Xanəndəlik sənətinin inkişaf yollari haqqinda mülahizələr
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
Dosent
Xanəndəlik sənətinin inkişaf yollari haqqinda mülahizələr
Açar sözlər: Xanəndə, sənət, muğam, Mehriban xanım Əliyeva, Ə.Vahid
Atalar yaxşı deyib: “Keçmişini unudanın, gələcəyi olmaz”. Bu atalar sözündə tam bir həqiqət var. Həmin atalar sözü ilə məqaləni başlamağım heç də təsadüfi deyil. Məqaləni yazmazdan öncə bir qədər əvvəlki illərə qayıtmaq, nəzər yetirmək istərdim.
Xanəndəlik sənətinin inkişaf yollarından düşünüb yazırıqsa, ilk öncə korifeylərimizin adlarını sadalamalı, onların bu sənət aləmində gördükləri işləri, xalq musiqi sərvətimizi gələcək nəslin inkişafı üçün necə inkişaf etdirib, hansı səviyəyə çatdırdıqlarını qeyd etməliyik.
Seyid Şuşinski, Xan Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Yaqub Məmmədov, Gülağa Məmmədov, Nəzakət Məmmədova və b. kimi korifey sənətkarlarımızı çətin ki, tanımayan olsun. Bu korifey sənətkarları unutmaq qeyri-mümkündür.
Xanəndəlik sənəti – sözün əsl mənasında çətin, məsuliyyətli, tariximizə, incəsənətimizə həkk olunan, yaddaşlarda qalan, qəlbimizdə daim yaşayan sənət aləmidir. Bu sənət aləminə düşənlər öz səhnə davranışları ilə, muğam ifaçılığı ilə dinləyiciləri heyran edir, bəzən şən ovqat yaradır, bəzən kədərli notlara toxunaraq onların kədərinə həmdəm olurlar. Burada Ə.Vahidin bir beyti yadıma düşdü:
Musiqi zövqünə ol kəski, deyildir Vaqif,
Bu büsatın nə bilir ki, nə şərafətləri var.
Musiqi qəm dağıdırsa, insana zövq verirsə, deməli, insan musiqi ilə yaşayır. Elə bir insan yoxdur ki, musiqiyə qulaq asmasın. Deməli, musiqi özü bir dərmandır, məlhəmdir.
Çox sevindirici haldır ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva muğamlarımıza yenidən nəfəs verərək, onu bütün dünyaya bir daha tanıtdırdı. Bir çox gənclərimiz muğamlarımıza dövlət səviyyəsində belə qiymət verməsindən ruhlanaraq, xanəndəlik sənətinə meyl saldılar. Bir məqamı da etiraf edək ki, çoxlu savadlı gənclərimiz də var. Hal-hazırda da xanəndəlik sənətini, muğamlarımızı dünya miqyasında digər dövlətlərdə tanınması üçün möhtərəm prezidentimizin xanımı Mehriban xanım Əliyeva bu yolda durmadan çalışır, gənc nəslin yetişməsi, istedadlı gənclərin üzə çıxarılması üçün tez-tez muğam müsabiqələrinin keçirilməsini tövsiyə edir. Bunun özü də, mən deyərdim ki, xanəndəlik sənətinin inkişaf yollarından biridir.
Biz fonotekamızın “Qızıl fondun”da xanəndələrimizin qorunan lent yazılarına nəzər saldıqda, görürük ki, doğrudan da xanəndələrimiz Sovet ideologiyasının sərt qanunlarına tabe olublar: istər oynaq hava olsun, istər şux bir mahnı, xanəndənin heç bir hərəkət etməyə ixtiyarı yox idi. Lakin ustad xanəndələrimiz o şux, oynaq mahnını öz baxışları ilə bizə çatdıra bilirdilər. İndi isə müstəqil bir dövlətdə müğənnilərimiz mahnıları ifa edəndə öz hərəkətləri ilə (hətta qısa rəqs formasında oynayaraq) bizə geniş şəkildə mahnının avazını sözləri ilə və tam təfərrüatı ilə dinləyicilərə çatdırmaq imkanına malikdirlər. (…) Xanəndəlik sənətinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında oynadığı rolu alimlər tərəfindən araşdırılmış onun geniş əhatəli dairəsi xüsusi tədqiqat obyektinə çevrilmişdir (2, s. 21).
Bu gün Azərbaycan musiqisinin özəyi olan muğamlarımızın inkişaf etdirilməsi, dünyada şöhrət qazanması hamını düşündürməyə məcbur edir. “Xanəndəlik” — bu sözün arxasında nə qədər məsuliyyət, nə qədər çalışqanlıq var. “Xanəndəlik” dedikdə, ifaçıda ilk növbədə səhnə mədəniyyəti, gözəl səs və qamət olmalı, muğamın bütün şöbə və guşələrini, təsnif və dəramədləri, muğama aid olan mahnıları, qəzəlləri, poeziyanı bilməli, ən əsası isə onda sənətkar ürəyi özünü büruzə verməlidir. Bir də xanəndədə musiqi duyumu, qavrama qabiliyyəti güclü olmalıdır. Əgər xanəndə bir və yaxud iki dəfə eşitdiyi muğamları və onun şöbələrini, eləcə də xalq mahnılarının melodiyalarını duyub, qavrayıb yaddaşında saxlaya bilirsə, deməli, o, xanəndə ola bilər. Xanəndəlik sənətinə gələn mənə elə gəlir ki, müəllimdən eşidib, öyrənməklə yanaşı muğam və xalq mahnılarını özü öz üzərində işləyib, cilalayıb dinləyicisinə çatdırmalıdır. Bunlar nədən ibarətdir: ən əsas disklərə qulaq asaraq, muğamda olan guşə və təsnifləri öyrənməli, televiziyada muğam verilişlərini (istər müsabiqə olsun, istər konsert, istərsə də muğam gecələrini) izləməlidir. Bütün deyilənlər xanəndəlik sənətinin inkişafı və püxtələşməsi üçün geniş yollar açır.
Rafael Musayev xanəndə sənətinə qoyulan tələbləri belə müəyyən etmişdir:
- Xanəndə mahir musiqiçi, ifaçı sənətkar olmalıdır ki, sazəndələri öz arxasınca apara bilsin. Bunun üçün onun gözəl, məlahətli səsi ilə yanaşı o, muğam, bir sözlə ənənəvi musiqimizin rəngarəng çalarlıqlarının bilicisi olmalıdır (2, s. 21).
- Xanəndə eyni zamanda möhkəm ritmə malik olub mahir dəf çalmaq qabiliyyətinə sahib olmalıdır ki, sazəndə üçlüyünün tərkibində özünü müşayiət edə bilsin. Bunun üçün yüksək istedada malik olmaq lazımdır. Çünki təcrübə göstərir ki, xanəndələrin çox az hissəsi bu qabiliyyətə malikdir.
- Xanəndə poeziyanın, xüsusən də qəzəl janrının dərin bilicisi olmalıdır ki, oxuduğu qəzəli bəhrlərə görə düzgün bölə bilsin. Musiqi sənətinin bu sahəsi üzrə aparılan araşdırmalar göstərir ki, sözün musiqi ilə vəhdətindən olduqca çox şey asılıdır. Bu baxımından ümumi ahəng qanununun pozulmaması üçün xanəndə Şərq, xüsusən də Azərbaycan poeziyası nümunələrini, qanunauyğunluqlarını dərindən bilməlidir.
- Xanəndə yaradıcı sənətkar olduğu üçün musiqi nəzəriyyəsinin bəzi xüsusiyyətlərini məsələn: ladları, modulyasiya formalarını, elementar musiqi nəzəriyyəsini bilməlidir.
- Xanəndə müxtəlif məclislərdə oxuduğu üçün psixologiya elmini və muğamların emosional təsir vasitələrini dərindən bilməlidir. Bunun üçün xanəndə kamil elmi bilikli, zəngin təcrübə sahibi olmalıdır. Xanəndəlik peşəkar sənət növü olduğu üçün yuxarıda adları çəkilən sahələrin sintezinin yüksək formada həyata keçirilməsinin böyük əhəmiyyəti vardır” (2, s. 21-22).
Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov, Canəli Əkbərov, Zabit Nəbizadə, Aygün Bayramova, Nəzakət Teymurova, Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Qəndab Quliyeva kimi xanəndələrimiz bu sənətdə öz möhürünü vurmuş ustad sənətkarlarımızdandır. Onların yetişdirdiyi gənclər xanəndəlik sənətinin inkişafı üçün bir yoldur.
Burada böyük rus bəstəkarı M.İ.Qlinkanın sözləri yadıma düşdü. O, demişdir: “Musiqini xalq yaradır, biz bəstəkarlar isə onu aranjman edirik”. Mən deyərdim ki, muğamlarımızı, bəstəkarlarımızın bir çox mahnılarını, xanəndələrimiz gözəl səsləri ilə oxuyaraq, hər dəfə yeni nəfəs verərək, onların ömrünü sanki əbədiləşdirmişlər və bu əbədiləşdirmə ömürlük yaddaşlara həkk olunmuşdur.
Muğamları nəsildən-nəslə çatdıran, onlara yeni-yeni guşələr və xallar əlavə edib zənginləşdirən xalq xanəndələri olmuşlar (4, s. 12).
Azərbaycanda xanəndəlik sənətinin mənşəyi və inkişaf yolları az tədqiq olunmuşdur. Bu sahədə məlumatın azlığı hər addımda hiss olunur. Lakin əldə etdiyimiz bəzi mənbələrə və məxəzlərə istinadən demək olar ki, xanəndəlik sənəti Orta əsrlərdə şəhərlərin inkişafı ilə əlaqədar meydana gəlmişdir. O, zamanlar xanəndələr əsasən şəhər əyanlarının düzəltdikləri ziyafətlərdə, toy şənliklərində, karvansaralarda, çayxanalarda və yarmarkalarda çıxış etmişlər. Xanəndələr əsasən, fars dilində yazılmış qəzəlləri və təsnifləri oxuduqlarına görə kəndlilər xanəndələri öz məclislərinə dəvət etməzdilər. Kənd məclislərinin yaraşığı ya aşıqlar, ya da zurnaçılar dəstəsi olardı (4, s. 12).
Onu da milli iftixar hissi ilə qeyd etməliyik ki, muğam musiqisinin əzəmətli və nikbin təranələri, onun mahir ifaçılarının ölməz sənəti təkcə Şərqin deyil, həm də Avropanın bir çox elm, mədəniyyət və incəsənət xadimlərini məftun etmişdir. Dünyanın xalq musiqisi pərəstişkarları klassik xanəndələrimizi heyrətlə dinləmiş, onların sənətinə yüksək qiymət vermişlər (4, s. 11).
Burada F.Əmirovun çox gözəl dediyi kəlamlarını nəzərinizə çatdırmaq istəyirəm. “Musiqi mədəniyyətimizin yeni yüksəlişi, yeni böyük nailiyyəti naminə ifaçılıq sənətinə tələbkarlığı artırmaq, həqiqi istedadları qayğı ilə tərbiyələndirmək, onları qocaman ifaçılarımızın zəngin təcrübəsi ilə silahlandırmaq lazımdır. Sənətkarlıq, yüksək tələbkarlıq bizim ən müqəddəs vəzifəmizdir. Bunsuz əsl sənət və əsl sənətkar yoxdur” (3, s. 70).
Qeyd edək ki, xanəndələr çox vaxt öz istək və arzularına görə istər rəngi, istərsə də təsnifləri seçirlər. Bəzən isə elə olur ki, bəstəkarlıq qabiliyyətinə malik olan xanəndələrimiz özləri (məsələn, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Əlibaba Məmmədov, Hacıbaba Hüseynov, Arif Babayev) yeni təsnif, rəng, mahnılar bəstələyirlər. Deməli, belə nəticəyə gəlmək olar ki, xanəndəlik sənəti durmadan inkişaf edir və pərvazlanır. Ümumiyyətlə, son zamanlar xanəndəlik sənətinə axın, muğamlarımıza meyillik, onun təbliği, gənclərimiz arasında geniş yayılmışdır. İnanırıq ki, muğamlarımız bundan sonra da inkişaf edəcək, xalqımızın estetik zövqünün formalaşmasında öz bəhrəsini verəcəkdir.
Bir məsələyə də toxunmaq istərdik. Uzun illərdir ki, muğam ifaçılığı iki qismə bölünübdür: zilxanlar, pəsxanlar. Muğam ifaçılığından söhbət gedərkən bu bölgü ilə razılaşmaq müəyyən mənada çətin olur. Əsl muğam ifaçısının səsi gərək tarın 22 pərdəsini maneəsiz gəzə bilsin. Əks halda, muğamın tam ifasından söhbət gedə bilməz. Muğamın bütün şöbələrini öz kökündə, öz pərdəsində oxumağa iqtidarı çatmayan, bəhrli muğamlarımızın birini belə oxumayan xanəndəni necə muğam ifaçısı adlandırmaq olar? Bəzi xanəndələrimiz bir qayda olaraq “Rast”ı “Əraq”la, “Çahargah”ı “Müxalif”lə, “Şur”u “Şikəsteyi-fars”la, “Segah-Zabul”u “Mübərriqə” ilə tamamlamaqla bitkin sənət inciləri haqqında, onların ifa tərzi barədə dinləyicilərdə natamam, səhv təsəvvür yaradırlar. Axı, nə vacib olub ki, muğamı yarımçıq oxuyasan? Yaxşı olmazmı ki, həmin müğənnilər bu və ya digər muğamın səslərinə uyğun gələn, gücləri çatan şöbələrini ifa etsinlər. İstər klassik, istərsə də müasir nəğməkarlar belə təşəbbüslər etmişlər. Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov, Arif Babayev kimi ustad xanəndələrin ifasında “Çahargah”ın “Hisar-müxalif”, “Rast”ın “Vilayəti-Dilkeş” şöbələri lentə yazılmış və eşidənlərin rəğbətini qazanmışdır (1, s. 138).
İstedadlı gəncləri, ənənə və orijinallığı ilə seçilən ifaçıları – istər hər hansı bir musiqi alətində çalan olsun, istərsə də oxuyan olsun – belələrini təbliğ etmək nəinki lazımdır, hətta vacibdir (1, s. 138).
Bir sözlə xanəndələr öz sənətlərinə tələbkarlıqla yanaşmalı, dinləyiciləri isə mənəvi cəhətdən qidalandırmalıdır.
Məqalədə xanəndə sənətinin inkişafı naminə onun qarşısında çox ciddi vəzifə və tələblər qoyulmuşdur. Bu vəzifə və tələblər ayrı-ayrılıqda müəyyən hissələrə bölünmüşdür. Həmin tələb və vəzifələrin öhdəsindən xanəndələrimiz layiqincə gələrsə, peşəkar ifaçıya çevrilə bilərlər. Belə olmazsa, əlbəttə, biz heç bir nəticə əldə edə bilmərik. Mən inanıram ki, illər keçdikcə, xanəndələrimiz durmadan artacaq, bu sənət aləmini daim yaşadacaqlar. Tam əminliklə deyə bilərik ki, muğamlarımız etibarlı əllərdədir. Yaşadığımız, etibar etdiyimiz gələcəyə gedən bu yolda (xanəndəlik sənətinin inkişaf yollarında) onlara yorulmadan, durmadan çalışmalarını tövsiyə edək!
İstifadə edilmiş ədəbiyyat:
- Məmmədov V.M. Muğam, söz, ifaçı. B.: İşıq, 1981, 144 s.
- Musayev. // “Qobustan” jurnalı, №2, 2002, s. 21-22.
- Əmirov F.C. Musiqi səhifələri (çıxışları və məqalələri). B.: İşıq, 1978, 144 s.
- Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
A view of the ways of development in Khanande`s (singer`s) art.
SUMMARY
The paper deals with the historical ways and modern position of the Azerbaijani Khanande`s art. The most necessary duties and demands which should be fulfilled at present are emphasized by the anther.
Key words: Khanande (a singer), art, mugham, Mrs Mehriban Aliyeva, A.Vahid
Взгляд на пути развития искусства певцов — ханэндэ .
Резюме
В статье рассматриваются исторические пути и современное состояние искусства ханэндэ в Азербайджане. Подчёркиваются самые необходимые обязанности и требования, которые должны быть выполнены в настоящее время.
Ключевые слова: ханэндэ (певец), искусство, мугам, первая леди Мехрибан Алиева, А.Вахид.
Rəyçilər:
professor A.Babayev;
professor M.İbrahimov.