Növbəti dünya musiqi çələngi – Səmərqənddə
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 3 (45)
NÖVBƏTİ DÜNYA MUSİQİ ÇƏLƏNGİ – SƏMƏRQƏNDDƏ
1997-ci ildən bəri hər iki ildə bir dəfə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı bu ilin avqustunda on ikinci dəfə baş tutdu.
Şərqin incisi sayılan Səmərqəndin tarixi memarlıq abidələri UNESCO-nun Dünya irsi siyahısına daxildir və həmin məkanın canlanması və daha da geniş tanıdılması üçün musiqi festivalının keçirilməsi ən gözəl vasitədir. Əfsanəvi Registan meydanında açıq səma altında keçirilən festival çıxışları əsrarəngiz tamaşaya çevrilir. İl-ildən bu musiqi tədbirinin nüfuzu və şöhrəti artmaqdadır. Onun açılış mərasimində iştirakçı ölkələrin bayraqlarının sıra ilə səhnəyə daxil olması sanki Olimpiya Oyunlarını xatırladırdı – bütün qitələrdən olan ölkələrin təmsil olunması o qədər geniş idi!
Azərbaycan musiqisi bu möhtəşəm tədbirdə dəfələrlə uğurla təmsil olunmuş, ifaçılarımız festivalın yüksək mükafatlarını qazanmışlar. Bu il də Azərbaycan nümayəndələrinin çıxışı auditoriyanın gurultulu alqışlarına səbəb olaraq həmçinin münsiflər heyəti tərəfindən də xüsusi qeyd olundu. Gənc xanəndə Pərviz Qasımov və onu müşayiət edən heyət (Azərbaycan Milli Konservatoriyasının müəllimləri — Azərbaycanın əməkdar artisti Malik Mansurov (tar), əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) birinci yerə layiq görüldülər.
AMK-nın rektoru, professor Siyavuş Kərimi bu nüfuzlu müsabiqənin beynəlxalq münsiflər heyətinə dəvət olunmuşdu.
Festival çərçivəsində ənənəvi olaraq elmi konfrans də keçirilir. Builki toplantının mövzusu “Şərq xalqlarının ənənəvi musiqisinin inkişaf perspektivləri” idi. Azərbaycanı konfransda bu sətirlərin müəllifi (“Musiqi vasitəsi ilə mənanın açılması: muğamın yeni kontekstdə baxılması misalı kimi “Bahariyyə” musiqi layihəsi” adlı məruzə ilə) və Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva (“Azərbaycan məqamları təkamül edən sistem kimi” məruzəsi ilə) təmsil etdilər.
Cahangir Səlimxanov
AMK-nın Beynəlxalq əlaqələr departamentinin rəhbəri,
əməkdar incəsənət xadimi