Qızıl Orda torpaqlarında
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 2 (44)
QIZIL ORDA TORPAQLARINDA
Bu günlərdə Qazaxıstanın Almatı şəhərində beynəlxalq musiqi konfransında iştirak üçün ana Türküstan səhralarına getmişdim. Bir tərəf Uyğurustan, bir tərəf Monqolustan, digər tərəfi isə Altayla söykənən bu qədim ərazilər hər zaman xəyalımı alıb uzaqlara aparardı. İndi isə, canlı ikən, necə deyərlər, dünya gözü ilə o torpaqlara ayaq basmaq qismət oldu.
Konfrans böyük musiqişünas-tədqiqatçı Viktor Zatayeviçə həsr olunmuşdu. O fədakar musiqiçi haqqında çox oxusam, çox eşitsəm də onun Qazaxıstan musiqi folklorunun, Qazax küylərinin toplanmasındakı əməyinə semantik şəkildə şahidlik etdim.
Konfransa bir çox ölkələrdən alimlər dəvət olunmuşdu. Onların arasında rusiyalı musiqişünaslar xüsusi yer tuturdu. B.Yunusova, İ.Matsiyevski, A.Cumayev kimi alim-tədqiqatçıların çıxışları həqiqətən də maraqlı və yeni idi mənim üçün. Dəvət edilənlər arasında çox sevdiyim və metodologiyasına həsəd apardığım macarıstanlı musiqiçi Yanoş Sipoşun xanımı Eva Sipoş da var idi. Eva xanımla çox söhbətlər etdik. Belə ki, o da həyat yoldaşı kimi, Türkiyə türkcəsində çox sərbəst şəkildə danışa bilirdi. Bizi konfransa dəvət edənlər və daha doğrusu, tədbirin təşkilatçılarından biri olan yəhudi əsilli gənc tədqiqatçı Valeriya Nedlinanın da çıxışı maraqla qarşılandı. Mənim üçün xüsusilə zövqlü olan çıxışlardan biri də özbək alimi Tohtasın əkənin S.Raxmaninov və Şərq musiqisi haqqındakı çıxışı oldu. Çünki, Raxmaninovu və xüsusilə də onun Şərqlə bağlılığını hədsiz dərəcədə sevirəm.
Mənim üçün bu səfərin daha əhəmiyyətli bir tərəfi isə konfrans çərçivəsində baş tutan konsert proqramı oldu. Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyasının böyük zalında keçirilən konsertdə çoxlu maraqlı çıxışlar oldu. Xüsuilə də gənc qazax musiqiçilərin folklor, etnocaz üslubda ansambl çıxışları məni heyran etdi. Dombıranın əski zamanları güzgü kimi göz önünə tutan sehrli səsi, şan qopuzun və qıl qopuzun uyumlu ahəngi, toxmaqlı davulların həyəcanlı sədası ruhumu yerindən oynatdı və mən yəqin uzun müddət həmin ab-havanın mistik təsirindən çıxa bilməyəcəyəm.
Konserdə mənim də çıxışım oldu. Şah Xətayinin qəzəlinə bəstələdiyim “Nə Dersən” adlı saz və səs üçün əsərimi, bir də Anadolu Ələvi-Bektaşilərinin təkyə musiqisi olan “Tövhid” semahını səsləndirdim. Gurultulu alqışlar və böyük məhəbbətlə qarşılanan bu çıxışlar məndə gələcək yaradıcılıq üçün stimul və dərin ilham bəxş etmiş oldu.
Mən Almatıdan xoş duyğularla ayrıldım. Ana Türküstanın paklıq və mərdlik qoxan toprağını bir daha ayaqlamaq və elə adı Türküstan olan qədim Yəsi şəhərində ustadlar ustadı, mürşidimiz Xoca Əhməd Yəsəvinin müqəddəs türbəsini ziyarət etmək və orada sazımla bərabər zikr etmək istərdim. Bu da mənim ayrılarkən Tanrıdan son istəyim oldu!.
Filologiya üzrə fəlsəfə doktoru, dosent