AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2015

 

 Leyla Muradzadə

 Azərbaycan Milli Konservatoriyasının doktorantı

 

“Əhsən  Şüştər”  a capella  xor əsərində muğamdan istifadə

 

Açar sözlər: Xor, muğam, şüştər, polifoniya

Azərbaycan bəstəkarları öz əsərlərində daim qədim tarixli muğam­lar­dan bəhrələnmişlər. Bəzi müəlliflər muğam mövzularından sitat şək­lin­­də faydalanırsa, digərləri onun səciyyəvi lad intonasiyalarından isti­fa­də edir və ya muğamın melodik xəttini müxtəlif üsullarla inkişaf etdi­rir­lər.

Muğamlardan öz yaradıcılığında istifadə edən ilk bəstəkar Azərbaycan pro­fessional musiqisinin banisi Üzeyir Hacıbəyli olmuşdur. O, bu mə­sə­lə­ni “Musiqidə xəlqilik” məqaləsində belə xarakterizə edir: “Azərbaycan mu­siqisini öyrəndikdə, ondan istifadə etdikdə, muğam sisteminə və mu­ğam­lara xüsusi diqqət verilməlidir. Çalışmaq lazımdır ki, bu muğamlar öz əhəmiyyətlərini itirməsin” (1, s. 193).

Təbii ki, Azərbaycan bəstəkarı, yaradıcılığının bütün dövrlərində, istər ins­trumental, istərsə də vokal əsərlərində öz milli köklərinə dayaq­lan­ma­lı, xalq musiqisinə istinad etməlidir. Bu baxımdan bəstəkarla­rımızın xor ya­radıcılığı, xüsusən də a capella əsərləri olduqca maraqlıdır. Onların ara­sında xor konsertləri, bayatı mətnləri əsasında xor məcmuələri, xalq mah­nılarının işləmələri, hətta xor üçün muğam qəbilindən olan əsərlər yer aldığı kimi, kiçik həcmli miniatürlərə də rast gəlinir. Aqşin Əlizadə, Ra­miz Mustafayev, Qalib Məmmədov, Faiq Nağıyev və başqalarının ya­ra­dıcılığında belə nümunələrlə qarşılaşırıq.

Onu da qeyd etmək lazımdır ki, bir sıra Azərbaycan xormeysterləri də bu sahədə öz güclərini sınamışlar. Məsələn, istedadlı xormeysterlərdən Mü­səvvər Əsgərovun həm uşaq xoru, həm də qarışıq xor üçün diqqətə­la­yiq əsərləri vardır. Onun müşayiətsiz qarışıq xor üçün bəstələdiyi “Əhsən Şüş­tər” miniatürünü də maraqlı musiqi nümunələrindən hesab etmək olar. Əsər heç bir mətnə əsaslanmadan, müxtəlif hecalar üzərində ifa olun­duğundan, onu vokaliz janrına aid edirik. Əsasən, homofon-har­mo­nik fakturada yazılmasına baxmayaraq, polifonik element və gedişlərdən kifayət qədər istifadə olunub.

Qədim Azərbaycan ladlarından olan Şüştər (do mayəli), əsərin əsasını təş­kil edir. Bu səbəbdən əsərin başlanğıcında hər hansı bir xalq çalğı alə­tin­də (məsələn, kamançada) “Mayə-Şüştər” şöbəsi ilə başlayıb, melo­dik xət­ti tonikaya çatdırmaqla əsərə giriş vermək daha məqsədəuyğun olar. Bu, əsərin dramaturji xəttini daha da dolğunlaşdırar və “Mayə-Şüştər” şö­­bə­sində başlanan kövrək melodiya muğamın məntiqi davamı rolunda çı­xış edər. 5-ci xanədəki fa-lya bemol gedişi isə mayənin alt kvartasında da­yanmaqla şüştər koloritini daha qabarıq ifadə edir. Bu gediş soprano, te­nor və bass səslərində unison olaraq, forte nyuansında verilməklə, möv­zu­nu daha da dolğun şəkildə ifadə edir (nümunə №1).

 

Nümunə № 1:


1

Əsəri şərti olaraq 3 hissəyə bölmək olar. I və III hissələr Andantino, ad libitum, orta hissə isə Allegramento con faceto tempində verilmişdir. Bu tempdə verilən orta hissəni rəqsvari adlandırmaq olar. Belə ki, bu his­sə­nin ritmik şəkli və tempi buna tam hüquq verir. Bu məqamda xorun mət­nindəki hecalar da dəyişir. Simli alətlərin pitcekatosunu (piccecato) imi­tasiya edən “dum” hecası burada xüsusi əhəmiyyətə malikdir (nü­mu­nə №2a).

 Nümunə: №2a

2

Miniatürün harmonik quruluşuna gəldikdə isə, qeyd etmək lazımdır ki, biz bu əsəri başdan-başa klassik harmoniya qaydalarına əsasən təhlil edə bil­­mərik. Çünki burada, müəyyən məqamlar istisna olmaqla Avropa ma­jor-minor lad sistemi deyil, Şərq lad sistemi ehtiva olunub (Nümunə №2b).

 Nümunə: № 2b

3

Müəllif buradakı mövzunu müxtəlif variasiyalarda göstərir, mayə pər­də­sini saxlayaraq, onun üst mediantasına toxunur, onu soprano parti­ya­sı­na verərək tersiya əmələ gətirir və beləliklə, muğamın çoxsəsli ifasına na­il olur. Hətta 29-cu xanədə ikili tonikalı subdominantaya da rast gəlirik (Nümunə №3).

 Nümunə №3:

4

Beləliklə, melodik xətt dalğavari hərəkət edərək, mayənin alt kvarta pər­dəsini bir oktava yuxarıya aparmaqla əsərin kulminasiya nöqtəsinə ye­ti­şir (xanə №32). Qeyd etməliyik ki, burada müəllif şüştər ladı səs dü­zü­mün­dən kənara çıxaraq mi bemol əvəzinə mi bekar, yəni minor tonal­lı­ğın­da major üçsəslisini verir və səslənmədə maraqlı kontrast yaratmış olur ( Nümunə №4).

Nümunə №4:

5

Üçüncü hissədə yenidən əsərin əvvəlki axıcı, həzin melodik xətti və tem­pi qayıdır. Lakin bu dəfə bas, tenor və alt partiyalari sopranoya kon­tra­punkt təşkil edir. Burada hər bir səs ayrı-ayrılıqda sərbəst polifonik hə­rə­kətə malikdir. Odur ki, burada muğamın polifoniyayla vəhdətini aydın şə­kildə görə bilirik (Nümunə №5).

Nümunə №5:

6

Qeyd etmək lazımdır ki, soprano, alt, tenor və bass səsləri üçün yazı­lan bu əsərdə əsasən, bass partiyasında divizi baş verir. Bütün partiya­lar­da tessitura ifa üçün rahat hesab oluna bilər.

Sonuncu cümlə fa-lya bemol gedişinin unison səslənməsi ilə sual şək­lin­­də bitir. Bu miniatürün musiqisində dəstgahın yalnız “Mayə-Şüştər” şö­­bə­sindən istifadə olunub.

 

İstifadə edilmiş ədəbiyyat: 

  1. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.

 

Лейла Мурадзаде

Использование мугама в хоровой пьесе «Ахсан Шюштер»

РЕЗЮМЕ

В статье исследуется произведение для хора a capella талант­ливого хормейстера Мусаввера Аскерова — «Эхсен Шуштер». Представленная миниатюра анализируется по форме, фактуре изложения и своему ладовому складу (в интонационном преломлении мугама Шуштер).

Ключевые слова: Хор, мугам, шуштер, полифония

 

Leila Muradzada

Usage of the mugham in the choral piece “Ahsan Shushtar”

SUMMARY

This article explores the work for a capella choir by talented choirmaster Musavver Askerov – «Ahsan Shushtar». This miniature is analyzed about its forme, composition and tonal arrangement (on the musical examples of mugham Shushter).

 Key words: Choir, mugham, shushtar, polyphony

 

Rəyçilər:

professor F.Xalıqzadə;

dosent Ü.Əliyeva.

Mövzuya uyğun