AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Lalə Hüseynova

AMK-nın dosenti

 

Qazaxıstanda“Göy bayrağim, dalğalan” devizi ilə beynəlxalq elmi konfrans

 

Sentyabrın 14-15 tarixlərində Qazaxıstan Bəstəkarlar İttifaqı  Almatı şəhərində “Göy bayrağım, dalğalan” devizi altında Beynəlxalq elmi-praktik konfrans keçirmişdir. Konfransa Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova öz musiqişünas həmkarı,  Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə birgə qatılmışdı.

Qazaxıstanın Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş və musiqi festivalı çərçivəsində yer alan konfrans “Müasir bəstəkarların yaradıcılığında azadlıq və müstəqillik mövzusu”nu gündəmə gətirmişdi. İki gün davam edən konfransda müasir akademik musiqinin bir sıra aktual problemlərindən danışıldı.

konfransİlk məruzəni  Qazaxıstan Bəstəkarlar İttifaqının sədri, Dövlət Mükafatı laureatı, konfransın əsas təşəbbüskarı və təşkilatçısı Balnur Kıdırbek özü etdi. Hesabat xarakterli məruzənin ən diqqətəlayiq cəhəti onun pafosdan uzaq (mövzu bunu tələb etsə də belə) və ümumi ifadələrdən azad bir tərzdə qurulması idi. Lakonik çıxışında tanınmış bəstəkar ilk növbədə bəstəkar yaradıcılığının müstəqillik illərində qarşılaşdığı ağrılı problemlərdən söz açdı. Simfonik və opera musiqisinə cəmiyyətdə yaranmış biganə münasibət, səhnə əsərlərinin tamaşaya qoyulmaması, simfonik əsərlərin ifasındakı çətinlik, bəstəkarların maddi durumu XX əsrdə Qazaxıstanda onilliklərlə formalaşan bəstəkarlıq məktəbinin tədricən tənəzzülünə gətirib çıxara biləcək amillər kimi dəyərləndirildi. Mədəniyyətə bilavasitə cavabdeh olan bəzi məmurların məsuliyyətsizliyi və bisavadlığı da bu sahədə əlavə problemlərin əmələ gəlməsinə səbəb olmuşdur. Balnur xanım vurğuladı ki, hazırda 18 balet əsəri öz səhnə həllini gözləyir. Qazaxıstan Bəstəkarlar ittifaqı dövlət büdcəsindən dəstək almadığı üçün indi yalnız öz gəlirləri hesabına müəyyən layihələri gerçəkləşdirir. Lakin bütün çətinliklərə baxmayaraq, bəstəkarlıq məktəbinin müasir nümayəndələri yaradıcılıq həvəsini itirmir və öz əsərlərində  çağdaş tendensiyalarla ayaqlaşmağa çalışırlar.

Konfransda diqqət çəkən məruzələrdən birini də Başkırdıstandan təşrif buyurmuş musiqişünas Gülnaz Qalina etdi. O, musiqili-səhnə janrında çalışan başqırd bəstəkarlarının hazırda əsərlərini daha çox rus dilində yazmağa üstünlük verdiyini və bunun hansı fəsadlar törədəcəyi barədə fikirləri ilə bölüşdü.

Tanınmış qazax etnomusiqişünası Səidə Yelemanovanın məruzəsi isə bəstəkar yaradıcılığının araşdırılmasında yeni metodoloji üsulların tədbiqinə həsr olunmuşdu.

Z.Dadaşzadənun “Azərbaycan musiqisi müasir mərhələdə: fraqmentlər, düşüncələr” adlı məruzəsində çağdaş musiqimizin instrumental janlarında müşahidə edilən tendensiya və axtarışlardan söhbər açıldı.  Musiqişünas öz fikirlərini  Arif Məlikov, Fərəc Qarayev, Cavanşir Quliyev, Cəlal Abbasov, Rauf Əliyev, Sərdar Fərəcov, Rəhilə Həsənova və başqa bəstəkarların  yaradıcılığından nümunələrlə təsdiq etdi.

L.Hüseynovanın “Azər Dadaşovun yaradıcılıq axtarışları – mahnıdan simfoniyaya qədər” adlı məruzəsində isə tanınmış bəstəkarın  maraqlı və özünəməxsus musiqi dünyasına güzgü tutuldu. Məruzəçi bəstəkarın bu il 70 illik yubileyini qeyd etdiyini nəzərə çatdıraraq, onun bir sıra nəşr olunmuş əsərlərini Qazaxıstan Bəstəkarlar İttifaqına hədiyyə qismində təqdim etdi.

Bütün səsləndirilən musiqi fraqmentləri, xüsusilə də Arif Məlikovun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət” simfoniyası və Azər Dadaşovun “20 yanvar” simfoniyası böyük maraq doğurdu və yüksək qiymətləndirildi.

Qazaxıstan səfəri həm də Kurmanqazı adına Qazax Milli Konservatoriyasında və Jubanovların mənzil-muzeyində  səmimi və faydalı görüşlərlə yadda qaldı.

Mövzuya uyğun