“Şüştər” muğamının not yazıları əsasında tədqiqi məsələləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
AMK-nın dissertantı
Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: mammadovnahid@gmail.ru
UOT 781,7
“ŞÜŞTƏR” MUĞAMININ NOT YAZILARI ƏSASINDA TƏDQİQİ MƏSƏLƏLƏRİ
Xülasə: Məqalə “Şüştər” instrumental muğamının janr xüsusiyyətlərinin və musiqi dilinin tədqiqi məsələlərinə həsr olunmuşdur. Məqalədə “Şüştər” muğamının təhlili məsələləri işıqlandırılır, Azərbaycan musiqişünaslığında muğamların ifaçılıq variantlarının təhlilində muğamın not yazılarının rolu və əhəmiyyəti göstərilir.
Açar sözlər: muğam, not yazısı, məqam, musiqi quruluşu
Azərbaycan muğamlarının tədqiqində onların nota köçürülməsi mühüm əhəmiyyətə malikdir. Bu baxımdan “Şüştər” muğamının not yazılarını təhlilə cəlb edərək muğamın nəzəri əsaslarının və musiqi məzmunun araşdırılması aktual məsələlərdən biri kimi diqqəti cəlb edir.
“Şüştər” muğamının, rənglərinin və təsniflərinin not yazılarını nəzərdən keçirərkən, qeyd etmək vacibdir ki, bu muğama aid rənglər və təsniflər daha öncə ya-ranmışdır. Səid Rüstəmovun “Azərbaycan xalq rəngləri” (2 dəftər, Bakı, 1954-1956), Əhməd Bakıxanovun “Azərbaycan rəngləri” (Bakı, 1968) və Ramiz Zöhrabovun “Azərbaycan təsnifləri” (Moskva, 1983) nəşrlərində öz əksini tapmış “Şüştər” rəng-ləri və təsnifləri diqqətəlayiqdir.
“Şüştər” muğamının not yazıları isə, demək olar ki, XXI əsrin əvvəllərinə aiddir. Bu sırada Arif Əsədullayevin “İnstrumental muğamlar” (1, s. 133-143), Fuad Əzimlinin “Azərbaycan muğam məktəbi” (2) və Əkrəm Məmmədlinin “Azərbaycan muğamları (instrumental)” (3) məcmuələrində “Şüştər” muğamının not yazılarını qeyd etməliyik. “Şüştər” muğamının instrumental variantlarını əks etdirən bu not yazıları müxtəlif sənətkarların ifalarından yazılmışdır. A.Əsədullayevin not yazısı El-xan Müzəffərovun ifasından həyata keçirilmişdir. F.Əzimovun not yazısında ustad tarzənlər Mansur Mansurovun, Əhməd Bakıxanovun, Kamil Əhmədovun, Elxan Müzəffərovuun çalğısı əsas götürülmüşdür. Ə.Məmmədlinin not yazıları Kamil Əh-mədovun ifaçılıq ənənəsinə əsaslanır. Bununla yanaşı, hər üç muğam nəşrinin meydana gəlməsində adı çəkilən müəlliflərin öz muğam ifaçılığı və pedaqoji təc-rübəsi də mühüm əhəmiyyətə malikdir. Bu not yazılarına əsaslanaraq, “Şüştər” mu-ğamının kompozisiya quruluşunu, məqam əsasını və melodik xüsusiyyətlərini təhlil edirik.
A.Əsədullayevin not yazısında “Şüştər” muğamı aşağıdakı şöbə və guşələri özündə cəmləşdirir: “Bərdaşt” (“Əmiri” ilə), “Şüştər”, “Feili”, “Böyük məsnəvi”, “Mövləvi”, “Tərkib”, Kadensiya (“Şüştər”ə qayıdış). F.Əzimlinin not yazısında “Şüştər dəstgahı”: “Bərdaşt əmiri”, “Şüştər”, “Feili”, “Böyük məsnəvi”, “Mövləvi”, “Tərkib”, “Şüştərə ayaq” şöbələrindən ibarətdir. Ə.Məmmədlinin not yazısında “Şüştər” muğamı: “Əmiri”, “Şüştər”, “Feili”, “Tərkib”, “Şüştərə ayaq” şöbələrindən təşkil olunur. Bunlar muğamın ifaçılıq variantlarını əks etdirir, burada əsas şöbələr üst-üstə düşür, yalnız muğamın sonuncu (Ə.Məmmədlinin) variantında digər vari-antlardan fərqli olaraq, “Böyük məsnəvi” və “Mövləvi” şöbələri verilmir.
Bu not yazılarının təhlilində muğamın ümumi nəzəri əsasları ilə bağlı müddəalara diqqət yetirək. Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərində (5, s. 89) və M.İsmayılovun “Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər” (6, s. 17) əsərində şüştər məqamının nəzəri əsasları şərh olunmuşdur.Həmin tədqiqatlara əsaslanaraq, qeyd edək ki, şüştər məqamı–Azərbaycan musiqisində yeddi əsas məqamdan biridir. Məqamın quruluşu: 1/2-1-1/2 ton formullu iki tetraxordunyanaşı üsulla (art.2 – intervalı məsafəsində) birləşməsindən ibarətdir; xalis kvinta quruluşludur, səssırası 8 pilləlidir, VI pillə mayə, tonika pilləsidir, bu məqamda III pillə mayə ilə yanaşı, tam kadensiyalarda tamamlayıcı ton əhəmiyyətini daşıyır.
Məsələn, “lya”mayəli şüştər məqamının səssırası belədir (4):
M.İsmayılov şüştər məqamının üç istinad pərdəyə malik olduğunu qeyd edir: III pərdə – tamamlayıcı ton, VI pərdə – mayə və əsas ton, VII pərdə – mayənin üst aparıcı tonu (6, s. 17). Bunlar istinad-dayaq pilləsi kimi “Şüştər”muğamının şöbələrinin əsasını təşkil edir: “Mayeyi-Şüştər” – VI pillə və III pillə, “Tərkib” – VII pillə; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır.
C.Həsənova şüştər məqamının quruluşu ilə əlaqədar olaraq yazır: “Şüştər məqamının ən fəal funksional özəyi məqamın III və VI pillələri arasında yerləşən hissəsidir və bu baxımdan şüştər məqamının səssırasında əmələ gələn artırılmış sekundalı tetraxord məqamın əsasını təşkil edən quruluş formulu kimi diq-qətəlayiqdir. Belə ki, şüştərdə qurulan melodiyalarda məhz artırılmış tetraxord özək əhəmiyyəti kəsb edir. Çünki həmin tetraxordun kənar səsləri (məqamın III və VI pillələri) melodiyanın istinad pilləsinə çevrilir” (8, s. 106).
Not yazılarında “Şüştər” muğamının tonallığı fərqlənir. Məsələn, A.Əsə-dullayevin not yazısında “Şüştər” muğamı “si” mayəli şüştər məqamına əsaslanır. Lakin muğamın melodik quruluşunda və kadensiyalarda “fa diyez” səsi qabarıq gös-tərilir. Bu iki pillə muğam improvizasiyalarının əsasınlandığı dayaq pilləsi kimi çıxış edir. F.Əzimlinin və Ə.Məmmədlinin not yazılarında mayə – “sol”, tamamlayıcı ton isə “re” göstərilir.
Ü.Hacıbəylinin yazdığı kimi, adətən bütün məqamlarda tam kadans melo-diyanın mayədə dayanması ilə müəyyənləşir. Şüştər məqamı isə bu cəhətdən istisna təşkil edir. Belə ki, şüştər məqamında melodiya mayədə dayanarsa, tam kadans təsiri bağışlayır (5, s. 89). Bununla Ü.Hacıbəyli şüştər məqamında mayənin alt kvartasının (III pillə) böyük əhəmiyyətə malik olduğunu qeyd edir ki, bu da muğam melodiyalarının quruluşunda öz təsdiqini tapır.
“Şüştər” muğamının bu pərdələrə istinad edən əsas iki şöbəsi: “Mayə-Şüştər” (III və VI pərdələr), “Tərkib” (VII və VI pərdələr) həm Ü.Hacıbəyli, həm də M.İs-mayılov tərəfindən xarakterizə olunmuşdur.
“Şüştər” muğamı “Bərdaşt” şöbəsi ilə başlanır. “Şüştər”in “Bərdaşt”ı “Əmiri” adlanır. Öz həcmi etibarilə bu, qısa bir guşədir. “Əmiri”, həmçinin, “Nəva” və “Rəhab” muğamlarında da “Bərdaşt” şöbəsinin vəzifəsini yerinə yetirir. K.Əhmədov “Əmiri”ni tarda və ya kamançada olduqca parlaq vurğulu, güclü mizrablarla çalmağı, dalğalı səslənməyə fikir verməyi məsləhət görürdü (7, s. 149).
A.Əsədullayevin not yazısına əsaslanaraq bu şöbənin xüsusiyyətlərini qeyd edək. “Əmiri” şöbəsində melodiyanın dayaq pilləsi kimi “fa diyez” səsinin müvəqqəti olaraq mayə əhəmiyyəti kəsb etməsi, yüksələn-enən hərəkətli muğam me-lodiyasının pilləvari gəzişməsi ilə səciyyələnən melodik inkişafı üçün xarakterik cə-hət olan yönəlmələr musiqiyə rəngarəng boyalar aşılayır. “Əmiri”də, xüsusilə ka-densiyalarda “fa diyez” səsi istinad pilləsi kimi saxlanılsa da, “si”, “sol diyez” və “re diyez” səsləri də dayaq pilləsi rolunda çıxış edir. Lakin bu pillələr yarım ka-densiyalarda özünü göstərir və tonikaya həll olmur. Melodiyada əsasən “fa diyez” səsinə dayaqlanmaqla tam kadensiya qurulur. Bu səsin bir oktava aşağıda təkrar olunması onun mövqeyini möhkəmləndirir.
“Bərdaşt” – “Əmiri”dən sonra gələn “Şüştər” şöbəsi muğamın mayəsidir. “Mayə-Şüştər”in melodik inkişafı ifaçıya öz yaradıcılıq fantaziyasının açılmasına geniş imkan yaradır. Bu şöbə həzin, kövrək xarakterli musiqiyə malikdir. Burada muğamın əsas intonasiya özəyi öz əksini tapmışdır. Bu şöbədə həmçinin məqamın iki əsas pilləsi (III, VI) özünü qabarıq göstərir və melodiya bu pillələr ətrafında qurularaq inkişaf etdirilir.
“Şüştər” şöbəsi üç bölmədən – inkişaf mərhələsindən ibarətdir. Əgər birinci mərhələ mayə ətrafında gəzişməni əks etdirirsə, ikinci mərhələdə diapazon geniş-lənərək, məqamın daha yüksək pillələrini əhatə edir, burada pillə dəyişiklikləri səs-lənməyə yeni çalarlar gətirir, üçüncü mərhələdə isə səslənmə öz əvvəlki axarına qayıdaraq, “Mayə”də yekunlaşır.
Birinci bölmədə melodiya “fa diyez” səsinə – məqamın III pilləsinə istinadən qurulur, sonra məqam pillələri üzərində yüksələn dalğavari hərəkətlə mayəyə çat-dırılır. Musiqi nümunəsindən bu, aydın olur. Mayə səsi alt və üst aparıcı səslərlə əhatə olunaraq, kadensiya ilə möhkəmləndirilir.
“Mayə-Şüştər” şöbəsinin ikinci bölməsi inkişafın yeni mərhələsini təşkil edir. Burada iki pillənin – III və IV pillənin yüksəlməsi öz əksini tapmışdır. M.İs-mayılov şüştər məqamında IV pillənin yarım ton yüksəldiyini qeyd etmişdir. O, yazır ki, bu pillənin yüksəlməsi “Mayə-Şüştər” şöbəsində VI pərdə ətrafında gəzişdikdən sonra III əvəzinə IV pərdədə qərar tutan zaman baş verir və yenə də alçalmaqla şüştərin III pərdəsində tamamlanır (6, s. 34).
Təhlil etdiyimiz melodiyada şüştər məqamının IV pilləsinin yüksələrək (“sol bekar” – “sol diyez”) istinad pilləsinə çevrildiyini görürük. Eyni zamanda, III pillə də buna müvafiq olaraq yüksəlir (“fa diyez” – “fa dubl diyez”). Öz növbəsində, bütün bu pillələr yuxarı istiqamətdə mayəyə (“si” səsinə) tabe olaraq, səslənməyə yeni çalarlar gətirir. Bu bölmənin sonunda isə həmin pillədə kadensiya verildikdən sonra enən hərəkətdə dəyişikliyə uğramış pillələr öz natural halını bərpa edir. “Mayə-Şüştər” şöbəsi “fa diyez” səsində tam kadensiya ilə tamamlanır və səslənmə aşağı registrə keçir.
“Feili” şöbəsi həmin pillədən aşağı registrdə qurulur. Onun başlanğıcındakı kvarta sıçrayışı və sonradan onun enən hərəkətlə oxunması çox mənalı və təsirlidir. Melodiyada kvarta sıçrayışı (“fa-diyez” – “si”, III pillədən – VI pilləyə) verilir, sonradan enən hərəkətlə həmin diapazon doldurulur. Bu, həm də melodiyanın istinad pillələrini göstərir. Şöbənin əvvəlində “fa diyez”ə istinad verilirsə, sonunda melodiya yüksələn hərəkətlə məqam sekvensiyası vasitəsilə “si” səsində – mayədə tamamlanır.
“Böyük məsnəvi” şöbəsi də həmin dayaq pillələri ətrafında qurulur. “Məsnəvi” –klassik poeziyada şeir formasıdır. Muğam sənətində “Məsnəvi” adı mu-ğam şöbəsinə də verilmişdir. Muğam təcrübəsində “Hümayun” və “Şüştər” mu-ğamlarında “Böyük məsnəvi”, “Kiçik məsnəvi” kimi şöbələr ifa olunur. Melodiya əsasən “si” səsi ətrafında gəzişməklə qurulur. Kadensiyalarda “fa diyez” səsinə is-tinad verilir. “Feili” şöbəsinin istinad pillələri “Mövləvi” şöbəsində də istinad-dayaq pillələri kimi çıxış edir. Melodiya III-VI pillələr ətrafında gəzişməklə qurulur, bu şöbə də “Mayə”də tamamlanır.
“Tərkib” “Şüştər” muğamının mərkəzi şöbəsidir. Bu şöbə bir neçə musiqi cümləsindən əmələ gəlmişdir. “Tərkib” şöbəsində bir-birilə uzlaşdırılmış melodik cümlələr öz əhvali-ruhiyyəsinə görə dinləyicidə dərin lirik hisslər aşılayır. Bu şöbənin dayaq-istinad pilləsi ətrafında gəzişmə müəyyən mənada natamam xarakter daşıyır və öz həllini mayə pilləsində tapır. Buna görə “Tərkib”dən sonra “Şüştər” şöbəsi variantlı şəkildə təkrarlanır. Beləliklə, “Şüştər” muğamında ənənəvi olaraq, zildən bəmə enməklə mayəyə qayıtma özünü göstərir. Muğamın sonluğu sakit tərzdə bitir.
“Tərkib” şöbəsinin əsas istinad pilləsi – şüştər məqamının VII pilləsi – “do diyez” səsidir. Bu pillə ətrafında gəzişməklə “Tərkib” şöbəsinin melodiyası yaranır. Bütün melodik cümlələr bu pillədə kadensiya ilə bitir. Daha sonra isə musiqi cüm-lələri şüştərin mayəsində tamamlanır. Lakin mayədə verilən kadensiyalar, həqiqətən də natamam xarakter daşıyır. Mayədən sonra melodiyanın enən hərəkəti III pilləyə doğru aparır. Sonuncu kadensiya bölməsində isə “Şüştər” şöbəsi variantlı şəkildə təkrarlanır. Onun orta bölməsində qeyd etdiyimiz pillələrin dəyişilməsi (III və IV pil-lələrin yüksəldilməsi) də öz əksini tapır, bununla belə, sonda “Şüştər” muğamı tam kadensiya ilə bitir.
Muğamın əsas məqam-tonallığı – “si” mayəli şüştər “Mayə-Şüştər” şöbəsində təqdim olunur, sonra “Feili” və “Böyük məsnəvi” şöbələrində möhkəmləndirilir. Beləliklə, “Bərdaşt” – “Əmiri”, “Mayə-Şüştər”, “Feili”, “Böyük Məsnəvi” şöbələri muğamın kompozisiyasında birinci silsiləni əmələ gətirir. Muğamdakı digər şöbələr – “Tərkib” və “Şüştərə ayaq” – inkişafın yüksək zirvəsini və mayəyə qayıdış prosesini özündə əks etdirərək, ikinci silsiləni təşkil edir və muğamı yekunlaşdırır.
Biz, muğamın kompozisiya quruluşunu araşdıraraq, onun məqam-tonallıq planını şərh edərək, belə bir nəticəyə gəlirik ki, “Şüştər” muğamının kompozisiya quruluşu onun melodik inkişafı və məqam planı ilə əlaqədardır.
Qeyd etmək lazımdır ki, “Şüştər” muğamının əsas tematik özəyi sərbəst variasiyalılıq və məqam modulyasiyaları prinsipi əsasında geniş surətdə inkişaf etdirilir. Muğamın melodik dilinin tədqiqi nəticəsində belə qənaətə gəlmək olar ki, “Şüştər” muğamı virtuoz instrumental üslubun təşəkkülünü və inkişafını özündə əks etdirir.
Beləliklə, “Şüştər” muğamının müxtəlif not yazılarının toplanması və öyrənilməsi onun muğam sənətində təşəkkülü və keçdiyi inkişaf yoluna işıq salır, Azərbaycan muğam irsindəki yerini və əhəmiyyətini xarakterizə etməyə imkan verir.
ƏDƏBİYYAT:
- Əsədullayev A.M. İnstrumental muğamlar. B.: Adiloğlu, 2009, 168 s.
- Əzimli F.N. Azərbaycan muğam məktəbi. B.: 2008, s. 226-231.
- Məmmədli Ə.M. Azərbaycan muğamları (instrumental). B.: Azərbaycan, 2010, 328 s.
- Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. Elektron versiyası. URL:http://musbook.musigi-dunya.az/az/line_kvints.html
- Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.:Yazıçı, 2010, 176 s.
- İsmayılov M.C. Məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerklər. : Elm, 1994, 118 s.
- Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
- Həsənova C.İ. Azərbaycan musiqisinin məqamları. B.: Elm və Təhsil, 2012, 230 s.
Диссертант в АНК
ВОПРОСЫ АНАЛИЗА МУГАМА «ШЮШТЕР»НА ОСНОВЕ НОТНЫХ ЗАПИСЕЙ
Резюме: Статья посвящена изучению жанровых особенностей и музыкального языка мугама «Шюштер». В статье освещаются вопросы исследования мугама «Шюштер» в азербайджанском музыковедении, роль и значение нотных записей в исследовании исполнительских вариантов мугамов.
Ключевые слова: мугам, инструментальный вариант, нотация, музыкальная структура
ANC’s candidate for a degree
THE RESEARCH PROBLEMS OF MUGHAM “SHUSHTER”
Summary: The articleis devoted to the studying of the genre features and the musical language ofmugham“Shushter”.In the article are given the research problems of mugham “Shushter” in Azerbaijani musicology, the role of notations in research of performing mugham variants, the value of mugham musical notations.
Key words: mugham, an instrumental version, notation, musical structure
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev
professor Möhlət Müslümov