcə etnomusiqişünaslığın nəzəriyyəsi sahəsində atılan ilk addımlara – R.Stoun, T.Rays, S.Loza, K.Negus və A.Barnardın dəyərli elmi məqalələrinə diqqət yetirilir.

III fəsil musiqi elminin yenicə işlənilməyə başlamış fəlsəfi məsələlərindən çıxış edərək bu ideyaların tarixi etnomusiqişünaslıq üçün əhəmiyyətindən geniş bəhs edir. Çeşidli elmi biliklər, araşdırma təcrübəsi və incə psixoloji məqamlar tarixi etnomusiqişünaslığa təsirsiz ötüşmədiyi üçün həmin fəsildə  müxtəlif mövzuların, məsələn, trans-mədəni  əlaqələr və hibridləşmənin araşdırılmasında da tarixi aspektin əhəmiyyəti əsaslandırılır.

Burada nəzərdən keçirilən fəlsəfi və nəzəri problemlər arasında sıx qarşılıqlı münasibətlər özünü göstərir. Hər halda, tədqiqatın məntiqi gedişatından bəlli olduğu kimi, tarixi etnomusiqişünaslığın fəlsəfəsinə aparan yol onun nəzəriyyəsindən keçmişdir.

Sözügedən fəsil də, özündən əvvəlkilər kimi, bir çox bölmə və yarımbölmələrdən ibarətdir. Onun ümumi məzmununu mahiyyəticə üç məsələ ətrafında birləşdirmək olar: Tarixi etnomusiqişünaslığın fəlsəfəsi (1), nəzəriyyəsi (2) və eləcə də qonşu sahələrdə meydana gələn və tarixi fənnin problemlərinə tətbiq edilə bilən nəzəriyyələr (məsələn, mədəniyyətin yaddaşı nəzəriyyəsi)

C.Mak.Kollum və D.Hebert irəliyə sürülən problemlərin izahına tarixi etnomusiqişünaslığın sırf nəzəri məsələlərinə həsr olunmuş  hələlik azsaylı elmi məqalələrin şərhindən başlayırlar. R.Stoun, T.Rays kimi alimlərin əsərləri fənnin inkişafında önəmli  hadisə olmaqla onun fəlsəfəsinə də bir hazırlıq və ya müqəddimə hesab olunur. C.Mak.Kollum və D.Herbert daha sonra tarixi yanaşmanın uğurla tətbiq edilə biləcəyi bir sıra sahə və mövzuları göstərir, qonşu elmlərin nailiyyətlərindən də imkan daxilində faydalanırlar. Onlar bir tərəfdən tarixi etnomusiqişünaslığı araşdırır, digər tərəfdən isə humanitar elmlər üzrə münasib  ədəbiyyatı cidd-cəhdlə şərh edib müəyyən ümumiləşdirmələr aparırlar.

Tarixi etnomusiqişünaslığın fəlsəfəsinə həsr olunmuş fəsildə onun iki başlıca qolunun  məqsəd və vəzifələri şərh olunur. a) Tənqidi fəlsəfə ümumi tarixşünaslığın başlıca problemləri ilə məşğul olur və keçmişin hadisələrini öyrənməkdən ötrü daha effektiv metodları arayıb-axtarır. Fakt və hadisələrin doğruluğunu təsdiq edən dəlillərin tapılması və inandırıcı nəticələrin alınması da tənqidi fəlsəfəni düşündürən  məsələlərdəndir. b) Spekulyativ fəlsəfə insanın uzun zaman ərzindəki təkamülünü izləməklə, keçmişin, məsələn, qədim musiqinin nə dərəcədə öyrənilə bilməsi məsələsini irəli sürür. Bununla əlaqədar, Stanford Fəlsəfi Ensiklopediyasının onlayn səhifələrində “Tarixin fəlsəfəsi” barədə aşağıdakı maddələr nəzərə çatdırılır:

  1. Tarix nələrdən ibarətdir – fərdlərin fəaliyyəti, sosial strukturlar, dövr və regionlar, sivilizasiyalar, başlıca səbəbləri ilahinin müdaxiləsi.
  2. Tarix ayrı-ayrı hadisə və fəaliyyətlərdan başqa (beyond) onların əmələ gətirdikləri məna. struktur və istiqamətlərə də malikdirmi?
  3. Tarix haqqında biliklərimizə, onun təqdimatı və izahatına nələr daxildir?

Eyni fəsil daxilində sırf fəlsəfi əhəmiyyətli suallardan başqa tarixi hadisələrin qavranılması və təfsirinə ciddi təsir göstərən bir sıra mühüm amillərin fəaliyyətindən ətraflı şəkildə bəhs olunur. Belə ki, mədəniyyətin yaddaşı nəzəriyyəsi, cognitive dissonanse (qavramada dissonans, yəni yanlışlıq), musiqi dəyişiklikləri nəzəriyyəsi, trans-mədəni münasibətlər (transeculturation) və hibridləşmə (hybridization); tarixşünaslığa təsiri olmuş P.Burdiye və M.Fuko nəzəriyyələri; etika, estetika, post-modernizm, mədəni hüquqlar və gender məsələlərinin tarixi aspektləri fəslin ümumi məzmununu tamamlayır. C.Mak.Kollum və D.Hebertin fikrincə, bütün qeyd olunan amillərin müfəssəl şərhi tarixi tədqiqatlarda, o cümlədən, etnomusiqişünaslıq əsərlərində səhih nəticələrin əldə olunmasına xidmət etməlidir.

Musiqi tarixinin araşdırılmasında nəzəriyyənin əhəmiyyətini kitabın V fəslində aydın şəkildə görmək olar: Ann E.Lukas “Qədim musiqi, müasir mif: Fars musiqisi və Tarixi etnomusiqişünaslıqda metodologiya axtarışlar)”. Müəllif tədqiq etdiyi musiqi mədəniyyətinə diqqətlə yanaşır, bu barədə mövcud olan Orta əsr mənbələrinə tənqidi münasibət bəsləyir, həm də bir sıra yeni nəzəriyyələrdən (məsələn, uzun dövrlər ərzində musiqi dəyişiklikləri nəzəriyyəsindən, fasiləli və fasiləsizliyin vəhdəti, M.Fukonun təlimi və s.) faydalanmaqla İran musiqi tarixinin müəyyən cəhətlərini işıqlandırmağa nail olur. Onun fikrincə, İran tarixi mənbələrinə xas olan seçkin (selective) interpretasiya üsulu musiqi sənətinin müəyyən ünsürlərinə üstünlük verirsə, digərlərinə qarşı diqqətsiz və laqeyd qalmışdır: “Bəzi alimlər musiqi barədə farsların tarixi müddəalarını (historical Persian statements) təhlil üçün qeyri-dürüst hesab etməyə meyl göstərirlər” (1;s.185).

A.E.Lukas doğru olaraq, XIX əsrdə ənənəvi fars musiqisinin yeni bir  mərhələyə  qədəm qoyduğunu vurğulayır  və belə bir inkişafda farsdilli mühitin rolunu da qeyd edir. Həmin mühitin coğrafi əhatəsi çox geniş olsa da (Hindistan, Orta Asiya, Anadolu, Azərbaycan), təəssüf ki, müəllif bu barədə öz fikirlərini dəqiqləşdirmir. Məsələn, o, dəstgah formasının yaradılmasında və Qacarlar sarayına gətirilməsində Azərbaycan musiqiçilərinin danılmaz əməyinə aid heç bir söz demir. Buna baxmayaraq, sözügedən bu tədqiqat öz məzmunu və metodları ilə  diqqətəlayiqdir.

Kitabın digər fəsilləri ayrı-ayrı xalqların və ölkələrin musiqi tarixinə nüfuz etməsi və maraqlı tədqiqat üsullarının tətbiqi ilə maraq doğurur. Gələcəkdə yeri gəldikcə, onların da məzmununa dair müvafiq rəylərin bildirilməsi mümkündür. Eyni zamanda müasir təfəkkürlü mütəxəssislər, xüsusilə də, gənclər onları müstəqil şəkildə oxuyub mənimsəməyə daha çox səy göstərməlidirlər.

 Beləliklə də, tarixi etnomusiqişünaslıq hələ “gənc” olsa da, səriştəli mütəxəssislər qrupunun böyük əməyi sayəsində perspektivli və geniş bir elmi fənnə çevrilmiş, möhkəm nəzəri, metodoloji və fəlsəfi təməllər üzərində qurularaq zəngin  potensial  qazanmışdır.

Tarixi etnomusiqişünaslıq ümumi etnomusiqişünaslığın və ya musiqi tarixinin məhdud bir tərkib hissəsi deyil. Bu fənn bir çox musiqi mədəniyyəti məsələlərinin tədqiqində yeni üfüqlər açır. Naşirlər onun tətbiqi dairəsinin tezliklə daha da genişlənməsinə böyük ümidlər  bəsləyirlər.

Təsadüfi deyil ki, məcmuənin son XI fəslinə yekunlaşdırıcı bölmədən daha çox yeni tədqiqatların bir başlanğıcı kimi baxılır, məzmunca rəngarəng olan əvvəlki fəsillərin bir çox qiymətli ideyaları göstərilir.

Yeni bir elmi fənn kimi tarixi etnomusiqişünaslığın ənənəvi olan musiqi tarixşünaslığı ilə qovuşması, hətta ikiyə haçalanmış musiqi elmi sahələrini (musiqişünaslıqla etnomusiqişünaslığın) bir-birinə sıx şəkildə bağlaya bilməsi C.Mak.Kollumla D.Hebertin ən böyük arzularındandır.

“Tarixi etnomusiqişünaslıqda nəzəriyyəsi və metod” kitabında musiqi təhsilinin tarixi məsələlərinə həsr olunmuş heç bir fəsil özünə yer almadığı üçün həmin mövzuda mövcud olan elmi əsərlərin şərhinə son fəsildə müəyyən yer ayrılmışdır. Kitab tarixi etnomusiqişünaslığın yaxınlarda daha böyük nailiyyətlər qazanacağına dərin inam aşılayır və bu istiqamətdə çalışmaq istəyən mütəxəssisləri qiymətli fikirlərlə təmin edir.

Yaşadığımız dövrdə Azərbaycan etnomusiqişünaslığınnı qayğılandıran iki başlıca  vəzifə (ikisi bir arada) yenə də əvvəlki kimi qalmaqdadır: birincisi, Qərb dünyasının aparıcı məktəbləri ilə yaxından tanış olmaq, ikincisi də,  mütərəqqi elmi baxışları Azərbaycan musiqi mədəniyyətinin özünəməxsus tələblərinə uyğun şəkildə tətbiq etmək. Bu baxımdan diqqətə layiq  müasir elmi nəşrlərdən biri də, heç şübhəsiz, “Tarixi etnomusiqişünaslıqda nəzəriyyə və metod” adını daşıyan və zəngin ideyalarla dolu olan yeni kitabdır.

 

ƏDƏBİYYAT:

  1. Theory and Method in Historical Ethnomusicology. (Tarixi etnomusiqişünaslıqda nəzəriyyə və metod). Edited by Jonathan Mc.Collum and David G.Hebert. Foreword by Keith Howard. LEXINGTON BOOKS. Lanham-Boudler- New York – London, 2014, 411 p.
  2. Nettl, Bruno. The Study of Ethnomusicology.Twenty-nine Issues and Concepts. Urbana, Il,; University of Illinois Press, 1983. 514 p.
  3. Rice,Timothy. “Toward the Remodeling of Ethnomusicology” Ethnoimusicology 31 (1987); 469-488.
  4. Rice, Timothy. Ethnomusicology. A Very Short Introduction. Oxford, 2014, 151 p.
  5. Адигезалзаде Г.А. Cтановлениe и развитиe этномузыкознания в Азербайджане. Баку, 2008, 327 c.
  6. . Xалык-заде Ф.Х. Азербайджанское этномузыкознание и традиции ученых Запада. Материалы Международной научной конференции «Музыкальная наука и искусство Востока и Запада: грани взаимодействия». Краснодар, 2015, с.176-180
  7.  Abdulla K., Bədəlbəyli F.Ş., Əlizadə F.Ə., Kərimi S.Ə., Məmmədəliyev V.M., Səfərova Z.Y., Talıbzadə.Ü.K., Vəlixanlı N.M. Azərbaycan musiqi tarixi. I c. Bakı, 2013, 592 s.

 

 

Фаттах Халыкзаде

Доктор философии по искусствоведению,

профессор АНК

ПЕРВАЯ КРУПНАЯ ПУБЛИКАЦИЯ ОБ ИСТОРИЧЕСКОЙ

ЭТНОМУЗЫКОЛОГИИ

Резюмэ

Статья посвящена первой крупной публикации о новой области этномузыкознания – «Теория и метод в исторической этномузыкологии» изданной Дж. Мак.Коллум и Д.Гебертом. Автор реценции рассматривает такие важные аспекты данной дисциплины, как история, методология, теория, философия и другие, а также кратко характеризует общее содержание и научные подходы, использованные в других главах данного сборника.

Ключевые слова: историческая этномузыкология, история музыки, теория, метод, научные подходы

 

 

Fattah Khaligzade

PhD in Art,

Professor of ANC

FIRST LENGTHY BOOK ON HISTORICAL ETHNOMUSICOLOGY

Summary

This article is devoted to the first book-length publication about the new sub-field of ethnomusicology – Theory and Method in Historical Ethnomusicology, edited by J.Mc.Collum and D.Hebert, Author discussesimportant issues such as  the discipline of  history, methodology,  theory, philosophy and etc.,  briefly characterizing   general content and approaches used in other chapters of the volume.

Key words: historical ethnomusicology, musical historiography,theory, method, scientific approaches

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru L.Hüseynova;

sənətşünaslıq üzrə elmlər doktoru A.Nəcəfzadə

Mövzuya uyğun