Qəbələ rayonu “Zopu-zopu” etnoqrafik folklor xalq kollektivi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
AMK-nın doktorantı
Ünvan: Baki, Yasamal r-nu Ələsgər Ələkbərov 7
Email: xeyale871@mail.ru
UOT: 78.031.4
QƏBƏLƏ RAYONU “ZOPU-ZOPU” ETNOQRAFİK FOLKLOR XALQ KOLLEKTİVİ
Xülasə: Məqalədə Qəbələ rayon Bum qəsəbəsində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansambılının fəaliyyətindən, repertuarından və əldə etdiyi nailiyyətlərdən bəhs olunur.
Açar sözlər: Zopu-zopu, Qəbələ musiqi folkloru, xalq kollektivi, rəqs sənəti, oyun-rəqs
Əsrlərin süzgəcindən keçərək günümüzə qədər çatmış Azərbaycan folklor musi-qisi özündə xalqın tarixini, düşüncəsini, təfəkkürünü, ənənə və mərasimlərini, hətta coğ-rafi mühitini əks etdirib şifahi formada nəsildən-nəslə ötürülmüşdür. Zəngin nümunələri əhatə edən milli musiqimiz şifahi şəkildə digər nəsillərə ötürüldüyü üçün illər keçdikcə onların bəziləri variant dəyişikliyinə uğramış, bir çoxları isə tədricən unudulmaq üzrədir. Bu baxımdan həmin nümunələrin toplanıb nota yazılması, onların qədim ifa ənənələri, bölgələr üzrə məhəlli xüsusiyyətləri və tətbiq olunduqları mərasim adətlərinin öyrə-nilməsi Azərbaycan musiqişünaslığının mühüm vəzifələrindən sayılır. Məsələnin vacib-liyini duyan dahi bəstəkar Üzeyir Hacıbəyli bu istiqamətdə XX əsrdən başlayaraq səmə-rəli işlər görmüşdür (1, s. 18). Sonralar folklor musiqisinin araşdırılması sahəsində musi-qişünaslar tərəfindən xeyli işlər görülməsinə baxmayaraq, hələ də öyrənilməmiş tərəflər qalmaqdadır. Biz də bu baxımdan folklor axtarışlarımızı Azərbaycanın bölgələrindən biri, 2009-cu ildən etibarən davamlı olaraq Beynəlxalq musiqi festivalı keçirilən Qəbələ rayonundan saldıq.
Məlum olduğu kimi, Qəbələ bölgəsi tarixən çox zəngin maddi-mənəvi dəyərlərə malikdir. Digər sahələrlə yanaşı, xalqın özünəməxsus folkloru yaranmış, illər keçdikcə cilalanmış, bəziləri isə təəssüflə qeyd etməliyik ki, unudulmuşdur. Artıq demək olar ki, yalnız yaşlı nəslin yaddaşında qalmış folklor məhv olmaq üzrədir. Bəlkə də bu səbəbdən kəndlərdə adət-ənənələrini, mədəniyyətini yaşadan xalq kollektivlərinin yaranmasına zərurət duyulur. Onlar öz ərazilərinin foklor nümunələrini toplayıb repertuarlarına daxil edir (bəzilərini səhnələşdirir) və beləcə nəsildən-nəslə ötürülməsində böyük rol oyna-yırlar. Bu kollektivlər nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da Azər-baycan musiqisini təmsil və təbliğ edirlər. Belə kollektivlər tədqiqata cəlb etdiyimiz Qəbələ rayonunun bir neçə kəndində fəaliyyət göstərir ki, bunlardan “Zopu-zopu” etnoq-rafik folklor xalq kollektivini, “Cəngi” folklor ansambılını, qadınlardan ibarət “Gülüs-tan” folklor kollektivini, “Gülbuta” folklor qrupunu xüsusilə qeyd etmək lazımdır. Hər bir folklor kollektivi xalqın tarixini, milli adət-ənənəsini qoruyub yaşadır və gələcək nəslə ötürür. Əsasən əmək və mərasim musiqisini repertuara daxil edən kollektivlər yerli ifaçılıq ənənələrini də saxlayırlar. Məsələn, qonşu Şəki ərazisində yayılmış çubuqla ifa olunan kos nağara və bala kos Qəbələ musiqi mədəniyyətinə də daxil olaraq kollek-tivlərin bir neçəsində yer almışdır.
Hazırkı məqalədə isə Azərbaycanı dəfələrlə xarici ölkələrdə keçirilmiş musiqi festivallarında təmsil etmiş, Qəbələ rayonu Bum qəsəbəsində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik folklor xalq kollektivi haqqında danışmaq istərdik.
Məlumdur ki, hələ keçən əsrin sonlarına qədər toy mərasimi 3-4 gün davam edərdi. Onun ikinci günü isə xüsusi oyunlar, güləşlərin keçirilməsilə müşahidə olunurdu. Bu zaman oynanılan oyunlardan biri də “Zopu-zopu” xalq oyunudur. Elə bu kollektivin adı da Qəbələ-Şəki zonasında “Zopu-zopu”, Şərurda “Gopu”, Lənkəranda “Zupa” ad-lanan “Çöp-çöpu” yallısının adından götürülmüşdür. “Zopu-zopu”nun mənası isə güc, birlik, qüvvət deməkdir. Yallının ikinci adı “Dördayaq”dır. Bu isə onun xore-oqrafiyasında dörd addımlı ünsürdən istifadə olması ilə izah edilir. Bu yallılar (“Zopu-zopu”, “Zopı-zopı”, “Zotı-zotı, “Zupa”, “Çopı”) müxtəlif cür adlansa da, mahiyyətcə eyni rəqslərdir.
1980-cı ildə Bum qəsəbə mədəniyyət evində yaranmış “Zopu-zopu” etnoqrafik folklor xalq kollektivi 12 nəfərdən ibarət heyətlə fəaliyyətə başlayıb. 1989-cu ildə isə xalq kollektivi adını qazanmışdır. Kollektivin ilk yaradıcısı Bum kənd sakini Eldar Asla-nov olub. Onu tanıyanların sözlərinə görə kollektivin təşkilində Eldar müəllim xeyli əmək sərf etmiş, hər bir kollektiv üzvünə, onun istedadına fərdi yanaşmışdır. Eldar As-lanovun rəhbərliyi altında kollektiv fəaliyyətinin təkamül və inkişaf dövrünü yaşamışdır. Bir çox ölkədaxili və xarici tədbir, festival, müxtəlif konsertlərdə uğurlu çıxış edən ansambl öz layiqli qiymətini almışdır. Belə ki, SSRİ Mədəniyyət Nazirliyinin diplomu (1982), SSRİ Dövlət Akademik Xalq rəqs ansamblının diplomu (1985), Ümumittifaq Xalq Yaradıcılığı festivalı laureatı (1987), Ümumittifaq Folklor Kollektivinin baxış müsabiqəsinin diplomu (1988), Ümumdünya folklor festivalında bürünc medal (1988), Volqoqrad şəhərinin 400 illik yubileyində çıxışına görə fəxri fərman (1989), Türkiyə folklor festivalının diplomu (1989) və s. bu kimi nailiyyətlər əldə etmişlər. Kollektivin yaradıcısı, ilk bədii rəhbəri Eldar Aslanov isə, Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyi xidmətinə görə dövlət tərəfindən Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Hazırda kollektivin bədii rəhbəri Abdulov Səxavət Sədyar oğludur. Digər üzvləri isə – Hacıyev Bəşir, Abdulov Orxan, Mahmudov Rauf, Mürsəliyev Eldar, Ağammədov Məsim, Abdullayev Bəkir, Şükürov Vüqar, Quliyev Elşən, Kazımov Rəşad, Baxışov Habil, Xanlarov Nurəddin, Qaçayev Fərasətdir. 13 könüllü üzvü olan ansambl Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərir və rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə, eləcə də paytaxtda keçirilən mərasimlərdə fəal iştirak edir.
İfa zamanı onları zurna, kos-nağara və bala kos alətləri müşayiət edir. Maraqlısı isə zurna ifaçılığı ənənəsinin Şamaxı məktəbi ilə əlaqəli olmasıdır. Şamaxının mahir zurna ifaçısı Əli Kərimovun ifaçılıq məktəbi Qəbələ rayonunda da öz təsirini göstər-məkdədir. Kollektivin istifadə etdiyi geyimlərə kürk, çarıq, yun corab, yun papaq, qurşaq, parça köynək və dəvə müqəvvası kimi milli geyimlər, mədəniyyətimizi əks etdi-rən detallar daxil edilmişdir.
Daha çox unudulmuş folklor musiqisinə müraciət edən kollektiv onu yaşatmağı bacara bildi. Hətta, bir sıra ənənələr səhnədən yenidən xalq arasına dönmüş, qeyri-peşəkar ifaçıların yaddaşlarında yer almışdır. Kollektiv ifa etdikləri oyun və rəqsləri Qəbələ bölgəsində yaşayan yaşlı insanlardan toplayaraq repertuarlarına daxil etməklə onlara ikinci həyat vermişlər. Ansamblın repertuarına “Zopu-zopu” oyunu (bura – “zəncirvari hərəkət”, “Leyqala”, “Ənzəli” rəqsləri, “üçlü fırlanma” və iti rəqslər da-xildir), “Dəvə oyunu” (bura – “Yallının gedişi”, “Uşaq oyunu”, “Nehrə oyunu”, “Kəmiklə oyun”, “Odla oyun”, “Kövşəri” rəqsi daxildir), “Çobanlar” rəqsi, “İgid-lər”rəqsi, “Xanım gəldi” (rəqsin girişi, xanəndə oxuması və xanımın rəqs etməsi, nəlbəki ilə rəqs), “Üç oğlan və bir qız” adlı məzəli, etnoqrafik rəqs daxildir.
Repertuarda yer almış hər bir oyun-rəqs maraqlı xüsusiyyətlərilə diqqəti cəlb edir. Onlardan “Ənzəli” oyun-rəqsi xüsusilə seçilir. Bu oyunu eyniadlı “Ənzəli” rəqsi ilə qa-rışdırmaq olmaz. Demək olar ki, unudulmaqda olan həmin oyun-rəqs keçən əsrin 60-70-ci illərinə qədər musiqinin müşayiətilə bir neçə gün davam edən toy mərasimlərinin ikinci günündə oynanılmışdır. “Ənzəli” oyun-rəqsi yalnız kişilər tərəfindən ifa edilən oyunlardandır. Belə ki, oyunçular növbə ilə, hərə bir misra deyərək yerə çöməlir, digərləri isə növbə ilə onun üzərindən atılaraq öz sözlərini deyir və yerə əyilir:
1-ci: Ənzəli ay ənzəli
2-c: İkidə bir yan vurarlar
3-cü: Üçdə papaq atarlar
4-cü: A hostana hostana
5-ci: Keçi girdi bostana
6-cı: Vurdum qılçası sındı və i.a.
Beləcə oyun davam edir. Sonuncu iştirakçı bütün oyunçuların üstündən atılaraq oyunu tamamlayır. Şərtləri pozmadan sona qədər iştirak edən oyunçu qalib gəlir və hə-diyyəni qazanır. Toy mərasimi zamanı oynanılan “Ənzəli” oyun-rəqsində bəzən zərb alətinin müşayiətindən də istifadə olunur. “Ənzəli” oyun-rəqsi adını İran Azərbaycanının liman şəhəri Ənzəlidən götürüb. Bu rəqsin adına folklorşünas Əlihüseyn Dağlının (1898-1981) “Ozan Qaravəli” adlı əsərində rast gəlirik (3; 4). Rəqs haqqında əməkdar mə-dəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamal Həsənovun (1925-1996) “Qədim Azərbaycan xalq rəqsləri” adlı kitabında məlumat verilir (2, s. 35-36). Rauf Bəhmənli tərəfindən “Ənzəli” rəqsi notlaşdırılıb (5, s. 44-45).
“Ənzəli” oyun-rəqsi adi günlərdə də oğlanlar tərəfindən oynanılır. Bu oyunun ifasına keçən əsrin sonlarına qədər rast gəlmək olardı. Tədricən xalq arasında unudularaq itmək üzrə olan oyun-rəqs yenidən “Zopu-zopu” etnoqrafik folklor xalq kollektivinin repertuarında yer almışdır.
“Ənzəli”nin musiqi materialı bəzi üslub xüsusiy-yətlərinə görə arxaikliyini nüma-yiş edir. Melodiyadakı kiçik dia-pazon, sıçrayışlar, reçitativlik, öl-çüdəki sadəlik və b. Xüsusiy-yətlər bundan xəbər verir. Oyun-çuların ifa etdiyi reçitativ xarak-terli melodiyalar sanki bir-birinə cavab verir və ¾ ölçünün daxi-lində biri digərinin təkrar olma-yan, müxtəlif qruplaşmalar şəklində növbələşir.
“Zopu-zopu” etnoqrafik folklor xalq kollektivinin qədim xalq oyun-rəqslərindən ibarət repertuarına daxil edilən hər bir nümunə özündə milli mədəniyyətimizi əks etdir-məklə yanaşı, zəngin ənənələri ehtiva edir. Bu baxımdan onların ayrılıqda tədqiq edil-məyə ehiyac olduğundan gələcək məqalələrdə öz həllini gözləyən məsələ kimi mövzuya toxunmağı zəruri sayırıq.
ƏDƏBİYYAT:
- Hacıbəyov Ü.Ə. El musiqisi haqqında. Seçilmiş əsərləri. B.: Yazıçı, 1985, 653 s.
- Həsənov K.N. Qədim Azərbaycan xalq rəqsləri. B.: İşıq, 1983, 60 s.
- Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. II hissə (“Oynamaqda təfavüt” və “Azərbaycan musiqisinin coğrafi xəritəsi” məqalələri). AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fon C-1021/9974 şifrəli əlyazma.
- Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. III hissə (“Xalq rəqsindən” məqaləsi). AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunun fondu, C-1175/38009 şifrəli əlyazma.
- Bəhmənli R.B. Azərbaycan xalq rəqsləri. B.: Adiloğlu, 2002, 158 s.
Докторант АМК
ЭТНОГРАФИЧЕСКИЙ ФОЛЬКЛОРНЫЙ НАРОДНЫЙ КОЛЛЕКТИВ “ЗОПУ-ЗОПУ” ГАБАЛИНСКОГО РАЙОНА
Резюме: В статье отмечается репертуар, творческая деятельность этногра-фического танцевального ансамбля “Зопу-зопу”, действующего в посёлке «Бум» Габалинского района.
Ключевые слова: Зопу-зопу, музыкальный фольклор Габалы, народный коллектив, танцевальное исскусство, игра-танец
PhD candidate of ANC
SAVING TRADITIONS MUSIC FOLKLORE IN CREATIVE WORKS OF ETHNOGRAPHIC FOLKLORE NATIONAL COLLECTIVE “ZOPU-ZOPU” GABALA REGION’S
Summary: In this article are described performance, repertoire and achievments of etnographic folklore dance ensemble “Zopu-zopu”, which acting in the «Bum» settlement of Gabala region.
Key words: Zopu-zopu, music folklore of Gabala, national collective, the art of dance, game-dance
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru Cəmilə Həsənova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev