AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA”  2021 № 2 (51)  

“ŞUŞANIN DAĞLARI” MAHNISININ TARİXİNƏ BİR NƏZƏR

    Çoxəsrlik tarixə malik Azərbaycan muğam sənəti, eləcə də xanəndəlik mək­təbi şifahi şəkildə nəsildən-nəsilə ötürülmüşdür. Muğam sənəti əsasən inkişaf etmiş bölgələrdə daha çox yayılmışdır. Təsadüfi deyildir ki, Qarabağ musiqi mə­də­niyyəti – ifaçılıq ənənələri, muğam sənəti, ustad sənətkarlıq baxımından daha çox tanınır və Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Məhz buna görə Qarabağ bütün Şərqdə və eləcə də Qafqazda “musiqi beşiyi” he­sab olunur. Belə ki, Qarabağ muğam məktəbi və məclisləri Azərbaycan musiqi incə­sənətinə görkəmli sənətkarlar bəxş etmişdir. Onların sırasına Xanəndə Yusif, Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov, Malıbəyli Həmid, Mirzə Sadıq Əsəd oğlu, Mirzə Muxtar, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Bübülcan, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov və başqalarını aid etmək olar.

   Azərbaycan klassik muğam sənətinin misilsiz ifaçılarından biri də Xan Şuşins­kidir. Geniş diapazona malik, muğamlarımızın mahir ifaçısı və bilicisi olmuş Xan Şuşinski şux səsi ilə Azərbaycan musiqi mədəniyyətini dünyaya təbliğ edən sənətkarlardan biri olmuşdur. Xüsusən “Mirzə Hüseyn segah”ı onun yara­dı-cı­lığında xüsusi yer tutur. Azərbaycan muğam tarixində öz sözünü demiş, ifa üslu­bu ilə seçilən ustad xanəndənin məktəbini keçmiş ifaçılara misal olaraq Əbül­fət Əliyev, Sara Qədimova, Arif Babayev, Canəli Əkbərov, Qaraxan Behbudov, Vəli Məmmədov kimi ifaçıların adını çəkmək olar.

    Musiqi tariximizə həm görkəmli xanəndə, həm də bəstəkar kimi düşmüş Xan Şuşinski bir çox mahnıların müəllifidir. Onun tərəfindən bəstələnən mahnılar in­sanlar tərəfindən o qədər sevilmişdir ki, hətta bəzən onların xalq mahnısı oldu­ğu­nu söyləyənlər də az olmamışdır. Məlahətli və bənzərsiz səsə malik ustadın “Al yanağında”, “Qəmərim”, “Ölürəm a ceyran bala”, “Şuşanın dağları”, “Ay gözəl”, “Nə halətdir”, “Ay gəşəng ceyran”, “Dilbərim”, “Məndən gen gəzmə”, “Dağlarda çiçək”, “Gözəl yarım” kimi mahnıları müasir dövrümüzdə ifa olunan və zövqlə din­lənilən musiqilər sırasındadır. Sözügedən mahnılar xalq yaradıcılığından bəh­rə­lənərək meydana gəlmişdir. Xan Şuşinski aşıq yaradıcılığına da müraciət et­miş­dir. Məsələn, “Apardı sellər Saranı”, “Əlində sazın qurban”, “Ceyran balam” mah­nıları aşıq yaradıcılığına məxsus olsa da, Xan Şuşinski onlara yeni nəfəs verə­rək yeni formada dinləyicilərə təqdim etmişdir. Qeyd etmək lazımdır ki, 2004-cü ildə Xan Şuşinskiyə məxsus mahnıların bir qismi Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiq edilmişdir.

   Təkcə Azərbaycanın incisi yox, eləcə də Qafqaz regiounun gözəl guşə­lə­rin­dən biri olan Şuşa şəhəri haqqında ilk mahnı məhz Xan Şuşinski tərəfindən bəs­tə­lən­mişdir. Mahnı XX əsrin 30-cu illərində meydana gəlmişdir. Qeyd edək ki, musiqi ilə yanaşı bu mahnının sözləri də Xan Şuşinskiyə məxsusdur. Dillər əzbəri olmuş “Şuşanın dağları” mahnısı muğam üçlüyü – xanəndə (qaval), tar və ka­man­ça ifaçıları üçün nəzərdə tutulmuşdur. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alı­na­raq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub.

   Poetik baxımdan “Şuşanın dağları” mahnısında Şuşa bir gözəl qıza bən­zə­di­lir. 3 bənddən ibarət olan mahnıda musiqi nikbin və şux xarakterə malikdir. Mövzu-obraz baxımından musiqi və mətn vəhdət halında çıxış edir. Mahnının sözləri aşağıdakı kimidir:

 

    I bənd:

    Şuşanın dağları başı dumanlı,

   Qırmızı qoftalı, yaşıl tumanlı,

   Dərdindən ölməyə çoxdur gümanım.

 

   II bənd:

   Şuşada axşamlar yanar ulduzlar,

   Onlardan gözəldir gəlinlər, qızlar,

   Oturub yol üstə yarını gözlər.

 

   III bənd:

   Şuşanın hər yandan gəlir sorağı,

   Tərifə layiqdir İsa bulağı,

   Dağları, bağları, qızlar oylağı.

 

   Nəqarət:

   Ay qız, bu nə qaş göz, bu nə tel,

   Ölərəm dərdindən onu, onu bil,

   Danışmasan da balam, barı gül.

  Sözlərdən göründüyü kimi, xanəndə Şuşanı və onun gəzməli-görməli yer­lə­ri­ni vəsf etməyə çalışmışdır. Burada “Şuşanın dağları başı dumanlı” başı örtülü qıza, “qırmızı qoftalı” yəni düzənliklərində olan güllər-çiçəklər, “yaşıl tumanlı” isə dağların ətəyindəki düzənliklərlə ifadə olunur.

  “Şuşanın dağları” mahnısının ölçüsü xalq mahnılarımızda tez-tez tast gəli­nən 6/8 ölçüsündə, tempi isə Moderatodur. Melodiyada eyni musiqi quruluşu bir neçə dəfə təkrar səslənərək kuplet –nəqərat formasını meydana gətirir. Mahnı E ma­yəli segah məqamına əsaslanır. Bildiyimiz kimi, segah məqamı bədii-ruhi təsir cə­hətdən dinləyicidə məhəbbət və sevgi hissi yaradır. Bu baxımdan, “Şuşanın dağ­ları” mahnısının melodiyasında bunu duymaq mümkündür. Mahnı inst­ru­men­tal giriş ilə başlayır. Melodiyanın diapazonu k6 (kiçik seksta) intervalını təşkil edir. Sıçrayışlar isə x4, b3, k3 (xalis kvarta, böyük tersiya, kiçik tersiya) inter­val­la­rı­na baş verir. Melodik xətt axıcı, dalğavari şəkildə inkişaf edir.

              Nümunə 1.

sd1

  Yuxarıda da qeyd etdiyimiz kimi, Xan Şuşinski müəllifi olduğu mahnılarını bəstələyərkən xalq musiqisindən bəhrələnmişdir. Elə ona görə də “Şuşanın dağları” mahnısında xalq musiqisi üçün səciyyəvi olan musiqi bəzək vasitəsi mordentdən, tremolodan geniş şəkildə istifadə olunur. Melodiyada sinkopalı ritm-intonasiya üstünlük təşkil edir. Bunu elə solo hissənin birinci xanəsindən etibarən görmək mümkündür. Kupletin hər cümləsi əsas tonun kvintasında tamamlanır. Bu isə yarım kadansları əmələ gətirir. Mahnının təhlilinə nəzər salsaq burada art2 (artırılmış sekunda) intonasiyasının tez-tez səsləndiyini görə bilərik. Məsələn, kupletin II, IV, VIII, XI xanələrində artırılımış sekunda as-h səslərində yuxarı istiqamətdə, VII və X xanələrində isə h-as aşağı istiqamətdə. Bu intervalın əmələ gəlməyinə səbəb milli məqam xüsusiyyətləridir.

 

              Nümunə 2.

sd2

    Nəqarət hissəsi tam kadans ilə yəni “e” notu ilə tamamlanır. Qeyd etmək lazımdır ki, nəqarət əsas tonun alt aparıcı tonu ilə başlayır. Lakin burada əsas tonun aparıcı tonu “h” yarım ton bəmləşərək “b” kimi təqdim olunur.

    Mahnıda daha maraqlı məqam isə pauzalarla bağlıdır. Belə ki, bütün mahnı boyu istər kuplet, istərsə də nəqarət hissəsində yalnız bir dəfə səkkizlik pauza verilir.

   “Şuşanın dağları” mahnısının tarixi keşməkeşli yollardan keçmişdir. SSRİ döv­ründə mahnıdakı bəzi sözlərə görə görkəmli xanəndə təqiblərə və iradlara mə­ruz qalmışdır. Dəfələrlə inzibati orqanlara çağırılaraq Xan Şuşinski izahatlar ve­rir­di. Bildiyimiz kimi, Sovet hakimiyyəti öz yeni idealogiyası ilə xalqların keç­mi­şini, folklorunu, adət-ənənəsini unutdurmağa çalışırdı. Mahnıda istifadə olunan “Şu­şanın dağları başı dumanlı”, “ölürəm” kimi ifadələr SSRİ idealogiyası üçün yad idi. Belə ki, bu sözlər vasitəsi ilə kədər və nisgilin təlqin edildiyi dü­şü­nü­lür­dü. Bu səbəbdən Sovet Bədii Şurası mahnının sözlərinin dəyişdirilməsini tələb edir. Halbuki, Şuşa şəhəri dağlarla əhatələndiyindən daim başı dumanlı idi. “Ölü­rəm” sözü isə məcazi mənada istifadə olunurdu. Təqib və iradlarla qarşılaşan Xan Şuşinski, məcburiyyət qarşısında mahnının sözlərini dəyişərək belə ifa etmişdir: “Şu­şanın dağları deyil dumanlı”. Belə ki, rəsmi məclislərdə, lent yazılarında söz­lər dəyişilmiş şəkildə ifa olunmuşdur. Mahnı iki dəfə 1946-cı ildə muğam üçlüyü, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lent yazısına alın­mış­dır. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şu­şanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim olunur.

   Sözügedən mahnıya bir çox xanəndə və müğənnilər müraciət etmişdir. Eləcə də, bu mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün işlənilərək çap olun­muşdur.

   1992-ci il 8 may tarixindən etibarən bu mahnı ifaçılar və eləcə də xalq tə­rə­fin­dən böyük kədər, qəm və nisgilli hisslər ilə qarşılanırdı. Düşmənlər tərəfindən əsa­rətə düşmüş Şuşanın dağlarını həqiqətən qara buludlar alır. Əbəs yerə deyil ki, Ümum­milli lider Heydər Əliyev Şuşa şəhərini Azərbaycan xalqı üçün olan əhə­miyyətini belə ifadə etmişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azər­baycan yoxdur!”.

   28 illik davam edən əsarətə, ayrılığa 2020-ci il 8 noyabr tarixində son qo­yul­du və Şuşa şəhəri yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrildi. Ümid edirik ki, çox yaxın zamanda Cıdır düzündə Xanın səsi havalanacaq və “Şu­şanın dağları” mahnısı artıq böyük sevinc və fəxarət hissi ilə elə öz doğma Şuşa­sında səslənəcək.

 endir

PDF

ƏDƏBİYYAT:

  1. Azərbaycan xalq mahnıları. I cild. B.: Öndər nəşriyyat, 2005, 168 s.
  2. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
  3. Şuşinski F.M. Xan Şuşinski. B.: İşıq, 1989, 99s.
  4. Xan Şuşinski — Şuşanın Dağları.

URL: https://www.youtube.com/watch?v=dlT6_HaulxY

  1. Şuşanın dağları başı dumanlı.

URL:https://az.wikipedia.org/wiki/Şuşanın_dağları_başı_dumanlı

  1. Xan Şuşinski – 110. // “Səs” qəzeti. 2011.12 avqust. s. 12.

URL:http://anl.az/down/meqale/ses/2011/avqust/195138.htm

  1. “…Qırmızı koftalı, yaşıl tumanlı…” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi. URL: https://modern.az/az/news/28952/qirmizi-koftali-yasil-tumanli-xan-susinski-bayragimizi-gizli-musiqi-ile-vesf-etmisdi-maraqli
  2. Xan Şuşinskini filarmoniyada necə ağlatdılar? – “Şuşanın dağları” mahnısı haqda bilmədiklərimiz. URL: https://kulis.az/news/37368

Zümrüd PAŞAYEVA

AMK-nın “Milli vokal” kafedrasının baş müəllimi

Mövzuya uyğun