AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2017

Mirzə Sadıq Əsədoğlunun 170 illiyinə həsr olunmuş elmi konfrans

Azərbaycan Milli Konservatoriyasında hər il musiqi mədəniyyəti xadimlərinin yubileylərini qeyd etmək artıq bir ənənəyə çevrilmişdir. Bu elmi-praktiki konfransların keçirilməsi həm sənət korifeylərimizi bir daha xatırladaraq onların yaradıcılıqlarına işıq salmaq, digər tərəfdən isə böyüməkdə olan gənc nəslə bu sənətkarlarımızı, onların gördükləri işləri tanıtmaq, gənc musiqiçilərə öz yaradıcılıq yollarını müəyyənləşdirməkdə yardımçı olmaq baxımından çox əhəmiyyətlidir. Ötən ilin son ayı növbəti belə konfranslardan biri XIX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində böyük iz buraxmış, novator tarzən Mirzə Sadıq Əsədoğlunun (qısa olaraq Sadıqcan kimi də müraciət olunur) anadan olmasının 170 illiyinə həsr olunmuşdu.

sad-q-s-d-oglu

Mirzə Sadıq Əsədoğlu (1846-1902)  XIX əsr Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simalarından biridir. Onun milli musiqi alətlərimizin tacı olan tarla bağlı mükəmməl islahatları yaradıcılıq fəaliyyətinin əsas istiqamətini təşkil edir. Məhz bu səbəbdəndir ki, onun adı çox vaxt tarla yanaşı çəkilmiş, dilimizdə “Sadıqcanın tarı”, “Sadıqcan – tarımızın böyük islahatçısı” kimi ifadələrin yaranmasına səbəb olmuşdur.

AMK-nın “Bakı” zalında konfransdan bir neçə gün əvvəl Sadıqcana həsr olunmuş eyniadlı kitabın təqdimatı keçirilmiş və təşkilat komitəsi tərəfindən bütün kitabxanalara, toplantı iştirakçılarına və musiqi təhsili müəssisələrinə paylanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “İşıq” Sosial-İqtisadi İnkişafa kömək İctimai Birliyi tərəfindən nəşr olunan kitabda Sadıqcana həsr edilən və müxtəlif vaxtlarda mətbuatda nəşr olunmuş elmi və elmi-publisistik məqalələr, tarixi faktlar və mütəxəssis fikirləri toplanmış, o dövrə aid fotolar daxil edilmişdir. Kitabın digər bir üstün cəhəti onun iki – azərbaycan və ingilis dillərində çap olunmasıdır.

“Azərbaycan tarının yaradıcısı ustad Sadıqcanın 170 illiyi ilə əlaqədar tanıtım tədbirlərinin keçirilməsi” layihəsinin məntiqi davamı kimi AMK-da baş tutmuş elmi konfransda müəssisənin professor və tələbə heyəti, musiqisevər qonaqlar, yubilyarın qohumları iştirak edirdilər.

Konfransı giriş sözü ilə AMK-nın professoru, elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova açmış, “Mirzə Sadıq Əsədoğlu Azərbaycan musiqisinin novator sənətkarıdır” mövzusunda məruzə edərək Sadıqcan haqda fikirləri ilə bölüşmüşdür. Sənətkarın yaradıcılığına aid fotoşəkillər və əldə olan arxiv materiallarından ibarət fotolar isə slayd-şou şəklində konfransın əvvəlindən axırınadək leytmotiv kimi nümayiş etdirilərək dinləyicilərin məlumatları tam mənası ilə mənimsəməsi üçün geniş şərait yaratmışdır.

Daha sonra “Azərbaycan tarının pərdə sistemi” mövzusu ilə AMK-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev çıxış etmişdir. O, öz çıxışında tarın temperasiyalı səs düzümündən qabaqkı pərdə sisteminə, bu pərdələrdən istifadə ilə tarın səslənməsinə, Ü.Hacıbəylinin milli məqam sisteminə toxunaraq bunlara özünəməxsus münasibətini bildirmişdir.

Digər bir mövzu haqda bu sətirlərin müəllifi, AMK-nın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağahüseyn Anatolluoğlu məruzə etmişdir. “Azərbaycan tarının ölçü meyarları” haqda danışan natiq bu ölçü meyarlarının təkcə alətin hissələri arasında deyil, alət səthinin hər kvadrat santimetrində gözlənilməsinin zəruriliyini, bu zaman ağac növü və digər cəhətlərin də vacibliyini vurğulamışdır. Nitqinin sonunda o, AMK-nın “Musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat labora-toriyasında hər bir professional ifaçının arzuladığı, nadir sənət nümunəsi olan tarların istehsal olunmasını da təklif etmişdir.

Hər üç mövzu dinləyicilər tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafı verilən çoxsaylı suallar natiqlər tərəfindən cavablanmışdır.

Son olaraq qeyd etməliyik ki, Mirzə Sadığın milli musiqi mədəniyyətimizə gətirdiyi yeniliklər çoxşaxəlidir. Bu yeniliklər ifaçılıq, alətşünaslıq, bəstəkarlıq və musiqişünaslıq kimi musiqinin həm müxtəlif, həm də bilavasitə bir-birilə əlaqəli olan sahələrini əhatə edir. Bunlardan başqa, aydın və səlis nitqi, gözəl təşkilatçılıq bacarığı və digər sahələrdəki istedadı da onun şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdəndir.

Son sözlə çıxış edən AMK-nın professoru Lalə Hüseynova konfransın yüksək səviyyədə keçdiyini bildirmiş, bu kimi tədbirlərin vacibliyini və gələcəkdə də keçiriləcəyini söyləyərək konfrans iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.

Ağahüseyn Anatolluoğlu

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mövzuya uyğun