AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Nailə MƏMMƏDOVA

BMA-nın  dissertantı

Ünvan:  Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98

Email: naykamammadova@gmail.com

 UOT 78.071.1                    

RƏNA QƏDİMOVANIN “SARI  GƏLİN” BALLADASINDA XOR PARTİYASININ XÜSUSİYYƏTLƏRİ

 endir

 

PDF

 

 

Xülasə: Məqalədə R.Qədimovanın xor və orkestr üçün balladası təhlil olunmuşdur. Müəllif bəstəkarın müraciət etdiyi xalq mahnısı “Sarı gəlin”dən istifadə üsulunu diqqət mərkəzinə çəkmiş, balladanın əsas xüsusiyyətlərini vurğulamışdır. Məqalədə daha çox xor partiyalarının təhlilinə yer ayrılmışdır.

Açar sözlər: bəstəkar, xor partiyası, orkestr, mahnı, ballada

Xalq mahnılarının bəstəkar yaradıcılığında istifadəsi müxtəlif üsullarla həyata keçirilir. Dahi bəstəkar Ü.Hacıbəylinin yaradıcılığı xalq musiqisinin tətbiqi sahəsində gənc bəstəkar nəsli üçün əsl məktəb rolunu oynamış, Azərbaycan xor musiqisinin inkişafında böyük rolu olmuşdur. İllər ərzində Ü.Hacıbəyli ənənələrinə əsaslanan Azərbaycan bəstəkarları bu üsul və yolları öz yaradıcılığında daha da inkişaf etdirmiş və musiqi mədəniyyətimizi qiymətli sənət inciləri ilə zənginləşdirmişlər.

Müasir dövrdə yaşayıb yaradan bəstəkarlarımız yenə də bitib tükənməyən mənbəyə müraciət edir, F.Əlizadə, S.İbrahimova, C.Zülfüqarov, A.Mirzəyev, H.Adı-gözəlzadə, C.Quliyev, A.Əzimov, A.Dadaşov, S.Fərəcov, C.Abbasov, E.Dadaşova və başqaları xalq musiqisindən öz yaradıcılığında ən müxtəlif üsullarla istifadə edirlər. Xalq mahnılarının klassik əsər daxilində istifadəsinə daha bir nümunə  Rəna Qədimovanın “Sarı gəlin” balladasıdır.

R.Qədimova 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisasını Fərəc Qarayevin sinfində Simfoniya (rus yazıçısı İ. Kamenkoviçin mətninə, solistlər və BSO (üçlü heyət) üçün) ilə başa vurmuşdur. Diplom işi həmkarları tərəfindən böyük maraqla qarşılanmışdır. Bəstəkar bir çox janrlarda əsərlər yazmışdır, o cümlədən fortepiano üçün prelüdlərin, iki hissəli simli kvartetin, skripka və fortepiano üçün sonatinanın, faqot və fortepiano üçün “Dialoq”, B.Vahabzadə, Ə.Vəkil, N.Kəsəmənli kimi şairlərin sözlərinə mahnıların və s. əsərlərin müəllifidir.

R.Qədimovanın bir sıra əsərləri xüsusi mükafata layiq görülmüşdür. O cümlədən, 2007-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqədə «Vokaliz» və «Dirçəliş» uşaq xoru üçün iki mahnı III dərəcəli mükafata layiq görülüb. 2008-ci ildə «Pastoral» və «Tokkata», o cümlədən, «Hüzzal» və «Maye Rast» xalq rənglərinin işlənməsi nominasiyalarında Mədəniyyət Nazirliyinin müsa-biqəsində II dərəcəli mükafata layiq görülüb. «Dirçəliş» əsəri Qadınların II Qurultayının açılışında Əməkdar incəsənət xadimi D.Əliyevanın rəhbərliyi ilə «Qız qalası» uşaq xorunun ifasında səslənib (3, s.70).

R.Qədimovanın xor və orkestr üçün “Sarı gəlin” balladası 2012-2013-cü illərdə bəstələnmişdir, ilk ifa 2 noyabr 2014-cü il, Bəstəkarlar İttifaqının 80 illik yubiley konsertinin açılışında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, xalq artisti G.İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və xalq artisti, dirijor F.Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında səslənmişdir (3, s.71).

1992-ci ildə vətən torpaqlarının 20 faizini işğal etmiş erməni qəsbkarlarının Xocalıda həyata keçirdiyi soyqırım hadisəsi incəsənətdə və ədəbiyyatda geniş şəkildə öz əksini tapmışdır. Belə əsərlərdən biri də təhlilə cəlb etdiyimiz “Sarı gəlin” xor və orkestr üçün balladasıdır. Əsərin mətni şairə Şahrun Süleymanovanın şeirlərinə əsaslanır.

Azərbaycan musiqisində ballada janrına bir sıra bəstəkarlar müraciət etmişlər. İlk dəfə vokal ballada R. Qliyerin “Şahsənəm” operasında (Şahsənəmin balladası) və  Ə.Bədəlbəylinin “Nizami” operasında (Rənanın balladası) istifadə olunmuşdur. C.Hacıyev və O.Kazıminin yaradıcılığında isə fortepiano üçün ballada öz əksini tapmışdır. R.Qədimovanın “Sarı gəlin” balladasını isə xor üçün nəzərdə tutulan ilk nümunə hesab etmək olar.

Bildiyimiz kimi, “Sarı gəlin” xalq mahnısı Azərbaycan folklor musiqisinin parlaq nümunələrindən biridir. Bu mahnı son dövrlərdə nəinki xanəndələrin, eləcə də bir çox estrada müğənnilərinin repertuarında da yer almışdır. Bəstəkar bu mahnıya müraciət etməklə müasir dövrün mövcud tələbatına yönəlmiş ən maraqlı nümu-nələrdən birini diqqət mərkəzinə çəkmişdir. Nəzərinizə çatdıraq ki, məqalənin müəllifi bu xalq mahnısı ilə bağlı bir neçə araşdırmalar aparmış və C.Abbasovun, E.Dadaşovanın “Sarı gəlin” xor işləmələrini geniş şəkildə təhlil etmişdir (4).

R.Qədimovanın “Sarı gəlin” balladası orkestr girişi ilə başlayır. 17 xanəlik girişdə bəstəkar mahnının yalnız kadans elementindən istifadə etmişdir. Lakin bu element natamam kadans xarakteri daşıyır və müxtəlif tembrlərdə verilir. İki keçid-dən sonra yalnız üçüncü keçiddə bas səslərində əsas ton eşidilir.

Əsərdə 4 səsli qarışıq xordan istifadə edilmişdir. İfaya ilk öncə tenor səsləri başlayır. Onun ilk ifadəsi xalq mahnısının melodik və poetik məzmunu ilə üst-üstə düşür. Maraqlıdır ki, əsərin mətni orijinal olaraq  Ş.Süleymanova tərəfindən yazılsa da, xalq mahnısının mətnindən istifadə edilmişdir. Buna əsas səbəb isə bəstəkarın musiqisində xalq mahnısının melodik materialından bəhrələnməsini göstərmək olar. Çünki xalqın müəyyən tarixi mərhələsində yaranmış bu mahnı özündə bir sıra tarixi gerçəklikləri daşıyır və Xocalı faciəsi ilə bağlı yaranmış əsərdə məhz bu mahnıdan istifadə olunması da təsadüfi xarakter daşımır. Digər tərəfdən əsərin bütövlükdə həm musiqi, həm də poetik məzmununa nəzər saldıqda daha çox lirik kədəri ifadə edən bu musiqi nümunəsinin balladada faciəvi dramatik xarakter almasını görmək müm-kündür. Təbii ki, Azərbaycan xalqının genosidi kimi tarixə düşmüş bu faciəni musiqi dili ilə çatdırmaq üçün maksimal dərəcədə dramatizm və faciə effektlərindən istifadə etmək məntiqə uyğundur. Lakin bunu xalq mahnısının ilə reallaşdırmaq və yüksək nəticə əldə etmək müəllifin uğuru kimi qiymətləndirilə bilər.

Nümunə 1

ballada

Tenor partiyasında verilən ilk ifadələrdə bəstəkar xalq mahnısında kvinta yuxarı sıçrayışla başlanan melodiyada məsafəni bir qədər azaldaraq onu kvarta ilə əvəz etmişdir. Bu zaman bas səslərində uzun ölçülü notlar tenoru müşayiət etməklə yanaşı, orkestr müşayiətində verilən akkord tərkibini tamamlamağa xidmət edir. Növbəti motivdə isə melodiyanın hərəkəti əks istiqamətdə inkişaf etdirlir. Əks hərəkət mətndə maraqlı tərzdə öz əksini tapır, belə ki, xalq mahnısında “Saçın ucun hörməzlər” ifadəsi burada “Saçın ucun hördülər” ifadəsi ilə əvəz olunmuşdur. Əsərdə ilk xanələrdən mətnlə musiqinin maraqlı əlaqəsi diqqəti cəlb edir. Qeyd etmək olar ki, musiqi və mətnin məzmun cəhətdən bir-birini məhz bu tərzdə tamamlaması müəlliflərin maraqlı tapıntısı kimi dəyərləndirilə bilər.

5 rəqəmindən etibarən isə melodik xətt yenidən bas və tenor səslərinə keçir. Melodiya mahnıdan uzaqlaşmış şəkildə, dinamik inkişafa məruz qalır. Yalnız bəzi məqamlarda xalq mahnısının ritmik quruluşlarına uyğunlaşır və bununla da sanki xatırlatma effekti yaradır. Mətndə də dəyişikliklər nəzərə çarpır. Artıq burada müəllifə məxsus ilk misra ifa olunur. Bununla belə mahnının əsas ifadəsi “sarı gəlin” eşidilməkdə davam edir. 6 rəqəmindən başlanan cümlə isə bütünlüklə bu kəlmə üzərində qurulmuşdur. Melodiya sopranoda ifa olunur. Onu müşayiət edən digər səslərdə isə bəstəkar “dum” hecası ilə mayə səsi üzərində orqan punktu yaratmaqla həm də zərb müşayiəti təəssüratı oyadır. Orkestrdə isə iki xanə həcmində uzanan akord tərkibləri lirik kədəri daha da gücləndirir. Melodiyanın davamı olaraq bas və tenorda verilən genişlənmədə dayaq səsi yerini dəyişərək tonikaya (g) yönəlir. Bununla da vokal-instrumental giriş tamamlanır.

Əsərin ilk kulminasiyası 7 rəqəmindən etbarən başlanır. Kulminasiya məqamlarına daha sonra da rast gəlinir, bu da faciəvi dramatizmin get-gedə artması ilə bağlıdır. İlk kulminasiya orkestr tuttisi və xor partiyasının f nüansında gərgin ifası ilə başlanır. Xorun musiqisi harmonik fakturaya əsaslanır, soprano, alt və tenor səslərində yaranan divizi akkord tərkiblərini bir qədər də dolğunlaşdırır. Bununla belə yuxarı səslərdə tədricən yüksələn melodik xətt ikinci oktavanın “sol” səsinə qədər çatır. Dinamik yüksəliş və registrin yuxarı istiqamətdə dəyişməsi 11 xanə davam edir. Burada xalq mahnısı ilə hər hansı bir intonasiya əlaqəsi müşahidə olunmur. Ona uyğun olaraq mətndə də orijinal parçalar yer almışdır. İlk kulminasiyada əsərin faciəvi məzmunu ifadə olunur. Xorun partiyasında səslərin paylaşması ənənəvi üsullarla aparılmışdır. Belə ki, soprano və tenor səsləri unison partiyanı ifa edir. Alt səslərində həm divizi, həm də bəzi xanələrdə sopranonun divizi partiyasında yer alan aşağı xətt yer alır, basda isə sopranonun yuxarı melodik xətti iki oktava aşağı unison ifa olunur. Beləliklə çoxsəsli akkord tərkibinə baxmayaraq melodik istiqaməti duymaq mümkün olur. Bütün səslərin eyni ritmik quruluşa malik olması bu hissi daha da gücləndirir. Maraqlıdır ki, xalq mahnısından istifadə olunmasa da, onun lad əsasına məxsus mayə (re) burada qabarıq şəkildə vurğulanır. Lakin musiqinin intonasiya xüsusiyyətlərində lad motivləri o qədər də hiss olunmur. 9 rəqəmindən 4 xanəlik orkestr keçidi verilir. Əsərin orkestr dili ilə bağlı qeyd etmək lazımdır ki, xor partiyasına nisbətən bəstəkar instrumental parçalarda xromatik səslənmələrə daha çox üstünlük vermişdir. Bunu ilk giriş xanələrindən başlayaraq əsərin sonuna qədər müşahidə etmək mümkündür.

Nümunə 2

ballada

16 rəqəmindən başlanaraq tonal yüksəklik dəyişilir: g-moll→d-moll. Bu keçid əslində o qədər də güclü intonasiya fərqi yaratmır, çünki əvvəlki bölmədə musiqinin lad yüksəkliyi “re” səsinin əsas ton funksiyası daşıması ilə nəticələnmişdir. Melodiyada xalq mahnısı ilə əlaqə yaranmasa da, onun ümumi xarakteri mahnının əhval-ruhiyyəsi ilə səsləşir. Bu əlaqəni gücləndirən digər faktor mətndə xalq mahnısından istifadə olunmasıdır. 18 rəqəmindən 19 rəqəminədək 9 xanə həcmində instrumental keçiddə son iki xanədə tonallıq yenidən dəyişir: d-moll→e-moll. Xromatizmlərlə zəngin akkord tərkibləri ilə müşahidə olunan ilk xanələr daha sonra sakitləşərək xorun partiyasını hazırlayır.

Xor ifaya soprano, alt və tenor səsləri ilə başlayır. Səslər üçsəsli birləşmələrin paralel hərəkəti ilə xarakterizə olunur və xorun partiyası orkestr tərəfindən də dəstəklənir. Tədricən xorun partiyasında da xromatizm elementləri müşahidə olunur ki, bu da tonal yüksəkliyin tez-tez dəyişməsi ilə səciyyələnir.

29 rəqəmində verilən iki xanəlik fasilədən sonra xor yenidən çıxışa başlayır. Onun ifasında verilən hər iki motiv xalq mahnısının ənənəvi intonasiyalarına əsaslanır. Həm xorun partiyasında, həm orkestrdə yenidən əvvəldə üstünlük təşkil edən “sol” tonunun vurğulanması sanki repriza effekti yaradır. 32 rəqəmindən başlanan musiqi materialı xalq mahnısının əsər boyu tətbiq olunan melodik parçası sekvensiyalarla inkişaf etdirilir. Melodik inkişaf sopranoda divizi ilə aparılır. Bu zaman onun əsas xəttini tenor unison ifa edir, alt və bas səsləri isə sekvensiya yüksəkliyini göstərən səsi vurğulamaqla təqdim olunur. Kiçik orkestr keçidindən sonra əsərin vokal-instrumental girişi yenidən təqdim olunur. Sopranoda səslənən əsas melodiya digər səslərdə “sol” səsinin saxlanması ilə müşayiət olunur. Alt səsində isə melodiyaya səsaltılar verilir. Beləliklə əsər orkestr kodası ilə əsas tonallıqda (g-moll) sona çatır.

Nümunə 3

ballada

Qeyd etmək lazımdır ki, R.Qədimovanın əsərində xorun istifadəsi həm klassik xor janrlarının, həm də xalq mahnı işləmələrinin ifadə üsulları ilə zəngindir. Burada əsas maraq doğuran cəhətlərdən biri əsərin musiqi və poetik məzmunu arasında yaranan əlaqə formasıdır. Demək olar ki, ilk dəfə olaraq müəlliflər musiqi və mətnin maraqlı əlaqə prinsipini nümayiş etdirirlər. Bəstəkar xalq mahnısından motivləri istifadə edərkən mətndə mahnının məzmunundan misraları verir. Bununla belə bütün əsər boyu həm musiqi, həm də mətnin leytmotivləri parlaq şəkildə təcəssüm olunur. Mahnıya xas olan ənənəvi kadans motivləri mətndə yer alan “Ay sarı gəlin” ifadəsi ilə ifa olunur. Lakin bu ifadə əsərin orijinal melodik motivlərində də bu kəlmələrə rast gəlinir. Hər iki müəllif bu kəlməni vurğulamaqla xalq mahnısının tarixi köklərini bir daha vurğulamağa nail olmuşlar. Bəstəkar xor partiyasında xromatizmlərdən daha az istifadə edir. Bununla da müəllif mahnının saflığını, şəffaf səslənməsini təmin etməyə, dinləyicinin diqqətini yayındırmamağa çalışmışdır. Lakin bununla yanaşı əsərin orkestr dili müasir musiqi ifadə vasitələrinin tətbiqi ilə zəngindir ki, bu da əsərin peşəkar səviyyədə təqdim olunması ilə səciyyələnir.

Xalq mahnısından istifadə məsələsinə gəlincə, müəllif onun bütün məzmununu istifadə etməsə də, xarakterik kadanslar vasitəsilə mahnı haqqında dolğun təəssürat yaratmağa nail olmuşdur. Burada E.Dadaşovanın “Sarı gəlin”  xor işləməsində orijinal melodiyadan uzaqlaşması, yaxud C.Abbasovun işləməsində əsas melodiyanı olduğu kimi və bütün məzmunu ilə saxlamağa çalışması kimi cəhətlər hiss olunmasa da, bəstəkar xalq musiqisindən özünəməxsus şəkildə istifadə etmişdir. Orijinallığı saxlamaqla yanaşı, R.Qədimova həmçinin fərdi yaradıcılığı da önə çəkmişdir. Bu da əsərin janrı və tərkibi ilə əlaqəlidir. Orkestr və xor üçün nəzərdə tutulmuş balladanın iri formalı janr kimi bəstəkar qarşısında duran tələbləri bu əsərdə diqqətəlayiq şakildə həyata keçirilmişdir. Əsərin daha bir məziyyəti isə onun məzmunu ilə əlaqədardır. Milli mədəniyyətimizdə xüsusi yeri olan “Sarı gəlin” xalq mahnısının 90-cı illərin ən dəhşətli faciələri sırasına düşən Xocalı soyqırımı ilə əlaqəli şəkildə, böyük formalı vokal-instrumental əsərdə tərənnüm olunması tarixi və mədəni baxımdan olduqca aktual və əhəmiyyətlidir.

 

 ƏDƏBİYYAT: 

  1. Dadaşzadə Z. Elnarə Dadaşova. B: Şərq-Qərb, 2015, 32 s.
  2. Dadaşova N. Cəlal Abbasov. B: Şərq-Qərb, 2014, 32 s.
  3. Hümbətov V.B. Rəna Qədimovanın xor və orkestr üçün “Sarı gəlin” balladası //“Konservatoriya” jurnalı, 2016 № 1 (31), s. 70-72
  4. Məmmədova N. “Sarı gəlin” xalq mahnısı əsasında E.Dadaşova və C.Abbasovun xor işləmələri // “Musiqi dünyası” jurnalı, 2016, 1 (66), s. 124-126.

 

 

 

Наиля МАМЕДОВА

Диссертант БМА

ОСОБЕННОСТИ ХОРОВОЙ ПАРТИИ БАЛЛАДЫ ДЛЯ ХОРА И ОРКЕСТРА «САРЫ ГЯЛИН» РЕНЫ КАДИМОВОЙ

Резюме: Статья посвящается произведению современного азербайджанского композитора РеныКадимовой-Балладе для хора и оркестра «Сары гялин». Автор статьи подчеркивает использование композитором народной песни «Сары гялин» и раскрывает отличительные черты баллады. В статье проводится всесторонний анализ хоровой партии.

Ключевые слова: композитор, хоровая партия, оркестр, песня, баллада,

 

Naile MAMMADOVA

Senior lecture of BMA

Dissertator of  BMA

ABOUT THE ROLE OF THE CHORAL PART OF THE BALLAD FOR CHORUS AND THE ORCHESTRA «SARY GELİN» BY RENA GADİMOVA

Summary: This article is devoted to the analysis of the ballad for chorus and orchestra  «Sari gelin» by contemporary Azerbaijani composer — Rena Gadimova. The author emphasizes the use of the composer folk song «Sari Gelin» and reveals the distinctive features of the ballad. The article gives a comprehensive analysis of the choral parts.

Key words: composer, choir, orchestra, song, ballad

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova

xalq artisti, professor Gülbacı İmanova

Mövzuya uyğun