Qəbələnin toy musiqisi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2017
AMK-nın magistrantı
Email: lale.ismayilova92@mail.ru
UOT: 78.031.4
QƏBƏLƏNİN TOY MUSİQİSİ
Xülasə: Təqdim olunan məqalədə Azərbaycanın çoxəsrlik tarixə malik gözəl guşələrindən biri olan Qəbələ rayonunun toy musiqisindən danışılır. Burada mövcud olan adət-ənənələrin, toyda ifa olan musiqi nümunələrinin araşdırılıb elmi ictimaiyyətə tanıdılması qarşıya məqsəd qoyulmuşdur.
Açar sözləri: Qəbələ, Azərbaycan, toy, musiqi, ifa
Dünya xalqlarının etnik soy kökünün, adət-ənənələrinin, tarixinin və onların inkişaf mərhələlərinin öyrənilməsində folklor xüsusi əhəmiyyət kəsb edir. Doğum, toy, yas mərasimləri insan həyatını tənzim edən mərhələlər olub, xalqın həyat təcrübəsindən törəmişdir. Bu vaxt icra edilən ayinlər, istifadə olunan poetik mətn və nəğmələr həyatı, məişəti, xalqın cəmiyyətə olan münasibətini əks etdirir.
Folklorun mərasim janrına daxil olan toy mərasimlərimiz tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının keçdiyi inkişaf yolunu, onun mənəvi, psixoloji dünyasını özündə qabarıq şəkildə göstərən ümumi cəhətləri ilə yanaşı digər Şərq xalqlarının folklorundan öz spesifikası ilə fərqlənir. Toy mərasimlərinin elmi tədqiqi zamanı onun növləri, müxtəlif quruluş formaları və başlıca olaraq burada ifa olunan musiqinin rolu və yerini araşdırmaq vacibdir. Toy elə bir mərasimdir ki, insan cəmiyyətinin təkamül prosesinin mərhələlərini özündə əks etdirib, daima yeniləşərək hər bir dövrə uyğun müasir tərzdə tərtib olunur. Toyun bu xüsusiyyəti ona keçmiş və müasir dövrlər arasında bir körpü kimi baxmağa imkan yaradır. Odur ki, Azərbaycanda mövcud olan müxtəlif toy mərasimlərinin Azərbaycan etnoqrafiyası və etnomusiqişünaslığı baxımından təhlili böyük elmi mahiyyətə malikdir.
Toy mərasiminin qədim tarixə malik olmasını və uzun təkamül prosesinin nəticəsi olması elə “toy” sözünün məna çalarlarında görmək olar. Türkdilli xalqlarda “toy” sözü geniş anlamda “şənlik”, “yığıncaq” mənasında işlənilir. Ona görə də təsadüfi deyil ki, “toy” sözünün əvvəlində və ya axırında mütləq yığıncağın əsl məqsədini göstərən hansısa təyinedici söz durmalıdır. Məsələn: toy-düyün, toy-büsat, toy-nağara və s.
Azərbaycan etnomusiqişünaslığında toyda istifadə olunan el mahnıları, xanəndə, aşıqların iştirakı və xalq tamaşalarından bəhs edən xeyli miqdarda elmi əsərlər var. Etnomusiqişünaslığın digər sahələrində olduğu kimi, mərasim musiqisi haqqında ilk söz yenə də Üzeyir Hacıbəyliyə məxsusdur. O, 1920-ci illərdə yazılmış bir sıra elmi məqalələrində, xüsusən “Azərbaycan musiqi həyatına bir nəzər” adlı tədqiqatında qədim mərasim (toy və yas) musiqisindən söz açır. Müəllif qeyd edir ki, “Azərbaycanın bir çox mahallarında toy və düyün zamanı, yaxud bayram və başqa bir şadlıq günlərində camaat hamısı bir yerə yığılıb, iki tərəfli olaraq “deyişmələr” oxuyarlar, “zopu”ya gedərlər, öz-özlərinə çalıb-çağırırlar və yaxud bir şəxs öldükdə yas qurub (baxusus arvadlar) avaz ilə hamı birdən münasib məqam sözlər oxuyub (xor kimi), sonra ağlarlar. Bu yerdə musiqi istemalı xalq adətlərindən biri hesabında olub hamılıqla icra edilir” (5, s.216).
Azərbaycanda mərasim musiqisində bir neçə musiqişünas araşdırma apar-mışdır. Bunlardan S.Seyidovanın “Qədim Azərbaycan mərasim musiqisi” kitabını (12), S.Fərhadovanın mərasim musiqi sahəsində apardığı tədqiqat işi və “Обрадовая музыка Азербайджана” kitabını (15) göstərə bilərik. Azərbaycanın hər bir bölgəsinin özünəməxsus toy adət-ənənələri olduğu kimi Qəbələnin də özünəməxsus bir sıra fərqli toy adətləri var.Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. E.ə I əsrdə Böyük Plini yazırdı ki, Albaniyanın əsas şəhəri Kabalakadır. Paytaxtın VI əsrdə Parfaya (Bərdəyə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri Qəbələ olmuşdur. 1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV-b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Qəbələ 2013-cü ildə MDB dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur.
Qəbələdə hal-hazırda 4 musiqi kollektivi fəaliyyət göstərir. Bunlar:“Zopu-zopu” etnoqrafik folklor rəqs qrupu, “Gülüstan” folklor qrupu, “Gülbuta” folklor qrupu, “Cəngi” folklor qrupudur. Qəbələ toylarının musiqisinin araşdırılması zamanı bu qrupların bizə böyük köməkliyi olmuşdur. Bu qruplar içərisində ən “yaşlısı” “Zopu-zopu” entoqrafik folklor rəqs qrupudur. Qədimdə “Zopu-zopu” el məclis-lərində və əsasən toylarda 40 nəfər ilə oynanılırmış. Təxminən XX əsrin ortalarından bu qrup fəaliyyət göstərmişdir. Zaman keçdikcə üzvləri dəyişmişdir.
Ailə mərasimləri içərisində xüsusi yer tutan toy, xalqın məişət ənənələrinin ən kütləvisi olmaqla yanaşı, xüsusən kənd yerlərində adi mərasim çərçivəsindən çıxaraq ictimai-mədəni bir tədbirə çevrilir. Qəbələdə toyların gedişi ölkənin bütün bölgələrində olduğu kimidir. Ancaq öz spesifik xüsusiyyətləri də var. Qəbələ rayonunda çox qədim toy adətləri aşağıdakı qaydada keçirilir:
Toy adətlərinin mərhələsi | Musiqidən istifadə |
1. Qız bəyənmə | |
2. Qız gördü | |
3. Xəbər göndərmə | |
4. Kiçik elçilik | |
5. Böyük elçilik | |
6. Nişan | Musiqili |
7. Oğlan evində tədarük | |
8. Qız evinə paltar gətirilməsi | |
9. Parça kəsdi | |
10. Parça | |
11. Qız toyu | Musiqili |
12. Qız evində xına gecəsi | Musiqili |
13. Əşyaların oğlan evinə daşınması | |
14. Oğlan parçası | |
15. Oğlan evinə gəlin gələn gün | Musiqili |
16. Oğlan evində toy | Musiqili |
17. Üz açma | Musiqili |
18. Ayaqaçma |
Göründüyü kimi ənənəvi Qəbələ toyu mərasimi mərhələlərdən ibarətdir. Bu mərhələlər, “Qız bəyənmə”sindən başlayaraq “Ayaqaçma” və ya “Qonaqçağırma”da bitir. Yuxarıda qeyd olunan 18 mərhələdən 6-sı musiqi ilə həyata keçirilir: nişan, qız toyu, qız evində xına, oğlan evinə gəlin gələn gün, oğlan toyu, üz açma. Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar, kosmetik vasitələr, ziynət əşyaları, meyvə xonçaları gətirirlər. Bu mərhələlərin musiqi tərtibatı müxtəlif şəkildə istifadə olunur.
Nişan mərasimi adətən evdə keçirilir, burada kişilər və qadınlar ya ayrı otaqlarda oturur, ya da böyük bir zaldırsa birlikdə otururlar. Kişilər stolun baş tərəfindən, qadınlarsa ayaq tərəfindən yerləşirlər. Hal-hazırda bir neçə ildir ki, artıq nişan mərasimi restoranlarda həyata keçirilir. Nişan mərasimi harada keçirilməsindan asılı olmayaraq musiqi ilə icra olunur. Nişanda ifa olunan bir musiqi nümunəsini təqdim edək:
“Ay dili-dili” xalq mahnısını bizə Qəbələdə fəaliyyət göstərən “Gülüstan” folklor qrupu ifa etmişdir. Əsasən evdə keçirilən nişan mərasimində özünəməxsus bir şəkildə “əl çalma” ilə ifa olunur. Bildiyimiz kimi “Ay dili-dili” xalq mahnısı Azərbaycanın bütün rayon və şəhərlərində oxunur. Qəbələdə bu mahnının sözləri fərqlidir.
“Ay Dili-dili” xalq mahnısı
“Gülüstan” folklor qrupunun ifasında
Nümunə 1
“Ay dili-dili” xalq mahnısının not yazısı “Azərbaycan xalq mahnıları” məcmuəsində öz əksini tapmışdır (18, s . 94). Qəbələdə ifa olunan “Ay dili-dili” ilə “Azərbaycan xalq mahnıları” məcmuəsində olan “Ay dili-dili” mahnılarının oxşar və fərqli cəhətləri var. İlk növbədə məqam tərəfdən araşdırdıqda görürük ki, “Azərbaycan xalq mahnıları” məcmuəsində olan “Ay dili-dili” xalq mahnısı şur məqamındadır. Bildiyimiz kimi şur məqamında olan mahnılar şən, şux ruhda olur. Məhz “Azərbaycan xalq mahnıları” məcmuəsindəki “Ay dili-dili” xalq mahnısının da bu əhval-ruhiyyəyə malik olduğunu görürük. Lakin Qəbələdə ifa olunan “Ay dili-dili” xalq mahnısı mi mayəli segah məqamında oxunur. Segah məqamında ifa olunan mahnılar əsasən məhəbbət hissi oyadaraq həzin səslənir, lakin bu “Ay dili-dili” xalq mahnısına aid deyil. Bu mahnının Qəbələdə segah məqamında səsləndiyinə baxmayaraq əhvali-ruhiyyə cəhətdən məcmuədəki versiya kimi şən, şux ruhdadır.
Qəbələdə ifa olunan “Ay dili-dili” xalq mahnısı kuplet formasındadır. Birinci kuplet təkrar quruluşlu üç cümlədən ibarətdir və hər cümlə mayədə deyil, mayənin üst aparıcı tonunda tamamlanır. Lakin “Azərbaycan xalq mahnıları” məcmuəsindəki “Ay dili-dili” xalq mahnısında olan üç cümlə məhz mayə pilləsi ilə tamamlanır. Bu fərq habelə melodik hərəkətdə nəzərə çarpan bəzi gedişlər Qəbələdə oxunan “Ay dili-dili” mahnısını onun “Azərbaycan xalq mahnıları” məcmuəsində dərc olunmuş variantından fərqləndirir. Bu tərz fərqlər mahnının nəqarət hissəsində də diqqəti cəlb edir.
Nəqarət bölməsi 2 cümləli period formasındadır: a+a1. Qəbələdə oxunan bu mahnının nəqarət hissəsində məcmuədə dərc olunan şur məqamı hiss olunur. Hətta bu əhval ruhiyyəyə də təsir edir və bu fərq hiss olunur. Nəqəratda mayənin üst kvintası ilə başlayan melodiya mayə ilə tamamlanır. Burada mayənin üst aparıcı tonunun yarım ton zilləşməsinə də rast gəlinir.
Maraqlıdır ki, Qəbələdə ifa olunan mahnıda ikinci kuplet melodik baxımdan eynilik təşkil etsə də burada temp dəyişməsinin şahidi oluruq. Moderato tempi allegro tempi ilə əvəz olunur. Nəqəratda da bu temp saxlanılır. Lakin “Azərbaycan xalq mahnıları” məcmuəsində bu mahnı əvvəldən sona kimi allegretto tempindədir.
Nişandan sonrakı musiqili mərhələ məhz “Qız toyu”dur. “Parça” və “Qız toyu” mərhələləri eyni gündə həyata keçirilir. Əksər hallarda parça mərasimi günorta saat birdə başlayır. Burada əvvəl şirniyyat masası açılır, sonra yeməklərdən yalnız “Qəbələ aşı” verilir. Təxminən saat 3 üçün “parça” mərasimi bitdikdən sonra toy keçirilən yer səliqəyə salınır.
“Qız toyu” əsasən saat 18:00-da başlayır və gecə yarısına kimi davam edir. Bu mərasimdə musiqiçi dəstəsi oğlan evi tərəfindən gətirilir, gəlini atası evindən götürüb toy mərasimi olan yerə aparırlar. “Qız toyu”nda ifa olunan bir nümunəni təqdim edək.
“Buleyli” xalq mahnısı.
Nümunə 2 “Gülüstan” folklor qrupunun ifasında
Qəbələdə ifa olunan “Buleyli” xalq mahnısına biz, “Azərbaycan xalq mahnıları” məcmuəsində (18, s. 156) “Muleyli” adı altında rast gəlirik. Hər iki variantda bu mahnı segah məqamındadır. Qəbələdə halay üslubunda ifa olunan bu mahnı fa mayəli segahda oxunmuş, lakin məcmuədə dərc olunan versiyada isə mi mayəli segahdadır.
Qəbələdə ifa olunan versiyada mayə ilə başlayan melodiya ilk cümlədə mayənin tersiyası ilə tamamlanır (yarım kadans). II cümlə mayənin üst aparıcı tonu ilə başlayır və mayə ilə bitir. Sonrakı iki cümlələr isə ilk və ikinci cümlənin eynilə təkrarıdır.“Azərbaycan xalq mahnıları” məcmuəsində dərc olunan versiyada da mayə ilə başlayan melodiya ilk cümlədə mayə tersiyası ilə tamamlanır.Lakin II cümlə mayə tersiyası ilə başlayır və mayə ilə bitir. Son iki cümlələr Qəbələdə ifa olunan versiya kimi əvvəlki iki cümlənin eyni təkrarıdır. Nəqərata gəldikdə hər iki versiyada melodiya mayənin kvartası ilə başlayır, mayə ilə tamamlanır.
Bu versiyaları nəzərdən keçirdikdə onlardan birinin mi mayəli, digərinin fa mayəli segahda səslənməsinin şahidi oluruq. Hər iki versiyada segah məqamında olan “Buleyli” xalq mahnısı kuplet formasında, allegro tempindədir. Bircümləli period üç təkrar quruluşlu motivdən ibarətdir, 6/8 ölçüsündədir. Mayə ilə başlayan melodiya x4 yuxarı sıçrayış edərək sekvensiyalarla aşağıya doğru enir və mayədə tamamlanır. Nəqərat da bir cümləli preiod formasında olub iki təkrar quruluşlu ibarədən ibarətdir. Enən melodik hərəkət mayənin üst kvartasında başlayıb mayədə tamamlanır (x4 diapazonu (fis1— h1). Xarakter cəhətdən şən, rəqsvari əhvali-ruhiyyədədir.
Növbəti musiqili mərhələ “Qız evində xına gecəsi”dir. Bu mərhələ oğlan toyundan iki gün əvvəl həyata keçirilir. Xına gecəsində cavan, subay qızların əllərinə xına qoyulur. Musiqi müşayəti ilə rəqs edirlər. “Xına gecəsi”ndə ifa olunan bir musiqi nömrəsini göstərək. “Əzizinəm dəstə gül” xalq mahnısına biz heç bir məcmuədə rast gəlməmişik.
Mi mayəli segah məqamında olan “Əzizinəm dəstə gül” mahnısı kuplet formasında yazılmışdır. 3 təkrar quruluşlu cümlədən ibarətdir. 2/4 ölçülü, Allegro tempindədir. Punktir ritm, triollarla hərəkət mahnı boyu üstünlük təşkil edir. Melodik baxımdan enən hərəkətlidir. Mayədə başlayan melodiya x4-ya (xalis kvarta) sıçrayış edərək sekvensiya motivləri ilə aşağıya enib mayədə tamamlanır. Nəqərat isə təkrar cümləli period formasındadır. Ritmik baxımdan eynilik qalsa da melodik xəttdə fərq duyulur. Diapazonu B6 intervalı (C1-A1) həcmindədir.
“Əzizinəm dəstə gül” xalq mahnısı
Nümunə 3 “Gülüstan” folklor qrupunun ifasında
“Xına gecəsi” mərhələsindən sonrakı musiqi ilə həyata keçirilən mərasim “Oğlan evinə gəlin gələn gün”, yəni gəlinin gətirilməsidir. Bu mərhələdə“Vağzalı” rəqsinin müşayiəti ilə gəlin aparılır. Ata evini tərk etmək istəməyən gəlini yalnız bu musiqi ilə evdən çıxarırlar.
Növbəti musiqili mərhələ “Oğlan toyu”dur. Qızı səhər saatlarından ata evindən götürüb bəy evinə gətirərdilər. Sonra axşam saat 18:00-da oğlan toyu başlayardı.
Qəbələdə mövcud olan toy adət-ənənələrini, toy musiqisi haqda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlirik ki, Qəbələ rayonunun məhəlli musiqi folkloru, o cümlədən toy musiqi folkloru bir sıra özünəməxsus cəhətlərə malikdir və onun üzə çıxarılması, nümunələrin toplanması və tədqiq olunması etnomusiqişünaslığımız üçün önəmlidir.
ƏDƏBIYYAT:
- Abdulla B. Azərbaycan mərasim folkloru. B.: Qismət, 2005, 208 s.
- Abdullayeva Z. Azərbaycan toy mərasim musiqisi. dissertasiyasının avtoreferatı. B.: 1995, 208 s.
- “Azərbaycan xalq musiqisi antologiyası”. 7 cild. B.: Elm, 2003-2006
- Babayev E. Ənənəvi musiqimiz. B.: Elm, 2001,146 s.
- Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları, IV nəşr, B.: Yazıçı, 1985, 154 s.
- Hüseynov İ. H. Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. B.: 2014, 269 s.
- Xalıqzadə F. Azərbaycan məhəlli musiqi folkloru. / Folklor və etnoqrafiya. №3, 2013, s.96-101
- Məhyəddinqızı Ş. Azərbaycanın İsveçrəsi. B.: Nasir, 2008, 302 s.
- Quliyev H.A. Məişətimizdə adət və ənənələr. B.: Azərbaycan Dövlət Elm, 1976, 102 s.
- Quliyev H.A., Məmmədov Ə.S. Azərbaycan adət və ənənələri. B.: Elm,1966.126 s.
- Paşayeva M. Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 2008, 150 s.
- Seyidova S. Qədim Azərbaycan mərasim musiqisi. B.: 1994, 99 s
- Zöhrabov R.F. Şifahi ənənəli Azərbaycan profesional musiqisi. B.: “Azərbaycan ensiklopediyası” nəşriyyat-poliqrafiya birliyi, 1996, 72 s.
Rus dilində
- Исазаде А., Касимов К. Музыкальный фольклор. Расцвет Азербайджанского искусства. Б., Элм,1986, 121 с.
- Фархадова С. Обрадовая музыка Азербайджана. Б.: Элм, 1991, 130 с.
Saytoqrafiya
- Həsənzadə M. Müasir toy və adət-ənənəli toy. / “Joy.az” veb saytı,11.10.2009. URL: http://joy.az/interesting/7879-muasir-ve-adet-eneneli-toy.html
- GSR.FM online radiosu. Mövzu: Toy adət-ənənələri: Keçmişdə və indi
URL:http://gsr.fm/toy-ad%C9%99t-%C9%99n%C9%99n%C9%99l%C9%99ri-kecmisd%C9%99-v%C9%99-indi/
Notoqrafiya
- Kərimi S.Ə.Azərbaycan xalq mahnıları. Red.:Elnarə Dadaşova I cild. B.: Öndər, 2005, 168 s.
- Kərimi S.Ə.Azərbaycan xalq mahnıları. Red. Elnarə Dadaşova. II cild, B.: Öndər, 2005. 128 s.
Магистрант АНК
СВАДЕБНЫЕ МУЗЫКАЛЬНЫЕ ТРАДИЦИИ ГАБАЛЫ
Резюме: В статье говориться о свадебных музыкальных традициях Габалинского района — одного из самых древних исторических регионов Азербайджана.
Ключевые слова: Габала, Азербайджан, свадьба, музыка
Master of art of ANC
WEDDING MUSICAL TRADITIONS OF GABALA
Summary: The article talks about the wedding musical traditions of Gabala region — one of the most interesting (in historical terms) regions of Azerbaijan.
Key words: Qabala, Azerbaijan, wedding, music
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jale Qulamova