Adilə Yusifovanın “Milli naxışlar” fortepiano məcmuəsinin üslub xüsusiyyətləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
F.Əmirov adına 6 saylı UİM-nin müəllimi
Ünvan: Binəqədi r-nu, Biləcəri qəs., Nəsimi küç., 6
Email: ayten-zahid@rambler.ru
UOT 78.071.1
ADİLƏ YUSİFOVANIN “MİLLİ NAXIŞLAR” FORTEPİANO MƏCMUƏSİNİN ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Xülasə: Təqdim olunan məqalə müasir Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biri Adilə Yusifovanın yaradıcılıq irsində xüsusi yer tutan “Milli naxışlar” məcmuəsinin təhlilinə həsr olunub. 10 pyesdən iba-rət məcmuə bəstəkarın xalq dekorativ-tətbiqi sənət nümunələri ilə qarşılıqlı əlaqəsi nəticəsində yaranmışdır.
Açar sözlər: fortepiano məcmuəsi, dekorativ-tətbiqi sənət, faktura, məqam
Bir bəstəkar kimi A.Yusifova yaradıcılıq irsinin zəngin bədii məzmunu, ma-raqlı üslub tərzi ilə müasir Azərbaycan musiqisində kifayət qədər əhəmiyyətli sima-larından biridr. Müraciət etdiyi əsərlər arasında müxtəlif tərkibli kamera–instru-mental, vokal-instrumental, uşaqlar üçün yazılmış səhnə əsərlərinin olması bir bəs-təkar kimi Adilə Yusifovanın zəngin və maraqlı yaradıcılıq portretini sərgiləyir. Əsərlərinin qeyri-adi tərkibi, maraqlı obraz-məzmun dairəsi və digər keyfiyyətləri isə onları tədqiqat obyektinə çevirir.
A.Yusifova əsasən proqramlı musiqiyə müraciət edir, bütün əsərləri (kiçik istisnalar olmaq şərti ilə) proqramlı başlıqlara malikdir. A.Yusifova təkcə musiqi ilə deyil, incəsənətin digər növləri ilə də maraqlandığından onun əsərlərində incəsənətin müxtəlif növləri arasında əlaqə var. Bu da bəstəkarın müraciət etdiyi mövzu dai-rəsinin zənginliyinə şərait yaradır.
Böyük bəstəkar C.Hacıyevdən bəstəkarlığın sirlərinə yiyələnən A.Yusifova bu gün çox məhsuldar çalışır. Onun əsərləri arasında fortepiano və orkestr üçün Kon-sert, fortepino üçün “İthaf” (C.Hacıyevə həsr olunub); fortepiano üçün 7 pyes; tar və fortepiano üçün “Alov” fantaziyası; fortepiano triosu və balaban üçün “Paralellər”; qiraətçi, fleyta, violin, violonçel və fortepiano üçün “Qadın obrazlarının siluetləri” süitası; uşaqlar üçün “Bahar nağılı” kantatası; uşaqlar üçün “Sehrli sandıq” musiqili tamaşası və başqa əsərlərini sadalamaq olar. Müxtəlif janrlarda olan bu əsərlər bəs-təkarın yaradıcılıq portetinə xas olan milli köklərə, milli musiqi mədəiyyətinə bağ-lılıq, ənənə və müasirliyin vəhdəti, digər incəsənət növləri ilə əlaqə, məzmun-obraz dairəsinin zənginlyi, forma bitkinliyi, təsvirçilik kimi vacib keyfiyyətləri açıb gös-tərir.
A.Yusifova təkcə bəstəkar kimi deyil, musiqişünas, musiqi ictimai xadimi, müəllm kimi də fəaliyyət göstərir. Belə ki, A.Yusifova müxtəlif illərdə bir neçə dərs vəsaitinin tərtibçisi olmuş, mətbuatda məqalələrlə çıxış etmişdir: “Azərbaycan pro-fessional təhsilinin salnaməsi (həmmüəllif N.Kərimov); “Azərbaycan xalq melo-diyalarının işləməsi və aranjimanı”: “Azərbaycan bəstəkarlarının işləmələri”; “Soltan Hacıbəyov. Azərbycan xalq melodiyalaının işlənməsi”; “Cövdət Hacıyev. Həyat sal-naməsi” kitab və monoqrafiyaları A.Yusifovanın zəngin yaradıcılıq fəaliyyətinin bariz nümunələridir.
Hələ tələbəlik illərində özünü istedadlı pianoçu kimi təqdim edən A.Yusifova fortepiano üçün bir-birindən maraqlı əsərlər yazır. Elə ilk irihəcmli əsərinin məhz fortepiano və orkestr üçün konsertinin olması onun bu alətə olan sevgisi ilə izah oluna bilər. Bəstəkarın yaradıcılıq irsində fortepiano üçün əsərlərin üstünlüyü keçən əsrin son onilliklərində Azərbaycan bəstəkarlarının bu janra artan marağı ilə də izah oluna bilər. XX əsrin sonu üslub fərdiyyətindən asılı olmayaraq demək olar ki, bütün Azərbaycan bəstəkarları fortepiano musiqisinə müraciət edirlər. Kiçik və böyük həcmli, müxtəlif janrlı pyeslər, sonata, konsertlər, fortepiano məcmuələri bu və ya di-gər bəstəkarın üslub keyfiyyətlərinin açılmasında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə meydana gələn əsərlərinin bir qismini araşdırdıqda belə bir nəticəyə gəlmək olar ki, XX əsrdə ümumilikdə Qərb musiqisində yer almış müasir təmayüllər, tendensiyalar, yeni kompozisiya texnikaları, obraz-mövzu dairəsi Azərbaycan bəs-təkarlarının fortepiano əsəsrlərindən də kənarda qalmamışdır.
Bu dövrdə də yeni yazı üslubu, məqam-harmoniya, metro-ritmik, tembr innovasiyaları Azərbaycan bəstəkarlarının əsərlərində milli musiqi mühiti ilə sıx vəhdətdə təqdim olunur. Aşıq musiqisinə xas epik təhkiyyə, xalq musiqisindən qay-naqlanan improvizəli başlanğıc, xalq çalğı alətlərinin tembr təqlidi bu dövrdə yazıl-mış əsərlərin maraqlı göstəricilərindəndir.
Beləliklə, əsrin əvvəllərində ilk nümunələrini məhz A.Zeynallının yaradıcılığında cücərən fortepiano musiqisi bir əsr boyunca zəngin inkişaf yolu keçmiş, bu zənginləşmə forma, dramaturgiya, ifadə vasitələri, bədii məzmun, hətta alətin fərqli ifa üsulunun (hazırlanmış fortepiano) müsbət şəkildə inkişafı hesabına əldə olunur. Lakin yeni tendensiyalar böyük qism əsərlərin milli zəmininə xələl gətir-məmiş, müasirlik və milli ənənələr bu və ya digər bəstəkarın yaradıcılıq priz-masındakı həlli qaydasında fortepiano üçün yazılmış əsərlərdə də ifadəsini tapmışdır.
A.Yusifovanın “Milli naxışlar” məcmuəsi XX əsrin 90-cı illərində yazılmış maraqlı əsərlərindən biridir. “Milli naxışlar” bəstəkarın müxtəlif illərdə rastlaşdığı, daim maraqlandığı xalq dekorativ-tətbiqi sənət sərgilərindən aldığı təəssurat nəti-cəsində meydana gəlmişdir: 10 pyes və 10 obraz… Qeyd edək ki, həmin pyeslər hər hansı sənət nümunəsinə illüstrasiya deyil, bəstəkarın xalq nümunələrinə yaradıcı baxışı, duyğularının, düşüncələrinin toplusudur.
Bu əsər yalnız musiqisinin bitkinliyi, məqsədyönlü şəkildə açılmış ideya və məzmunu ilə deyil, həmçinin burada paralel şəkildə göstərilən dekorativ-tətbiqi incə-sənət növlərinin təqdimi ilə də əhəmiyyətlidir. Silsilənin səhifələrini vərəqlədikcə Azərbaycan incəsənətinin nə qədər zənginliyinin bir daha şahidi oluruq. Azər-baycanda təşəkkül tapmış, əsrlərlə formalaşmış sənətkarlıq nümunələri – keramika, metal üzərində döymə — təbərzin, ağac üzərində oymalar, sandıq bəzəyi, al-əlvan quramalar, adı dillər əzbəri, mədəniyyətimizin şah nümunələrindən olan xalçalar, məşəqqətli əl əməyinin nümunəsi – həsir və kilimlər, incə zərif gəlinciklər xalqın maddi-mənəvi abidələridir.
“Milli naxışlar” silsiləsi bəstəkar və dekorativ tətbiqi sənət nümayəndələrinin özünəməxsus tandemidir. Bu əsərə rəssamlar A.Hüseynova (“Yanar çıraq”), Sara Manafova (“Balıqqulaqları”), Oqtay Murtuzayev (“Xalq şənliyi”), İlhamə Həsənova (“Bir ağacın əfsanəsi”), florist Suğra Bağırzadə (“Çərçivədə çiçəklər”), Xalidə Nəsirova (“Parçaların əlvan şıltaqlığı”), kukla ustası Tamilla Qurbanovanın (“Gəlincik”) əl işlərindən ibarət illüstrasiyalar daxil edilib. Məcmuənin nəfis tər-tibatında hər bir pyesin əvvəlində bəstəkarın canlandırdığı obraz, bəstəkarın əl işin-dən ilhamlandığı sənətkar haqqında məlumat yerləşdirilib. Bu da əsərin ideya bədii məzmununun, bəstəkarın düşüncələrinin açılmasına bir növ yardım edir.
Fortepiano üçün silsilə forması musiqi ədəbiyyatında kifayət qədər işlənmiş formadır. Bu mənada həm Avropa, həm də rus bəstəkarlarının, eləcə də Azərbaycan bəstəkarlarınn əsərlərini sadalamaq olar. Təhlil etdiyimiz əsər müəyyən dərəcədə R.Şumanın “Karnaval”, K.Debüssinin “24 prelüd”ü, M.P.Musorqskinin “Sərgidən şəkillər” fortepiano silsiləsi ilə ümumi və fərqli keyfiyyətlər baxımından müqayisə edilə bilər. Lakin “Milli naxışlar” silsiləsi qoyulmuş problem və onun həlli baxı-mından tamamilə yenidir. Müqayisə üçün qeyd edək ki, əgər “Sərgidən şəkillər” M.P.Musorqskinin Qartmanın rəsm əsərlərindən ibarət sərgidən alınan təəssuatların, “Karnaval” R.Şumanın real və təxəyyülünün məhsulu olan obrazların ifadəsidirsə, “Milli naxışlar” incəsənətin bir neçə növünün birlikdə təcəssümüdür. Dekorativ-sənət nümunələrinin musiqili təcəssümü A.Yusifovanın bir bəstəkar kimi maraqlı ta-pıntısıdır.
Məlumdur ki, fortepiano üçün silsilə bir-birindən tamamilə fərqlənən fərdi pyeslərin müəyyən qanunauyğunluq əsasında (tonal plan, mövzu, leytintonasiya) bir-ləşməsindən ibarət olur. A.Yusifova “Milli naxışlar” əsərində İnterlüdiya və Post-lüdiya kimi təqdim etdiyi “Tuncay Məlik” xalq mahnısından leytmövzu qismində istifadə edib. Şur məqamına əsaslanan bu qədim melodiyaya müraciət etməklə zən-nimizcə, bəstəkar bir o qədər də geniş yayılmamış melodiyanı yaddaşlara köçürmək, digər tərəfdən təqdim olunan sənət nümunələrinin qədim tarixini vurğulamaq məq-sədi güdür. Burada melodiyanın arxaik mahiyyətini nəzərə alaraq bəstəkarın onu sadə, “yüklənməmiş” şəkildə harmonizə etməsi də diqqətəlayiqdir. Başqa sözlə, xalq mahnısının autentikliyi klassik müşayiətlə üst-üstə düşür. Əsərdə bəstəkar tərəfindən bir sıra ifadə vasitələrindən istifadə olunmaqla zəngin faktura əldə edilib və məc-muənin sonunda yenidən sadə harmonizasiya edilmiş melodiya sözlə ifadəedilməz rahatlıq, sakitlik duyğusu yaradır, dinləyicini əsərin əvvəlki emosional vəziyyətinə qaytarır.
İnterlüdiyanın ardınca bir-birindən fərqli, rəngarəng pyeslər ardıcıllaşır: nuru ilə ömrümüzü işıqlandıran “Yanar çıraq”, dənizin dalğaları ilə sahilə can atan “Balıq-qulaqları”, toxunmaya qıymadığın, ətri, qoxusu tanış, ömrümüzə bəzək “Çərçivədə çiçəklər”, hər bir qızcığazın ilk həmdəmi “Gəlincik”, toxuyanın barmaqlarının həniri, izləri, arzularının naxışı olan “Qarabağ xalçası” və yaxud ruhumuzun qidası “Əbədi yaşar səslər”.
Silsilənin ilk pyesləri iki fərqli xarakteri özündə ehtiva edir. “Yanar çırağ”ın yaratdığı rahatlıq və hüzur duyğusu “Balıqqulaqları”nın fasiləsiz repetisiyaları ilə əvəz olunur. Dənizin dalğalarının qoynuna alıb apardığı, sonra yenidən sahilə qay-tardığı günəşin parlaq şəfəqlərində isinən, qışda isə torpağın buz soyuğunu özünə çəkən dəniz qoxulu balıqqulaqları… Tez-tez dəyişən registr, metro-ritm, xro-matizmlər rəssam S.Manafovanın canlandırdığı obraza bəstəkarın yaradıcı yanaşmasıdır. Yəqin ki, hər bir insan ömründə bir dəfə də olsun balıqqulaqlarını qulağına apararaq dənizin səsini dinləyib. Zənnimizcə, bəstəkarı bu pyesi yazmağa ilhamlandıran, eşitmək istədiyi dənizin səsidir. Pyesin sonunda ikili notlarla əmələ gələn passajlar al-əlvan balıqqulaqlarının toxunduqda əmələ gətirdiyi şıqqıltı səsini xatırladlr:
Növbəti təqdim olunan pyeslər “Xalq şənliyi” və “Bir ağacın əfsanəsi” adlanır. Hər iki pyes xalq dekorativ sənət növü olan oyma sənətindən nümunələrin musiqi ifadəsidir. Rəssam O.Murtuzayevin “Azərbaycan odlar diyarı” pannosu A.Yusi-fovanın “Xalq şənliyi” pyesi ilə assosiasiya yaradır. Bu panno Azərbaycan dekorativ-tətbiqi sənətinin ən qədim növü ̶ təbərzin sənətinə(metal üzərində döymə) əsaslanır. Metal üzərində döymələr hələ qədim dövrlərdən silahların, zərgərlik məmulatlarının, məişət əşyalarının hazırlanmasında istifadə olunub. Həm dəmir döymələr, həm də musiqi sədaları hər iki sənətkarın öz xalqına, milli ənənələrinə məhəbbəti, sadiq-liyinin ifadəsinə çevrilir. Rast məqamına əsaslanan bu pyesdə ümümxalq şənliyi, insanların birliyi, xalqın həmrəyliyini göstərmək üçün bəstəkar əsasən unison, oktavalı ifadə tərzindən istifadə edərək, monumental, ehtişamlı səslənməyə müvəffəq olur.
Silsilənin IV pyesi ̶ “Bir ağacın əfsanəsi” bəstəkarın dərin fəlsəfi düşün-cələrinin ifadəsidir. Rəssam-dizayner İ.Həsənovanın ağac üzərində oymaları ilə tanış olduqca bəstəkar A.Yusifovanın pyesdə təcəssüm etdirdiyi obrazı anlamaq olar. Bu, dərin kökləri torpağı yaran, təbiətin hər şıltaqlığına dözən, yaddaşında tarixlər yaşa-dan sanki iri gövdəli palıddır. Bəstəkarın təxəyyülündə ağac həyat rəmzidir. Onun bəzi budaqları iri, gur yarpaqlıdır, günəşin şöləsindən doymayan budaqları isə solğun və cansızdır. Bu budaqlar sanki insan taleyinin — həm sevincli, həm də qüssəli anların bol olduğu insan həyatının müxtəlif anlarıdır. Bəstəkar bütün pyes boyu aşağı re-gistrdə orqan punktlu bas akkordları göstərməklə məğrur bir obraza müvəffəq olur. Şur məqamında yazılmış pyesin deklamasiya-reçitativ xarakteri obrazın təcəssümünə xidmət edir.
Silsilədə “Çərçivədə çiçəklər” və “Gəlincik” pyesləri əvvəlki nümunələrdən zəngin melodik əsasına görə fərqlənir. “Çərçivədə çiçəklər” pyesində bəstəkar segah məqamı əsasında zil registrdə zərif melodiya, eləcə də müşayiəti də zil registrdə təq-dim etməklə incə, ətirli çiçəklərin obrazını yaradır. Bəstəkarın qələmi təravətini tez itirən çiçəklərə ikinci həyat bağışlayır. Segah məqamında yazılmış “Çərçivədə çiçəklər” üslub baxımından impressionist əhvali-ruhiyyədədir. Solmuş çiçəkləri hə-yata qaytarmaq olmaz, pyesin musiqisi də sanki xəyal, xatırlatma təəssuratı ba-ğışlayır.
“Gəlincik” pyesində təqdim olunan obraz Azərbaycan incəsənətinin nisbətən gənc növü ̶ kukla sənəti ilə assosiasiya yaradır. Bu pyesdə bəstəkar böyük məharətlə gəlinciyin bir qızcığaz tərəfindən düzəldilməsi (yapılması), əldə olunan nəticədən doğan məmnunluq, sevinc hisslərini təsvir edir. Pyesin fakturasında aydın sezilən iki lay — sekunda münasibətli klasterlər və incə zərif melodiya yuxarıda təsvir etdiyimiz obrazı yaradır. Qızcığaz sevimli gəlinciyini düzəltməyə çalışır, gah alınır, gah da alınmır. Lakin birdən istədiyi gəlincik əmələ gəldi. Bu zaman balaca qızcığaz atlanıb düşür, gəlinciyini bağrına basır, onun sevincinin həddi-hüdudu yoxdur. Bəstəkar bu hissi göstərmək üçün klassik tərzdə harmonizə edilmiş melodiyadan istifadə edir. Uşağın keçirdiyi ziddiyyətli hissləri təsvir etmək üçün bəstəkar bu iki elementi bir-likdə göstərir. Bu melodiya şən, qayğısız uşaq mahnısını xatırladır. “Gəlincik” pyesi silsilədə “Xalq şənliyi” pyesindən sonra ikici nömrədir ki, tonika ilə bitir. Başqa söz-lə pyesin sonunda verilən T akkordları qızcığazın öz işindən məmnunluğunun mən-tiqi yekunu kimi qiymətləndirilə bilər.
Növbəti konsert pyesi ̶ “Parçaların əlvan şıltaqlığı” Azərbaycan mədəniyyətində geniş yayılmış, parlaq, əlvan rəng qamması, zəngin fantaziyası ilə diqqəti cəlb edən quramanın musiqili təcəssümüdür. Müxtəlif parçaların bir-birinə tikilməsindən əmələ gələn qurama yalnız Azərbaycanda deyil, “quilt making” və “pachwork” adı ilə dünyanın bəzi xalqlarında da yayılmışdır. Ayrı-ayrı hissələr ümumi ideya, rəng çaları, bəzən hansısa bir süjet ətrafında birləşə bilər. A.Yusi-fovanın yuxarıda adını çəkdiyimiz pyesində getdikcə artan dinamika nəticəsində əldə olunan registr müxtəlifliyi quramanın hissələrini xatırlatmaqla obraz kaleydoskopu əmələ gətirir. Lakin bütün pyes boyu vahid ritmik şəklin saxlanılması quramadakı bir-birinə sırınıb, tikilmiş müxtəlif parçalar arasındakı ümumi keyfiyyətlərin ol-masına işarədir. Onu da qeyd edək ki, məhz bu pyesdə bəstəkar aşıq musiqisinə xas olan kvarta-kvinta səslənmələrindən istifadə edir.
Silsilədə təqdim olunan “Qarabağ xalçası” və “Əbədiyaşar səslər” bədii obraz, onun həlli baxımından zənnimizcə, ən maraqlı nümunələrdir. Əsrlərdir nəinki Şərqin, eləcə də bütün dünyanın əsrarəngiz sənət nümunəsi olan, hər ilməsi, hər boyası özündə tarix yaşadan Qarabağ xalçaları bir sənətkar kimi A.Yusifovanı da etinasız qoya bilməzdi. Bu pyesdə bəstəkar muğam melosuna, ümumiyyətlə, muğamvari ifadə tərzinə müraciət edir. Qarabağ xalçalarına xas olan elementlər — tünd qırmızı, narıncı, zoğalı rənglərinin yaratdığı ciddi görkəm, dəqiqliklə, hər detalı düşünülmüş şəkildə olan ornamentlər, relyefli naxışlar muğamvari melodiyanın ehtişamlı ifadəsilə assosiasiya yaradır. Bir not üzərində gəzişmələr, tarda ifa zamanı mizrabı kök simə vurma, istinad pərdələrini qammavari passajla əldə etmə bəstəkarın bu pyesdə istifadə etdiyi ifadə vasitələrindəndir. Pyesin sonu sanki sual işarəsi ilə bitir və silsilənin demək olar ki, ən maraqlı pyesi — “Əbədiyaşar səslər” başlayır. Bu pyes Azərbaycan musiqi mədəniyyətinin gövhəri, nadir incisi sayılan muğam-larımızın təqdimi ilə əlaqədardır. “Qarabağ şikəstəsi”nin musiqi materialı üzərində qurulan pyes ifadə vasitəsi baxımından həm maraqlı, həm də demək olar ki, yeni tərzdədir. İfaçı zərbi muğamdakı qavalın partiyasını, yəni ritmik əsasını royalın qapağına döyəcləməklə ifa edir. Eyni məqamda həm ritm vurmaq, həm fortepino partiyası, həm də muğamın melodik xəttini oxumaq ifaçıdan böyük məharət tələb edir. Pyesin kulminasiya hissəsində ustad xanəndə, “Qarabağ şikəstəsi”nin ən mahir ifaçısı kimi qiymətlədirilən Xan Şuşinskinin səsi CD vasitəsilə daxil edilir. Sanki bütün ilmələr, naxışlar bir araya toplanır. “Əbədiyaşar səslər” bütün silsilənin kulminasiyası və məntiqi yekunudur.
Məcmuədə pyeslər xarakter, məqam-tonallıq, temp baxımından təzadlı tərzdə yerləşdirilib. Sakit, düşündürücü lirika (“Yanar çıraq”) fasiləsiz dinamika (“Balıq-qulaqları”) ilə əvəz olunur. Ehtişamlı, monumentallıq (“Xalq şənliyi”) öz yerini fəl-səfi düşüncələrə verir. (“Bir ağacın əfsanəsi). İşıqlı, zərif lirikanın yaratdığı mühit (“Çərçivədə çiçklər”) aşağı registrdə kəskin, dissonans intervalların, qeyri-müntəzəm metro-ritmin yaratdığı gərginliklə pozulur. (“Parçaların əlvan şıltaqlığı”). Nəhayət, məcmuənin sonunda verilən postlüdiya əsər boyu yaşanılan emosional halların mən-tiqi yekunu kimi təqdim olunaraq, sakitlik, rahatlıq duyğusunu bərpa edir.
Silsilənin hər bir pyesi ifaçının müəyyən texniki imkanlarıını sərgiləmək üçün gözəl vasitədir. Burada mürəkkəb klasterlər, registr dəyişkənliyi, xromatik passajlar, mürəkkəb ritmik qruplar, bütün pyeslərdə daim dəyişkən metro-ritm, şərti ritmik ölçülər, üçlaylı fakturadan istifadə olunması bir tərəfdən əsərin fakturasının, musiqi dilinin zənginliyinə, digər tərəfdən ifaçıların imkanlarının nümayişinə şərait yaradır və bu baxımdan “Milli naxışlar” silsiləsi tədris repertuarına salına bilər.
ƏDƏBİYYAT:
- Мазель Л.A. Строение музыкальных произведений М.: Музыка, 1986, 528 с.
- Мазель Л.А. О мелодии. М.: Москва 1952, 78 c.
- Сеидов Т.М. Азербайджанская фортепианная культура ХХ века. Б.: Азернешр, 2006, 272 с.
- Dadaşova N. A. Yusifova A. B.: Azərnəşr, 2015, 31 s.
СТИЛИСТИЧЕСКИЕ ООБЕННОСТИ ФОРТЕПИАННОГО ЦИКЛА «НАЦИОНАЛЬНЫЕ ОРНАМЕНТЫ» КОМПОЗИТОРА А.ЮСИФОВОЙ
Резюме: Представленная статья посвящена фортепианному циклу «Милли нахышлар». Этот цикл характеризуется нетрадиционным подходом, а именно синтезом произведений художников народно-прикладного искусства и сочиненными десятью оригинальными пьесами.
Ключевые слова: фортепианный цикл, народное декоративное искусство, фактура, лад-тональность
STYLISTIC FEATURES OF THE PIANO CYCLE “NATIONAL MOTIFS” BY A.YUSIFOVA
Summary: The author illustrates the characteristic of piano cycle by A.Yusifova, which consist of ten concert pieces. The piano cycle “National Motifs” was created following the composer aftervisits to exhibitions of applied arts in different years. This ten concert pieces can be performed both as a series and separately.
Key words: piano cycle, national applied art, texture, mode, tone
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru Ceyran Mahmudova
sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova