Xan Şuşinskinin mahnı yaradıcılığı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
AMK-nın doktorantı
Xan Şuşinskinin mahnı yaradıcılığı
Açar sözlər: Xan Şuşinski, “Segah”, muğam, xanəndə, xalq mahnıları
Azərbaycan musiqisindən söhbət açarkən ilk növbədə muğam ifaçılığı, xanəndəlik sənəti göz önünə gəlir. Azərbaycan muğamları tarix boyu özünəməxsus inkişaf prosesində ictimai-siyasi hadisələrin təsiri altında təkmilləşmiş, müasir formaya düşmüşdür. Eyni zamanda muğamatda hər bir tarixi dövrün, zamanın, gərdişin öz möhürü, əks-sədası öz təcəssümünü tapmışdır. Musiqi aləmində öz ahəngləri, rəngləri və ifaçılıq yolları ilə fərqlənən Azərbaycan muğamları zəhmətkeş xalqın həyat fəlsəfəsi, onun arzu və düşüncələri ilə sıx bağlı olmuşdur.
Xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ etmiş, yaratmış və qoruyub saxlamışdır. Əsrlərdən bəri Azərbaycan musiqi yaradıcıları və xanəndələri milli bayramlarda, toy mərasimlərində misilsiz çıxışları ilə geniş kütlələrin rəğbətini qazanmışlar, şübhəsiz ki, xanəndəlik sənətinin inkişafı muğam musiqisi ilə sıx əlaqədardır. Əsl xalq yaradıcılığından ibarət olan bu musiqi əsrlər boyu şifahi halda nəsildən-nəslə keçərək böyük və zəngin irs yaratmışdır.
Azərbaycan xanəndələri təkcə vokal ifaçılığı ilə deyil, eyni zamanda özlərinin bəstəkarlıq fəaliyyətiylə də göz önündə olmuşlar. Ümumiyyətlə qeyd etməliyik ki, bu gün dillərdə əzbər olan xalq mahnıları, təsniflər bir zaman hansısa nəğməkarın yaradıcılıq fəaliyyətinin məhsulu kimi meydana çıxmış, ondan sonra bu bəstəni ifa edən digər sənətkarlar ona müxtəlif əlavələr və dəyişikliklər edərək, müasir səviyyəyə çatdırmışlar. Azərbaycan muğam ifaçılığı tarixində xanəndələr arasında Cabbar Qaryağdıoğlu öz bəstəkarlıq fəaliyyəti ilə seçilmişdir. XX əsrdə Əlibaba Məmmədov, Arif Babayev və Məmmədbağır Bağırzadə bu ənənəni mükəmməl şəkildə davam etdirmişlər. XX əsrin əvvəllərindən muğam sənətinin əvəzolunmaz xanəndəsi Xan Şuşinski də bəstəkar-nəğməkar xanəndələrimizdən biri olmuşdur. Milyonların sevimlisinə çevrilmiş, ilahi mistik səsin sahibi olan Xan Şuşinskinin incə səsi və böyük sənəti bir çox ədib və şairlərin diqqət mərkəzində olmuş, onlar da böyük sənətkar haqqında ürək sözlərini demişlər. Yazıçı Süleyman Rəhimov Xanı “milyonların sevimlisi”, Əli Vəliyev “əvəzsiz xanəndə”, Mirzə İbrahimov “gözəl sənətkar”, Süleyman Rüstəm isə Xanın səsinə “uzunömürlü səs” – deyib, tərif etmişlər. Böyük vokal ustası Bülbül isə Xanı “istedadlı sənətkar” adlandırmışdır [1, s. 25].
Xan Şuşinski daima xalq yaradıcılığından qidalanan xanəndə olmuşdur. O, xalq musiqi xəzinəsinin nadir inciləri olan nəğmələrin füsunkar ifaçısı olmaqla bərabər bir çox el sözlərinə, aşıq və şairlərin lirik şeirlərinə incə nəğmələr qoşmuşdur. Onun məşhur “Qəmər”im mahnısından sonra vətəni Şuşaya həsr etdiyi “Şuşanın dağları” mahnısı dillər əzbəri olmaqla yanaşı, yarandığı gündən bu günə kimi xanəndələrin repertuarından düşmür. Ümumiyyətlə, xanəndənin yaradıcılığında “Segah” muğamının xüsusi yeri olmuşdur. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. Xüsusən də “Mirzəhüseyn segahı” və “Zabul-Segah” muğamlarının ifaçısı kimi şöhrətlənən Xan Şuşinski “Şuşanın dağları” mahnısını da məhz “Segah”dan bəhrələnərək yaratmışdır. Mahnının sözləri aydın, qısa, təsirli olmaqla bərabər musiqisi də rəvan və oynaqdır:
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı
Ay qız, bu nə qaş-göz, bu nə tel?
Ölərəm dərdindən onu bil,
Danışmasan da, bala, barı gül!
“Şuşanın dağları” mahnısının fraqment şəklində not nümunəsini təqdim edirik:
Bəzi müəlliflər Xan Şuşinskinin bu mahnını 1918-ci ildə Şuşada dalğalanan üçrəngli bayrağımıza xitabən yazdığını iddia edir. İlk misrada “başı dumanlı” yerinə “abı dumanlı” ifadəsinin işləndiyini və xanəndənin istifadə etdiyi “abı duman”, “qırmızı kofta”, “yaşıl tuman” ifadəsi bayrağımızın üç rəngini təsvir etdiyini söyləyirlər. Qeyd edək ki, Xan Şuşinski Cumhuriyyətimizin mövcud olduğu dövrdə respublikanın ictimai-siyasi mədəni həyatında yaxından iştirak etmiş, konsert proqramları, tədbirlərdə çıxış edərək əlindən gələni əsirgəməmişdir.
Bundan başqa nəğməkarın “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm ay Ceyran bala” mahnıları uzun illərin yaradıcılıq axtarışlarının bəhrəsidir. Bu mahnılar uzun illər boyu xanəndələrimizin repertuarının bəzəyi olmuşdur.
“Ölürəm, ay Ceyran bala” mahnısı da “Şuşanın dağları” mahnısı kimi segah ladında yazılmışdır. Lirik, sevgi etirafını ifadə edən bu mahnı dinləyicidə xoş ovqat, nikbin əhval yaradır. Məhz bu səbəbdən də yarandığı gündən bu günə kimi həmin mahnı xanəndələrin repertuarının bəzəyi olub, musiqi incisi kimi mədəni sərvətimizə çevrilmişdir.
“Ölürəm, ay Ceyran bala” mahnısının not nümunəsi:
Xan Şuşinski bir musiqi xadimi kimi yaxşı bilirdi ki, nəğmə həyatımız üçün ən zəruri mənəvi bir qidadır. O, işdə, əməkdə, döyüşdə, həyatda bizə kömək edir, qəmli dəqiqələrdə belə bizə təsir edir, qəlbimizdə nikbin duyğular oyadır, bizi fədakarlığa, qəhrəmanlığa ruhlandırır, xüsusilə gənc nəslin estetik tərbiyəsində mühüm rol oynayır. Məhz buna görə də Xan Şuşinskinin oxuduğu nəğmələrin musiqisi kimi mətni də ahəngdar, aydın və dolğundur, müasir nəğməkarlarımız mahnıların məhz bu cür səslənməsinə nail olmalıdırlar. Bunun üçün isə nəğməkarın gözəl səsindən, fitri istedadından başqa özünəməxsus yolu-izi, fantaziyası və oxuduğu mahnıları cilalayıb zənginləşdirmək, ona yeni-yeni əlavələr, nəfəslər, xallar artırmaq işində dəyərli xidmətləri olmalıdır.
Xan Şuşinskinin bəstələdiyi musiqilərin arasında qızı Bəyimxanıma həsr etdiyi “Ay qəşəng Ceyran” mahnısı diqqətimizi daha çox cəlb edir. Xan bu mahnını 1959-cu ildə bir yaşlı Bəyimin təzəcə dil aşıb “dədə” deməsi münasibətilə bəstələmişdir:
Araqçının mirvarı,
Ay qız, danış-gül barı
Evimizə gəlməsən,
Qonşumuza gəl barı.
Nəqarət
Ay qəşəng ceyran,
Gözlərı qurban
Danış dilinə qurban
Qara telinə qurban.
Əzizinəm, ay gəlin,
Ulduz gəlin, Ay gəlin
Qardaşıyın toyudur
Nazik yuxa yay gəlin.
Əzizinəm yonqarı,
Dülgər yonar yonqarı.
Qızıma, qurban olsun,
Doqquz qoca, on qarı [2, s.74].
Məhz elə öz körpəsinə ithaf etdiyi bu mahnıdan Xanın necə ailə, övladcanlı biri olmasının da sübutu açıq-aydın görünür.
Xan Şuşinski bəstəkarlardan yalnız Üzeyir bəy Hacıbəylinin yaradıcılığına müraciət etmişdi. Məlumdur ki, dahi bəstəkar özünün “Qaragöz” adlı məşhur nəğməsini 1926-cı ildə bəstələmişdir. Bu gözəl, həmişəcavan mahnının ilk ifaçısı Xan Şuşinski olmuşdur. Qocaman sənətkarlar söyləyirlər ki, Üzeyir bəy Xanın ifasında bu mahnını dinləməkdən doymazdı [2, s. 76]. Təəsüf ki, müasir müğənnilər bu mahnını düz oxumur, mahnının həm mətnini, həm də musiqisini bayağılaşdırıb özlərindən qondarma əlavələr edirlər.
Xan Şuşinskinin yaradıcılığı çoxşaxəli olmuşdur. O, bəstəkar, xanəndə, ən yaxşı qaval ifaçısı kimi də muğam ifaçılığı tariximizdə iz qoymuşdur. Sənətkarın yaradıcılığı həmişə ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. 1971-ci ildə Azərbaycanın musiqi ictimaiyyəti Xan Şuşinskinin 70 illik yubileyini keçirmişdi. Sənətkarın uzun illər səmərəli fəaliyyətini nəzərə alaraq ona respublikanın xalq artisti kimi yüksək ad verilmiş, eləcə də “Şərəf nişan”ı ordeni və bir çox medallarla təltif olunmuşdur. İllər keçməsinə baxmayaraq bu böyük sənətkarın yaradıcılığı hər zaman diqqət mərkəzində olmuşdur. Hal-hazırda görkəmli xanəndənin yaradıcılığı gənc nəsil tərəfindən tədqiq edilir, öyrənilir, onun ifa xüsusiyyətləri araşdırılır. Sözsüz ki, musiqi sənətinə olan diqqət ümummilli liderimiz H.Əliyevin əsasını qoyduğu müdrik siyasətin nəticəsidir. Hal-hazırda möhtərəm prezidentimiz İ.Əliyev və onun xanımı – H.Əliyev fondunun prezidenti, YUNESKO VƏ İSESKO-nun Xoşməramlı səfiri M.Əliyeva tarixə, mədəniyyətə, ənənələrə, musiqiyə bağlılıq, mənəvi sərvətlərimizin hifz olunaraq gələcək nəslə ötürülməsi, dünyada tanınması uğrunda bu siyasəti uğurla davam etdirirlər. Görülən tədbirlərin, gərgin zəhmətin bəhrəsidir ki, muğam sənətimiz və onun görkəmli nümayəndələrinin yaradıcılığı bu gün də aktualdır, sevilir və yaşayır.
İstifadə edilmiş ədəbiyyat:
- Azərbaycan xalq mahnıları. B.: 2009.
- Məmmədov V.M. Muğam, söz, ifaçı. B.: İşıq, 1981, 144 s.
- Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
- Şuşinski F.M. Musiqişünasın düşüncələri. B.: Gənclik, 1995, 352 s.
- Şuşinski F.M. Xan Şuşinski. B.: İşıq, 1989, 99 s.
- Musazadə. İnstrumental muğam tədrisi. B.: 2014.
Песенное творчество Хана Шушинского
Резюме
В представленной статье раскрывается не только исполнительское творчество великого ханендэ – Хана Шушинского, но его композиторское творчество – песни, автором которых он является.
Ключевые слова: Хан Шушински, “Сегях”, мугам, певец, народные песни
Song creativity of Khan Shushinski
SUMMARY
This article is not only about great songster Khan Shushinski as performer, but at the same time about his activities as composer and about the songs authorized him.
Key words: Khan Shushinski, “Segah”, mugam (eastern melody), singer of mugam, (national rhythmical melody), popular songs
Rəyçilər:
professor Arif Babayev;
professor Rafiq Musazadə.