Azərbaycan musiqisinin inkişafinda Heydər Əliyev mərhələsi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2018 № 2
AMK-nın magistri
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
E-mail: sebinememmedova177@gmail.com
AZƏRBAYCAN MUSİQİSİNİN İNKİŞAFINDA
HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ
“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər” – bu sözlər müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, əbədiyaşar lideri, Ulu öndər Heydər Əlirza oğlu Əliyevə məxsusdur. Azərbaycanın bir dövlət kimi müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etmiş ölkələr sırasında tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, söylədiyi çıxışlarında xalqına, vətəninə olan sevgisini həmişə fəxr hissi ilə vurğulayırdı. Heydər Əliyev Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin kamil bilicisi və vurğunu idi. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan incəsənətinin tərəqqisi və inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Çünki o, çox gözəl bilirdi ki, bir dövləti, xalqı digər dövlətlərdən fərqləndirən əsas cəhətlərdən biri də məhz həmin dövlətin, xalqın özünəməxsus incəsənət sahələrinin olmasıdır. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Dahi şəxsiyyət əsas da musiqi sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Çünki xalq musiqimiz Azərbaycan mədəniyyətinin, tarixinin, əsasını təşkil edir. Hər bir xalqın musiqi irsində olduğu kimi, Azərbaycan xalq musiqisini həm dövlətimizdə, həm də digər xarici ölkələrdə tanıdan, yaşadan musiqiçilərimiz vardır. Ulu öndərin təbirincə desək “XX əsrdə Azərbaycan musiqi mədəniyyətində böyük nailiyyətlər əldə edilmişdir. Milli musiqi incəsənətini inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir. Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedatlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş, edir və edəcəkdir”. Məhz buna görədə ulu öndər həmişə bəstəkarlara, ifaçılara, musiqişünaslara qayğı və hörmətlə yanaşmış, onlar ilə tez-tez görüşlər təşkil etmiş və əməklərini daima yüksək qiymətləndirmişdir. Ümummilli lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görürdü. Onun sərəncamı Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə Prezident təqaüdü verilmiş, onların bir çoxu isə dövlətin ən yüksək orden və mükafatları ilə təltif olunmuşdular. O, Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olan dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, məşhur müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət verərək, onların fəaliyyətinin beynəlxalq arenaya çatdırılması üçün geniş çalışmıışdır. Bundan başqa yaradıcılıq evlərinin tikilməsi, dünyasını dəyişən görkəmli bəstəkarların xatirəsini əbədiləşdirmək üçün ev muzeylərinin yaradılması, yubiley gecələrinin təşkili, tanınmış bəstəkar və ifaçıların xatirələrinə həsr olunmuş müsabiqələr, musiqiçilərin fəxri adlar, orden və mükafatlarla təltif olunmaları da məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Söz yox ki, bu təltiflər bəstəkarlarımızın yaradıcılığı üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir. Musiqiçilər də təbiidir ki, onlara göstərilən bu diqqət və qayğıya biganə qalmırdılar. Dahi şəxsiyyətə həsr olunan neçə-neçə əsərlər ifaçılar tərəfindən hələ də sevilərək ifa olunur. Belə möhtəşəm əsərlərə misal olaraq, Cövdət Hacıyevin 8 saylı – “Onu zaman seçib” simfoniyasını, “Ulu öndər” simfonik poemasını, Arif Məlikovun 8 saylı – “Əbədiyyət” simfoniyasını, Firəngiz Əlizadənin kamera orkestri üçün “İthaf”, Tofiq Bakıxanovun “Xatirə”, “Sən həmişə bizimləsən” simfonik poemasını, Nəriman Məmmədovun «Yeni Azərbaycan Partiyası”, “El atası, Heydər baba”, “Sənsən xilaskarımız”, Vasif Allahverdiyevin səs ilə kamera orkestri üçün «Elegiya», “Ömür yolu” simfonik poeması, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odaları və digər əsərləri misal göstərə bilərik.
Digər önəmli faktlardan biri də odur ki, işinin gərginliyinə baxmayaraq Ulu öndər Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək, tamaşaya qoyulmuş və yaxud ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləmiş, bəstəkarlarımıza böyük dəstək olmuşdur.
Heydər Əliyev bildiyimiz kimi, təhsil sahəsinə xüsusilə önəm verirdi. Musiqi sahəsində də təhsilin önəmini bilən Ulu öndər Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzlərinin yaradılması üçün xüsusi göstərişlər vermişdir. Hal-hazırda oxuduğum ali təhsil müəssisəsi, Azərbaycan Milli Konservatoriyası da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli qərarı və şəxsi təşəbbüsü ilətəsis edilmişdir. Bu müdrik qərardan sonra Azərbaycan milli musiqisinin təşkili və təbliği yeni inkşaf mərhələsinə qədəm qoymuşdur.
Ulu öndər Heydər Əliyev həm də Üzeyir Hacıbəyli musiqisinin böyük vurğunu idi. Bildiyimiz kimi, Heydər Əliyevin təklifi ilə Üzeyir Hacıbəylinin doğum günü yəni, sentyabr ayının 18-i Azərbaycanda musiqi günü kimi qeyd olunur. Hal-hazırki dövrdə də məhz bu gün respublikamızın hər bir yerində təntənəli şəkildə böyük əhvali-ruhiyyə ilə qeyd olunur. Musiqi bayramının qeyd olunmasının əbədiyaşar liderin, ömrünü musiqiyə həsr etmiş insanlara bəxş etdiyi qiymətli bir hədiyyə kimi də qeyd edə bilərik. Ulu öndərin sevərək dinlədiyi musiqilər içərisində Tofiq Quliyevin mahnılarını da xüsusilə qeyd etmək istərdik. Heydər Əliyevin bəstəkarın 80 illik yubiley gecəsində etdiyi çıxışı onun Tofiq Quliyev musiqisinə olan sevgisini əks etdirir. Heydər Əliyev bəstəkarın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək belə demişdir: “Tofiq, sən fəxr edə bilərsənki, 80 yaşını belə gümrah, sağlam, gözəl şəraitdə keçirirsən. Sən bundan sonra da yaradacaqsan, yazacaqsan, bizi sevindirəcəksən, yeni-yeni mahnılar, musiqilər yaradacaqsan. Mən sənə can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirəm. Biz hamımız bu dünyadan gedəcəyik. Ancaq mahnı, musiqi yaşayacaq. Tofiq Quliyevin mahnıları, musiqisi daim yaşayacaqdır. Eşq olsun musiqiyə! Eşq olsun incəsənətə! Yaşasın Tofiq Quliyev!”
Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasəti hal-hazırda onun davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənabları müvəffəqiyyətlə dəvam etdirir. Prezident İlham Əliyev və xanımı vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi müasir dövrdə daha da inkşaf etmiş, digər ölkələr tərəfindən musiqimizə maraq xüsusilə artmışdır. Sevindirici haldır ki, Azərbaycanın ən qədim janrlarından biri olan muğam sənəti müasir dövrdə nəinki yaşlı nəsil, hətta gənclər tərəfindən də xüsusilə sevilərək dinlənilir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın 2004-cü il avqustun 13-də YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə muğamlarımızın qorunması və təbliği yeni vüsət tapmışdır. Muğam müsabiqə və festivallarının təşkili, müxtəlif televiziya və radio kanallarında muğam konsertlərinin keçirilməsi çoxlu sayda gənc və istedatlı şəxslərin üzə çıxarılmasına səbəb oldu. Xalqımızın canına, qanına hopmuş, daxili dünyasının ayrılmaz hissəsi olan muğam sənəti 2003-cü ildə YUNESKO-nun tərtib etdiyi “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Ölkəmizdə Muğam evi, Muğam mərkəzi kimi mədəni ocaqların fəaliyyətə başlaması, 2009-cu ilin mart ayında Heydər Əliyev fondunun təşəbbüsü ilə bütün dünyada əks-sədaya səbəb olmuş “Muğam aləmi” Beynəlxalq Festivalının keçirilməsi Azərbaycan musiqi mədəniyyətinin, ümumən dünya səviyyəsində tanıdılması, təbliği və sevilməsi istiqamətində təşkil olunan mühüm tədbirlərdən biri kimi qiymətləndirilməlidir. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məhşur muğam ustalarının valehedici ifalarının toplandığı “Qarabağ xanəndələri” albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır. Müasir dövrdə də Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılır. Hal-hazırda Azərbaycan dövləti siyasi arenada olduğu kimi, mədəni arenada da prezident İlham Əliyevin göstərdiyi əvəzsiz xidmətlər sayəsində inkşafının yeni mərhələlərinə qədəm qoyub. Əminik ki, İlham Əliyevin uğurlu siyasəti nəticəsində bizim düşmən tapdağında olan torpaqlarımız da tezliklə geri alınacaq və milli musiqimizin sədası işğal olunmuş torpaqlarımızdan eşidiləcək. Bu hər bir azərbaycanlının ən böyük arzusu və əsas amalıdır.
ƏDƏBİYYAT:
- Abduləliyev A.Ə. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti // “Musiqi dünyası”jurnalı, №1-2, 2008. S. 4-17.
- Əliyeva N. Müstəqilliyin banisi // “Azərbaycan” qəz., Bakı, 2017, 9 may.
- Həbibbəyli İ. Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq // “Azərbaycan” qəz., Bakı, 2016, 6 may.
- Quliyev A. Heydər Əliyev Azərbaycan musiqi sənətinin böyük hamisidir // “Musiqi dünyası” jurnalı. № 3-4, 2008. S. 18-19.
- Məmmədova G. Azərbaycan təhsilinin memarı // “Xalq” qəz., Bakı, 2017, 12 dekabr.
Saytoqrafiya:
- http://mehribanaliyeva.preslib.az/media-c11ffd08f8.html
- http://www.anl.az/down/meqale/medeniyyet/2010/may/118566.htm