AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

AQŞİN ƏLİZADƏNİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS

3 may 2017-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, respublikanın  xalq artisti, dövlət mükafatı laureatı Aqşin Əlizadənin 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.aqsin

Konfransda ön sözlə AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova çıxış edərək Aqşin Əlizadənin həyat və yaradıcılığını əks etdirən  video-slaydın müşayiətilə bəstəkarın musiqi tarixində, bəstəkarlıq sahəsində oynadığı əhəmiyyətli roldan danışdı. Daha sonra Azərbaycan “Aqşin Əlizadə: mühiti və müasirləri” mövzusunda Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək onun müəllimi olmuş Aqşin Əlizadənin yaradıcılığındakı özəlliklərdən, ona xas olan obraz-intonasiya, yaradıcılıq üslubundan və bəstəkarın yaşayıb-yaratdığı mühitdən, həmkarları haqda danışdı. Sərdar Fərəcov eləcə də, bəstəkarın bir neçə əsərindən müəyyən parçalar ifa edərək onun əsərlərinin bədii və estetik özəlliklərindən  söz açdı.

Konfransda həmçinin AMK-nın “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Fəttah Xalıqzadə “Aqşin Əlizadənin yaradıcılığında ritm məsələləri”, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədova-Fərəcova “Aqşin Əlizadənin 80 illik yubileyi münasibətilə etüdlər”,  ADMİU-nun dosenti Zəhra Qarayeva “Aqşin Əlizadənin Violin və simfonik orkestr üçün konsertlərinin özəllikləri barədə”, BMA-nın baş müəllimi Aybəniz Növrəsli “Aqşin Əlizadə filmi üzrəində işimiz haqqında” mövzularında çıxış edərək bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verdilər.

Konfrans boyu bəstəkarın fortepiano üçün yazdığı “Dastan” (AMK-nın müəllimi Naibə Şahməmmədovanın ifasında), Aqşin Əlizadənin kinomusiqisinə fantaziya (AMK-nın II kurs magistr tələbəsi Fərdin Məmmədlinin ifasında), “Variasiyalar” (AMK-nın I kurs tələbələri Qəhrəmanova Nigar və Aşurova Zabitənin ifasında), “Qəmli vals” (AMK-nın I kurs tələbəsi Canmirzəyeva Lətifənin ifasında) əsərləri səslənərək dinləyicilər üçün xoş təəssürat yaratdı.

Humay Fərəcova

Mövzuya uyğun