Başqortostanda keçirilmiş Beynəlxalq Müasir Musiqi Festivalı və Elmi Konfransında
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2018 № 4
BAŞQORTOSTANDA KEÇİRİLMİŞ BEYNƏLXALQ MÜASİR MUSİQİ FESTİVALI VƏ ELMİ KONFRANSINDA
2018-ci ilin noyabrında Başqortostan Bəstəkarlar İttifaqının və Ufa Dövlət İncəsənət Universitetinin dəvətilə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova və əməkdar incəsənət xadimi bəstəkar Sərdar Fərəcov Ufa şəhərində keçirilən Beynəlxalq Müasir Musiqi Festivalında və “XXI əsrin milli bəstəkarlıq məktəbləri” adlı Beynəlxalq konfransda iştirak etdilər. Noyabrın 15-17 tarixlərində üç gün davam edən bu möhtəşəm musiqi bayramının proqramında dünyanın bir sıra ölkələrindən – ABŞ, Argentina, İtaliya, Çin, Çexiya, Cənubi Koreya, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Tatarıstandan olan bəstəkarların əsərləri var idi. Bu əsərlərin ifasına Respublikanın aparıcı ifaçı qüvvələri cəlb edilmişdi.
Festivalın ilk günü Başqordostan Respublikası Milli simfonik orkestrinin ifasında (dirijor – Kamil Abdullin) Cənubi Koreya bəstəkarı Çou Vu David Linin “Asadal-Asanyeo” baletindən səhnələr, Qao Pinqin (Çin) ”Dağlar”, Turqay Erdenerin (Türkiyə) Birinci simfoniyası, həmyerlimiz Sərdar Fərəcovun “Türk şöləni”, Balnur Kıdırbəyin (Qazaxstan) “Xocalı Qurbanları”, Muratbəy Beqaliyevin “Bayram Üvertürəsi” (Qazaxstan), Rəşid Kalimullinin Simfonik Rəqsləri (Tatarstan), Başqordostan bəstəkarları Leyla İsmaqilovanın Violin və orkestr üçün Konserti, Rafail Kasimovun “Avrasiya küləyi” simfonik poeması, Valeri Skobelkinin “Qefestin qızıl taxtı” simfonik poeması səsləndirildi. Əlamətdardır ki, Festival Sərdar Fərəcovun bayramsayağı parlaq “Türk Şöləni” əsəri ilə açıldı.
Festivalın ikinci günü Zakir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunda “XXI əsrdə milli bəstəkarlıq məktəbləri” mövzusunda Beynəlxalq Konfrans baş tutdu. Konfransda Festivala gəlmiş bəstəkar və musiqişünaslar qoyulmuş mövzu ətrafında məruzələr etdilər. Professor lalə Hüseynovanın məruzəsi “XXI əsrdə Azərbaycanda akademik musiqi həyatı: reallıqlar və perspektivlər” adlanırdı. Çıxış zamanı müasir dövrdə Azərbaycanda bəstəkar yaradıcılığının vəziyyətindən, akademik musiqinin durumu və onun təbliği üçün görülən işlərdən danışıldı, habelə Respublikada geniş miqyas almış festival hərəkatı barədə fikir yürüdüldü.
Festivalın digər günlərində Dövlət Xor Kapellası və Kamera orkestrinin ifasında həm qonaqların, həm də gənc başqord bəstəkarlarının əsərləri təqdim olundu.