AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

Əhsən ƏHMƏDOV

AMK-nın baş müəllimi

Email: ehsen.ehmedov@gmail.com

UOT: 781,7

ARİF BABAYEVİN TƏSNİF YARADICILIĞI

endir

 

PDF 

 

 

 

Xülasə: Arif  Babayevin yaratdığı mahnı və təsniflər 30-a yaxındır. Onların çoxu Segah təsnifləridir. Göstərilən təsniflərin məzmunu ehtiras, hicran və şikayət lirikası motivlərini özlərində əks etdirir.

Açar sözlər: Arif Babayev, təsnif, ifa, mahnı, muğam

Görkəmli xanəndə Arif Babayev həm də 30-a yaxın mahnı və təsnifin müəllifi kimi tanınır. Bu nümünələr əməkdar müəllim, professorMalik Quliyev tərəfindən nota salınaraq 2012-ci ildə məcmuə şəklində nəşr olunmuşdur (1). Məcmuədəki təsniflərin təhlili onu göstərir ki, xanəndənin çox sevdiyi “Segah” muğamı onun yaradıcılığında Segah təsniflərinin üstünlük təşkil etməsini şərtləndirmişdir. Bunlardan “Ay mənim məhəbbətim”, “Gəl, gəl maralım gəl”, “Gəncədən fayton gəlir”, “Gəl məni aldatma gözəl, bəxtəvər”, “Qara telin incə belə” sözləri ilə tanınan təsniflər xanəndələrin repertuarına “Segah” təsnifləri kimi daxil olmuşdur. Lakin bununla yanaşı, digər muğamlara əsaslanan təsniflər də məcmuədə yer almışdır.

Məzmununa gəldikdə isə onu deməliyik ki, göstərilən təsniflər özlərinin melodik çalarlığı baxımından ehtiras, hicran və şikayət lirikası motivlərini əks etdirir. Təsniflərin sözlərindəki sadəlik, səmimilik, musiqinin lirik­liyi dinləyicini düşünməyə, sevməyə səsləyir, insanın mənəvi dünyasını zənginləşdirir. Son dövrlərdə daha çox məşhurlaşan “Samovarın xəkəsi”  təsnifinin sözlərinə diqqət ye­tirsək bunun şahidi olarıq:

Samovarın xəkəsi,

Yoxdur yarın vəfası.

Yara bir köynək aldım,

Güləbatın yaxası.

***

Gülən gülün eylərəm,

Gülü xəndan eylərəm.

Öz yarımı versinlər,

Özgəsini neylərəm.

Lirik xalq mahnıları ruhunda olan bu nümunə öz musiqi quruluşuna görə poetik mətnlə sıx bağlıdır. Mahnının hər melodik bəndi üç cümlədən ibarətdir. Birinci musiqi cümləsi üç ibarədən təşkil olunur. Əsas musiqi ibarəsinin (2 xanə) oxunmasından sonra nəqəratvari sözlərlə oxunan musiqi ibarəsi (1 xanə) ona cavab intonasiyası ilə səslənir. Üçüncü ibarə (2 xanə) musiqi cümləsini yekunlaşdıran kadensiya əhəmiyyətinə malikdir.

ehsen-1

ehsen-2

Mahnının melodiyası do diyez mayəli şur məqamına əsaslanır. Burada hər bir ibarə məqamın pillələri üzərində gəzişməklə istinad pilləsinə dayaqlanır. Musiqi ibarələri müxtəlif diapazon həcmində olub, enən hərəkət xəttinə əsaslanır. Birinci ibarə məqamın kvarta tonundan (fa diyez) mayəyə enir. İkinci ibarə daha geniş diapazonludur və kvinta tonundan (sol diyez) enən hərəkətlə mayədən bir ton aşağı – məqamın əsas tonunda (si) dayanır. Üçüncü fraza isə yığcam şəkildə tersiya diapazonunda (mi səsindən başlayaraq) mayə ətrafında dolanan hərəkətlə tam kadensiya əmələ gətirir. Daha sonrabu musiqi cümləsinin ikinci dəfə yeni mətnlə təkrarlanması verilir. Üçüncü cümlə birincinin dəyişilmiş variantını təşkil edir. Lakin bu musiqi cümləsi quruluşuna görə fərqlənir. Musiqi quruluşunda başlanğıc fraza dəyişikliyə məruz qalır və musiqi mətninə yeni intonasiya daxil edilir. Sözsüz (asaitinin təkrarlanması əsasında) oxunan kiçik diapazonlu üç ibarə məqamın istinad pillələri ətrafında gəzişməklə qurulur.

ehsen-3

Bundan sonra əsas musiqi cümləsinin ikinci və üçüncü ibarələri təkrarlanaraq melodiyanı yekunlaşdırır. Melodik quruluşda iki eyni cümlədən sonra üçüncü cümlənin fərqli başlanğıcla oxunması nəqərat xarakterli səslənmə əmələ gətirir. Göründüyü kimi, mahnının melodiyası şur məqamına əsaslanmaqla, “Dilkeş” muğamının intonasiya xüsusiyyətlərini özündə əks etdirir.

“Gəl, gəl maralım” sözlü “Segah” təsnifində istifadə olan bayatılara diqqət yetirsək, aşiqin tanrıya yalvarmasının, sevgilisini arzulamasını dilə gətirməsinin şahidi oluruq.

Tanrı məni quş eylə,

Yaradıb gümüş eylə,

Mən bu yoldan keçəndə

Yarı mənə tuş eylə.

***

Gəlirdim süzə-süzə,

Qızılgül üzə-üzə

Yar mənə qaş-göz atdı,

Tellərin düzə-düzə.

Bu təsnifin melodiyası re diyez mayəli segah məqamının istinad pillələrinə əsaslanaraq qurulur. Melodiya üç musiqi cümləsindən ibarətdir. Birinci cümlə zildən başlayaraq, enən hərəkətlə fa diyez səsində –  segah məqamının VI pilləsində dayanır ki, bu cür hərəkət xətti “Manəndi-müxalif” şöbəsi üçün səciyyəvidir.

ehsen-4

ehsen-5

İkinci cümlədə məqamın pilləlləri üzərində enən hərəkət xətti davam etdirilərək mayədə tamamlanır.

Lakin melodik fikrin yekunlaşması və tam kadensiya üçüncü cümlədə verilir. Bu cümlə ikincinin variantlı təkrarına əsaslanaraq, məqamın əsas istinad pillələri ətrafında gəzişməni əks etdirir.

ehsen-5

Təsnifin quruluşunda kuplet formasına uyğun cəhətlər özünü göstərir. Belə ki, birinci cümlə zildə səslənməsinə və çağırış intonasiyalı melodik quruluşuna görə bəndi təmsil edir, ikinci və onun variantı olan, eyni sözlərin təkrarlanmasına əsaslanan üçüncü cümlələr isə nəqərat xarakterlidir.

Rasim Kərimlinin sözlərinə bəslənmiş  Segah təsnifi də dinləyicilərin sevimli mahnılarından birinə çevrilmişdir. Mahnının poetik mətni lirik məhəbbət etiraflarına əsaslanır:

Ürəyimin közüsən,

Söhbətisən, sözüsən.

Sən könlümün özüsən

Dözə bilmirəm sənsiz.

***

Ay, mənim məhəbbətim,

Ay, mənim ülviyyətim, gəl!

Təbim, təravətim gəl gülüm…

Eşqim, məhəbbətim gəl!

Mahnı üç hissəli formada qurulmuşdur, kənar hissələr təkrarlanır, orta bölmədə kulminasiya özünü göstərir. Mətnin hər bəndi bir bölmənin əsasını təşkil edir. Hər bölmə özlüyündə bir melodik perioddan ibarətdir.

Mahnının melodiyası do diyez mayəli segah məqamına əsaslanır. Birinci hissə təkrar quruluşlu iki cümlədən ibarətdir. Musiqi cümləsi iki xanəlik ibarələrdən əmələ gəlir. Başlanğıc ibarə segahın VI pilləsindən (mi səsi) başlayıb, dalğavari gəzişən hərəkətlə həmin pillədə bitir və yarım kadans yaranır. Növbəti ibarə bir pillə aşağı sekvensiya şəklində başlanır və həmin pillələyə istinad edərək, enən hərəkətlə mayədə tam kadansla bitir.

ehsen-7

ehsen-8

Mahnının orta bölməsi zil pərdədən – lya səsindən başlayır. Bu da melodiyanın quruluşunda yüksəliş – kulminasiya anı kimi qeyd olunur. Bu hissənin musiqi ibarələri enən sekvensiyalar şəklində qurulmuşdur. Başlanğıc ibarə zildən-bəmə enən hərəkətlə mi səsinə istinad edir. Lakin natamam kadensiya verilir, bu da ikinci ibarənin bir pillə aşağıdan başlanmasına imkan yaradır.

ehsen-9

Cümlənin sonunda mi səsinin uzadılması ilə tam kadensiya özünü göstərir. Orta bölmədə bu səsin istinad pilləsi kimi qabarıq verilməsi “Şikəsteyi-fars” şöbəsinin intonasiya xüsusiyyətlərinə uyğundur.

ehsen-10

Mahnının üçüncü bölməsi – birincinin təkrarı olub, yeni sözlərlə oxunur.

“Gəl məni aldatma gözəl, bəxtəvər” sözləri ilə başlayantəsnif“Segah” muğamının ən məşhur təsniflərindən biri sayılır. Poetik mətnin quruluşunda bənd-nəqərat bölgüsü verilir.

Gəl məni aldatma gözəl, bəxtəvər,

Qaş gözün oynatma gözəl bəxtəvər

Nəqərat:

Qurban olum səni doğan anaya

Səni doğub məni saldı bəlaya

Gəl görüm gəl görüm kimin yarısan

Hansı vəfadarın vəfadarısan

***

Qoy dolanım başına pərvanə tək,

Salma məni çöllərə divanə tək.

Nəqərat.

Mahnının musiqi quruluşunda da kuplet formasının xüsusiyyətləri özünü göstərir. Melodiya üç xanəlik musiqi cümlələrindən ibarətdir. Hər cümlə bir misraya oxunur.

Mahnının melodiyası re mayəlisegah məqamına əsaslanır və onun quruluşunda məqamın istinad pillələri böyük rol oynayır. Birinci bəndin melodiyası mayənin üst kvartasından, sol səsindən başlanıb, enən hərəkətlə mayədə bitir.

ehsen-11

Bənd mətninin ikinci misrası da bu musiqi cümləsinə oxunur.

Nəqərat isə kulminasiyanı təşkil edir. Zil səsdən (si səsindən) başlanır və bu səsə istinad etməklə qurulur. Bu da melodiyanın kulminasiyasının bədii təsir gücünü artırmaqla, melodiyaya deklamasiya xarakteri aşılayır.

ehsen-12

Nəqəratda istinad pilləsinin dəyişməsi rast məqamına keçid əmələ gətirir ki, bu da segaha əsaslanan melodiyalar üçün xarakterikdir.

            Nəqəratın musiqi cümlələri variantlı şəkildə işlənilir. İkinci cümlə birincinin davamı olub, enən hərəkətlə mayədə bitir. Melodiyada məqamın pillələri ətrafında gəzişmələr onu zənginləşdirir və inkişaf etdirir.

ehsen-13

Mahnının ikinci kupleti birincinin yeni variantı kimi səslənir və musiqi məzmununa rəngarənglik gətirir.

ehsen-14

Nəzərdən keçirdiyimiz təsnifin melodik quruluşu zəngin inkişaflı olması ilə seçilir.

Beləliklə, A.Babayevin yaratdığı mahnı və təsniflərin təhlilindən göründüyü kimi, onlar lirik xalq mahnı və təsniflərinin quruluş və musiqi dilinin xüsusiyyətlərini özündə cəmləşdirmişdir və xanəndənin yüksək istedadı sayəsində musiqi irsimizi zənginləşdirmişdir.

ƏDƏBİYYAT:

  1. Arif Babayevin mahnı və təsnifləri (tərtib edən M.Quliyev). B.: Təhsil, 2012, s. 72.
  2. Həsənova C.İ. Qarabağ xanəndələri layihəsi. // “Musiqi dünyası” jurnalı, 2005, № 1-2 /23, 25s.
  3. Həsənova C.İ. Azərbaycan musiqisinin məqamları. Dərs vəsaiti. B.: Elm və təhsil, 2012, 232 s.
  4. Həsənova C.İ. Arif Babayev-70 // “Musiqi dünyası” jurnalı. 2008, № 1-2/35, 131-132.

 

Ахсан АХМЕДОВ

Старший преподаватель АНК

ТЕСНИФ В ТВОРЧЕСТВЕ АРИФА БАБАЕВА

Резюме: Песни и теснифы созданные и впервые исполненные Арифом Бабаевым были зафиксированы в нотном изложении профессором М. Гулиевым. Самый любимый мугам Арифа Бабаева – «Сегях» и этот факт обусловил создание им более 30 теснифов «Сегях», в которых отражаются мотивы страсти, разлуки и жалобной лирики.

Ключевые слова: Ариф Бабаев, тесниф, исполнение, песня, мугам 

Ahsan AHMADOV

Senior Lecturer of ANC

TASNIF IN CREATIVITY OF ARIF BABAYEV

Summary: The songs and tasnifs performed by ArifBabayev were noted. The most favoritemugham that A.Babayev likes is just “Segah”. That’s why most of his 30 tasnifs created by him are “Segah” tasnifs. As for the content we should say, that the mentioned tasnifsreflectpassion, separation and complaint motivesoflyrics along with lyrical theme from the point of their melodic undertone.

Key words: Arif Babayev, tasnif, performance, song, mugham 

Rəyçilər: professor Əlibaba Məmmədov;

professor Mənsum İbrahimov

 

Mövzuya uyğun