Üzeyir Hacıbəylinin Səməd Vurğunun şeirlərinə bəstələdiyi xor əsərləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2015
Azərbaycan Milli Konservatoriyasının dissertantı
Üzeyir Hacıbəylinin Səməd Vurğunun şeirlərinə bəstələdiyi xor əsərləri
Açar sözlər: xor, musiqi, şeir, intonasiya, patriotizm
Hər şairin özünün xüsusi bir oxucu kütləsi olur. Bəzilərinin yaradıcılığını yalnız cəmiyyətin ziyalı təbəqəsi, bəzilərini uşaq və gənclər, bəzilərinin sadə dili isə yaşından və sənətindən asılı olmayaraq hər kəsin diqqətini özünə cəlb edə bilir. Şair də vardır ki, onun poeziyasındakı musiqillik bəstəkarların marağına səbəb olur və yaratdığı hər şeir, hər poema və pyes irili-xırdalı musiqi əsərinə çevrilir. Səməd Vurğun poeziyası məhz belə xüsusiyyətlərə malikdir. Səməd Vurğunun yaradıcılığına demək olar ki, bütün musiqi janrlarında əsərlər yazılmışdır. Onların sırasına opera, balet, tamaşalarına, eləcə də kinofilmlərə musiqi, kantatalar, süita, himnlər, xor əsərləri və mahnılar daxildir.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli də Səməd Vurğun yaradıcılığına biganə qalmamış və böyük şairin sözlərinə bir sıra əsərlər bəstələmişdir. Ü.Hacıbəylinin S.Vurğun şeirinə yazdığı əsərlərdən biri “Ey Vətən” xorudur. Onun yazılma tarixi dəqiq məlum deyil və əlyazmasına da heç yerdə rast gəlmirik. Lakin radio komitəsinin kitabxanasında “Ey Vətən” əsərinin Azərbaycan Radio və Televiziya xorunun 1959-cu ildə, Xor Kapellasının isə 1966-cı ildə ifası mövcuddur.
Bəstəkar xorun yazılmasında hər biri beş xanədən ibarət olan üç mövzudan istifadə etmişdir. Beləcə üç hissəli forma yaranmışdır. Bu üç hissəli forma isə kiçik dəyişikliklər ilə üç dəfə təkrarlanır. Hər mövzu öz növbəsində xanə xarici ilə başlayır. Əsər 4 səsli xor – soprano, alt, tenor, bas və fortepiano üçün nəzərdə tutulmuşdur. Xorun orkestr ilə olan versiyası da vardır. Marş xarakterində bəstələnən “Ey Vətən” xorunun tempi Maestoso, ölçüsü 4/4 və 4/2, tonallığı isə B-durdur.
Əsər tonallığın üçsəslisinin orkestrin ff nüansında çərəklərlə ifa etməsi ilə başlayır. Xanənin 4-cü çərəyində bütün xor “Rast” muğamının intonasiyaları üzərində si səsində ifa etməyə başlayır. Əsərdəki dəyişkən ölçü 3-cü xanədə artıq rastımıza çıxır.
İkinci mövzu 7-ci xanədə xanə xarici ilə başlayır. Bu hissədə g-moll tonallığına ani olaraq yönəlmə vardır.
Üçüncü mövzu isə 12-ci xanədə yenə də xanə xarici, soprano və tenor səslərinin unison ifası ilə başlayır. Üzeyir bəy Hacıbəyli bu hissədə “Çahargah” muğamının intonasiyalarından istifadə etmişdir.
19-cu xanədə əsər yenə də lad-məqam etibarı ilə “Rast” muğamının intonasiyasına qayıdır. Əvvəldə qeyd etdiyimiz kimi, əsərin əsas strukturunu təşkil edən üç mövzu üç dəfə kiçik dəyişikliklər ilə təkrarlanır. İkinci təkrar 21, 27, 33-cü xanələrin dəyişilməsi və 5 xanənin ixtisar edilməsi ilə ifa olunur. Üçüncü təkrar 36-cı xanədən başlayaraq ilk ifa ilə 12 xanə eynilik təşkil edir və son 4 xanəni bəstəkar koda kimi nəzərdə tutmuşdur.
Bütün səslərin diviziye ayrıldığı sonluqda, səslər yüksələn istiqamətdə verilərək ən yüksək diapazona çatdırılmışdır. Xorun 8 səsdə ifa etməsi əsərin tempinə uyğun olaraq Maestoso sonluğu təşkil etmişdir.
Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri xor kollektivləri tərəfindən sıx müraciət edilmiş bir əsərdir.
Dahi bəstəkarın Səməd Vurğunun şeirinə yazdığı növbəti əsər “Vətən ordusu” xorudur. Əsər solo, xor və müşayiət üçün nəzərdə tutulmuşdur. Sadə ikihissəli formada yazılmış xor müharibə dövründə insanları vətənpərvərliyə, cəbhəyə səsləyən pafoslu yazılmış əsərlər sırasındandır.
Xor və solo ifanın növbələşdiyi “Vətən ordusu” xoru marş xarakterindədi. Bəstəkar Üzeyir Hacıbəyli əsəri “Rast” muğamının intonasiyaları üzərində bəstələmişdir. Əsərin ölçüsü 4/2, tempi Tempo di marcio, tonallığı isə G-durdur. Qeyd edək ki, bəstəkar tonallıq baxımından heç bir yönəlmədən istifadə etməmişdir.
Sadə musiqi dili olan “Vətən ordusu” əsəri öncə birinci hissənin xoru ifa etməsi ilə başlayır. Periodun ikinci cümləsini xor reprizalı ifa edir.
Xordan sonra ifaya başlayan solo partiya yeni sözlər ilə xorun ifa etdiyi musiqini təkrarlayır.
Əsərin ikinci hissəsi 19-cu xanədən yenə də xorun ifası ilə başlayır. İkinci periodun hər iki cümləsi reprizalı ifa olunur. Qeyd edək ki, ikinci hissədə bəstəkar solo partiyadan istifadə etməmiş, əsərin ifasını xora və müşayiətə tapşırmışdır.
Sonda isə Üzeyir Hacıbəyli əsərə 4 xanəlik koda əlavə etmişdir.
Sadə musiqi dili və kiçik səs diapazonu “Vətən ordusu” xor əsərinin uşaq musiqi məktəblərinin xor kollektivləri tərəfindən ifasına imkan verir.
Təhlil edəcəyimiz üçüncü xor isə “Döyüşçülər marşı” adlanır. Əvvəldə təhlil etdiyimiz iki xor əsəri kimi bu əsər də marş tempində və xarakterində, vətənpərvərlik ruhunda yazılmışdır.
“Döyüşçülər marşı” əsəri solo, qarışıq xor və müşayiət üçün nəzərdə tutulmuşdur. Əsər üçhissəli formada, 3/4 ölçüdə və B-dur tonallığında yazılsa da g-moll və D-dur tonallıqlarına yönəlmələr də vardır. Lad etibarı ilə bu əsəri Üzeyir Hacıbəyli “Bayatı-kürd” muğamına istinad etmişdir. “Döyüşçülər marşı” bütün xorun tonallığı ilk notda unison oxuması və müşayiət ilə başlayır.
Xorda çox vaxt xanəninin birinci notu səkkizlik, ikinci notu çərək olaraq verilir.
İkinci hissə 17-ci xanədən solo partiyanın ifası ilə başlayır. Burada tonallıq dəyişərək g-moll olur. Əgər birinci hissədə xor əsasən, yüksələn xətt ilə inkişaf edirdisə, ikinci hissədə solo partiya bir qədər əksinə olaraq aşağı istiqamətdə hərəkət edir.
İkinci hissəsinin son 3 xanəsində sinkopalı notlarda tonallıq bu dəfə D-dura çevrilir və ifanı xor davam etdirir. Qeyd edək ki, buradakı sinkopalar mətndəki “Ura!, ura!, ura!” nidalarının olmasından irəli gəlir və xorun ifasında bu daha gözəl səslənir. Bəstəkar eyni cür sinkopalardan əsərin sonuncu xanələrində də istifadə etmişdir.
Sinkopalı notların ifasında sonra tonallıq B-dura qayıdır və xor üçüncü hissəni ifa etməyə başlayır. Onu da bildirək ki, əsər boyu xorun ifası zamanı tenor səs soprano ilə unison ifa edir. “Döyüşçülər marşı” öz pafoslu ifasına görə Ü.Hacıbəylinin “Ey Vətən” xoru ilə səsləşir.
İstifadə edilmiş ədəbiyyat:
- 1. Azərbaycan bəstəkarlarının seçmə xor əsərləri. : 1967, s. 5-10.
- “Azərbaycan gəncləri” qəzeti, 24 aprel 1955-ci il.
- Hacıbəyli Ü. Biblioqrafiya. B.: 2009, s.43.
- Hacıbəyli Ü. Odlu illərin mahnıları. B.: İşıq, 1986, s. 24-25
- Hacıbəyli Ü. Vətənpərvərlik mahnıları. B.: 2005, s. 29.
- Qalacaqdır dünyada. Səməd Vurğun haqqında xatirələr. B.: Azərnəşr, 1973, s. 32.
Хоровые произведения Узеира Гаджибейли
на стихи Самеда Вургуна
Резюме
В статье “Хоровые произведения Узеира Гаджибейли на стихи Самеда Вургуна” раскрывается вклад Узеир бека в Азербайджанскую хоровую музыку и о музыкальности в стихотворениях выдающегося поэта Самеда Вургуна. Представлен анализ 3-х хоровых произведений великого композитора на слова Самеда Вургуна.
Ключевые слова: хор, музыка, стихотворение, интонация, патриотизм
Chorus works composed by Uzeyir Hajibayli related
to Samad Vurgun’s poems
Summary
The article “Chorus works composed by Uzeyir Hajibayli related to Samad Vurgun’s poems” argues Uzeyir Hajibayli’s contribution in Azerbaijani chorus music and music’s tone in prominent poet Samad Vurgun’s poems. Meanwhile, genius composer’s three chorus works composed to Samad Vurgun’s words have been analyzed.
Key words: chorus, music, poem, composer, intonation, patriotism
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Z.Qafarova;
sənətşünaslıq üzrə elmlər doktoru, dosent Ü.Əliyeva.