AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

Günel Zeynallı

Ü.Hacıbəyli adına BMA-nın doktorantı

Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98

Email: f-no@list.ru

UOT 782.8

“ƏR VƏ ARVAD” OPERETTASI 100 İL SONRA SƏHNƏDƏ… 

endir

PDF

Xülasə: Məqalədə Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının yaranma tarixinə nəzər salınır. Bu əsərin Sərdar Fərəcov tərəfindən yenidən bərpa və redaktə olunması barədə ətraflı məlumat verilir. Operetta üzərində redaktə işinin ətraflı təsnifatı verilir.

Açar sözləri: bəstəkar, Üzeyir Hacıbəyli, Sərdar Fərəcov, janr, musiqili komediya, operetta

1910-cu il may ayının 24-ü Azərbaycan musiqi tarixində yeni səhifənin açıldığı gün idi. Məhz bu gün Üzeyir Hacıbəylinin Azərbaycanda ilk milli musiqili komediya janrının əsasını qoyan “Ər və arvad” operettası səhnələşdirilmişdir. Hal-hazırda fəaliyyətdə olan Azərbaycan Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) tarixi də bu günlə hesablanır.

 1910-cu il mayın 24-də Nikitin qardaşları sirkində Nicat cəmiyyətinin təşkilatçılığı ilə Üzeyir bəy Hacıbəylinin “Ər və arvad” operettası səhnəyə qoyuldu (2).  Operetta elə ilk təqdimatdan uğur qazanmış, tamaşaçı kütləsinin sevgisinə səbəb olmuşdur. Müəllif tərəfindən qısa müddətdə yazılmış (2-3 ay) bu əsər 3 pərdədən ibarət olub, xalq mahnıları, təsniflər, rənglərlə zəngindir.

1910-cu ildə tamaşaya qoyulan “Ər və arvad” operettası 1939-cu ilə qədər təkcə Azərbaycanda deyil, Zaqafqaziyanın bir çox şəhərlərində, Türkiyədə, Orta Asiya Respublikalarının bəzi şəhərlərində səhnələşdirildi. Lakin çox təəssüf ki, 40-cı illərdən sonra bu əsər bir daha səhnə üzü görmədi, tarixin bir səhifəsi kimi ancaq yaddaşlarda xatırlandı. Əlbəttə ki, bunun da bizə məlum olmayan sirli, müəmmalı  səbəbləri vardır.

2009-cu ildə Azərbaycan operettasının 100 illik yubileyinə hazırlıq ilə əlaqədar olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yenidən bu əsəri səhnəyə gətirmək istədi. Bunun üçün Üzeyir Hacıbəylinin Ev Muzeyində yerləşən elmi fonda müraciət olundu. Ancaq çox təəssüf ki, Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının öz dövründə libretto, klavir, partiturasının olmasına baxmayaraq dövrümüzə qədər ancaq 1937-ci ildən qalan natamam klaviri və librettosu, partituraya aid isə cəmi 8 orkestr səsləri (I, II skripka; alt; kontrabas; qoboy; truba in B; faqot; kiçik təbilin səsləri) gəlib çıxa bilmişdir (6). Partituranın tam şəkildə orijinal variantı isə yox idi.

Sərdar Fərəcov əldə etdiyi not yazıları əsasında orkestr tərkibində dəyişikliklər edərək, orkestrdəki alətlərin sayını daha da artıraraq əsərin mükəmməl səslənməsinə nail ola bildi. Bəstəkar partiturada alətlər sırasını belə təqdim etmişdir: 2 fleyta; 2 qoboy; 2 klarnet in B; 2 faqot; 2 valtorna in F; 2 truba in B; 2 trombon; litavra; sinclər (tarelkalar); üçbucaq; kiçik təbil; ksilofon; piano; skripka 1; skripka 2; alt; violonçel; kontrabas.

Qeyd olunduğu kimi, 8 orkestr alətini 17 alətə qədər artırmışdır. Bəstəkar ağac nəfəs alətləri qrupuna aid bütün alətlərdən (fleyta, qoboy, klarnet, faqot), mis nəfəs alətləri qrupuna aid alətlərdən (valtorna, truba, trombon), zərb alətlər qrupundan (litavra, ksilofon, tarelkalar, kiçik təbil, üçbucaq), pianodan, həmçinin simli alətlər qrupu (I və II violinlərdən, viola, violonçel və kontrabas) alətlərin köməkliyi ilə “Ər və arvad” operettasının yeni partiturasını tərtib etmişdir.
Bununla bəstəkar, orkestr səslərinin koloritliyi, alətlərin səslənmə rəngarəngliyi, müxtəlif alətlərin düzgün seçimi ilə orkesrtın miqyasını zənginləşdirərək əsəri klassik normalara uyğunlaşdırmışdır.

Zamanında operettanın librettosu bir neçə dəfə nəşr olunsa da, not və musiqi materialları xəttatlar tərəfindən yazılır, arxivlərdə saxlanılırdı. Köçürmələr zamanı bəzən səhvlərə yol verilir, bəzi nömrələr isə təhrif olunurdu. Bunları nəzərə alan bəstəkar və Ü.Hacıbəylinin Memorial Ev Muzeyinin direktoru Sərdar Fərəcov çətin, eyni zamanda məsuliyyətli bir işə girişərək Ü.Hacıbəylinin unudulmuş, illərlə səhnələrdə səslənməyən “Ər və arvad” operettasını yenidən işləyir,  klavir və partiturasının bərpası işini vacib bilir. Beləliklə də bəstəkar əsərin librettosunu 2005-ci ildə Üzeyir bəyin 120 illik yubileyi münasibətilə tərtib etdiyi “Komediyalar və yumoristik miniatürlər” kitabında, klavirini isə 2012-ci ildə (ikinci dəfə redaktə 2015-ci il) Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap etdirir.

2010-cu il 16 oktyabrda Üzeyir bəyin 125 illik və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100 illik yubileyləri münasibəti ilə Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası bəstəkar Sərdar Fərəcovun yeni redaksiyası əsasında elə Musiqili Komediya Teatrında yenidən işıq üzü gördü.  Uzun illərin həsrətindən sonra nəhayət ki, “Ər və arvad” doğma səhnəsinə geri döndü. Sərdar Fərəcov bu barədə belə yazır: “Ər və arvad” operettasının yenidən səhnəyə qayıtması Üzeyir bəyin ruhu qarşısında bir mənəvi borcun ödənilməsi kimi qiymətləndirilə bilər” (6, s. 9)

100 il öncə 1910-cu və 2010-cu ildə səhnələşdirilən “Ər və arvad” operettasının təşkilat və aktyor heyətlərini xatırlasaq, maraqlı bir müqayisə əldə etmiş olaraq. İlk dəfə 1910-cu ildə bu operettanı səhnələşdirərkən əsərin dirijoru məhz müəllif, Üzeyir bəy özü olmuşdur. Rejissor H.Ərəblinski, rejissor köməkçisi X.Hüseynov, təşkilatçı A.Vəli olublar. Rollarda isə o zaman həvəskar aktyor kimi fəaliyyət göstərən, lakin dövrlərinin ən mükəmməl opera sənətçiləri kimi tanınan Hüseynqulu Sarabski (Mərcan), Mirzəağa Əliyev (Kərbalayi Qubad), Əhməd Ağdamski (Minnət), Hənəfi Terequlov (Səfi), Kələntərov (Yetər) və b. çıxış etmişlər. 1910-cu ildə səhnədə qadınların görünməsi, iştirakı qadağan olunduğu üçün qadın rolları da kişilərə həvalə edilmişdi. Onun üçün Minnət və Yetər rollarını da kişi aktyorları oynayıb.

100 il sonrakı tamaşanı Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin dəstəyi ilə baş rejissor Yusif Əkbər, quruluşçu rəssam Eldar Qurbanov, dirijor, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov hazırlamışlar. Aktyor heyətinə isə beş Xalq artisti – İlham Namik Kamal (Mərcan), Afaq Bəşirqızı (Minnət), Yaşar Nuri (Kərbəlayi Qubad), Arif Quliyev (Səfi), Fatma Mahmudova (Kərbəlayi Qubadın arvadı Yetər) daxil idi (6).

Göründüyü kimi 100 il öncəki professional təşkilat və aktyor truppasının qazandığı müvəffəqiyyəti 100 il sonra da mükəmməl təşkilat və aktyor bacarığı sayəsində geri qaytarmaq mümkün oldu. Bu isə artıq ikiqat uğur demək idi. Sərdar Fərəcova keçmişin musiqisini gələcəyə ötürmək nəsib olmuş, bu işin öhdəsindən bəstəkar layiqincə gələ bilmişdi.

S.Fərəcov əsərin yeni redaktəsini edərkən bir çox yeniliklərə imza atmışdır. Bəstəkar əsərin bərpa və redaktəsində, orkestrləşdirilməsində, ədəbi mətnin düzgün təqdim olunmasında hər kiçik detallara xüsusi diqqət yetirmiş, müsbət tərəfə xeyli sayda fərqliliklər gətirmişdir (6):

  1. Öncə əsərin klaviri yenidən işlənib hazırlandı.
  2. Yeni klavir əsasında tamamilə yeni partitura yazıldı.
  3. Libretto üzərində işlənərək bəzi düzəlişlər edildi.
  4. Üzeyir bəyin “Ər və arvad” operettasında xorlar təksəsli, unison olduğu halda, genişləndirilərək artıq 2 və 4 səsli yazıldı. (Xorlar: 2 səsli kişi xoru, 4 səsli qarışıq xor).
  5. Operettada iştirak edən personajların səs bölgüsü müəyyənləşdirildi.
  6. Səs bölgüsünə uyğun olaraq tonallıq təyin olundu.
  7. Xəttatlar tərəfindən edilmiş xətalar (məqam, harmoniya, intonasiya xətaları və b.) aradan qaldırılaraq düzəldildi.
  8. Əsərin üslubuna uyğun gəlməyən bəzi musiqi nömrələri ixtisar olundu. ( Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının orijinal klavirində yer alan “Leyli və Məcnun” operasından “Ərəblərin xoru”, “Şeyx Sənan” operasından II pərdədəki “İnsaf eyləyin halıma yanın” və ya “Ey səba yeli” adlı xorları S.Fərəcov tərəfindən ixtisar edilmişdi).
  9. Onun əvəzində S.Fərəcov bəzi məntiqi dəyişikliklər edərək, əvvəllər klavirdə olmayan bir neçə musiqi nömrələri əlavə etdi. Bərpa olunmuş yeni klavirdə 7 əlavə musiqi parçaları yazılaraq, cəmi 13 musiqi nömrəsindən ibarət olan operettanı 20 musiqi nömrəsinə qədər artırdı.
  10. Əsərin orijinal 3 pərdəli quruluşunda dəyişikliklər edərək, pərdələrin daxilində musiqi nömrələrini artıraraq ümumilikdə onu 2 pərdəli quruluşda etmişdir.

Bəstəkarın özünün də qeyd etdiyi kimi, bu əsəri yenidən redaktə edərkən o, bir çox yenilikləri ilə yanaşı, əsas sujet xəttinin özəlliyini də qoruyub saxlamışdır. XX əsrin əvvəllərində yaranmış bu əsər öz dövrünün, köhnə cəmiyyətdən miras qalan köhnəliyin, Azərbaycan qadınının ailə və cəmiyyətdəki məhdud vəziyyətə etirazın bariz nümunəsi olaraq komik-satira janrı vasitəsilə ifadə edən ən gözəl əsərlərdən biridir. Üzeyir bəyin “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları öz dövrünün ictimai həyatında hakim olan feodal patriarxal münasibətləri tənqid və ifşa edən qüdrətli satirik əsərlərdir.

Beləliklə,  S.Fərəcovun  “Ər və arvad” operettasına 100 il sonra yeni səhnə həyatı bəxş etmək cəhdi müvəffəqiyyətlə baş tutur. Bununla da Üzeyir bəyin artıq 3 operettasının tam mənada sujet və musiqisi tamaşaçılara məlum olur. Sərdar Fərəcov təkcə bir bəstəkar kimi deyil, həm də ictimai xadim kimi də bu münasibətlə bir neçə tədbirlərin təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan musiqi mədəniyyətinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik və “Ər və arvad” operettasının 100 illik münasibəti ilə Sərdar Fərəcovun rəhbərliyi altında 2010-cu il mayın 14-də bəstəkarın Ev Muzeyində elmi-praktik konfrans keçirildi. Konfransda muzeyin direktoru Sərdar Fərəcov Üzeyir bəy haqqında öz dəyərli düşüncələrini bölüşərək, daha sonra muzeyə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən hədiyyə olunmuş Üzeyir bəyin surəti həkk olunmuş qızıl sikkəni qonaqlara nümayiş etdirdi.

Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin, professorların iştirakı ilə keçirilən elmi konfransda Üzeyir bəyin bir bəstəkar, pedaqoq, publisist, ictimai xadim və b. cəhətləri haqqında məruzələr səsləndirildi. Belə konfransların keçirilməsində məqsəd Üzeyir bəyin yalnız bəstəkar kimi deyil, həmçinin onun bir publisist, jurnalist, pedaqoq kimi də gördüyü işlərin misilsiz dəyərini bir daha sübut etmək, onun elmi əsərlərini araşdırıraq, yeni nəsillərə ötürməkdir. Konfransda səslənən məruzələr kiçik broşür şəklində çap olundu.

Üzeyir Hacıbəylinin həmçinin 125 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi, S.Fərəcovun rəhbərliyi və təşkilatçılığı ilə “Üzeyir dünyası 125” adlı təqvim-kitab tərtib olunmuşdur. Həm telefon dəftəri, həm də təqvim kimi çap olunan bu kitabçada Üzeyir bəyin bütün həyat yolu, ilk əsərlərindən başlayaraq bütün əsərləri kiçik şəkillərlə, qısa məlumatlarla qeyd olunmuşdur.

 

ƏDƏBİYYAT:

  1. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s.
  2. Məmmədli Q.M. Üzeyir Hacıbəyov: 1885-1948 həyat və yaradıcılıq salnaməsi. B.: Yazıçı, 1984, 462 s.
  3. Məmmədova L.M. Sərdar Fərəcov. B.: Şərq-Qərb, 2015, 32 s.
  4. Fərəcov S.F. Üzeyir işığında. B.: Xatun plyus, 2010, 172 s.
  5. Fərəcova H.S. Ü.Hacıbəylinin musiqili-səhnə əsərlərinin bərpası və yeni redaktəsi. Magistr dissertasiyası. Azərbaycan Milli Konservatoriyasının kitabxanası. B.: 2015, 75 s.
  6. Hacıbəyli Ü.Ə. Ər və arvad. (Operettanın bərpası və yeni redaktəsi S.Fərəcovundur). B.: 2012.
  7. Абасова Э.А Опера и музыкальные комедии Узеира Гаджибекова. Б.: Ак Наук Азер.ССР, 1961, 193 с.
  8. Музыкальный энциклопедический словарь. гл.редактор Г.В.Келдыш, М.Советская энциклопедия, 1990, 672 с.

Гюнель Зейналлы

Докторант БМА имени У.Гаджибейли ,

 преподаватель кафедры «Теория музыки» 

ОПЕРЕТТА «МУЖ И ЖЕНА» НА СЦЕНЕ СПУСТЯ 100 ЛЕТ… 

Резюме: В статье рассматривается история создания оперетты Узеира Гаджибейли «Муж и жена». Представлена подробная информация о восстановлении и редактирование данного произведения Сардаром Фараджевым.

Ключевые слова: Узеир Гаджибейли, Сардар Фараджев, жанр, музыкальная комедия, оперетта

Gunel Zeynalli

PhD Student of BMA named U.Hacibeyli,

Teacher of Music Theory Department

      THE OPERETTA “HUSBAND AND WIFE” ON THE SCENE AFTER 100 YEARS…

Summary: The article talks aboutoperetta  «The husband and the wife» by Uzeyir Hajibeyli. Here you will find detailed information on the restoration and editing of this work by Sardar Farajov. 

Key words: Uzeyir Hajibeyli, Sardar Farajov, genre, musical comedy, operetta

 

Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Abasquliyeva

Mövzuya uyğun