Kiçik həcmli muğamların ümumi xasiyyətnaməsi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2017
Şirzad FƏTƏLİYEV
AMK-nın müəllimi
UOT: 781,7
KİÇİK HƏCMLİ MUĞAMLARIN ÜMUMİ XASİYYƏTNAMƏSİ
Xülasə: Təqdim olunmuş məqalədə Azərbaycan musiqi sənətində özünəməxsus yer tutan kiçik həcmli muğamlar, onların muğam dəstgahlardan fərqli xüsusiyyətləri haqqında geniş məlumat verilmişdir.
Açar sözlər: muğam, kiçik həcmli muğam, məqam, “Mayə”, təsnif, “Bərdaşt”
Azərbaycan ərazisində mövcud olan dövlətlər və xalqlar arasında hələ qədim dövrlərdən, eləcə də Orta əsrlərdən Yaxın və Orta Şərq xalqları ilə Avropa, Asiya “pilləkənləri”, Rusiya ilə yaxın mədəni-incəsənət əlaqələri olmuşdur. Bu qarşılıqlı əlaqələr digər ölkələr kimi, Azərbaycanda da professional musiqi sənətinin inkişafına öz təsirini göstərmişdir. Azərbaycan ərazisində ilk dövlətlərin və şəhərlərin yaranması, azərbaycanlıların bir etnos kimi formalaşması professional musiqinin bir qolu olan muğam janrının yaranmasında tarixi amil kimi çıxış edir. Lakin muğamların yaranmasında və təşəkkülündə tarixi amil ilə yanaşı, iqtisadi amil də az rol oynamır. Belə ki, qədim Azərbaycan dövlətlərinin digər ölkələrlə iqtisadi və ticarət əlaqələri də muğam sənətinin püxtələşməsində, nəsildən-nəslə ötürülməsində böyük əhəmiyyət kəsb edir.
Muğamlar yalnız Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində də insanların həyat-məişətinə daxil olaraq onların daxili aləmi, mənəvi dünyası ilə sıx bağlıdır. Zəngin məna çalarlarına malik olan muğamlarımız eyni zamanda dinləyicidə, ifaçıda müxtəlif səpkili hisslər oyadır. Melodik fikrin əlvanlığından təsirlənmək, melodiya və sözün vəhdətindən yaranan mənaların təsiri ilə düşünmək, heyrətlənmək, bununla yanaşı, ayrı-ayrı ifaçılar tərəfindən muğamların vokal-instrumental və instrumental şəkildə səsləndirilməsi ilə muğam sənəti təbliğ edilmiş, yaşadılmış və nəsildən-nəslə ötürülmüşdür.
Muğam şifahi ənənəli professional musiqi janrı kimi çoxəsrlik tarixə malikdir və yarandığı dövrdən bu günə kimi müəyyən təkamül, inkişaf yolu keçmişdir. Onu da qeyd etmək lazımdır ki, muğam sənətinin yaranmasında folklor və mərasim musiqisi də özünəməxsus rol oynamışdır. Muğamlar dildən-dilə şifahi şəkildə xalq arasında oxunaraq, yayılaraq, cilalanıb bugünkü formasını almışdır. Muğamların professional janr kimi yaranmasında və formalaşmasında bir çox amillər əsas rol oynamışdır. Tarixi amil, iqtisadi amil, peşəkar incəsənət növlərinin, peşəkar xalq sənətinin yaranması, folklor və peşəkar aşıq sənətinin təsiri və s.
Muğamlar ifa xüsusiyyətlərinə və formasına görə 2 qrupa – instrumental muğamlar və vokal-instrumental muğamlara ayrılır. İnstrumental muğamlar sazəndə dəstəsi tərəfindən deyil, adətən bir ifaçı tərəfindən ifa olunur. Onu da qeyd edək ki, hər bir muğamın öz kök sistemi var. İnstrumental muğamlardan fərqli olaraq, vokal-instrumental şəkildə ifa edilən muğamlarda dəstgahlar xanəndənin müşayiət ilə oxuduğu muğamdan, yəni improvizə səciyyəli muğam şöbə hissələrindən, guşələrindən, instrumental dəraməd və rənglərdən, vokal instrumental təsniflərdən ibarət olur. Muğamların vokal-instrumental şəkildə ifası zamanı dəstgahın tam şəkildə ifa olunması təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, muğam dəstgahlarının ifası zamanı milli musiqi təfəkküründən və ədəbi mətndən, ona uyğun səslənmə materialından, təsnif və rənglərdən xüsusi peşəkarlıqla istifadə etmək lazımdır.
Qeyd olunan cəhətlər kiçik həcmli muğamların ifası zamanı da öz əksini tapmalıdır. Kiçik həcmli muğamlar həcm etibarı ilə yığcam olsa da, həmin muğamların instrumental və vokal-instrumental ifası zamanı kök sistemi, ifa edilən muğamın yarımçıq deyil, tam şəkildə ifası əsas cəhətlərdəndir. Kiçik həcmli muğamlar müəyyən bir muğam dəstgahının şöbəsi olmuş, lakin sonradan səs tessiturası etibari ilə bu şöbənin melodiyası genişlənmiş və onlar kiçik həcmli muğamlara çevrilmişlər.
Kiçik həcmli muğamlar forma və kompozisiya baxımından da muğam dəstgahlarından fərqlənir. Məsələn, muğam dəstgahlarından fərqli olaraq kiçik həcmli muğamlarda “Bərdaşt” olmur. Bu halı, yalnız “Rəhab” muğamına aid etmək olmaz. Əslində, “Rəhab” heç də kiçik həcmli muğam deyil. Bəzən yanlış olaraq musiqi ədəbiyyatlarında bu muğam kiçik həcmli kimi təqdim olunur. 10-a yaxın şöbə və guşəsi olan muğamı necə kiçik həcmli adlandırmaq olar? Təəssüf ki, “qələti-məşhur” (yəni hər kəsin bildiyi səhv) olan bu yanlışlıq hələ də davam edir. “Rəhab” muğamın özünəməxsus “Bərdaşt”ı vardır, çünki bu muğam əvvəllər də dəstgah formasında olub. Tarzən Mirzə Fərəc (XIX əsr) cədvəlində “Rəhab” dəstgahını belə təqdim edir: Əmiri, Rəhab (yəni Mayə), Bayatı-feli, Əraq, Hüseyni, Günəş, Gərayi (Qərai), Pəncgah, Firuz, Xahəran (yəni Xavəran), Heratı-Kabili, Rak-Əbdullahi, Rəhab (Rəhaba qayıdış).
Professorlar – Abbasqulu Nəcəfzadə və Vamiq Məmmədəliyevin birgə hazırladıqları “Muğam” adlı əsərdə “Rəhab” haqqında geniş bilgi veriblər (6, s. 70-72). Mirzə Fərəcin cədvəlində mötərizədə verilən əlavələr A.Nəcəfzadə və V.Məmmədəliyevin artırmalarıdır.
Çox zaman “Bərdaşt”ın əvəzinə ya müqəddimə səciyyəli təsnif oxunur, ya da dəraməd ifa edilir. Müqəddimə səciyyəli təsniflər bəzən kiçik həcmli muğamların hissələri arasında ifa edilərək “bağlayıcı” rolunu oynayır. Kiçik həcmli muğamlar adətən təsniflə tamamlanır. Buna görə də kiçik həcmli muğamlarda rəngə nisbətən təsniflərin ifasına daha cox təsadüf olunur. Təsniflər muğamın sonunda ifa ediləndə yekunlaşdırıcı əhəmiyyət kəsb edir.
Azərbaycan şifahi ənənəli professional musiqisində 5 kiçik həcmli muğam təqdim olunur. Bunlar “Qatar”, “Şahnaz”, “Bayatı-kürd”, “Dəşti” və “Rəhab” muğamlarıdır. “Rəhab” haqda fikrimizi bildirdik. Zənnimizcə, “Dəşti” muğamına da kiçik həcmli demək olmaz. Müasir ifaçılıqda bu muğam 7-8 şöbə və guşədən ibarətdir. A.Nəcəfzadə və V.Məmmədəliyev bildirirlər:“Dəşti” dəstgahının müasir tərkibi belədir: Bərdaşt, Mayə, Gəbri, Gövhəri, Mənəvi, Pəhləvi, Qəməngiz və Nişapurla Dəştiyə qayıdış. Bu dəstgahın bəzən ilk şöbəsi “Dəşti” (zil və bəm) kimi qeyd edilir. Ramiz Faseh isə onun müvafiq olaraq “Bərdaşt” və “Mayə” şöbələri ilə əvəzlənməsini tövsiyə edir” (6, s. 67).
Deməli, “Dəşti” muğamı da kiçik həcmli deyil.Lakin deyə bilərik ki, adları çəkilən və kiçik həcmli kimi təqdim edilən bu muğamlar yalnız 2 məqama əsaslanır. Belə ki, “Qatar” rast məqamına, “Şahnaz”, “Bayatı-kürd”, “Dəşti” və “Rəhab” isə şur məqamına əsaslanır. Kiçik həcmli muğamlar “Rast” və “Şur” muğam ailəsinə daxildir.
“Rast” muğam ailəsinə daxil olan “Qatar” kiçik həcmli muğamı “Mahur-hindi” dəstgahı ilə böyük uyğunluq təşkil edir.Kiçik həcmli muğam şəklində ifa edilməzdən öncə “Qatar” “Mahur-hindi” muğamının zil şöbəsi kimi ifa edilirdi.“Mahur-hindi” qədim muğamlardan biridir və “Rast” dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir.Qeyd edilən ümumi cəhətlərə baxmayaraq, onlar arasında fərqli cəhətlər də mövcuddur. Belə ki, “Rast” muğamı kiçik oktavanın sol, “Mahur-hindi” muğamı isə I oktavanın do səsinə istinad edir.
“Qatar”ın müasir tərkibi belədir: Qatar, Bəm Qatar, Zil Qatar, Qatara qayıdış. Bu muğamın səslənməsində nikbinlik, gümrahlıq, mərdanəlik kimi xarakterlər özünü büruzə verir.“Qatar”da bəzən “Çoban bayatı”sı da ifa edilir ki, ona “Qatar bayatı” da deyirlər.
“Rəhab” da “Şur” muğam ailəsinə daxildir. Yaxın Şərqdə 12 klassik muğamdan biri olan “Rəhavi”dən yaranmışdır. M.M.Nəvvab “Rəhavi” (sonralara “Rəhab”a çevrilib) dəstgahının 24 şöbə və guşəsinin olduğunu yazır: Rəhab, Hümayun, Tərkib, Üzzal, Bayatı-türk, Bayatı-Qacar, Zəmin-Xara, Mavəraünnəhr, Bali-kəbutər, Hicaz, Bağdadi, Şahnaz, Azərbaycan, Əraq, Əşiran, Zəngi-şütür, Osmani, Bayatı-kürd, Bayatı-Şiraz, Hacı Yuni, Sarənc, Şüştər, Məsnəveyi-səqil, Suzi-güdaz (7, s. 38).Mirzə Fərəcin muğam cədvəlində isə “Rəhab” dəstgahının qeyd etdiyimiz kimi, 13 şöbə və guşəsinin adı çəkilir. 1957-ci ildə Əhməd Bakıxanovun tərtib etdiyi orta ixtisas musiqi məktəbi üçün proqramda “Rəhab” muğamının 6 şöbə və guşəsi daxil edilib.
“Şahnaz” Azərbaycanda geniş yayılmış kiçik həcmli muğamlardandır. “Şur” muğam ailəsinə daxil olan bu muğam 5 şöbə və guşədən ibarətdir: Şahnaz, Dilkeş, Kürdü, Şəddi-Şahnaz (Zil Şahnaz), Şahnaza Azərbaycan ilə qayıdış.
Muğamın ilk şöbəsi olan “Şahnaz” zil registrdə şaqraq zəngulələrlə ifa edilir. “Dilkeş” ilk şöbə ilə tam təzadlıq təşkil edir. Qəlb, könül mənasını daşıyan bu hissədə səslənmələr həqiqətən insanın ürəyini riqqətə gətirir. “Şəddi-Şahnaz” da ilk hissənin xarakterini əks etdirir. “Şahnaz” muğamı şur məqamının re mayəsində ifa olunur.
“Bayatı-kürd” muğamı da “Şur” muğam ailəsinə daxil olan və 4 şöbə-guşədən ibarə kiçik həcmli muğamlardan biridir: Bayatı-kürd, Kərküki, Bayatı-əcəm, Bayatı-kürdə Azərbaycan ilə qayıdış.
Bu muğam dalğın, pərişan, qəmgin xarakterləri özündə əks etdirir. “Bayatı-kürd”ün ilk şöbəsinə səslənmələri zamanı yuxarıya yönəlmiş melodiya xarakterikdir. İkinci şöbə “Bayatı-əcəm” adlanır və nisbətən zil registrə aid pərdələri əhatə edir. Sonuncu şöbə ilə muğam tamamlanır.
Hər bir kiçik həcmli muğamın özünəməxsus dəramədləri, təsnifləri vardır. Baxmayaraq ki, adları qeyd olunan kiçik həcmli muğamlar “Şur” muğam ailəsinə daxildir, heç bir muğamın dəraməd və təsnifləri digər muğamda çalınıb-oxunmamalıdır. Onu da qeyd edək ki, yuxarıda adları çəkilən kiçik həcmli muğamlar “Şur” muğam ailəsinə daxil olsalar da, onların mayələri müxtəlifdir.
Şöbə sayı baxımından təhlil edildikdə “Rəhab” kiçik həcmli muğamın şöbələrinin sayının digərlərindən artıq olduğu nəzərə çarpır. Digər muğamlarda 3-4 şöbə olduğu halda “Rəhab”da “Bərdaşt” (Əmiri ilə başlamaq), “Mayə”, “Böyük məsihi”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”, “Qərai”, “Kiçik məsihi” və “Rəhaba qayıdış” adlı şöbə-guşələr ifa edilir.
“Bayatı-kürd” muğamı ifaçılıqda həm sol mayəli, həm də lya mayəli ifa edilir. Sol mayəli “Bayatı-kürd” do mayəli “Şur”, lya mayəli “Bayatı-kürd” isə re mayəli “Şur” muğamına uyğundur. Do mayəli “Rəhab” sol mayəli “Şur”, sol mayəli “Rəhab” isə re mayəli “Şur” muğamı ilə uyğunluq təşkil edir. Lya mayəli “Dəşti” re mayəli “Şur”, mi mayəli “Dəşti” isə lya mayəli “Şur” muğamına uyğundur. Do mayəli “Şahnaz” elə do mayəli “Şur” muğamına uyğunluq təşkil edir.
Onu da qeyd edək ki, bəzi kiçik həcmli muğamlar təsnif və yaxud rəng, rəngdən sonra isə təsnif səslənməklə başlanır. Məsələn, “Dəşti” təsnif ilə başladığı halda, “Qatar”a giriş rəngdən sonra təsnif ilə başlayır. Lakin kiçik həcmli muğamların sonluqlarında bəzi hallarda təsnif, bəzi hallarda isə muğam səslənmələri ilə tamamlanır. Məsələn “Bayatı-kürd”, “Dəşti”, hətta bəzən “Şur” muğamının özü də təsniflə tamamlanır.
Kiçik həcmli muğamların “ayaq”larında oxşarlıq “Bayatı-kürd” və “Şahnaz” muğamlarını tamamlayan “Azərbaycan” ilə özünü büruzə verir. “Şahnaz” muğamının “Kürdü” şöbəsi ilə sol mayəli “Bayatı-kürd” tonallıq mövzu, xarakter baxımından eynilik təşkil edir.
“Bayatı-kürd”, “Dəşti”, “Rəhab” muğamlarının ifası zamanı lirik, aramlı səslənmələr özünü büruzə versə də, “Qatar” və Şahnaz” muğamlarının ifası zamanı zil tessituralı səslənmələr üzə çıxır. Lakin bu muğamların özək hissələri nə qədər qeyd olunan xarakteri özündə əks etdirsə də, hər iki muğamın bəm hissələri (“Qatar”ın bəmi, “Şahnaz”ın “Dilkeş” və “Kürdü” hissələri) daha aramlı, sakit xarakteri əks etdirməklə özünü büruzə verir. Hər iki muğamın zil şöbələri (“Qatar”ın zili və “Şəddi Şahnaz”) özək şöbədən də daha zil registrə keçir və hər iki muğamın kadensiyası rəngarəng zəngulələrlə xarakterik oxşarlıq təşkil edir.
Bu məqalədə kiçik həcmli muğamların həm instrumental, həm də vokal instrumental variantları təhlil edilmişdir. Muğam sənətini yaşadan sənətkarlar ciddi qayda-qanuna əsaslanaraq muğamları özünəməxsus bir yolla inkişaf etdirmişlər. İnkişaf dövründə muğamlara yeni cizgilər, avazlar əlavə edilərək, həmçinin bütün bunlar ifaçılıq təcrübəsinə daxil olaraq muğam ifaçıları tərəfindən qəbul edilmiş və ifa olunmuşdur. Bu qeyd olunan cəhətlər muğam dəstgahlarında, zərbi muğamlarda olduğu kimi kiçik həcmli muğamlarda da öz əksini tapmışdır.
ƏDƏBİYYAT:
- Əsədullayev A.M. Bayatı-şiraz və Hümayun. B.: Adiloğlu, 2003, 48 s.
- Əsədullayev A.M. Rast və Çahargah. B.: Adiloğlu, 2005, 56 s.
- Əsədullayev A.M. Şur, Segah-zabul, Şüştər. B.: Adiloğlu, 2006, 66 s.
- Əzimov A.K. Şur muğamının ifa tərzləri və onların nota alınması. B.: Şərq-Qərb, 2009, 112 s.
- Əzimli F.N. Azərbaycan muğam məktəbi. B.: R.H.Novruz-94 İKF, 2008, 256 s.
- Nəcəfzadə A.İ., Məmmədəliyev V.M. Muğam. B.: Ecoprint, 2017, 160 s.
- Nəvvab M.M. Vüzuhül-Ərqam (risaləni çapa hazırlayan:Zemfira Səfərova). B.: Elm, 1989, 84 s.
Преподаватель АНК
ОБЩИЯ ХАРАКТЕРИСТИКA МАЛЫX МУГАМОВ
Резюме: В данной статье предоставлена исчерпывающая информация о малых мугамах, занимающих особое место в Азербайджанской музыкальной культуре и выявлены их отличитильные особенности от мугамных дястгяхов.
Ключевые слова: мугам, малые мугамы, лад, майе, тесниф, Бердашт
Lecturer of the Azerbaijan National Conservatory
GENERAL CHARACTERISTIC OF SHORT MUGHAMS
Summary: In the presented article there is an extensive information on short mughams and distinctive features from mugham dastgahs which occupy a peculiar place in the Azerbaijani musical art.
Key words: mugham, short mugham, mode, maya, classification, Bardasht
Rəyçilər:
professor Möhlət Müslümov;
professor Firuz Əliyev