Yaşıl şəhərin məqamları (Özbəkistanda keçirilmiş “Beynəlxalq makom simpoziumu”ndan təəssüratlar)
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2018 № 3
«YAŞIL ŞƏHƏR»İN MƏQAMLARI
Özbəkistanda keçirilmiş “Beynəlxalq makom simpoziumu”ndan təəssüratlar
Bu payız alimlər və sənətçilər olaraq, maraqlı bir səfərə yollandıq. Sentyabr ayının 6-sı biz artıq Özbəkistanda idik. Ancaq bu, şəxsən mənim gözlədiyim və illər öncəsindən tanıdığım Özbəkistan deyildi. “Başkənd” olan Daşkənddən yeni açılmış sürət qatarının ilk sərnişinləri elə bizlər – yəni dünyanın 80-ə yaxın ölkəsindən bu gözəl və unikal ölkəyə səfərə gələn musiqişünas və musiqiçilər olduq. Bəs bu sürət qatarı hara gedirdi? Adını çox duyduğum, ancaq əfsus ki, rusdilli bir tələffüzlə anlamadığım «Şaxrizaps»a gedirdi bu qatar.
Elə ilk gün yol yoldaşı olduğumuz tanınmış alim və tədqiqatçı Sənubər xanım Bağırovanın dilindən bu şəhərin adını «Şəhri-səbz» olaraq duydum (şəhərin adını bilərəkdən izafətlə yazıram). Açığı, Şərq dillərinə bir az bələd olduğum üçün xeyli utandım. Utandım və yenə də rusdilli tələffüzə görə təəssüf hissi keçirdim ki, mən bu qədim və önəmli şəhərin «Şəhrisəbz», yəni «Yaşıl şəhər» demək olduğunu bilməmişəm. Ancaq yaxşı bilirdim ki, bu şəhər Orta əsrlərdə böyük fateh və imperator, bəşər tarixinin ən nadir şəxsiyyətlərindən biri olan Əmir Teymurun dogma şəhəridir. Elə festival çərçivəsindəki bütün tədbirlər də Əmirin istehkamı olan məşhur və əzəmətli Aksaray çevrəsində gerçəkləşirdi. Nümayəndə heyətimizin başında isə, AMK-nın elmi işlər üzrə prorektu hörmətli Lalə xanım Hüseynova gedirdi.
Soldan: Sənubər Bağırova, Lalə Hüseynova, Fəxrəddin Baxşəliyev
«Beynəlxalq makam (məqam) simpoziumu”na yollanmışdıq Özbəkistana. Bu yaşıl şəhər yaradıcı ömrümüzə unudulmaz anlar bəxş etdi. Bəli, məhz anlar. Çünki zaman həftəylə, günlə deyil, saatla, anla keçirdi. Şəxsi duyğularıma və subyektiv qənaətlərimə, eyni zamanda məqam musiqisinin əslində necə olması gərəkdiyi haqqındakı düşüncələrimə məğlub olmadan onu deyə bilərəm ki, növbəti dəfə həddindən artıq zəngin və maraqlı bir Şərq sivilizasiyasının şahidi olduq. Müxtəlif ölkələrin sənətçi və alimlərinin arı pətəyi kimi hördükləri 3-5 günlük məqam mozaikasının dadı yəqin ki, bir ömür damağımdan getməyəcək. Azərbaycan alimlərinin və xüsusilə də Lalə xanımla Sənubər xanımın konfransdakı çıxışları şəxsən mənə bu gözəl qürbətdə çox şey öyrətdi. Musiqiçilərimiz isə, ən yaxşı səs ifaçılığı naminasiyasında I yerin sahibi oldular. Müsabiqənin ali mükafatını isə tacikistanlı həmkarlarımız aldılar.
Lakin bu zəngin və heç görmədiyim qədər müsbət və gözəl xaotik ortam yarışmadan qat-qat ziyadə paylaşma və mənəviyyat alış-verişini xatırladırdı. Hİndistan, Pakistan, Misir, Səudiyyə, İran, Livan, Tunis, İsrail, Çin, Koreya və digər ölkələrin seçilmiş gülləri bu məqam bağçasını o qədər gözəl və cazibədar etdilər ki, sözə, məntiqə gəlməz. Bəli, Şərq gözəldir. Həm də çox gözəldir. Məqam – muğam, makom, makam, mukam isə Şərqin uca məqamı, yəni yaradılış ünsürü olaraq, Tanrı qatındakı ali və müqəddəs məqamıdır. «Yaşıl şəhər»də isə, bu məqam daha üstün, daha parlaq görünürdü. Və…yəqin ki, sən bizim könül yaddaşımıza əbədi hopdun, unudulmaz Şəhrisəbz!
AMK-nın “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti