“Şüştər” muğamının inkişaf tarixindən
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
AMK-nın dissertantı
Email: mammadovnahid@gmail.com
UOT 781,7
“ŞÜŞTƏR” MUĞAMININ İNKİŞAF TARİXİNDƏN
Xülasə: Məqalə Şüştər muğamının tədqiqinə həsr edilib. Müəllif müsiqişünas araşdırmaları və ifaçılıq praktikası əsasında muğamın Azərbaycan musiqi mədəniyyətində keçdiyi təkamül yolunu Orta əsrlərdən tutmuş müasir zamana qədər xarakte-rizə edərək izləyir.
Açar sözlər: Azərbaycan, muğam, tarix, musiqi mədəniyyəti, Şüştər
Muğam sənətinin öyrənilməsi Azərbaycan musiqişünaslığının aparıcı xəttini təşkil edir. Azərbaycan musiqi elminin görkəmli nümayəndələri muğam sənəti ilə bağlı bir çox qiymətli tədqiqat əsərləri yaratmışlar. Dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin elmi irsi, xüsusilə onun “Azərbaycan xalq musiqisinin əsasları” fundamental elmi əsəri və “Azərbaycan türk xalq musiqisi haqqında”, “Azərbaycan musiqi tərəqqisi”, “Azərbaycan musiqi həyatına bir nəzər”, “Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri” məqalələri muğamları tarixi və nəzəri baxımdan araşdırmaq üçün qiymətli mənbədir. Bununla yanaşı, Üzeyir Hacıbəylidən sonra Azərbaycan musiqişünaslığını inkişaf etdirən Qubad Qasımovun, Məmmədsaleh İsmayılovun, Əfrasiyab Bədəlbəylinin, Elxan Babayevin, Gülnaz Abdullazadənin, Sürəyya Ağayevanın, Rəna Məmmədovanın, Zemfira Səfərovanın, Ramiz Zöhrabovun, Cəmilə Həsənovanın, İmran Şıxəliyevin və başqalarının tədqiqatları muğam sənətinin araşdırılmasında mühüm əhəmiyyətə malikdir. Biz bu tədqiqatlara əsaslanaraq, “Şüştər” muğamının tarixi inkişaf yolunu izləməyi qarşımıza məqsəd qoymuş, bu muğam haqqında ədəbi və elmi mənbələrdə öz əksini tapmış bilgiləri şərh etməyə çalışmışıq.
Orta əsrlərin musiqişünas alimlərinin əsərlərində klassik muğamlara dair zəngin məlumat əldə edirik. Muğam sənətinin və ümumiyyətlə, Azərbaycan musiqisinin tarixini araşdıran tədqiqatçıların əsərlərində Orta əsrlərdə musiqi elminin və muğam sənətinin inkişaf yolları öz əksini tapır. Lakin qeyd etməliyik ki, “Şüştər” muğamının adına Orta əsrlərə aid risalələrdə — nə muğam dəstgahlarının, nə muğam şöbələrinin, nə də avazların siyahısında rast gəlinmir. Bu səbəbdən, belə fərz etmək olar ki, “Şüştər” muğamı sonralar, yəni XVIII-XIX əsrlərdə meydana gəlmiş və formalaşmışdır.
“Şüştər” muğam adının mənası ilə bağlı bir neçə fikirlərə rast gəlirik. Məlumdur ki, muğamların adlarının mənşəyi yer adları, onları yaradan şəxslərin adı, ifaçılıq xüsusiyyətləri, alətin quruluşu və məqam əsası ilə bağlıdır. Bu baxımdan, “Şüştər” muğamının eyniadlı şəhərin adı ilə bağlı olduğunu fərz edə bilərik. Belə ki, “Şüştər”- İranın Xuzistan ostanının (vilayətinin) şəhərlərindən biri, Şüştər şəhristanının inzibati mərkəzidir. İranın cənubunda, Küveytlə sərhəddə, İran körfəzində yerləşən kiçik bir şəhərdir (1). Keçmişdə, müxtəlif dövrlərdə, bu şəhərin adı dəfələrlə dəyişdirilmişdir. Belə bir ehtimal var ki, şəhərin adı Şüstər, Şüst, Şeşdər, Şeştər və s. olmuşdur (2).R.Zöhrabov qeyd edir ki, “Şüştər” eyni zamanda dünya, kainat mənasını da daşıyır (3, s. 147).
T.Bakıxanovun yazdığı kimi, “Şüştər” sözü farscadan tərcümədə “ipək” mənasını verir; əslindəərəbcə — “Tüştər”, farsca — “Şiştər” deyilir; sonralarhəminsöz “Şüştər” şəklini almışdır.Musiqiözüməzmunetibariləçoxincəolduğuüçünipək kimi hesab edilir (4). E.Mansurovun yazdığı kimi, bu muğamın qədimdən ipək istehsalı ilə məşhur olan eyniadlı şəhərin şəninə bəstələnmiş muğam adı olduğu da güman edilir (2).
“Şüştər” Azərbaycan musiqisinin yeddi əsas məqamından biridir. Ü.Hacıbəyli “Şüştər”i xarakterizə edərkən, onun dinləyicidə dərin kədər hissi oyatdığını qeyd edirdi (5). Ü.Hacıbəyli “Şüştər”lə “Hümayun” muğamını müqayisə edərək, “Hümayun”un “Şüştər”ə nisbətən daha kədərli bir muğam olduğunu və bununla da həmin muğamların əlaqəsini göstərmişdir. Bu baxımdan Ü.Hacıbəylinin “Şüştər”lə “Hümayun”un məqam əsasının yaxınlığına, eləcə də “Tərkib” şöbəsinin hər iki muğam üçün müştərək olduğuna diqqəti yönəltmişdir.
R.Zöhrabov bu muğamı xarakterizə edərək, yazır ki, “Şüştər” muğamını dinlədikdə insan xəyala dalır, düşünür, ehtiras hissləri keçirir. Şüştərin musiqi axınına eyni zamanda dramatizm də xasdır. Məhz səmimi lirikanın qəmli hisslərlə çulğalaşmış epizodlarda dramatizmin daha çox şahidi oluruq. Bu muğamın bəzi bölmələri insanda ruh yüksəkliyi də yaradır” (3, s. 147). Bizcə, bu, “Şüştər” muğamının çox dolğun xarakteristikasıdır. Həqiqətən də, “Şüştər” çox kədərli, kövrək əhvali-ruhiyyəli, dinləyicidə romantik hisslər, düşüncələr oyadan, qəmgin xarakterli muğamdır.
Qeyd etmək lazımdır ki, “Şüştər” dəstgahının adına XIX əsrin II yarısı – XX əsrə aid tədqiqatlarda və muğam proqramlarında rast gəlirik. Bu dövrün ən böyük musiqişünas alimi Mir Möhsün Nəvvabın “Vüzuhül-Ərqam” əsəri buna sübutdur. XIX əsrin ikinci yarısında Şuşada yaşayıb-yaratmış Mir Möhsün Nəvvab şair, rəssam, musiqiçi, alim kimi tanınmışdı. Mir Möhsün Nəvvab “Vüzuhül-Ərqam” risaləsini 1884-cü ildə yazıb. Risalə yalnız 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Mir Möhsün Nəvvab öz elmi əsərində Orta əsrlərdə — Səfiəddin Urməvinin, Əbdülqadir Marağayinin, Mirzə bəyin və başqa alimlərin yolunu davam etdirmişdir. Muğamların siyahısında, quruluşunda, emosional təsirinin şərhinin verilməsində biz bunun şahidi oluruq.
Mir Möhsün Nəvvab öz risaləsində 12 muğam, 24 şöbə, 48 guşə və 15 avaz adından ibarət cədvəl tərtib etmişdir. Həmin cədvəli Z.Səfərova “Azərbaycanın musiqi elmi” kitabında şərh etmişdir. Mir Möhsün Nəvvabın cədvəlində “Şüştər” avazlardan biri kimi qeyd olunub (6, s. 259-260). Mir Möhsün Nəvvab, həmçinin, öz dövrünün məşhur muğamlarının və mahnılarının da siyahısını vermişdir. Bu siyahıda “Şüştər” 20-ci yerdədir.
Mir Möhsün Nəvvab ilk dəfə olaraq, altı muğam dəstgahının – “Rast”, “Mahur”, “Şahnaz”, “Rəhavi”, “Çahargah”, “Nəva”nın quruluşunu, hansı şöbələrdən ibarət olmasını göstərmişdir (6, s. 266). Onun cədvəllərində “Şüştər” — “Mahur” və “Rəhavi” muğam dəstgahlarının tərkib hissəsi kimi göstərilib. Mir Möhsün Nəvvabın “Vüzuhül-Ərqam” əsərində “Mahur” dəstgahı aşağıdakı şöbə və guşələrdən ibarətdir: 1.“Mahur”, 2.“Şur”, 3.“Əşiran”,4.“Dilkeş”, 5.“Dügah”, 6. “Zəngi-şötör”, 7.“Hicaz”, 8.“Mavərünnəhr”, 9.“Şahnaz”, 10.“Hacı Yuni”, 11.“Sarənc”, 12.“Şüştər”, 13.“Məsnəvi”, 14.“Suzi-Güdaz”, 15.“Mahur”.
“Rəhavi” dəstgahı aşağıda göstərilən 24 şöbə və güşələri özündə cəmləşdirir: 1.“Rəhab”; 2. “Hümayun”; 3.“Tərkib”; 4. “Üzzal”; 5. “Bayatı-Türk”; 6. “Bayatı-Qacar”; 7. “Zəmin-Xarə”; 8.“Mavərünnəhr”; 9. “Balu-kəbutər”; 10. “Hicaz”; 11. “Bağdadi”; 12. “Şahnaz”; 13.“Azərbaycan”; 14. “İraq”; 15. “Əşiran”; 16. “Zəngi-şötör”; 17. “Osmani”; 18.“Bayatı-kürd”; 19. “Bayatı-Şiraz”; 20. “Hacı Yuni”; 21. “Sarənc”; 22. “Şüştər”; 23.“Məsnəviyi-saqil”; 24. “Suzi-güdaz”.
Göründüyü kimi, Mir Möhsün Nəvvabın cədvəlindəki “Mahur” və “Rəhavi” muğamlarının tərkibində demək olar ki, bir çox muğamlara “Şur”, “Bayatı-Şiraz”, “Çahargah”, “Hümayun” muğamlarına aid şöbə və guşələrdən istifadə olunmuşdur. Hər iki muğamın tərkibində “Şüştər” — “Sarənc”dən sonra, “Məsnəvi” (“Məsnəviyi-saqil”) və “Suzi-güdaz” şöbələrindən əvvəl verilmişdir. Belə güman etmək olar ki, “Şüştər”in bu şöbələrin əhatəsində səslənməsi muğamın bir qanuna-uyğunluğudur. Çünki, sonrakı dövrə aid cədvəllərdə də müstəqil şəkil alan “Şüştər” muğamının tərkibində həmin şöbələrin adı çəkilir. “Şüştər” muğamı bu şəkildə XIX əsrdə səslənmiş, zəngin məqam keçidlərini özündə cəmləşdirərək inkişaf etmiş və dəstgah forması almışdır.
XX əsrdə meydana gəlmiş muğam cədvəllərində biz “Şüştər” muğamının müstəqil muğama çevrildiyini, muğamın şöbələrinin artırıldığını, tədricən tərkib hissələrinin sabitləşdiyini görürük. “Şüştər” muğamının musiqi məzmununu əks etdirən şöbə və guşələrin ardıcıllığı muğamın quruluşunda öz məntiqli yerini tutmuşdur.
XIX əsrin sonlarında XX əsrin əvvəllərində yaşayıb-yaratmış tarzən Mirzə Fərəcin muğam cədvəllərində “Şüştər” 13 şöbə və guşədən ibarət bir dəstgah olaraq öz əksini tapmışdır: 1.“Əmiri”, 2.“Şüştər”, 3.“Şüştərək”, 4.“Şüştər”, 5.“Sarənc”, 6.“Məsnəvi”, 7.“Mənəvi”, 8.“Əfşarı”, 9.“Heydəri”, 10.“Osman-Gərayi”, 11.“Qara-kürd”, 12.“Mani”, 13.“Keşişoğlu”. Bu siyahıda indiki zamanda xanəndə yaradıcılığında geniş yayılmış zərbi muğam adlarına, eləcə də aşıq havalarına rast gəlirik: məsələn, “Ovşarı”, “Heydəri”, “Mani” – zərbi muğamları, “Keşişoğlu”, “Qara-kürd”, “Osman-Gərayi” aşıq havaları hal-hazırda xanəndə və aşıqların repertuarında müstəqil ifa olunur. Bu artıq onu göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində “Şüştər” xanəndələrin repertuarında müəyyən yer tutmuşdu. Zərbi muğamlardan da istifadə olunması artıq “Şüştər” muğamının xanəndə yaradıcılığında təşəkkül tapmış vokal-instrumental variantının mövcud olduğunu sübut edir.
“Şüştər” muğamının tarixi inkişaf yolunu izləyərkən, onun XX əsrin əvvəllərindən dəyişikliyə uğradığını görə bilərik. “Şüştər” muğamı Azərbaycan şifahi ənənəli professional musiqi xəzinəsində əsas muğam dəstgahlarından biri kimi muğam ifaçılığında mühüm yer tutub.
1925-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Türk Musiqi Texnikumunda yaradılmış Şərq şöbəsi müəllimlər komissiyasının iclaslarında muğam ifaçılığı üzrə yeni proqram işlənib hazırlanmışdı. Bu proqramda digər muğamlarla yanaşı, “Şüştər” muğamının tərkibinə yenidən baxılmış və təkmilləşdirilmişdir.
Ü.Hacıbəylinin muğam proqramında “Şüştər”in daha yığcam variantı verilib. Bu proqramda muğamın tərkibi 8 şöbə və guşədən ibarətdir: 1.“Əmiri”, 2.“Şüştər”, 3.“Şüştərək”, 4.“Tərkib”, 5.“Şüştər”, 6.“Sarənc”, 7.“Məsnəvi”, 8.“Şüştər”.
Üzeyir Hacıbəylinin hazırladığı və qəbul edilmiş proqram ilə Mirzə Fərəcin cədvəli arasında oxşar cəhətlər çoxdur. Belə ki, hər iki halda “Şüştər” muğamının tərkibində ardıcıllıqla gələn yeddi hissənin uyğunluğu diqqəti cəlb edir. Bunu onunla izah etmək olar ki, Mirzə Fərəc bir muğam ustadı kimi Üzeyir Hacıbəylinın yaratdığı komissiyanın fəal üzvlərindən olub. “Şüştər” muğamının tərkibi müəyyənləşdirilərkən, Mirzə Fərəcin cədvəli əsas götürülüb.
Müqayisə etsək görərik ki, hər iki muğamın tərkibindəki “Əmiri”, “Şüştər”, “Şüştərək”, “Tərkib”, “Şüştər”, “Sarənc”, “Məsnəvi” şöbələri eynidir. Ü.Hacıbəylinin proqramında “Şüştər” muğamının səkkizinci – sonuncu, tamamlayıcı şöbəsi “Şüştər” qeyd olunub. Mirzə Fərəcin cədvəlindəki “Şüştər” muğamının tərkib hissələri kimi verilmiş “Əfşarı”, “Heydəri”, “Osman-Gərayi”, “Qara-kürd”, “Mani”, “Keşişoğlu” zərbi muğamları isə Üzeyir Hacıbəylinin proqramına daxil edilməyib.
Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti”ndə “Şüştər” muğamı iki cəhətdən izah olunur: 1.Azərbaycan musiqisinin yeddi əsas məqamından biri; 2. “Bərdaşt”, “Əmiri”, “Şüştər”,“Tərkib” şöbələrindən ibarət kiçik bir dəstgah. Bu da muğamın müasir ifaçılıq təcrübəsində tətbiqinə uyğundur (7).
1950-ci illərdə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanov tərəfindən tərtib olunmuş proqramlarda “Şüştər” muğamı iki variantda verilib. Birincisi, tar sinfinin, ikincisi xanəndəlik sinfinin muğamat proqramıdır ki, burada “Şüştər” muğamı 4 şöbədən ibarətdir: “Bərdaşt”, “Şüştər”, “Tərkib”, “Şüştərə ayaq” (8, s. 107-108).
Əhməd Bakıxanovun tərtib etdiyi proqramlarla digər proqramları müqayisə etsək, burada eyni olan şöbələri göstərə bilərik. Belə ki, muğamın tərkibi tədricən stabilləşmiş, onun əsas şöbələri saxlanılmışdır. Qeyd etmək lazımdır ki, “Şüştər” muğamı 1950-1960-cı illərdə həm vokal-instrumental şəkildə, həm də instrumental şəkildə ifa olunurdu.
1980-cı illərdə yaranmış muğam proqramlarına nəzər salsaq, “Şüştər” muğamının həmçinin tərkibinin dəyişmədiyinin şahidi olarıq. Belə ki, K.Əhmədovun (1982) və S.Ağayevin (1984) tərtib etdikləri muğam proqramlarında “Şüştər” muğamının tərkibi belədir: “Bərdaşt” (“Əmiri” ilə başlanır), “Mayeyi Şüştər”, “Feli”, “Tərkib”, “Şüştərə ayaq”.
Müasir dövrdə muğam proqramlarında “Şüştər” muğamının tərkibinə 5 şöbə və guşə daxildir: 1.“Bərdaşt — Əmiri”, 2.“Mayeyi Şüştər”, 3.“Feli”, 4.“Tərkib”, 5.“Şüştərə ayaq” şöbələri. “Şüştər” dəstgahının bu tərkibi də ifaçılıqda geniş tətbiq olunur:“Bərdaşt” (“Əmiri” ilə başlamaq), “Şüştər” (“Mayə”), “Feli”, “Mövləvi”, “Tərkib”, “Şüştərə qayıdış”.
Muğamın tərkibindən də göründüyü kimi, “Şüştər” muğamı digər muğamlar kimi aşağı re-gistrdən deyil, orta registrdən başlayaraq ifa olunur və yuxarı registrə keçir. R.Zöhrabovun “Muğam” kitabında göstərdiyi kimi, “Şüştər” muğamının tərkibi özündə orta və zil tessituralı şöbələri cəmləşdirir (3, s. 149).
Onu da deyək ki, “Şüştər” muğamının ifası xanəndədən zil səs və yüksək ifaçılıq texnikası tələb etdiyinə görə ona xanəndələr nisbətən az müraciət edirlər. Bununla belə, xanəndə yaradıcılığında “Şüştər”in ifası çətin və məsuliyyətlidir. Bu da “Şüştər”in musiqi dilinin xüsusiyyətləri ilə bağlıdır.
Şüştər muğamın instrumental şəkildə ifası daha geniş yayılmışdır. Bu muğamın kamança və balabanda ifası daha təsirli alınır. Bu alətlərin özünəməxsus səslənmə keyfiyyətləri muğamın həzin, kövrək xarakterinin açılmasında böyük rol oynayır.
“Şüştər” muğamının necə bir şəkil aldığını nümunə gətirdiyimiz muğam proqramları ilə və cədvəllərlə müqayisədə aydın görürük. Xüsusilə “Şüştər”ın bir sıra şöbələrinin artırılması bunu sübut edir. Bu şöbələrlə də “Şüştər” konsert salonlarında, radio dalğalarında, mavi ekranda çalınıb-oxunur,respublikanın orta ixtisas məktəblərində və ali musiqi məktəblərində tədris edilir (3, s. 165).
Lakin belə bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, muğam daim inkişaf edən və dəyişən bir sənət növüdür. İfaçılar tərəfindən muğam yeni keyfiyyətlərlə zənginləşdirilməklə, dəyişikliyə uğramaqla yanaşı, yeni tədris proqramları da tərtib olunur.
“Şüştər”ın özünəməxsus kompozisiya xüsusiyyətləri və melodik çalarları ilə başqa muğamlardan fərqləndiyini qeyd edən R.Zöhrabov, bu muğamın poetik mətnindən də söz açır. O, göstərir ki, “Şüştər” muğamına qəzəl seçmək çox çətin və məsuliyyətlidir. Çünki seçilən qəzəl öz məzmunu, ritmik xüsusiyyətləri baxımından “Şüştər”ın musiqi məzmununa, təmkinli melodiyasına uyğun gəlməlidir.
Beləliklə, biz Azərbaycanın şifahi ənənəli musiqisində orta əsrlərdən sonrakı dövrdə avaz kimi formalaşmış “Şüştər”in müstəqil muğama çevrilməsi yolunu izlədik. XIX əsrdə kiçik bir avaz kimi muğamların tərkibində istifadə olunan “Şüştər”in diapazonu zaman keçdikcə genişlənmiş, müstəqil muğama çevrilərək, şöbələrinin sayı artmış və nəticədə “Şüştər” yeddi əsas muğam dəstgahından biri olmuşdur. Araşdırdığımız muğam cədvəlləri və muğam proqramları, onların müqayisəli təhlili “Şüştər” muğamının keçdiyi tarixi inkişaf yolunu izləməyə imkan verir.
ƏDƏBİYYAT:
- Vikipediya, açıq ensiklopediyaXuzistan ostanı URL:https://az.wikipedia.org/wiki/ Xuzistan_ostanı
- Mansurov E.B. Muğam adlarının yaranması haqqında. // “Qobustan” jurnalı. № 1, 1987, s. 66-68. URL:http://gulustan.info/2011/06/mugam-adlarinin-yaranmasi-haqqinda/
- Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
- Bakıxanov T.Ə. Muğam “Dügah”ın qısaca tarixi. “Ekspress”qəzeti, 2006, 16-18 sentyabr. URL:http://www.anl.az/down/medeniyyet2006_sentyabr/medeniyyet2006_sentyabr_276.htm
- Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: 2010. URL:http:// musbook.musigi-dunya.az/az/introduction.html
- Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). : 1996, 584 s.
- Bədəlbəyli Ə.B. İzahlı-monoqrafik musiqi lüğəti. : Elm, 1969, 248 s. URL:http:// lugat.musigi-dunya.az/az/data.pl?id=4035&lang=az
- Rəhmətov Ə.M. Əhməd Bakıxanov. : İşıq, 1977, 140 s.
Диссертант АНК
ИЗ ИСТОРИИ РАЗВИТИЯ МУГАМА «ШУШТЕР»
Резюме
Статья посвящена изучению мугама «Шуштер». На основе анализа музыковедческой литературы и музыкальной практики, автор характеризует исторический путь эволюционного развития мугама в контексте музыкальной культуры Азербайджана, начиная со средних веков по современный период.
Ключевые слова: Азербайджан, мугам, история, музыкальная культура, «Шуштер»
Сandidate for a degree of ANC
FROM THE HISTORY OF DEVELOPMENT OF MUGHAM “SHUSHTAR”
Summary
The article is devoted to studying of mugham «Shushtar». On the basis of the analysis of the musicological literature and musical practice the author characterizes a historical way of evolutionary development of mugham in a context of musical culture of Azerbaijan, since Middle Ages till the modern period.
Key words: Azerbaijan, mugham, history, musical culture, “Shushtar”
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor M.Quliyev;
professor Ş.Eyvazova