AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2017

“AZƏRBAYCANIN  MİLLİ  MUSİQİ ALƏTLƏRİ: KEÇMİŞİMİZ – BU GÜNÜMÜZ” ADLI ELMİ-PRAKTİKİ KONFRANS

4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Hilton” otelinin “Sevda” zalında “Azərbaycan Milli Musiqi Alətləri: Keçmişimiz – Bu Günümüz” adlı elmi-praktiki  konfrans keçirilmişdir. Konfransda Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və digər musiqi təşkilatlarının iştirakı ilə milli musiqi alətləri əsasında yaradılan yeni nümunələrin qorunması sahəsində gələcək layihələr, musiqi alətlərinin təkmil-ləşdirilməsi və milli-mənəvi dəyərlərin ötürülməsində musiqi alətlərinin rolu və digər aktual məsələlər müzakirə olundu. Konfransın açılışında Mədəniyyət və Turizm Nazirliyinin nazir müavini Ədalət Vəliyev, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavus Kərimi, Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı giriş sözlərlə çıxış edərək konfrans iştirakçılarını salamladılar.

İlk məruzəçi kimi AzPatentin direktoru, kimya üzrə fəlsəfə doktoru Mir Yaqub Seyidov “Mədəniyyətin ənənəvi ifadəsinin Patentlə qorunmasının xüsusiyyətləri” mövzusunda çıxış edərək mədəniyyətin qorunmasının 4 formasının mövcudluğunu vurğulamışdır. O, mədəni irsin qorunmasının “Şifahi” (folklor), “Musiqili ifadəli” (musiqili əsərlər), “Hərəkətli ifadə” (rəqs sənəti), “Maddi ifadə” formasına (əl işi və xalçaçılıq sənəti, musiqi alətləri və s.) ayıraraq müəyyən fikirlər yürütmüşdür. Mir Yaqub Seyidov həmçinin, orqanologiya sahəsində çalışan mütə-xəssislərə yeni alətlərlə bağlı kəşf və bərpalarının beynəlxalq sənədlərə uyğun olduğu halda patentləşdirmə qaydalarını izah etmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin  direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova isə öz məruzəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyində alətlərin toplanması, kataloqlaşdırılmasına dair KAMИC elektron sistemindən söz açmış, eləcə də, muzeydəki alətlərin öyrənilməsi məsələsinin 3 istiqamətdə– “Ənənəvi musiqi alətləri”, “Alətlərin modifikasiyası” (alətlərin tembr, təkmilləşdirilmə məsələləri), “Qədim musiqi alətlərinin bərpası məsələləri” istiqamətində aparıldığını qeyd etmişdir.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova “Milli musiqi alətlərinin təkmilləşdirilməsi istiqamətləri və problemləri” mövzusunda çıxış edərək maraqlı məqamlardan birinə toxundu. O, AMK-nın “Milli musiqi alətlərinin təkmil-ləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında alətlərin bərpa və təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirmiş, yeni alətlərin səslənməsi, ifaçılarının yetiş-dirilməsi, tədrisə daxil olmasının  zəruriliyini qeyd edərək bütün bu aktual məsələlərin tez bir zamanda həll edilməsinin vacibliyini önə çəkmişdir.  Məruzə zamanı nümunə kimi bəstəkar Firudin Allahverdinin  kamança ailəsinə daxil olan yeni alətlərin də yer aldığı kamera tərkibi üçün bəstələdiyi pyesdən bir parça da səsləndirildi və dinləyicilər bu alətlərin yeni tembr özəllikləri və  ifadəliliyi ilə əyani tanış oldular.

AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov da Lalə Hüseynovanın məruzəsinin ardı kimi alətlərin təkmilləşdirilməsi məsələlərinə toxunaraq yeni yaradılmış alətlər haqqında söz açdı.

s-kil-1

Bu səpkidə həmçinin BMA-nın “Qədim musiqi alətlərinin bərpası və  təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova elmi laboratoriyada yaradılan “Ay-ulduz”  və  “Çanaq kamança” haqqında danışmış və alətlərin əyani ifaları nümayiş olunmuşdur.

Çıxışçılar arasında musiqişünaslarla yanaşı, orqonologiya sahəsində çalışan ifaçı-musiqişünasların da məruzələri yer almışdır. Məsələn, məşhur qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar artist Zakir Mirzəyev qarmon alətinin təkcə sağ əllə deyil, həmçinin sol əllə də çalmaq təklifini irəli sürərək bunun sağ əlin və sağ beyin yarımkürəsi üçün əhəmiyyətli amil olduğunu söyləyib, qarmonda sol əllə ifanın mümkünlüyünü əyani şəkildə, praktiki olaraq sübut etdi. Eləcə də AMK-nın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə “Azərbaycanın etnoorqanologiya elminin perspektivliyi barədə” danışaraq milli alətlərimiz olan ney, tütək, zurna və digər milli nəfəs alətlərimizin təkmilləşmə prosesindən, diatonik strukturundan, bu alətlərin milli dəyərlərindən danışaraq bir neçə musiqi nümunələrini həmin alətlərdə ifa etdi. AMK-nın dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev isə saz alətinin İlahi-Ürfani rolundan, Anadolu bağlamasının milli sazımızdan fərqindən, ifaçılıq texnikasından və özəlliklərindən danışaraq “Semah” havası ilə səs yaddaşımıza müraciət etdi.

Konfransda təklif əhəmiyyəti daşıyan çıxışlar da yer almışdı. Bura bəstəkar, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun və “Azərbaycan Müəllifləri” ictimai birliyinin sədri İsmayıl Məmmədkərimovun məruzələrini aid etmək olar. Sərdar Fərəcov yeni təkmil-ləşdirilmiş və bərpa olunmuş alətlərin musiqi təcrübəsinə daxil olmasının praktiki əhəmiyyətindən və özəlliklərindən danışdı. Onun fikrincə bu alətlərin xalq tərəfindən qəbul edilməsi, tədrisi, bəstəkarların bu alətlər üçün əsər bəstələməsi və bu alətlərin ifaçılıqda geniş yer alması önəmlidir.

İsmayıl Məmmədkərimov öz məruzəsində yeni yaradılmış alətlərin müxtəlif sərgiləri, ifaçılıq müsabiqələri, festivallarının təşkilindən və təbliği yollarından söz açdı.

Konfransda həmçinin patent sahibləri olan Qorxmaz Əlilicanzadə, Adil Fərzəliyev düzəltdikləri alətlər barədə danışdılar. Yekunda isə məruzəçilərə maraqlı suallar və təkliflər verildi, müxtəlif   müzakirələr aparıldı.

s-kil-2

Elmi-praktiki konfrans foyedə qurulmuş alətlərin geniş sərgisi və məruzələr arası səslənən musiqi nümunələri ilə müşayiət olundu. Əlamətdardır ki, sərginin əhəmiyyətli hissəsini Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasında hazırlanmış çoxsaylı musiqi alətləri təşkil edirdi. Eyni zamanda yeni alətlərin də təmsil olunduğu  Milli Konservatoriyanın xalq çalğı alətləri orkestrinin kiçik heyəti rəngarəng konsert proqramı ilə konfarans iştirakçılarının böyük marağına səbəb oldu.  Konfrans boyunca həmçinin Azərbaycan Musiqi mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən, sənətşünaslıq üzrə elmlər doktoru, professor, xalq artisti Məcnun Kərimin (1945-2013) yaratdığı və hazırda AMK-nın dosenti, xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi “Qədim musiqi alətləri” folklor ansamblı, AMK-nın dosenti, kafedra müdiri, əməkdar artist Malik  Mansurovun “Naznazı” ansamblı,  xalq artisti Zakir Mirzəyev və digər ifaçılar müxtəlif qədim və bərpa olunmuş, eləcə də yeni ixtira edilmiş alətlərdə çalmaqla konfrans məruzələrindəki müddəaları əyani surətdə diqqətə çatdırdılar.

Ümumilkdə, “Azərbaycan milli musiqi alətləri: Keçmişimiz – bu Günümüz” adlı elmi-praktik konfrans olduqca səmərəli keçdi. Buna səbəb konfransın yüksək səviyyədə təşkili, məruzəçilərin maraqlı çıxışları, yaxın illərdə  xeyli alətin təkmilləşməsi, bərpası, ixtirası, orqanalogiya sahəsinin inkişafı, konfransa gələn dinləyici heyətinin və hörmətli qonaqların bu tədbirə səmimi maraq göstərməsi idi. Elmi-praktik konfransın nəticəsi olaraq konfransa təşrif buyuran hər bir kəs zəngin informasiyalar əldə etdi, yeni ixtiralarla, yeni və bərpa olunmuş alətlərin ifaçılıq texnikası ilə tanış olaraq onları əyani şəkildə dinlədilər. Sevindirici hal burasındadır ki, AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat labora-toriyası və BMA-nın “Qədim musiqi alətlərinin bərpası və  təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası qısa bir zamanda bir çox alətləri bərpa etmiş və təkmilləşdirmişdir. Xüsusilə konfransda AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının sayca çoxluq təşkil edən alətləri sərgidə böyük ajiotaj doğurdu. Eləcə də, AMK-nın bir çox tələbələri bu alətlərin ifaçılarına çevrilərək alətlərin gündəmə gəlməsi üçün müstəsna rol oynadılar. Konfransda AzPatentin direktoru Mir Yaqub Seyidov alətşünaslıq elmi üçün edilən böyük xidmətlərə, ciddi səylərə və təşəbbüsə görə AMK-nın rektoru Siyavuş Kərimiyə, “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat labora-toriyasının rəhbəri Məmmədəli Məmmədova, elmi işlər üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynovaya, “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadəyə xüsusi minnətdarlığını bildirərək görülən işlərin  tərifə və təqdirəlayiq olduğunu vurğuladı.

Hümay Fərəcova

 

Mövzuya uyğun