Arif Babayev-80
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2018
ARİF BABAYEV-80
Ömrünün 80-cı baharına qədəm qoyan görkəmli xanəndə, respublikanın xalq artisti, professor Arif Babayevin həzin və şaqraq səsi konsert salonlarından, opera səhnəsindən, televiziya ekranlarından, radio dalğalarından nəinki Azərbaycanda, bütün dünya azərbaycanlılar tərəfindən hər zaman sevə-sevə dinlənilir. Biz belə bir sənətkar oğlunun nailiyyətlərinin canlı şahidi olduğumuza görə, onun ecazkar, möhtəşən səsini canlı eşitdiyimizə görə böyük qürur hissi duyuruq.
Arif Babayev böyük muğam ustadıdır. O, Qarabağ xanəndəlik məktəbinin ən parlaq nümayəndələrindən biridir. Onun həzin, məlahətli səsi, yaradıcılıq istedadı, səlist, aydın diksiyası, boğaz xırdalıqları, zəngulələri yüksək istedadın təzahürüdür. İfa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul-segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları təkcə Azərbaycanda deyil, türk dünyasında şöhrət qazanmış və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuşdur.
Arif Babayevin ecazkar səsi dünyanın bir çox ölkələrində – Ərəb ölkələrində (1967), Danimarka (1974, 1989), Əlcəzairdə (1975), Türkiyədə, İranda, Əfqanıstanda, Tunisdə, Fransada, İsveçrədə, İtaliyada (1985), Finlandiyada (1986), ABŞ-da (1988), Livanda və keçmiş SSRİ-nin bir çox şəhərlərində böyük müvəffəqiyyətlə səslənmişdir və muğamlarımızı, xalq nəğmələrimizi, bəstəkar mahnılarını layiqincə təbliğ etmiş və bu gün də təbliğ edir.
Bundan başqa xanəndə həm də mahir təsnif ustasıdır. O, 30-a yaxın mahnı və təsnifin müəllifidir. Xanəndənin mahnı və təsniflərinin bir neçəsi toplanaraq not məcmuəsi şəklində 2012-ci ildə nəşr olunmuşdur (AMK – tədris işləri üzrə prorektoru, əməkdar müəllim, professor M.Quliyev və əməkdar incəsənət xadimi, bəstəkar F.Nağıyev tərəfindən nəşr edilmişdir). Həmin məcmuəyə on mahnı və təsnif daxil edilmişdir. Bunlardan: “Eşqin göylərində uçan bir quşam” (söz. A.Cəfərovun), “Ey mənim məhəbbətim” (söz. R.Kərimlinin), “Gəl məni aldatma, gözəl bəxtəvər” (söz. C.Qaryağdıoğlunun), “Tar-kamanım, gəl-gəl”, “Əzizinəm, çən düşməz”, “Gəl-gəl, maralım, gəl”, “Gəncədən fayton gəlir”, “Qara telin incə belə”, “Samovarın xəkəsi”, “Yanıram eşq oduna, gəl” (sözləri xalq bayatısı) mahnı və təsniflərdir.
Arif Babayevin yaradıcılığı coxşaxəlidir. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xanəndə uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərmiş, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaratmışdır. Qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarında), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operasında), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayil” operasında) kimi yaddaqalan obrazları yaratmış və dinləyici auditoriyasında böyük uğur qazanmışdır. Xüsusi ilə Məcnun obrazı ilə xanəndə opera tariximizdə önəmli yer tutmuş və tarixə düşmüşdür. O, gözəl səsə malik olmaqla yanaşı, operada artistlik qüdrətini büruzəvermək bacarığı, emosionallığı, füsunkar rolları və s. cəhətlərinə görə bənzərsiz və mənalı ifa tərzini yaratmışdır.
Pedaqoji fəaliyyətdən danışdıqda qeyd etməliyik ki, xanəndə Arif Babayev 40 ilə yaxın bir vaxt ərzində yüzlərcə tələbələr yetişdirmişdir. Onun yetirmələri olan gənc xanəndələr dünyanın müxtəlif bölgələrində məharətlə muğamımızı, xalq mahnılarımızı təmsil etmiş və bu gün də bu missiyanı davam edirlər. Bunların içərisində böyük fəxrlə – Aygün Bayramova, Nəzakət Teymurova, Gülüstan Əliyeva, Firuz Səxavət, Səbuhi İbayev, Cabir Abdullayev, Vüqar Əliyev, Qəzənfər Abbasov və başqalarını qeyd edə bilərik.
Arif Babayev Azərbaycan musiqisinin inkişafına və təbliğinə göstərdiyi xidmətlərinə görə daima diqqət mərkəzində olmuş və dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. 1975-ci il aprelin 11-də xanəndə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1978-ci ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Xanəndə 1998-ci ildə “Şöhrət” və 2008-ci ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Arif Babayev 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Bu il isə, ömrünün 80-ci ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev 19 fevral 2018-ci il tarixində “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.
Sənətkarın 80 illik yubileyi ilə əlaqədar olaraq onun doğum günündə — 20 fevral 2018-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında möhtəşəm bir tədbir keçirildi. Tədbir Təhsil Nazirinin müavini Firudin Qurbanovun çıxışı ilə başlandı. O, görkəmli muğam ifaçısı Arif Babayevin ömür yolundan, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən, bir çox xarici ölkələrində qastrol səfərindən, muğamlarımızın, milli musiqimizin təbliğindən danışdı. Sonda xanəndə haqqında öz ürək sözlərinin söylədi və Təhsil Nazirliyi tərəfindən təqdim olunan təbrik məktubunu təqdim etdi.
Növbəti çıxışı Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, xalq artisti Siyavuş Kərimi etdi. O, xanəndənin klassik muğam sənətinin zəngin irsini qoruyub saxlamaqla yanaşı, öz yeni töhfələrini yeni nəslin muğam ifaçılarına bəxş etməsindən söhbət acdı və onun Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı olduğunu vurğuladı. Azərbaycan Milli Konservatoriyası adından təqdim olunan təbrik məktubunu oxudu. Sonra Arif Babayev haqqında hazırlanan video görüntülər və xatirə şəkilləri göstərildi və xanəndənin ifasında “Segah” muğamı səsləndirildi.
AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova öz çıxışında Arif Babayevin həyat və yaradıcılıq yolunun bəzi maraqlı məqamlarına işıq saldı, sənətkarın xanəndəlik sənətindəki rolundan söhbət açdı. Azərbaycanın xalq artisti, görkəmli muğam ustadı Əlibaba Məmmədov ustad xanəndə, öz həmkarı Arif Babayevin xanəndəlik məktəbinə verdiyi dəyərli töhfələrdən danışdı. Bundan sonra Milli Konservatoriyasının bütün kafedra müdirləri və professorları tərəfindən yubilyarın ünvanına ürək sözləri deyildi və təbrik edildi.
Yubileyin ilk musiqi nömrəsi Arif müəllimin ifasında illərcə sevə-sevə dinlədiyimiz, öz təsnifini, tələbəsi, bu gün Azərbaycan muğamlarını dünyanın hər yerində layiqincə təmsil edən əməkdar artist Firuz Səxavətin ifasında “Dilkeş” təsnifi ilə başlandı. Növbəti musiqi nömrəsində Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist Anar Şuşalının ecazkar səsi ilə “Qara tellər” xalq mahnısı səsləndirildi. Müğənnini əməkdar artistlər – tarda Elşin Haşımov və kamançada Elnur Əhmədov müşayiət edirdi. Bir cox təbriklərdən sonra, uzun illər xanəndənin ifasında eşidilən, xalqın dillər əzbəri olan, bu gün də sevə-sevə dinlənilən “Tar kamanim gəl-gəl” öz təsnifini əməkdar artisti Təyyar Bayramov tərəfindən səsləndirildi.
Yubilyara həsr edilmiş növbəti konsert 20 mart 2018-ci il tarixində Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncə Dövlət Filarmoniyasında böyük konsert proqramı ilə təşkil olunmuşdur. Konsertdə ilk çıxış Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tərəfindən təbrik edildi və onun yaradıcılığı haqqında geniş cıxış etdi. Həmin konsertdə yubilyar öz repertuarı ilə cıxış edərək, tamaşaçılar tərəfindən geniş alqışlarla qarşılandı. Növbəti konsertlər Ağdam, Füzuli rayon bölgələrində baş tutdu. Konsert proqramında tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndirildi. Xalq artistləri: Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər – Təyyar Bayramov, Gülüstan Əliyeva, Cabir Abdullayev, müşayiət edənlər – tarda əməkdar artistlər Elçin Haşımov, kamançada Elnur Əhmədov iştrak etmişdilər.
Nəhayət, böyük yubiley tədbiri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə aprelin 3-də 2018-ci il tarixində Heydər Əliyev Sarayında “Arif Babayevin-80” adlı konsert təşkil olundu. Həmin konsertin quruluşçu rejissoru Opera Balet Teatrinin baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev idi. Yubiley gecəsi Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin cıxışı ilə başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıran nazir ona «Şərəf» ordenini təqdim edib. Daha sonra nazir öz cıxışında Arif Babayevin ömür yolundan, muğam sənətinin inkişafındakı xidmətlərindən və özünəməxsus ifaçılıq üslubundan danışıb. Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli Arif Babayev yaradıcılığına müxtəlif aspektdən yanaşaraq onu təbrik etdi, yaradıcılıq uğurları arzuladı. Növbəti cıxışı Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi davam edərək, xanəndə haqqında belə qeyd edir: Arif Babayev Qarabağ xanəndəlik məktəbinin davamçısı, müqəddəs muğamları göz bəbəyi kimi qoruyan, hec bir təqlidə yol verməyən, öz dəsti-xətti ilə seçilən ustad-xanəndə, həm də pedaqoq, opera aktyoru, təsnif ifaçısı kimi musiqi mədəniyyətimizə daxil olub. Onu bir daha urəkdən təbrik edirik, cansağlığı, yaradıçılıq uğurları arzulayırıq.
Daha sonra Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Huseynov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Yubiley gecəsi yüksək səviyyəli proqramla, ustad xanəndənin ifa etdiyi və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş muğamlar, xalq mahnıları, təsniflər, operalardan musiqi nümunələri, tanınmış muğam ifaçıları, yubilyarın yetirmələri tərəfindən səsləndirildi. Azərbaycanın xalq artistləri — Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar, Zabit Nəbiyev, əməkdar artistlər – Gülüstan Əliyeva, Nuridə Hüseynova, Almaz Orucova, Sevinc Sarıyeva, Cabir Abdullayev, Firuz Səxavət, Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Zakir Əliyev və Elnur Zeynalovun rəngarəng cıxışları, yüksək ustalıqla ifaları tamaşaçıları valeh etdi.
Tədbirin sonunda xalq artisti Arif Babayev sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Yubiley mərasimi böyük sənətkarın yetirmələri ilə birgə məharətlə ifa etdiyi «Qarabağ şikəstəsi» ilə başa çatdı. Tamaşaçılar tərəfindən Arif müəllim çox böyük alqışlarla təbrik edildi. Arası kəsilməyən alqışlar altında Arif müəllim tamaşaçılara və ifaçılara öz dərin təşəkkürünü bildirdi.
Konsertdən xatirə şəkli
Əlbəttdə, Arif Babayev gözəl, təkrarsız ifasını zənginləşərək hər zaman dinləyici urəyinə yol tapib, hər zaman sevilib və daha çox seviləcək. Ömrünün 80-ci baharını yaşayan xanəndəyə can sağlığı, uzun ömür və sənət yolunda uğurlar arzulayırıq.
Əziz Arif müəllim, 80 yaşınız mübarək!
AMK-nın dosenti,
sənətşünaslıq üzrə fəlsəfə doktoru