AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2016

Vüqar HÜMBƏTOV

BMA-nın dissertantı

Email: humbatov.vugar@gmail.com

 

 

RƏNA QƏDİMOVANIN XOR VƏ ORKESTR ÜÇÜN «SARI GƏLİN» BALLADASI

endir

 

 

PDF

 

 

Xülasə: Məqalə müasir Azərbaycan bəstəkarı Rəna Qədimovanın xor və orkestr üçün “Sarı gəlin” balladasına həsr olunmuşdur. Məqalədə əsərin tarixi mahiyyəti, mövzu dairəsi, eləcə də musiqi dili nəzəri təhlil edilərək bir sıra nəticələr əldə olunmuşdur. Məqalədə xor və orkestrin mövqeyi, partiyaları müqayisəli şəkildə araşdırılmışdır.

Açar sözlər: əsər, bəstəkar, xor, partiya, orkestr, ballada

 

1992-ci ildə Xocalıda erməni terrorçuları tərəfindən törədilmiş qırğın tarixə soyqırım kimi daxil oldu. Əsrlərlə xalqımıza qarşı müxtəlif qırğınlar, təxribatlar törətmiş ermənilər 20 ildən çoxdur ki, ərazilərimizi işğal edərək mülki əhaliyə qarşı amansız qəddarlıq nümayiş etdirmişlər. Bu faciələrə həsr olunmuş müxtəlif məzmunlu və janrlı əsərlər yaranmış və yaranmaqda davam edir.

Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımına həsr olunmuş Rəna Qədimovanın xor və orkestr üçün “Sarı gəlin” balladası xor və orkestrin ifası üçün nəzərdə tutulmuşdur. “Sarı gəlin” balladası musiqi sevənlərin dərin rəğbətini qazana bilmişdir. Əsərin mətni Şahrun Süleymanovaya məxsusdur. Musiqi sənətinə həm də pianoçu kimi daxil olmuş Rəna Qədimova 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisasını Fərəc Qarayevin sinfində bitirib. Diplom işi İ.Kamenkoviçin mətninə solistlər və BSO (üçlü heyət) üçün simfoniyası olub, simfoniya II cahan müharibəsində alman faşistlərinin ölüm düşərgələrində həlak olan uşaqlara həsr olunub. Bəstəkar fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonatino, iki simli kvartet, faqot və fortepiano üçün “Dialoq”, B.Vahabzadə, Ə.Vəkil, N.Kəsəmənli kimi şairlərin sözlərinə bəstələnmiş mahnıların müəllifidir.

R.Qədimovanın 90-cı illərdə nəfəs və zərb alətləri orkestri üçün 2 marşı 2007-ci ildə Mədə­niyyət Nazirliyi tərəfindən keçirilən müsabiqədə uşaq xoru üçün iki mahnısı — “Vokaliz”, “Dirçəliş” — III dərəcəli mükafata layiq görülüb. 2008-ci ildə  “Pastoral”, “Tokkata” — orijinal əsərləri, Hüzzal, Mayə Rast xalq rənglərin işlənməsi nominasiyalarında Mədəniyyət Nazirliyinin müsabiqəsində II dərəcəli mükafata layiq görülüb. “Dirçəliş” əsəri Qadınların II Qurultayının açılışında  DilarəƏliyevanın rəhbərliyi ilə Qız qalası uşaq xorunun ifasında səslənib.

Azərbaycanda ballada janrının ilk nümunəsi R.Qliyerin “Şahsənəm” operasında Şahsənəmin balladasında və Ə.Bədəlbəylinin “Nizami” operasından Rənanın balladasında öz əksini tapmışdır. Fortepiano üçün yazılmış balladanı ilk dəfə görkəmli bəstəkar Cövdət Hacıyev ictimaiyyətin diqqətinə 1950-ci ildə təqdim etmişdir. Daha sonra bu janr O.Kazıminin “Konsert balladası”ında üzə çıxmışdır. Böyük tərkib üçün ballada janrının ilk nümunəsi kimi “Sarı gəlin” əsəri hesab olunur. “Sarı gəlin” 2012-ci ilin ikinci yarısında yazılıb, partiturası 2013-cü ilin yanvarında tamamlanıb. İlk dəfə 2 noyabr 2014-cü il, Bəstəkarlar İttifaqının 80 illik yubiley konsertinin açılışında, M.Maqo­mayev ad. Azərbaycan Dövlət Filarmoniyası, Gülbacıİmanovanın rəhbərliyi ilə Azərbay­can Dövlət Xor Kapellası və dirijor F.Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında səslənib.

Əsərin mövzusu müasir Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti üçün olduqca aktualdır. Müəlliflər əsərin aktuallığını onun tarixi və bədii əhəmiyyətini artıran daha bir faktdan da istifadə etmişlər. Belə ki, adından da göründüyü kimi, əsər Azərbaycan xalq mahnısı “Sarı gəlin”in adı ilə bağlıdır. Son illərdə işğalçı erməni milləti tərəfindən mənimsənilməyə çalışan növbəti mənəvi sərvətimiz olan xalq mahnısının bir daha məhz Azərbaycana məxsus olduğunu göstərmək üçün uğurlu addım hesab etmək olar. Qeyd etmək lazımdır ki, xalq mahnısının yalnız adından deyil, həm də melodik və poetik məzmunundan da istifadə edilmişdir. Xüsusilə xorun partiyasında əksini tapan bir sıra melodik parçalar, eləcə də mahnının xarakterik kadansları, poetik mətndən müəyyən parçaların istifadəsini göstərmək olar.

Ballada 17 xanəlik orkestr girişi ilə başlanır. İlk xanələrdən qeyri-sabit tonal plan, xromatik tərkibli akkord birləşmələri əsərin faciə mövzusu kimi çıxış edir. Lakin xorun ifaya başlaması ilə bu qeyri-sabitlik öz yerini daha şəffaf harmonik və orkestr səslənməsinə verir. Bu prinsip bütün əsər boyu davam edir. Belə ki, müəllif xorun çıxışı zamanı daha konkret məqam yüksəkliyinə, klassik akkord tərkiblərinə üstünlük verirsə, orkestr keçidlərində əksinə xromatizm, qeyri-sabit tonal plan müşahidə olunur. Burada xor zülmə, əzaba düçar olmuş xalqın obrazında çıxış edir, orkestrin funksiyası isə daha çox düşmən qüvvələrin törətdiyi əməllərin mahiyyətini açmağa yönəlmişdir.

Ballada janrına xas olan nəqledici xarakter burada bir qədər dramatikləşmiş şəkildə təqdim olunur. Bu da ilk növbədə əsərin bədii məzmunu ilə bağlıdır. Lakin nəql olunan faciə uzaq keçmişdə deyil, hələ də güclü kədər və alovlanan mübarizə hissi ilə doludur. Əsərdə faciə, xalq hüznünü əks etdirən səhnələrin bir-birini əvəz etməsi onlar arasında kəskin təzadın yaranmasına səbəb olmasa da, müəllif yüksələn dramatizm xətti və faciə mövzusunun ən parlaq ifadəsini özündə daşıyan kulminasiya ilə əsərin emosional aləminin müxtəlif boyalarını göstərməyə nail olmuşdur. Beləliklə, əsərdə vahid obraz, vahid ideya xətti musiqidə öz təsdiqini tapa bilmişdir. Girişin sonda yenidən qayıtması balladaya vahid kompozisiya quruluşu gətirmişdir.

Emosional əhvali-ruhiyyəni ifadə edən parçalar baxımından yanaşdıqda xorun (7 rəqəminə qədər) çıxışı girişin növbəti, vokal-instrumental bölməsi hesab oluna bilər. Kodada məhz bu bölmənin qısalmış şəkildə tətbiqi bunu deməyə əsas verir. Lakin müəllif orkestr girişindən də əsərin bəzi yerlərində istifadə etməklə mövzunun əhəmiyyətini vurğulamağa çalışmışdır. Bu mövzuya (12 rəqəmindən başlanan) orkestr keçidində rast gəlmək olar.

Əsərin musiqi səhnələrinə nəzər yetirdikdə formanı aşağıdakı kimi müəyyənləşdirmək olar: Giriş – A – B – A. A bölməsi öz daxilində iki hissəyə ayrılır. Birinci hissə əvvəldə qeyd etdiyimiz vokal-instrumental giriş xarakteri daşıyaraq ilk təəssürat yaratmağa yönəlir. Burada əsas funksiyanı xor yerinə yetirir. 4 səsli qarışıq xorun partiyasında bəstəkar və şair “Sarı gəlin” xalq mahnısının melodik və poetik məzmunundan istifadə etmişdir. Melodiyada müəyyən dəyişikliklər olmasına baxmayaraq onun ümumi əhvali-ruhiyyəsini hiss etmək mümkündür. Bunu qabardan əsas cəhətlər isə mətnin və xarakterik kadansın iştirakıdır. Qeyd etmək lazımdır ki, müəlliflər demək olar ki, bütün əsər boyu xalq mahnısının həm mətn, həm də melodiyasında leytmotivlərdən istifadə etmişlər. Xüsusilə “Ay sarı gəlin” kəlməsinin əvvəldən sona qədər vurğulanması, eləcə də melodik cümlələrin sonunda verilən kadans motivinin tətbiqini göstərmək olar.

Burada 3 cümlədən ibarət period verilmişdir. Cümlələr 6+8+10 xanədən ibarətdir. Hər bir cümlə intonasiya cəhətdən xalq mahnısının motivləri üzərində qurulan variantı xatırladır. Məsələn, bəstəkar xalq mahnısında ilk kvinta sıçrayışını kvarta ilə əvəz edir, sonrakı motivin yuxarı istiqamətli hərəkətini aşağı istiqamətə dəyişir və s. Qeyd edək ki, cümlələrin ifası müxtəlif partiyalar arasında dəyişir. İlk cümlənin birinci frazası tenorda, ikinci frazası isə sopranoda səslənir. İkinci cümlə bütünlüklə tenor və basa həvalə olunur, üçüncü cümlədə isə birinci fraza soprano, cümlənin davamı isə tenor və basda eşidilir. Orkestr müşayiətinə gəlincə bəstəkar daha sadə, şəffaf harmonik dildən istifadə edir.

Əsər g-moll tonallığında yazılsa da, burada mahnının əsas məzmununun üstünlük təşkil etməsi ilə əlaqədar “re” mayəli şur məqamı özünü göstərir və bu bölümdə “re” səsi əsas ton kimi çıxış edir. Onun vurğulanması orkestr partiyasında da müşahidə edilir. Yalnız bölümün sonunda yenidən g-moll-un tonikası eşidilir.

A bölümünün ikinci hissəsi əsərin birinci kulminasiyası hesab oluna bilər. Belə ki, xor partiyasında verilən divizilər, dinamikanın artması, orkestr partiyasında hərəkətin güclənməsi bunu deməyə əsas verir. Qeyd edək ki, bu bölümdə də orkestr xorun partiyasını dəstəkləməyə üstünlük verir və divizilərın yaratdığı tersiyaları onun da ifasında eşitmək mümkündür. Xorun bütün səsləri əsas mövzunu ifa edir və nəticədə səslənmədə dolğunluq yaranır. Harmonik tərkiblərə nəzər saldıqda isə diatonik akkordların paralel hərəkəti üstünlük təşkil edir.

Bu hissənin daxilində kulminasiya iki hissəyə ayrılır. Birinci hissə kimi qeyd etdiyimiz parça kiçik kulminasiyanı, ikinci hissə isə instrumental və vokal-instrumental cümlələrdən ibarət sakitləşmə funksiyasını yerinə yetirir. Kiçik kulminasiya öz daxilində variantlı musiqi məzmununa malik iki cümlədən ibarətdir: 5+6.

Növbəti parça (9 rəqəmindən) orkestrin ifasında başlanır. Bu 4 xanədə girişdən müəyyən elementlər özünü göstərir. Onun ardınca xorun partiyasında divizilər dayandırılır, alt, tenor və bas səslərində növbə ilə kadans motivi səslənir. Burada sanki bölümün birinci hissəsinin musiqisindən xatırlatma iki hissə arasında əlaqə yaratmış olur. Beləliklə, A bölümünün ikihissəli reprizli quruluşda olmasını qeyd etmək olar.

Növbəti B bölümündən öncə 21 xanəlik orkestr keçidi verilir. Bu keçid A bölümündən ikinci hissənin orkestr ifasının davamı kimi çıxış edir. Belə ki, həmin 4 xanədə rast gəldiyimiz motivlər burada da müşahidə olunur. Müxtəlif partiyalarda bir səsin həm natural, həm də alterasiyalı ifası yenidən dissonans səslənmələrə səbəb olur və qeyri-sabitlik yaradır. Lakin onun daxilində, xüsusilə B bölümündən əvvəlki bir neçə xanədə həmin bölümün tonal yüksəkliyinin hazırlanmasının şahidi oluruq. B bölümü d-moll tonallığında təqdim olunur. Qeyd edək ki, bu bölüm digərlərindən həcmcə daha böyükdür və onun əsərdə əhəmiyyəti bir neçə cəhətdən vurğulanmalıdır. Belə ki, əsərin əsas kulminasiyası məhz bu bölümə düşür. Eyni zamanda faciə mövzusunun əsas ifadəsi həm musiqi, həm də poetik məzmun etibarilə məhz B bölümündə daha parlaq şəkildə açılır.

B bölümünun inkişaf xətti bir neçə mərhələdən ibarətdir. Başlanğıcda sakit əhvali-ruhiyyə yaradan musiqi daha sonra xor və orkestr arasında növbələşmə ilə gərginləşir. Gərginləşmə əvvəlcə orkestrdə hazırlanır. Xromatizmlərin artması, ritmin daha kiçik hissələrə parçalanması, alterasi­yalarla zəngin orqan punktu kulminasiyanın birinci mərhələsini hazırlayır. Qeyd edək ki, bu hazırlanmada tempin də tədricən artırılması, eləcə də tonal yüksəkliyin d-moll – e-moll dəyişməsi baş verir. Bu dəyişmə uzun sürmür, 8 xanə sonra e-moll – a-moll ilə əvəzlənir. Kulminasiyanın birinci mərhələsi isə xorun partiyasında reallaşır (23 rəqəmi). Həmin andan orkestr partiyasında yenidən dinatonik səslənmələr və sekundalı orqan punktları yer alır. İkinci mərhələ (24 rəqəmi) registrin yüksəlməsi, hərəkətin güclənməsi ilə müşahidə olunur. İkinci mərhələdə xromatizmlər yenidən qayıdır.

Tonal planda müşahidə olunan qeyri-sabitlik tonallıqların sürətlə dəyişməsi ilə bərabər, çoxsaylı yönəlmələrlə də səciyyələnir. Əslində a-moll kimi qeyd olunan parçada bir sıra tonallıqlara yönəlmələr baş verir və enharmonik münasibətlər dissonans fonu daha da gücləndirir: f-cis-b-h. Bu cür münasibətlər bir xanə həcmində bir-birini əvəz edir. İlk dəfə olaraq xorun partiyası orkestrlə uzlaşaraq həmin tonları vurğulayır.

a-moll isə yalnız kulminasiyanın birinci mərhələsində diatonik halda eşidilir. Lakin bu çox da uzun sürmür, ikinci mərhələnin başlanması ilə yenidən uzaq tonallıqlara keçidlər baş verir: ges-moll, cis-moll, e-moll, eləcə də çoxsaylı ellipsislər. Kulminasiyanın üçüncü və ən dramatik mərhələsində (26 rəqəmindən)  diapazon xorun partiyasında ikinci oktavanın “lya” səsinə qədər yüksəlir. Dinamik yüksəliş isə fffqədər  artır. Bu mərhələ digərlərinə nisbətən daha uzun sürür. Orkestr partiyasında politonal münasibətlər nəzərə çarpır: f-moll – fis-moll. Xorun partiyasında eşidilən xalq mahnısından (30 rəqəmindən) kadans motivlərinin eşidilməsi ilə gərginliyin azalması başlanır. Orkestrdə g-moll – cis-moll münasibətləri müşahidə olunur. B bölməsini 13 xanəlik orkestr keçidi tamamlayır, onun partiyasında növbəti bölümün tonal mərkəzi hazırlanır.

Növbəti bölümü özünüməxsus repriza kimi də qəbul etmək olar. Lakin bu repriza tematik deyil, emosional reprizdir. Belə ki, bu bölmənin musiqi məzmununda birinci bölmənin əhvali-ruhiyyəsi yenidən duyulur. Bu bölmədə həmçinin xalq mahnısından motivlər, sonda isə A bölməsindən birinci cümlənin səslənməsi repriza hissini bir daha artırmış olur. Əsər orkestrin ifası ilə tamamlanır. Bu sonluqda ənənəvi olaraq giriş elementləri deyil T-VI keçidinin dəfələrlə vurğulanması müşahidə olunur.

Balladanın bölmələri arasında kəskin obraz təzadlılığı müşahidə olunmur, bəstəkar təzadı daha çox bir obrazın – xalqın gah hüznlü, gah faciəvi, gah da üsyankar fəryadları ilə yaratmağa çalışıb. Xorun mövqeyi əsərdə orkestrə nisbətən daha üstündür. Əsər böyu əsas mövzunun təqdimatı məhz xora həvalə olunur. Lakin orkestr burada müşayiətçi kimi deyil, bu keçidlər arasında bağlayıcı funksiya daşıyan mühüm rola malikdir. Digər tərəfdən dissonans səslənmənin məhz orkestrə həvalə edilməsi əsərdə zülm, qəddarlıq obrazı daşıması ilə səciyyələnir.

Xocalı soyqırımının Azərbaycan xalqına və bütün Türk dünyasına deyil, bütün bəşəriyyətə vurduğu zərbədir. Bu mövzuda yaranan əsərlər faciənin dərinliyini anlamağa zəmin yaradacaqdır. Bu mövzunun seçilməsi və onunla paralel taleyi paylaşan “Sarı gəlin” xalq mahnısı ilə əlaqələndirilməsi əsər müəlliflərinin cəsarətli və diqqətəlayiq addımı kimi qiymətləndirilə bilər. Bir əsərin daxilində iki mühüm problemin işıqlandırılması və Azərbaycan reallığının vurğulanması “Sarı gəlin” balladasını hələ bir çox gələcək nəsillər üçün aktual edəcəkdir.

 

ƏDƏBİYYAT: 

  1. Мазель Л.А. Строение музыкальных произведений. М.: Музыка, 1986, 528 с.
  2. И.Лаврентьева.О взаимодействии слова и музыки в советской вокальной симфонии 60-70-х годов. // Проблемы музыкальной науки. 6 выпуск, М.: Сов.композитор, 1985, с.106-109

 

Вугар Гумбатов

Диссертант БМА

БАЛЛАДА ДЛЯ ХОРА И ОРКЕСТРА «САРЫ ГЯЛИН»РЕНЫКАДИМОВОЙ

Резюме

Статья посвящается произведению современного Азербайджанского композитора -РеныКадимовой — Балладе для хора и оркестра «Сары гялин». В статье приводится анализ музыкального языка, исторического значения и образно-идейное начало произведения. Автор статьи в результате проведенного анализа представляет интересные выводы и подчеркивает основные черты стиля автора произведения.

Ключевые слова: произведение, композитор, хор, партия,оркестр, баллада

 

Vuqar Humbatov

Dissertator BMA

RENA GADIMOVA: BALLAD FOR CHORUS AND ORCHESTRA «SARI GELIN»

Summary

This article is devoted to ballad for chorus and orchestra «Sari gelin» of Azerbaijan composer Rena Kadimova. The article provides an analysis of the language of music, historical significance and figuratively-ideological work. Author of the article as a result of the analysis is interesting conclusions and emphasizes the main features of the style of the works of author.

Key words: a work, a composer, choir, party, orchestra ballad

 

Rəyçilər:

professor G.Abdullazadə;

professor Ü.İmanova

Mövzuya uyğun