AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

Nəzakət Teymurova

AMK-nın dosenti

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7 

 UOT: 781,7

XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BAKI XANƏNDƏLƏRİNİN YARADICILIĞINA NƏZƏR 

endir

 

 

PDF

 

 

 

Xülasə: Məqalə Azərbaycan muğam ifaçılığı sənətinin inkişafında özünəməxsus rol oynayan Bakı xanəndələrinin XIX əsrin sonu, XX əsrin əvvəllərindəki yaradıcılıq irsinin tədqiqinə həsr olunmuşdur. Müəllif Məşədi Süleyman Mansurovun xatirələrinə istinad edərək dövrün məşhur muğam ifaçılarının ifa üslubları, ifaçılıq xüsusiyyətləri haqqında məlumat vermişdir.

Açar sözlər: muğam, xanəndə, muğam ifaçısı, təsnif, xalq mahnıları, dəstgah

Muğam ifaçılığı məktəbləri muğamın tarixi inkişafında mühüm mərhələlər kimi qiymətləndirilir. Xüsusilə, XIX əsrdə Azərbaycanın bir sıra iri şəhərlərində – Şuşa, Bakı, Şamaxıda formalaşmış muğam ifaçılığı məktəbləri Azərbaycanın musiqi tarixində mühüm rol oynamışdır. Bakı şəhərində təşəkkül tapmış və Abşeronda yaşayıb-yaradan xanəndələri, xalq çalğı alətləri ifaçılarını – sazəndələri özündə cəmləşdirən muğam ifaçılığı məktəblərinin ənənələrinin öyrənilməsi isə müasir dövrdə xüsusi bir aktuallıq kəsb etmişdir.

Məhz XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində xanəndəlik sənəti ən yüksək inkişaf mərhələsinə çatmış və bu dövrdə Azərbaycanın musiqi mədəniy-yətinin irəliləyişinə təkan verən və musiqimizi dünyanın bir çox ölkələrində tanıdan sənətkarlar nəsli yetişmişdir. Onların yaradıcılıq ənənələrinə əsaslanan xanəndəlik məktəbinin nümayəndələri bu gün musiqimizin öncül sənətkarlarıdır. Biz, tədqiqat obyekti kimi Bakı (Abşeron) xanəndəlik məktəbini seçmişik və bu məktəbin muğam ifaçılıq ənənələrinin öyrənilməsi, qorunması və inkişafı məsələlərinin önə çəkilməsi mövzunun aktuallığından irəli gəlir.

Abşeronda, Bakıda “Məcməüş-şüəra” (Ağa Kərim Salik, Ağa Dadaş Müniri, Ağa Seyid oğlu Ağabala və b.) və Mansurovların musiqi məclisi sənət ocağına çevrilmişdi. Xüsusən Mansurovların məclisləri təkcə Abşeronda, Bakıda deyil, bütün Azərbaycanda çox məşhur idi. Əvvəlcə onu qeyd edək ki, bu ailə artıq üç əsrə yaxındır ki, Azərbaycan milli musiqisinin keşiyində durub, ona xidmət edir. Bu musiqi məclisinin rəhbəri Məşədi Məlik Mansurov olub. Burada muğamatın nə zaman, kim tərəfindən, hansı şəraitdə yaradılması mövzusu məclis üzvlərini daha çox maraqlandırırdı. Eyni zamanda, hər bir muğam məclisdə ayrıca müzakirə olunurdu. Muğamların tamam düzgün oxunulmasına diqqət yetirilirdi, musiqiçilər arasında müəyyən bir muğamın şöbə, guşə və hissələri barəsində mübahisə düşdükdə tarzən Mirzə Fərəcə, yaxud xanəndə Ağa Kərim Salikə müraciət edirdilər. Bakı musiqi məktəbində Seyid Mirbabayev, Ağa Kərim Salik, Bəylər, Ağa Səid oğlu Ağabala, Əli Zühab, Mirzə Fərəc və başqa musiqiçilər toplaşaraq öz musiqi sənətlərini nümayiş etdirirdilər.

Bəzən musiqi məclislərində muğamı bir neçə xanəndə oxuyar, muğam biliciləri onun haqqında rəylərini söyləyərdilər. Buna görə də hər bir xanəndə və çalğıçı öz sənətini daha dərindən öyrənməyə və təkmilləşdirməyə səy göstərirdi. Çox zaman isə yaradıcılığa başlayan musiqiçilər burada ustad sənətkarlardan xeyir-dua alırdılar. Bu məclislər muğam sənətinin inkişafı üçün çox önəmli idi və muğam ifaçıları üçün əsl ustadlıq məktəbinə çevrilmişdi. Bu məclislərdə Şərq musiqisinin incəliklərinə dərindən bələd olan görkəmli musiqişünaslar xanəndələrin düzgün oxumasına və ustalığına xüsusi qayğı göstərirdilər. Musiqi məclislərində “Şur”, “Rast”, “Mahur”, “Çahargah”, “Bayatı-İsfahan” muğamlarının oxunması iki, bəzən də üç saat çəkərdi. Maraqlıdır ki, məclislərdə bütün muğamları düzgün və tamam-dəstgah oxumağı öyrənən xanəndələr hər hansı bir muğamı daha kamil öyrənər, ixtisaslaşmağa çalışardılar. O dövrün musiqiçilərinin xatirələrində deyildiyi kimi, müsabiqə üçün ən yaxşı sazəndələr çağrılırdı. Hələ musiqi məclisinə bir həftə qalmış ən yaxşı xanəndə və sazəndələr və rəisi-məclis seçilirdi. Həmin şəxs xanəndə və sazəndələrin ifa edəcəkləri musiqi proqramını tərtib edirdi.

XIX əsrdə Bakı şəhərində və Bakıətrafı kəndlərdə (Nardaran, Mərdəkan, Maştağa, Buzovnada) şair və muğamatçıları öz ətrafında toplayan yığıncaqlar Azərbaycan muğam sənətinin inkişafında böyük rol oynamışdır. Bakıdakı ən böyük musiqi məclisinin rəhbəri Məşədi Məlik Mansurov (1845-1909) öz dövrünün açıq fikirli, istedadlı, mədəni şəxslərindən biri olmuşdur. Məşədi Məlikin Bakıda, İçərişəhərdəki evinin böyük salonunda tez-tez dövrünün məşhur ziyalıları və sənətkarları yığışırdılar. Qarabağdan, Şirvandan, İrandan gələn musiqiçilər bu evin qonağı olardılar.

XIX əsrin axırlarında Bakıda “Məşədi Məliyin musiqi salonu” ilə yanaşı,   “Məcməüş-şüəra” adlı ədəbi musiqili məclisi də fəaliyyət göstərirdi. Bu məclisin üzvlərindən Ağadadaş Muniri, Məhəmmədağa Cürmi, Azər Buzovnalı və Mirzəcəlal Yusifzadə olmuşdur. Burada tez-tez poeziya və musiqidən söhbət gedir, məclisin daha maraqlı və təsirli keçməsi üçün yazdıqları qəzəllərdə muğam, şöbə və hissələrinə daha çox müraciət edirdilər.

 Bakı ətrafı kəndlərdə mədəniyyət, incəsənət və teatr xadimləri toplaşaraq teatr tamaşaları göstərir, “Xeyriyyə gecələri” təşkil edirdilər. Musiqiçilər bütün mədəni tədbirlərdə yaxından iştirak etməklə ifaçılıq sənətinin inkişafına təkan verirdilər. Şəhər günü-gündən böyüyür və tərəqqi edirdi. Buna görə də get-gedə Bakıya Gəncədən, Lənkərandan, Şəkidən, Şamaxı və Şuşadan bir çox sənətkarlar, o cümlədən yazıçı və şairlər böyük ümidlə gəlirdilər. Bu dövrdə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Bədəl bəy Bədəlbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Şükür bəy Əfəndiyev, Nəriman Nərimanov, Mirzə Muxtarovla yanaşı, musiqimizin Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Qurban Pirimov, Məşədi Zeynal, Segah İslam, Keçəçioğlu Məhəmməd, Şirin Axundov, Seyid Şuşinski kimi qüdrətli sənət nümayəndələri Bakıda təşkil olunmuş məclislərdə böyük rol oynayırdılar. Ona görə də Bakının musiqi məclislərinin və bu məclislərin yetirdiyi istedadların zəngin tarixi vardır.

Ümumiyyətlə, Bakı və onun ətrafında muğama olan maraq bu ərazidə islamın, xüsusilə şiəliyin dərin kök salması ilə bağlıdır. Xüsusi istedada malik olan səs sahibləri, muğamat biliciləri dini mərasimlərdə oxumağı məclis və konsertlərdə oxumaqdan üstün tutublar. İslamın musiqiyə münasibəti heç də birmənalı deyil. Bəzi dini mənbələrdə musiqinin haram olduğu göstərilsə də, Azərbaycan ərazisində müqəddəs Quran ayələri, mərsiyə, qəsidələr xüsusi muğam avazları üzərində ifa olunur.

XIX əsr Bakı (Abşeron) xanəndələri, musiqiçiləri haqqında ən maraqlı mənbə Mansurovların tərtib etdiyi kitablardır. İki qardaş – Məşədi Məlik və Məşədi İsmayılın musiqiyə sevgisi böyük idi. Məşədi Məlik yaxşı tar, kamança, qaval, 7 dilli qarmon, cürə saz çalardı. Məşədi İsmayılın evindən musiqi səsi əskik olmazdı. Tarzən Novruz, xanəndə Hüseyn bu evin daimi qonağı idi. Musiqiyə belə sonsuz istək qardaşları İçərişəhərdəki mülklərini bir sənət yığıncağına çevirməyə sövq edir. Bakıda 1863-cü ildə “Məşədi Məliyin salonu” adı ilə məşhur olan musiqi məclisi belə yaranır. Köhnə Bakının, Şirvanın, Qarabağın, Tiflisin məşhur xanəndələri, çalğıçıları vaxtaşırı bu sənət məclisinə qonaq gəlirlər. Cabbar Qaryağdıoğlu, Seyid Mirbabayev, Mirzə Fərəc, Ala Palasoğlu Ərdəbilli, Ələsgər Abdullayev, Əli Zühab, Məşədi Zeynal Haqverdiyev bu musiqi ocağında neçə yol səs yarışına qoşulurlar. Məşədi Məliyin bu çal-çağırlı evdə dünyaya göz açan oğlanları – Mansur mahir tarzən, Süleyman isə gözəl muğam bilicisi olur.

  Məşədi Süleyman Mansurov günlərin biri atasından eşitdiklərini, köhnə bakılılardan öyrəndiklərini, özünün gördüklərini yazıya almağa başlayır. Bu yazılar köhnə Bakının musiqi həyatı haqqında bir salnaməyə çevrilir. Həmin bu iki əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda qorunur (5). Məşədi Süleyman öz xatirələrində yazır ki, Bakının tanınmış xanəndələrindən biri də “Rast Ağa Cəbrayıl” olub. O, 1883-cü ildə İçərişəhərdə doğulmuşdu. Fars dilini, klassik poeziyanı yaxşı öyrənmişdi. Ağa Cəbrayıl həm pəstdə, həm də zildə eyni ustalıqla oxuyurdu. Bu da dinləyiciləri heyrətə salırdı. O, “Bayatı-Şiraz”, “Çahargah”, “Segah” muğamlarını ifasında xüsusi məharət göstərirdi. Ən çox Hafizin, Füzulinin qəzəl və qəsidələrinə müraciət edirdi. “Rast”ı isə xüsusi şövqlə oxuyarmış elə buna görə də ona “Rast Ağa Cəbrayıl” deyirmişlər.

Digər məşhur xanəndə Əbdülqədir Cabbarov idi. O, 1871-ci ildə Bakıda anadan olub. Ağa Cəbrayıldan fərqli olaraq onun səsi bizə gəlib çatmışdır. İfası yazılmış bir val Respublika Dövlət səsyazma arxivində qorunur. Məşədi Süleymanın yazdığına görə, o, ötən əsrin sonlarında Bakıdakı ən yaxşı muğam ifaçılarından idi. Nəsilliklə qalayçı olmuş, Çəmbərəkənddə yaşamışdır. El içində onu “Qədirbala” çağırırmışlar. C.Cabbarlı adına teatr tarixi muzeyində fotosu vardır. Şəklinin altında əski əlifba ilə: “Bakılı Qədirbala. Birinci xanəndə” sözləri yazılmışdı. Səsinin vala yazılması da bir təsadüfün nəticəsi olub. Özü buna razılıq vermirdi. O vaxt Əbdülqədirin sənətinə, şəxsiyyətinə hörmət bəslədiyi bir-iki nəfər onu özləri ilə birgə Riqaya getməyə razı salmışlar. Onun xasiyyətinə bələd olduqları üçün səsini yazmaq istədiklərini bildirməmişlər. Hərəsi bir az oxuduqdan sonra xahiş edirlər ki, sən də bir “Heyratı” oxu, qulaq asaq. Oxuyur və xəbəri olmur ki, səsini vala yazırlar. Əbdülqədir Cabbarovun ifası yazılmış yeganə val Riqadakı “Qrammafon-Rekord” firması tərəfindən belə yaranır [1, s. 14].

Dövrünün görkəmli xanəndələrindən biri də İçərişəhərli Baladadaş olub. Ona camaat arasında “Bayatı-Qacar Baladadaş” da deyərdilər. Mənbələrdə verilən məlumata görə, Baladadaş pulla toya getməz, həvəsi gələndə oxuyardı. Simaca çox gözəl idi. Qələmi papaq qoyar, qollu uzun çuxa, döşlük geyər, üzünü qırxdırardı. Çox məlahətli səsə malik olduğundan bir gün axşamacan oxusa belə səsi onu dinləyənləri bezdirməzdi. Məşədi Süleymanın verdiyi məlumatda deyilir ki, Baladadaş hər bahar vaxtı Qoşa Qala qapısının üstündə oxuyardı. Bir dəfə Keşlə kəndindən bir atlı Qala qapısının yanına gəlir. Deyir Keşlədə Məşədi Baladadaşın səsini eşitdim ki, “Bayatı-Şiraz” oxuyur, atı mindim gəldim. O vaxt Keşlədən Qala qapısına qədər bir dənə dam, ağac yox idi, yalnız əkin yeri idi. Səsi o qədər gur idi ki, İçərişəhərdə damda, ya hündür bir yerdə oxuyanda Bayıldan eşidib gəlirdilər ki, Baladadaş “Çahargah” oxuyur. Həm də çox mükəmməl oxuyardı, bir nöqtə artıq-əskik olmazdı. 10 il dalbadal Tehrana gedib farsca kamil öyrənmişdi. Azərbaycan şairlərinin şeirlərilə yanaşı, fars qəzəllərini də çox ifa edərdi.

O zamanlar Abşeronda ad çıxarmış başqa bir xanəndə “Çahargah” dəstgahının gözəl ifaçılarından sayılan Kor Hacı olub. Hacı oxuyanlar arasında öyünürdü ki, səsdə Məşədi Baladadaş mənə yaxın düşə bilməz. Bu söz Baladadaşın qulağına çatır, Bakı musiqi məclisinin başçısı Məşədi Məliklə danışır. Hacını başqa çalıb-oxuyanlarla dəvət etdirir və bir “Çahargah” oxutdurur. Baladadaşın burada olmağını eşidəndə Hacının halı dəyişir. Baladadaş Hacının ifasından sonra özü oxuyur. Məşədi Süleyman yazır ki, “Hisar-müxalif” yerinə çatanda Hacının bağrı yarılır. Aradan çıxmaq istəyəndə atam qoymur. Baladadaş öz ifasından sonra Hacıdan üzr istəyir ki, sən məndən böyüksən, indiyəcən sən olan məclisdə oxumamışam. Amma sən özün dalımca danışmısan, məni özün məcbur elədin ki, üzbəüz səninlə oxuyum [2, s. 92-93].

Xanəndə Seyid Mirbabayev öz səsi, ifaçılıq məharəti, Azərbaycan muğam ifaçılığı tarixində seçilən sənətkar olmuşdur. Onun qeyri-adi taleyi olub. Bakı musiqi məclisinin sonbeşiklərindən biri olmuş Mir Seyid Mir Tağı oğlu Mirbabayev 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində anadan olmuşdur. O, əvvəllər atası və böyük qardaşları kimi mərsiyəxanlıq etmiş, sonralar isə xalq şənliklərində bir xanəndə kimi şöhrət qazanmışdı. Mir Seyid 1910-cu ilə kimi Bakının musiqi həyatında ciddi rol oynamış, teatr tamaşalarının fasilələrində və “Şərq konsert”lərində mahir müğənni kimi yaxından iştirak etmişdi. 1902-ci ildə, daha sonra 1906-cı ildə qrammofon şirkəti tərəfindən Riqa şəhərinə dəvət edilib səsini vala yazdırmışdı. Lakin 1910-cu ildə Bakı milyonçularından biri olan Şıx Balayevin toy məclisinə dəvət olunan Seyid Mirbabayev, tarzən Şirin Axundov və kamança çalan Levon Qaraxanov ilə birlikdə həmin məclisdə iştirak edərkən toy sahibi sazəndələrə pul əvəzinə hərəsinə Sabunçuda həyat sahəsi bağışlamışdı. Həmin həyətdən bir neçə neft quyusu fontan vurduqdan sonra Seyid Mirbabayev xanəndəliyin daşını atmış, az vaxtda Bakı milyonçularından birinə çevrilmişdir. Ondan sonra xanəndəlik sənətinə nifrət etmiş, hətta öz qrammofon vallarını baha qiymətə alıb sındırmışdı. Nəhayət, 1929-cu ildə Parisdə səfil vəziyyətə düşən Seyid Mirbabayev “Pate-rekord” qrammofon firmasına gəlib öz köhnə qrammafon vallarının təzədən çap olunmasını xahiş edərkən saxladığı yeganə valı əlindən salıb sındırmışdı. Seyid Mirbabayev 1953-cü ildə 86 yaşında Tehranda vəfat etmişdir. Onu da qeyd edək ki, C.Cahangirov “Xanəndənin taleyi” operasında Seyid Mirbabayevin taleyini əks etdirmişdir.

Məşədi Süleymanın xatirələri, Bülbülün məqalələrində Bakıda Urlu İskəndər adlı bir xanəndənin fəaliyyət göstərdiyi qeyd olunur. O, 1839-1899-cu illər arası yaşayıb. Məlahətli zil səsli bir xanəndə olub. Məşədi Süleyman yazır ki, xanəndəliyə yeni başladığı təcrübəsiz vaxtlarında Sadıq Hacı Əli Əkbər oğlunun toy məclisində tarzən Əli Şirazi ilə rastlaşır. Ə.Şirazi “Şur” çalır və Urlu İskəndər oxuyur. Zurnanın müşayiəti ilə oxumağa adət etmiş İskəndər “Hicaz”a yetişəndə çox bərk səslə oxuyur. Əli o saat çalğısını kəsib, tarı yerə qoyur. İskəndər də nə qədər xahiş edirsə də, o çalmır: “Zalım balası, belə də oxumaq olar? Elə qışqırırsan, tarın səsi itib-batır. Elə bil çöldə adam çağırırsan”. Bu hadisə Urlu İskəndər üçün dərs olur. Ə.Şirazi ilə həmin qarşılaşmadan pərt olan Urlu İskəndər Mirzə Ağakərim Salikdən muğamın sirlərini öyrənməyə başlayır. Bir neçə ildən sonra Abşeronun sanballı xanəndələrindən birinə çevrilir. Mirzə Ağakərimdən aldığı muğam dərsləri onu elə püxtələşdirmişdi ki, artıq Ə.Şirazi onu məmnuniyyətlə müşayiət edirdi.

O zamanlar Bakıda Mirzə Ağakərim Hacı Zeynaloğlu adlı bir musiqi həvəskarı vardı. Bir neçə il Mirzə Səttardan dərs alıb, muğamatı mükəmməl öyrənib. Səsinin diapazonu geniş olmasa da, düzgün və şirin oxuyurdu. Musiqiyə o qədər bağlı idi ki, öz mülkünü satıb, yoxsul oxuyanlara yardım edirdi. Mirzə Ağakərim “Salik” təxəllüsü ilə şeirlər də yazmışdı. O, 1899-cu ildə 56 yaşında vəfat edib. Mirzə Ağa Hacı Ağababaoğlu – Bakının toylu gecələrindən onların da səsi gəlib. Hacı Məlik Heydər, Müğbil Xiləli, Kərbəlayi Eldar Qalalı, Xəlil… Ancaq onlar köhnə Bakının, Abşeronun miyanə oxuyanlarından sayılırdı. Mirzə Ağa isə muğamı mükəmməl bilirdi. Həm mayədə, həm miyanxanədə, həm də zildə yaxşı oxuyurdu. Mirzə ağa 1866-cı ildə Bakıda doğulub, 1926-cı ildə vəfat edib. O vaxt Bakıda muğam bilən çox idi. Məclislərdə, toylarda xanəndə bir guşəni ixtisara salsaydı, ya muğamın özünü səhv oxusaydı, o saat qulaq asan musiqi biliciləri deyərdilər ki, saxla, filan yeri düz deyil, yenə oxuyub çalın. Mirzə ağanın səsi öz təravətini son günlərinə qədər saxlayıb. O, ən çox Mirzə Fərəc və Mirzə Mansurun müşayiəti ilə oxumağı xoşlayırdı. Məşədi Süleyman xatirələrində Ağabala Ağaseyıdoğlu adlı xanəndə haqqında da məlumat verir. O, muğamı kamil bilməsi, ifa ustalığının bənzərsizliyi ilə həm özündən əvvəlki, həm də sonrakı abşeronlu xanəndələrin demək olar ki, hamısından seçilib.

ƏDƏBİYYAT:

  1. Hüseynov R. B. Min ikinci gecə. B: İşıq, 1988, 408 s.
  2. Mansurov M.S. Xatirələr. B.: Şərq-Qərb, 2005, 139 s.
  3. Məmmədova Z.M. Azərbaycan musiqi mədəniyyətinin inkişafında muğam məclislərinin rolu. B.: MBM, 2008, 26 s.
  4. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.

Назакет Теймурова

Доцент АНК

О ТВОРЧЕСТВЕ БАКИНСКИХ ХАНЕНДЕ КОНЦА XIX –

 НАЧАЛА ХХ ВЕКА

Резюме: Статья посвящена творческому наследию бакинских ханенде конца XIX – начала ХХ века, сыгравшее важную роль в развитии исполнительского искусства азербайджанского мугама. Опираясь на воспоминание Мешади Сулеймана Мансурова автор даёт информацию о стиле и характере исполнения известных ханенде данного периода.

Ключевые слова: мугам, певец, исполнитель мугама, тэсниф, народные песни, дестгах                            

Nazakat Teymurova

Assistant professor of ANC

DISCOURSE ABOUT THE WORK OF BAKU SINGERS AT THE END XIX — BEGINNING XX CENTURY

Summary: The article is dedicated to the creative heritage of Azeri singers at the end XIX and beginning XX century, which played an important role in the development of the performing arts of Azerbaijani Mugham. Relying on reminiscences of Mashadi Suleyman Mansurov, the author gives information on style and the nature of execution known to a hanendas of this period.

Key words: mugham (eastern melody), singer, singer of mugham, tasnif, (national rhythmical melody), popular songs, dastgah

Rəyçilər:

xalq artisti, professor Arif Babayev;

xalq artisti, professor Alim Qasımov

 

Mövzuya uyğun