AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

“Konservatoriya” elmi jurnalını artıq İnternetdə izləmək mümkündür

2009-cu ildən bəri bu günəcən fasiləsiz dərc edilən, Azərbaycan Milli Konservatoriyasının, eləcə də sənətşünaslıq yönümündə fəaliyyət göstərən başqa təhsil ocaqlarının elmi nailiyyətlərini məqalələrdə mütəmadi işıqlandıran “Konservatoriya” elmi jurnalının fərdi veb səhifəsi istifadəçilərin ixtiyarına verildi. Təqdimat mərasimi aprelin 13-də AMK-nın “Bakı” zalında baş tutdu.

l-huseynova

Konservatoriya.az ünvanında fəaliyyətə başlamış sayt “Milli musiqinin tədqiqi” laboratoriyasının əməkdaşları tərəfindən hazırlanıb. AMK-nın elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynova zala toplaşanları jurnalın onlayn versiyasının çıxması münasibəti ilə təbrik etdi və Milli Konservatoriyanın elmi mühitinin canlanmasında saytın böyük rolunun olacağına ümidlərini səsləndirdi. Çünki artıq bir neçə ay İnternetdə olmasına baxmayaraq xaricdən maraqlananlar və saytdan məlumat götürənlər artıb, təbrik edənlər də saytda şərhlərini yerləşdirirlər. Hər yeni nömrənin dərhal onlayn versiyasını sayta yerləşdirməklə dünya elmi bizim nailiyyətlərimizdən xəbərdar olacaq. Əlbəttə, bu fakt yanlışlıqlara daha diqqətli olmağa, xüsusilə də plagiata qarşı amansız mövqedə durmağa vadar edir. Çıxışının sonunda Lalə xanım xüsusilə vurşuladı ki, dünya elmi mühitinə daxil olması üçün saytın bir körpü olacağına böyük ümidlər bəsləyirik. Ona görə də jurnalın bütün məqalələri başqa nüfuzlu elmi dərgilərdən fərqli olaraq saytda açıq istifadədə yerləşdirilib və hər kəs bu yazılardan sözün müsbət mənasında yararlana biləcək.

g-manafova

Daha sonra saytın veb dizayneri Manafova Gülnarə dinləyiciləri saytın özəllikləri ilə bilavasitə onlayn rejimdə tanış etdi. Saytın rəng seçiminin neytral olması elmi jurnallara qarşı qoyulan əsas tələblərdən biridir. Çünki rəngbərəng tərtibat diqqəti yayındırır və məqalənin məğzini anlamağa mane olur. Saytın əsas səhifəsində jurnalın İSSN beynəlxalq seriya nömrəsi və jurnal haqqında məlumat, eləcə də sonuncu nömrələrin linki yerləşdirilib. Futerdə (yəni saytın alt hissəsində) əlaqə üçün informasiya, bütün arxiv nömrələr, bölmələr və açar sözlər bir tıklama ilə açılmağa hazır şəkildə yer alıb. Jurnalın ilk səhifəsındəki hər iki – həm üst, həm də alt menyudan AMK-nın əsas saytına birbaşa giriş imkanı da var. Əsas səhifədə məqalələr sayta yerləşdirilmə ardıcıllığı ilə düzülür. Hər məqalənin açar sözləri məqalənin başlığının altında aydın görünür. Məlumdur ki, axtarış sistemləri ilk əvvəl başlıqda olan söz və açar sözlər vasitəsilə məlumat axtarır. Ona görə də saytda axtarış üsullarına xüsusi diqqət ayrılıb. Hər məqalənin müəllifinin fərdi səhifəsi yaradılıb. Onun haqqında məlumat və fotolar, eləcə də məqalələrinin siyahısı və dərc edildiyi il, nömrəsi qeyd edilib. Hər növbəti məqalə müəllifin səhifəsində də yer alacaq. Məqalənin mətnindən isə müəllifin və eləcə də məqaləyə rəy verən alimin fərdi səhifəsinə giriş imkanı var. Beləliklə, məlumat axtaran şəxs saytın daxilində bütün lazımi informasiya ilə təmin edilmiş olur. Göründüyü kimi saytın yaranması ilə bərabər arxivləşmə və kataloqlaşma işi də görülüb.

Saytın menyusu redaksiya heyəti, jurnalın tələbləri, arxiv, tədbirlər, elanlar və əlaqə üçün informasiya ilə rahat tanış olmaq imkanı yaradır. Kitabxana, elmi fəaliyyət və yardımçı vasitələr bölmələri isə hələ tərtib eidlmə mərhələsindədir. Kitabxana düyməsi altında elektron kitabxananın yaradılması nəzərdə tutulub. Elmi fəaliyyət düyməsi elmlə məşğul olan hər kəs, xüsusilə də dissertant, doktorantlar üçün lazımlı olacaq sənədlər, dünya elmi mühiti ilə tanışlıq üçün vasitəçi saytlar yerləşdiriləcək. Yardımçı vasitələr bölməsindən isə dünya elm mərkəzləri, elektron kitabxanalar, dissertasiya topluları kimi vacib köməkçiləri, eləcə də tədqiqata lazım olan kompüter proqramları, antiplagiat resurslar, biblioqrafik köməkçilər və s. elmi tədqiqatı asanlaşdıran vasitələri birbaşa jurnalın səhifəsindən əldə etmək mümkün olacaq. Sayt tam gücü və planlaşdırılmış imkanları ilə işə düşdükdə informasiyaya açıq olan hər kəsə yardımçı olmaqla həmçinin bütün Azərbaycan elminə öz layiqli töhfəsini vermiş olacaq.

AMK-nın rektoru, professor Siyavuş Kərimi müasir dövrlə ayaqlaşan bu elmi yeniliyi dəstəkləyərək alqışladığını bildirdi. Saytın və jurnalın gələcək inkişafı üçün sənətşünaslıq yönümlü yüksək səviyyəli tərcüməçilərin və texniki bilikləri olan alımlərin yetişdirilməsi istiqamətində müəyyən işlərin artıq getdiyini söylədi.

Son olaraq “Konservatoriya” jurnalının redaksiyası jurnalda məqaləsi dərc edilmiş müəlliflərə müraciət edərək müəllif səhifələrində çatışmayan məlumatı, email, foto, məqalə adları və s. bu kimi informasiyanı tam doldurmaqda yardımçı olmağı xahiş edir.

Manafova Gülnarə

“Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının elmi işçisi

Mövzuya uyğun

  • yazı yoxdur