Xan Şuşinskinin həyat və yaradıcılığı haqqında
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2015
AMK-nın müəllimi
Xan Şuşinskinin həyat və yaradıcılığı haqqında
Аçar sözlər: xanəndə, yaradıcılıq, Xan Şuşinski
İsfəndiyar Aslan oğlu Cavanşir – hələ gənc yaşlarında öz parlaq ifaçılıq sənətinə görə xalq tərəfindən Xan Şuşinski adına layiq görülmüşdür. Xan Şuşinski sənəti Azərbaycan musiqisində böyük hadisədir. Bulaq kimi saf, yumşaq səs, geniş diapazon, sərbəst ifa tərzi, xanəndənin romantik görkəmi, yüksək sənət mədəniyyəti həm tamaşaçılar, həm də dinləyicilərin ürəyində dərin iz buraxmışdır.
Xan Şuşinski 1901-ci il avqust ayının 20-də Azərbaycanın musiqi və poeziya beşiyi olan Şuşa şəhərində anadan olmuşdur. 12-13 yaşlarında olarkən Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin və Əbülhəsənxan İqbalın qrammofon vallarını oxudardı və saatlarla qulaq asardı. Onun ilk müəllimi məşhur xanəndə İslam Abdullayev olmuşdur. O öz müəllimindən “Mirzə Hüseyn segahı”nı, “Rast”ı, “Şüştər”i, “Şur”u və s. bir çox muğamları və el mahnılarını öyrənir. İslam Abdullayevdən sonra Xanın bir xanəndə kimi yetişməsində böyük xanəndələrimiz Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin böyük təsiri olmuşdur.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xan Şuşinskinin inkişafı üçün gözəl şərait yarandı. Xanın səsi geniş konsert salonlarından, klublardan, kolxozlardan, radiodan, xalq şənliklərindən gəldi. Çox keçmədi ki, onu Azərbaycanın bütün şəhərlərində tanıdılar. 1920-ci ildə Bakıdan Qarabağa Qızıl Ordu hissələri ilə bir təşviqat briqadası gəlmişdir. Həmin briqadanın tərkibində Azərbaycanın xalq xanəndəsi Cabbar Qaryağdıoğlu da var idi. Xan Şuşinski bu briqadaya qoşularaq bir çox rayon və kəndlərdə verilən təşviqat konsertlərində çıxış etmişdir. Xan Şuşinskinin “neft Bakısı”nda ilk çıxışı 1923-cü ildə olmuşdur. Şuşadan gəlmiş 22 yaşlı xanəndəni dinləmək üçün şəhərin bütün mədəniyyət və incəsənət xadimləri, musiqi həvəskarları Dövlət Filarmoniyası binasına toplaşdılar.
“Heyratı” – oxuyur Xan Şuşinski!
Salonu tam sakitlik bürüdü. Xanəndə oxuyub qurtardı. Yenindən qalxıb bir neçə dəfə tamaşaçılara baş əydi. Elə bu an salon təlatümə gəldi. “Sağ ol!”, “Afərin!”, “Halal olsun!” sözləri alqış sədalarına qarşıdı. O, sonra “Qatar” muğamını, daha sonra “İrəvanda xal qalmadı” mahnısını ifa etdi.
Respublika qəzetləri Xan Şuinsikinin bu gözəl çıxışları haqqında rəylər dərc etmişdir. Bakı səfərindən sonra Xan Şuşinski 1924-1928-ci illərdə müxtəlif şəhərlərin hərbi hissələrində qızıl əsgərlər qarşısında dəfələrlə konsert verir.
Xan Şuşinski 1928-ci ilin avqust ayında Gürcüstan İncəsənət İttifaqı tərəfindən Tiflis şəhərinə dəvət edilir. O, son dərəcə müvəffəqiyyətli çıxışları ilə Tiflis tamaşaçılarını heyran edir. Xanın gözəl səsinin sədası qonşu respublikalara da yayılır.
1930-1934-cü illərdə Xan dəfələrlə Bakıya dəvət edilmişdir. Bu illər Xanın konsertləri daha maraqlı və uğurlu olmuşdur. Bakı qəzetlərinin səhifələrində nəğməkarın çıxışları haqqında maraqlı rəylər yazılır. Bütün Zaqafqaziyada bir xalq sənətkarı kimi məşhur olan Xanı 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının I İncəsənət olimpiadasına dəvət edirlər. Konsertlərdə Xan böyük uğur qazanaraq 1-ci mükafata layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 1-ci dərəcəli fəxri fərmanı ilə təltif edilmişdir.
Xan Şuşinski hərbi hissələrdə tez-tez konsertlər verirdi. 1935-ci ildə öz dəstəsi ilə Stepanakert (indiki Xankəndi) şəhərində yerləşən hərbi hissənin hamiliyə götürən Xan, 4 il bu hissələrdə konsert vermişdir. Azərbaycan musiqiçiləri arasında Xan qədər hamilik konsertləri verən ikinci sənətkar olmamışdır.
Xan Şuşinski 1944-cü ildə Azərbaycanın bir qrup incəsənət nümayəndələri ilə birlikdə İrana getmiş, Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt və başqa şəhərlərdə verilən konsertlərdə uğurla çıxış etmişdir.
1944-cü ildə dekabr ayında keçirilən Tiflisdə Zaqafqaziya respublikalarının musiqi dekadasında iştirak etmişdir. Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet teatrında keçirilən konsertdə Xan Şuşinski “Qatar”, “Səmayi-şəms” muğamını oxudu və böyük müvəffəqiyyət qazandı. Həmin konsertdə Xanın, Bülbülün, Qurban Pirimovun çıxışlarını yüksək qiymətləndirən dahi bəstəkar Üzeyir Hacıbəyli yazmışdır:”Azərbaycanın 3-cü konsertinin proqramına klassik musiqinin və xalq musiqisinin nümunələri daxil idi. Bunlar milli melodiyalarımızın bütün gözəllik və cazibədarlığını dinləyicilərə çatdırmışdır.
Həmin konsert Azərbaycan musiqisindən xalq yaradıcılığının nə qədər dərin kök saldığını bir daha aydın surətdə göstərdi. O, bəstəkarlardan yalnız Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etmişdir. Dahi bəstəkar “Qaragöz” adlı məşhur nəğməsini 1926-cı ildə bəstələmişdir. Bu mahnının ilk ifaçısı Xan Şuşinski olmuşdur.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Xan Şuşinskinin gözəl səsi Moskva tamaşaçılarını da valeh etmişdi. O, Çaykovski adına konsert salonunda, fabrik və zavodlarda Füzulinin, Vaqifin, Səməd Vurğunun şeirləri ilə “Kürd-Şahnaz”, “Hey-ratı” oxudu. Onun xüsusi bir zövqlə ifa etdiyi “Qarabağ şikəstəsi” nəinki Böyük Teatrda toplaşan tamaşaçıları, hətta görkəmli musiqiçiləri belə heyran etmişdi. O zaman “Pravda” və “İzvestiya” qəzetlərinin səhifələrində Xanın konsertləri, onun səsi və xalq mahnılarını ustalıqla ifa etməsi haqqında müsbət rəylər yazılmışdı. O, xalq xanəndəliyini yüksək sənət dərəcəsinə çatdırmışdır.
Xan uzun illər xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda görkəmli nailiyyətlər əldə etmişdir. O, el havalarının, zəngin və mürəkkəb muğamatın mahir bilicisi idi. Xan həmişə muğamların ruhuna, mahiyyətinə uyğun qəzəl və qoşmalar seçirdi. O, klassik şairlərimizdən Füzulinin, Vaqifin, Zakirin, S.Ə.Şirvanini, S.Vurğunun əsərlərindən nümunələri parlaq surətdə ifa edir. İstər klassik, istərsə də müasir şairlərin lirik əsərlərini böyük həvəslə oxuyurdu.
Xanın misilsiz səsi, ifaçılığı elm-sənət adamlarının, yazıçı və şairlərin diqqət mərkəzində olmuşdur. Nəğməkarın yaradıcılıq dünyası şairlərimizin ilham obyektinə dönmüşdür. Onlar sənətkara şeirlər qoşur, əsərlərində onu yad edirdilər.
Xalqımızın sevimli şairi Səməd Vurğun Xan Şuşinskinin füsünkar sənətini, nadir səsini dərindən duyub sevmiş və öz məşhur “Azərbaycan” şeirində məhəbbətlə tərənnüm etmişdir.
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi…
Xanın Bakıdakı konsertləri daha təmtəraqlı olardı. Hələ Xan Bakıya gəlməmişdən bir ay qabaq şəhərin görkəmli yerlərinə, küçə və meydanlarına afişalar vurulardı. Qəzetlərdə qabaqcadan elanlar verilərdi. Lakin bu konsertlərə bilet tapmaq heç də asan deyildi. Filarmoniyanın kassası qabağında bilet üçün növbəyə duranların iki cərgəsindən biri Azneft meydanına, o birisi isə Bakı Sovetinə çatardı. Qayda-qanun yaratmaq üçün milisə müraciət edərdilər. Hamı çalışardı ki, bu qeyri-adi səsi dinləsin.
Dünyaya çox xanlar gəldi-getdi. Lakin bircə Xan qaldı. O da bizim muğamatın xanıdır…
Şərqin böyük mügənnisi, xanəndəsi Hacı Hüsü “Dünyada səs də, sənət də mənimdir” dedisə, lakin bu sənəti daha yüksəklərə qaldıran Xan oldu. Əgər Cabbar Qaryağdıoğlu vokal sənətinin bünövrəsini qoydusa, bu əzəmətli binanın kərpiclərini çiyinlərində daşıyan Xan oldu. Əgər Seyid Şuşinski muğamatın camını Füzuli inciləri ilə doldurdusa, onu başına çəkən Xan oldu. “Segah-İslam” ürəkləri titrədən segahı ilə səhər bülbüllərini yuxudan oyatdısa, bu bülbülləri öz sehirli, incə cəh-cəhi, zəngulələri ilə susduran Xan oldu.
Xan Şuşinski el sözlərinə, həmçinin şair və aşıqların şeirlərinə bir sıra mahnı və təsniflər qoşmuşdur. 1933-cü ildə bəstələdiyi “Şuşanın dağları” mahnısı dillər əzbəri olmuş, indi də xanəndələr tərəfindən məhəbbtlə oxunur. Bu mahnını “Zabul” muğamı üstündə yaratmışdır. Bundan başqa bir sıra tanınmış şairlərin sözlərinə – Vaqifin “Məndən gen gəzmə”, Məmməd Rahimin “Ay gözəl” (duet), “Gözəl yarım”, Mirvarid Dilbazinin “Çiçəklərlə, çəmənlərlə gəzərəm”, eləcə də “Ay qəşəng ceyran”, “Qəmərim”, “Ay qara qız”, “Dilbərim”, “Ay dilbər”, “Qızılgül” mahnılarını bəstələmişdir.
Xanın geniş səs diapazonu ona bütün muğamları istər bəmdə, istərsə də zildə tam sərbəst oxumağa imkan vermişdir. Sözün tam mənasında vokal texnikasına yiyələnmiş, nadir hallarda təsadüf edilən güclü səsə malik idi. Şübhəsiz ki, xanəndəlik sənətində əsas şərt səsdir. Əsl xanəndənin səs diapazonu ən azı iki oktava olmalıdır. Xanın səsi isə iki oktava yarım, son dərəcə zil və qaltanlı idi. “Mirzə Hüseyn segahı”nın “Manəndi-müxalif” şöbəsini canlandıran Xan Şuşinski olmuşdur. O, əldə etdiyi müvəffəqiyyətlə kifayətlənən sənətkarlardan deyildi. Xan musiqi və oxuma texnikasını mənimsəyərək onun əsası üzərində öz yaradıcılığını daha da inkişaf etdirərdi. Xan Şuşinski 40 ildən artıq Azərbaycan Dövlət Filarmoniyasında solist olmuşdur və Filarmoniyada Muğam Studiyası açmış, çoxlu tələbələr yetişdirmişdir. Son illərə qədər Asəf Zeynallı adına Bakı Musiqi Kollecində xanəndəlik sinfində dərs vermişdir. Üzeyir Hacıbəyli öz çıxışlarında dəfələrlə Xanın səsinə və sənətinə yüksək qiymət vermiş və onu “gələcəyin ən gözəl oxuyanı” adlandırmışdır.
Xana uzun illər səmərəli fəaliyyətinə görə birbaşa Respublikanın “Xalq artisti” kimi yüksək fəxri ad verilmiş, “Şərəf nişanı” ordeni və bir çox medallarla təltif edilmişdir. Xan Şuşinskinin böyük sənəti bir çox ədib və şairlərin diqqət mərkəzində olmuş, onlar Xan haqqında ürək sözlərini demişlər. Yazıçı Süleyman Rəhimov Xanı “milyonların sevimlisi”, Əli Vəliyev “əvəzsiz xanəndə”, Mirzə İbrahimov “gözəl sənətkar”, Süleyman Rüstəm “uzun ömürlü səs” deyib tərif etmişlər. Məmməd Rahim isə bu səsi “dağ çeşməsi”nə bənzətmişdir.
Xan Şuşinski Azərbaycan musiqi mədəniyyəti tarixində müstəsna xidməti olan musiqi xadimidir.
İstifadə edilmiş ədəbiyyat:
- Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. : Yazıçı, 1985, 478 s.
Преподаватель кафедры Вокала
Азербайджанской Национальной Консерватории
Жизнь и творчество Хана Шушинского
Резюме
Хан Шушинский известен как самый видный и самый талантливый представитель профессии азербайджанского вокала. Он посвятил пятьдесят лет своей жизни развитию нашей национальной музыки.
Ключевые слова: певец, творчество, Хан Шушинский
Teacher of departament of the profession singer, singing solo
Khan Shushinski life and work
SUMMARY
Khan Shushinski in known as the most prominent and the most talanted respesentative of Azerbaijani vocal profession. He devoted fifty years of his life to the development of our national music.
Keywords: songster, activities, Khan Shushinski
Rəyçilər:
professor A.Babayev;
professor M.İbrahimov.