Azərbaycanda dirijor sənətinin inkişafında Cavanşir Cəfərovun rolu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2017
AMK-nın baş müəllimi
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: sevil.hesenova81@gmail.com
Gulay MAHMUDOVA
AMK-nın müəllimi
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: gulaymahmudova@gmail.com
Dirijorlar UOT: 7.07
AZƏRBAYCANDA DİRİJOR SƏNƏTİNİN İNKİŞAFINDA
CAVANŞİR CƏFƏROVUN ROLU
Xülasə: Təqdim olunan məqalədə Azərbaycan dirijorluq sənətinin yaranma və inkişaf tarixi haqqında məlumat verilir. Burada Azərbaycanda dirijorluq sahəsində Üzeyir Hacıbəylinin başladığı yolu Əfrasiyab Bədəlbəyli, Niyazi, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Çingiz Hacıbəyov, Kazım Əliverdibəyov, Rauf Abdullayev, Fəxrəddin Kərimov, Cavanşir Cəfərov və başqaları kimi opera-simfonik dirijorların davam etdirməsi vurğulanır. Həmçinin məqalədə dirijorluq məktəbimizin layiqli davamçılarından biri olan xalq artisti Cavanşir Cəfərovun yaradıcılıq yolu, dirijorluq faəliyyəti haqqında geniş məlumat verilir.
Açar sözlər: dirijor, bəstəkar, musiqili teatr, opera teatrı, Üzeyir Hacıbəyli, Cavanşir Cəfərov
Azərbaycanda dirijorluq sənəti XX əsrin əvvəllərində təşəkkül tapmışdır. Məlum olduğu kimi, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında özünü göstərən yüksəliş sayəsində Azərbaycan musiqisində köklü dəyişikliklər meydana gəlmişdir. Bu dövrdə uzun əsrlər boyu şifahi ənənələr əsasında inkişaf etmiş Azərbaycan musiqi mədəniyyətinə Avropa musiqi ifaçılığı formalarının, yazılı ənənələrlərinin daxil olması ilə milli bəstəkarlıq məktəbinin, milli ifaçılıq sahələrinin, musiqi təhlilinin bünövrəsi qoyulmuşdur. Azərbaycanda dirijorluq sənəti də məhz bu dövrdən inkişaf etmişdir. İlk dirijorlar qeyri-azərbaycanlılar, Bakıya qastrola gələn və burada fəaliyyət göstərən opera və simfonik orkestr dirijorları, o cümlədən xor dirijorları olub.
XX əsrdə musiqi mədəniyyəti tarixinin nəzərdən keçirilməsi, Azərbaycanda dirijorluq sənətinin inkişaf istiqamətləri ilə bağlı əsaslı təsəvvür yaradır. Bu böyük və mürəkkəb tarixi dövrdə Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri olan Üzeyir Hacıbəylinin şəxsiyyəti, onun musiqi mədəniyyətinin demək olar ki, bütün sahələrini əhatə edən, eləcə də bu sahələrin inkişafına təkan verən yaradıcı fəaliyyəti önə çıxır. Məhz Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan musiqi mədəniyyətində milli bəstəkarlıq və milli ifaçılıq məktəbinin təşəkkülünə və inkişafına təkan vermiş, musiqi təhsilinin bünövrəsi qoyulmuş, musiqi kollektivləri yaradılmışdır ki, bu da Azərbaycan musiqisində yeni səhifə açmışdır. Təsadüfi deyil ki, Üzeyir Hacıbəylinin yaradıcılığından danışarkən, onu dahi bəstəkar, pedaqoq, dramaturq, publisist, musiqişünas alim, ictimai xadim kimi səciyyələndiririk. Bizcə, bu sırada həmçinin, onu bir dirijor kimi də qeyd etmək zəruridir. Azərbaycanda musiqi kollektivlərinin – musiqili teatrın, simfonik orkestrin, xor kapellasının, xalq çalğı alətləri orkestrinin bünövrəsinin məhz Üzeyir Hacıbəyli tərəfindən qoyulması onun özünün bu kollektivlərdə təşkilati məsələlərlə yanaşı, bədii rəhbər və dirijor kimi fəaliyyətini də önə çəkir.
1908-ci ildə ilk Azərbaycan milli operası – Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının yaranması ilə dirijorluq sənəti Azərbaycan musiqisi üçün bir tələbata çevrildi. Bildiyimiz kimi, “Leyli və Məcnun”un ilk tamaşasında dirijor qismində yazıçı və musiqi bilicisi, Azərbaycanda musiqili teatrın yaranmasında mühüm xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyev çıxış etmişdir. Lakin sonrakı tamaşalarda Üzeyir Hacıbəyli özü dirijorluq etmiş, bəzən də tamaşanı müşayiət etmək üçün Bakıda fəaliyyət göstərən dirijorların – Slavinski, Çernyaxovski və b. rəhbərliyi ilə simfonik orkestrlər dəvət olunmuşdur. Bu baxımdan, Üzeyir Hacıbəylinin fəaliyyətini Azərbaycanda bütün adı çəkilən sahələrdə ilk addım hesab etmək olar. Ondan sonra isə bu dirijorluq sahələri ayrı-ayrılıqda müstəqil inkişaf yoluna qədəm qoymuşdur. 1911-ci ildən Müslüm Maqomayevin dirijor kimi fəaliyyəti başlanır və elmi ədəbiyyatda ilk Azərbaycan dirijoru kimi onun adı çəkilir. Sonralar bu sahədə Üzeyir Hacıbəylinin başladığı yolu Əfrasiyab Bədəlbəyli, Niyazi, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Çingiz Hacıbəyov, Kazım Əliverdibəyov, Rauf Abdullayev, Fəxrəddin Kərimov, Cavanşir Cəfərov, Əyyub Quliyev, Yalçın Adıgözəlov və b. opera-simfonik dirijorları davam etdirdilər.
Artıq bu gün hər bir sahə üzrə dirijorlar meydana gəlmiş, eyni zamanda, mütəxəssis hazırlığı genişlənmişdir. Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dirijorluq sənətinin bütün sahələri üzrə – opera-simfonik, xor və xalq çalğı alətləri orkestri dirijorluğu üzrə kafedraların fəaliyyət göstərməsi bunu sübut edir. Müasir dövrdə Azərbaycanda opera, xor, simfonik və xalq çalğı alətləri orkestri dirijorluğu müstəqil sahələr kimi inkişaf etdirilərək, yüksək səviyyəli dirijorlar yetişmişdir.
Dirijorluq məktəbimizin layiqli davamçılarından biri də xalq artisti Cavanşir Cəfərovdur. Cavanşir Cəfərov 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunu, 1977-ci ildə isə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirmişdir. Hələ gənc yaşlarından “cazibədar dirijor çubuğu”, xora və daha sonra simfonik orkestrə rəhbərlik etmə imkanı Cavanşir Cəfərovu daim özünə çəkirdi. Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, professor E.Novruzovun yetirməsi olan C.Cəfərov dirijor sənətini daha da dərindən öyrənmək üçün 1972-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasında xor dirijorluğu ixtisası üzrə professor A.İ.Anisimovun sinfində təhsilini davam etdirməyi qərara alır. Burada görkəmli rus xormeysterləri olan N.V.Şyolkov, Romanovski və K.A.Olxov da ona dərs demişlər.
1979-cu ildə Bakıya qayıtdandan sonra Cavanşir Cəfərov, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Azər Rzayevin dəvətilə teatrın xormeysteri vəzifəsinə təyin olunur. Simfonik orkestrin dirijoru kimi ilk dəfə Cavanşir Cəfərov 1983-cü ildə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertüranın və “Çənlibel” xorunun ifası ilə çıxış etmişdir.
1985-ci ildə Cavanşir Cəfərov Musiqili Komediya Teatrının dirijoru vəzifəsinə təyin olunur. O zaman teatrın baş dirijoru Həsən Rzayev idi. Tezliklə Cavanşir Cəfərov baş dirijor vəzifəsinə təyin olunur və 1990-cı ilə qədər onu icra edir. Xormeyster əvvəl Larisa Melex, sonra isə Vaqif Məstanov idi. Cəfərov burada Leqarın “Şən dul qadın”, Ştrausun “Yarasa”, R.Hacıyevin “Yol ayrıcı”, “Mən evlənirəm, ana”, E.Sabitoğlunun “Bir gün Bağdadda” və digər tamaşaları səhnəyə qoyur. Həmçinin bu dövr Rusiya şəhərlərinə çoxsaylı qastrol səfərləri ilə də seçilir.
1996-cı ilin yanvar ayından isə M.F.Axundov adına Opera və Balet Teatrının direktoru A.T.Məlikovun dəvətilə C.Cəfərov Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə təyin olunur və bu vəzifədə bu günə kimi çalışır.
Musiqili teatr barəsində danışanda hər zaman ifaçıları və yaxud rejissorları nəzərdə tuturlar, lakin dirijorların işləri həmişə kölgədə qalmış olur. Biz bu məqaləmizdə opera və operetta janrlarının bugünkü yüksək inkişafında, tamaşaların uğurla keçməsində dirijorların rolunu da açıqlamağa çalışacağıq.
Azərbaycan Dövlət Opera və Balet Teatrının bugünkü uğurlarında onun baş dirijoru Cavanşir Cəfərovun rolu vardır. Qeyd etmək lazımdır ki, onun opera teatrına gəlişindən sonra orkestrin ifaçılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmiş, dinləyicilərin axını artmışdır.
Cavanşir Cəfərovun ilk dirijorluq etdiyi opera Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası, sonra Adanın “Jizel”, Fikrət Əmirovun “1001 gecə” baletləri olmuşdur. 1998-ci ildə C.Verdinin “Traviata” operasının premyerası baş tutmuş (solistlər başqa ölkələrdən dəvət olunmuşdu) və Cavanşir Cəfərov bu tamaşaya da uğurla dirijorluq etmişdir.
Cavanşir Cəfərov Əfrasiyab Bədəlbeylinin “Qız qalası”, Aqşin Əlizadənin “Babək”, “Qafqaza səyahət”, Qara Qarayevin “Don Kixot”, “İldırımlı yollarla” baletlərinin premyeralarını da həyata keçirmişdir. Onun təşəbbüsü ilə C.Puçininin “Madam Batterflyay”, “Boqema”, C.Rossininin “Sevilya bərbəri”, F.Əmirovun “Sevil” (yeni redaktədə) operaları, Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları səhnəyə qoyulmuşdur.
Baş dirijorun yaradıcılıq həyatında maraqlı qastrol səfərləri də təşəkkül tapmışdır. Belə ki, 2000-ci ildə orkestr və opera teatrının solistləri Həsən Enami, Əli Əsgərovla birgə Cəfərov Fransanın Sen-Deni şəhərində keşirilən Berlioz adına festivalda iştirak etmişdi. Həmin il Cavanşir Cəfərovun həyatında əlamətdar olmuş – o, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi yüksək adına layiq görülmüşdür.
Cavanşir Cəfərov 2000 və 2005-ci illərdə Türkiyə Respublikasında, 2001, 2003 və 2005-ci illərdə Rusiya Dövlət Akademik Böyük Teatrı və Sankt-Peterburqun Dövlət Akademik Mariin Teatrında keçirilən qastrol səfərlərində, 2007, 2008 və 2010-cu illərdə Almaniyada keçirilən opera sənəti festivallarında iştirak etmişdir.
2001-ci ildə Moskvada Dövlət Böyük Opera və Balet Teatrında Q.Qarayevin iki baleti – “Leyli və Məcnun” və “Don Kixot” səhnəyə qoyulmuşdur. Böyük teatrın orkestrinə Cavanşir Cəfərov dirijorluq etmişdir. 2003-cü ildə Moskvada onun rəhbərliyi altında F.Əmirovun “1001 gecə” baleti səhnəyə qoyulmuşdur. 2005-ci ildə Bakıda Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti səhnələşdirilmişdir. Həmin ilin dekabr ayında bu balet Moskva və Sankt-Peterburqda səhnəyə qoyulmuşdur. 2005-ci il həmçinin İstanbulda Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının səhnələşdirilməsi ilə əlamətdar olmuşdur.
Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğ edilməsi sahəsində xidmətlərinə görə 2005-ci ildə Cavanşir Cəfərov Azərbaycan Respublikasının Xalq artisti kimi fəxri ada layiq görülmüşdür. 2002-ci ildən Prezident mükafatçısıdır. Beləliklə, Azərbaycan musiqi teatrının inkişafında dirijorun əməyi əvəzsizdir. Onlar özlərinin fəal işi, daima yaradıcı axtarışları ilə respublikamızın musiqili teatr mədəniyyətini inkişaf etdirir, onu daha da yüksəklərə aparırlar.
ƏDƏBİYYAT:
- Axundova G. Azərbaycan musiqili teatr sənətinin inkişafinda dirijor və xormeysterlərin rolu. // “Musiqi dünyası” jurnalı 2015, №2 (63), səh.24
- Абасова Э.A. Узеир Гаджибеков. Б.: Аз.Гос.Из. 1975, 140 c.
- Дильбазова М.Х. Из музыкального прошлого Баку.(вторая половина XIX — начала XX века). Б.: Ишыг, 1985, 136 c.
- Мамедова Р.A. Из истории азербайджанского музыкального театра. Б.: Элм, 2006, 223 с.
- Azəribalasi.com forumu. Cavanşir Cəfərov,
URL: http://www.azeribalasi.com/showthread.php/72319-cavansir-ceferov
Старший преподаватель АНК
Gulay MAHMUDOVA
Преподаватель АНК
РОЛЬ ДЖАВАНШИРА ДЖАФАРОВА В РАЗВИТИИ ИСКУССТВА ДИРИЖИРОВАНИЯ В АЗЕРБАЙДЖАНЕ
Резюме: В статье представлена информация об истории создания и развития искусства дирижирования в республике. Подчеркивается, что путь, основанный Узеиром Гаджибейли в области дирижирования в Азербайджане продолжили такие оперно-симфонические дирижеры как Афрасияб Бадалбейли, Ниязи, Ашраф Гасанов, Ахад Исрафилзаде, Чингиз Гаджибеков, Казым Аливердибеков, Рауф Абдуллаев, Фахраддин Керимов, Джаваншир Джафаров и другие. В статье также представлен широкий обзор творческого пути и дирижерской деятельности народного артиста Джаваншира Джафарова, который является одним из достойных последователей отечественной школы дирижирования.
Ключевые слова: дирижер, композитор, музыкальный театр, оперный театр, Узеир Гаджибейли, Джаваншир Джафаров
Senior lecturer of ANC
Gulay MAHMUDOVA
Lecturer of ANC
THE ROLE OF JAVANSHIR JAFAROV IN THE DEVELOPMENT OF THE ART OF AZERBAIJANI CONDUCTING
Summary: The article provides information on the history of creation and development of the art of Azerbaijani conducting. It emphasizes that the way started by Uzeir Hajibeyli in the field of conducting in Azerbaijan, continued such opera-symphonic conductors as Afrasiab Badalbeyli, Niyazi, Ashraf Hasanov, Ahad Israfilzadeh, Chingiz Hajibeyov, Kazim Aliverdibekov, Rauf Abdullaev, Fahraddin Kerimov, Javanshir Jafarov and others. The article also provides a broad overview of the creative path and conductor activities of the People’s Artist Javanshir Jafarov, which is one of the worthy followers of azerbaijany school of conducting.
Key words: Conductor, composer, musical theater, opera theater, UzeyirHajibeyli, Javanshir Jafarov
Rəyçilər: professor Ağaverdi Paşayev;
professor Məmmədağa Umudov