AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

Konservatoriya” jurnalı 2018 № 2 (40)

Üzeyir Hacıbəyli

“Azərbaycan”,  28 may,  1919-cu il

BİR YAŞ

Bu gün, istiqlalını elan etmiş olduğumuz və istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin,  yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da ikinci yaşa qədəm qoyduğu  gündür…

Novzad dövlətimizin təvəllüdü, ana bətnindən doğulması – çətinliklə əmələ gəldi. Ana vətən, balasını doğarkən, özünü qurban verəcək dərəcəsinə gəlmişdi… Azərbaycan torpağı bir xərabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri mehribanının nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anası bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaş etməklə anasını da, balasını da öldürmək istəyirdilər.

Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvətə haiz idi ki, zəif cismi, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq  və  yaşatmaq  iqtidarını  qeyb  etmədi.

Və bu gün, doğduğu övladının sənaye-dövriyyəsi münasibətilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəzəyib nümayişkaranə bir curətdə bəyani-iftixar etmədədir.

Bir yaşlı dövlətimiz, –  gələcəkdə – yaxın gələcəkdə – türklügün ümidgahı, islamlığın pənahı və aləm mədəniyyətinin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda – hər kəsə bildirmədədir.

Azərbaycanın türkliklə istiqbal meyvələri yetişdirmək üçün münbit bir topaq təşkil etdigini Osmanlı türk qardaşlarımız dəxi iqrar və etiraf edib bizə ümidi-ənəzər ilə baxmadadırlar. Filhəqiqə, Azərbaycan idi ki, türk şərqində sağlam bir milliyət hissi oyatdı, millət nə olduğunu millətini unutmuş türklərə bildirdi. Onlara – sən əvvəl-əvvəl bir türksən, dedi və “türkəm” dedirtdi…

Türk qövminin dəxi farslar, ərərblər kimi müstərif olduqları dini mübin islamın – Allahımız bir, peyğəmbərimiz bir, Quranımız bir və binaən – ileh dinimiz də bir olmalıdır – deyə bu birligə feil və əql ilə qədəm qoyan Azərbaycan türkləri oldu desəm, əminəm ki, xəta etmərəm. Bu fikrin Azərbaycan türkləri arasında olduqca sürətlə intişarı və qüvvətlənməsini görərkən sözlərimin təsdiqinə məcbur olarlar.

Bizi vəhşi bilənlər və bizdən yalnız qan içicilik gözləyənlər ilə bizim vicudimizi aləmi-mədəniyyət üçün təhlükəli ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin sırf yalan və yalnış olduğu meydana çıxsın. İngilis bizim içimizə girərkən, özlərini vəhşi bir heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyacına heç bir lüzum olmadığını bir iki gündən sonra kəmali-təəccüblə anladılar və haqqımızda bəsləməkdə olduqları nəzər və təsəvvüratın – bilməməzlik və ya düşmən təbliği nəticəsi olaraq xəta yanlış olduğunu da dərk etdilər; əminəm ki, bunu da dərk etdilər ki, istibdad altında tərəqqi və təalidən cəbrən mərhum və cəhalətə məhkum edilmiş olan bir millət, azad olduqdan sonra çox çəkməz ki, aləmi-mədəniyyət bazarlarında öz milliyətləri təqazası ilə əmələ gəlmiş mədəni mətalarını ənzari-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan millətləri də heyran qoyarlar…

AL rəngi türkligə, YAŞIL rəngi islamlığa və MAVİ rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.

Adamlar var ki, bizim istiqlalımızı istəmirdilər, halbuki bizə düşmən deyildilər və bu istəməməzlikləri də düşmənçilik üzündən deyildi. Fəqət, onlar qorxurdular. Qorxurdular ki, biz hökümət etməğə, məmləkət dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da müxtəlif millətli təbəmizin can və malını mühafizə edə bilməyək, siyasətdə bacarıqsızlıq göstərib xalqın istirahətini pozaq…

Lakin novzad dövlətimizin yeni başlamış ömrünün günləri və ayları gəlib getdikcə, bu fikirdəki adamlar öz fikirlərini dəyişməyə məcbur oldular; bolşeviklər dövründə həsrətini çəkdiyimiz çörək və çörəkdən artıq həsrətində olduğumuz əmin və əsayişin yoxluğu və cəmaəti qoz və fındıq kimi bizar olan qətl və qarətin çoxluğu – o da, bu da dəf edildi; Azərbaycan dövləti çörək ilə bərabər əmin və əsayişi də iadə etməklə əhalini həm aclıq, həm də qətl və qarət bəlalarından xilas qıldı; cavan dövlətimiz, dünyanı bürümüş olan sarı xəstəliklərlə də mədinizar bir surətdə mübarizəyə girişib zəfər və müvəffəqiyyət qazandı.

Düşmənlərimizin virdi-zəban etdiyi “bəy, xan və şallaq höküməti” əvəzinə ən demokratik və ən hürriyətpərvər bir dövlət olduğunu bildirdi. Əhalisinə bir bu qədər geniş və genişliyi heç bir hökümətdə görünməmiş bunca hürriyət və azadlıqların vicudu qarşısında düşmənlərimizin gözləri heyrələnib dilləri lal olacaq idi ki, hiylə və təzvirə əl atıb hökümətimizin bu qədər hürriyətpərəstliyini cəbunluğa və səhlənkarlığa isnad ilə bizi yenə də ləkələndirmək istəyirdilər. lakin bu axırki zabostoskanı – Azərbaycan istiqlalını məhv etmək və məmləkətimizi anarşı halına salmaq niyyəti ilə qurulmuş zabastovkanı yaratmaq işində hökümətimizin və millətimizin göstərmiş olduğu əzm və səbat, ustadlıq və məharət, düşmənlərimizin bu ləkəsini üzərimizdən sildi və bu töhməti də rəf etdi.

İçərisində çixan qırmızı təhlükəni rəf və izaləyə qadir olan bir hökümət və millət, xaricdən sədası gələn qara təhlükəni də dağıtmağa və darmadağın etməyə qadir olmazmı, zənn ediyorsınız? Siz onun bir yaşar olduğuna baxmayın; düşmən dəfində təcrübəsiz olduğuna, türklük və islamlığına məxsus əzilətlərinə baxıb da əmin olunuz ki, bu hökümət və bu millət öz istiqlalını, öz azadlığını və öz təəbəsini şanlı bir surətdə hər bir düşməndən qorumağa qadirdir və bu qüdrətini lazım olduğu halda isbat edər. Bu təntənəli, cəlal və şövkətli bayrağımızı görənlər bunu yəqin bilsin ki, bir yaşar cavan Azərbaycan türk dövlətinin istiqlali-mühafizəsindəki şüarı budur ki:

ÖLMƏK VAR, DÖNMƏK YOXDUR

Bu əziz bayram günü sidq dil ilə – yaşasın müstəqil Azərbaycan deyənlər, əmin olmalı: onu  müstəqil  yaşatmağa  qadir olarlar.

Mövzuya uyğun