Fəttah XALIQZADƏ

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru

TARİXƏ YAZILAN MƏNALI ÖMÜR

         Görkəmli musiqişünas-alim, professor, əsl vətənpərvər insan Aida xanım Hüseynova musiqimizin Amerika Birləşmiş Ştatlarındakı layiqli səfiri idi. Odlar yur­dumuzun işığını, odlu musiqi nəfəsini bütün dünyaya saçardı – müxtəlif ölkə­lərə, qitələrə və xüsusilə də onillər ərzində yaşayıb-yaratdığı Yeni dünyaya. Ey gəlimli-gedimli dünya, təəssüf ki, o parlaq ulduz saçıb da vaxtsız söndü, mənalı ömrü tarixə döndü.

        Aida Nümət qızı Hüseynova Azərbaycan musiqi təhsilinin yetirdiyi ən na­dir nümayəndələrdən idi. Hələ Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət K­on­ser­vatoriyasında (indiki BMA-da) oxuduğu illər ərzində (1982-1987) nəinki se­vimli müəllimlərinin, həmçinin respublika musiqi ictimaiyyətinin də nəzər-diq­qə­tini özünə cəlb etmişdi. O, dönəmin ən yüksək təqaüdü olmuş Lenin təqaüdünə layiq görülmüşdü. Dahi Ü.Hacıbəylinin 100 illiyi münasibəti ilə keçirilmiş tən­tə­nə­li yubiley tədbirlərində isə görkəmli musiqi xadimləri ilə yanaşı gənc tələbə də xita­bət kürsünə qalxıb hərarətli çıxışı ilə yaddaşlarda qalmışdı. Növbəti 1986-cı ildə yeni qələbəyə imza ataraq “Ən yaxşı tələbə elmi işi uğrunda” Ümumittifaq mü­sabiqəsində birinci dərəcəli Diplomla təltif olunmuşdu.1

     Aida Hüseynova peşəkarlıq fəaliyyətinə çox tez başlayıb yüksək pillələrə inam­la addımlayırdı. Milli bəstəkarlıq məktəbinin yaradıcılarından biri olmuş Müs­lüm Maqomayev haqqında yazdığı monoqrafiya böyük sənətkar həsr olun­muş ən gözəl elmi əsərlərdəndir. Ömrünün böyük bir hissəsini ABŞ-da yaşamış, bir sıra universitetlərdə, o cümlədən İndiana Universiteti Ceykob Musiqi Mək­tə­bin­də pedaqoji fəaliyyət göstərmiş, ölkənin və deməli, dünyanın ən yüksək stan­dart­larına cavab vermişdir.

      XX əsr Azərbaycan musiqisi, D.Şostakoviç, multikulturalizm işlədiyi möv­zu­ların yalnız bir qismi idi. “İpək yolunun musiqisi” və “Musiqidə Şərqlə Qərbin görüşləri” kimi mühazirələr kurslarının müəllifi və aparıcısı kimi çox sayda tələ­bələrin dərin hörmətini qazanmış, əsərləri Azərbaycandan başqa ABŞ, Bo­lq­a­rıs­tan, Almaniya, Fransa, Hollandiya, Rusiya kimi ölkələrdə nəşr olunmuş, dünyaca məş­hur olan “Kronos” kvarteti, Yo-yo-Ma tərəfindən idarə olunana “İpək yolu” ansamblı, Mark Morrisin Dance Groupu kimi kollektivlərin elmi məsləhətçisi, eləcə də “ipək Yolu” Ümumdünya Musiqi Festivalı məsləhətçilər komissiyasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir.

     Okeanın o tayından Azərbaycan musiqi sənətinə fərqli mövqedən baxaraq, doğ­­ma Vətəninə, doğma mədəniyyətinə əsl bir övlad kimi sədaqətlə xidmət gös­tər­di. Daha nələrdən yazmadı professor Aida Hüseynova? Tariximizdən, mənə­viy­yatımızdan, ulu muğamlarımızın sirli-sehrli aləmindən, çox sayda bəstə­kar­la­rı­mızın cahanşümul nailiyyətlərindən, klassik və milli musiqi ifaçılarımızın qeyri-adi məharətindən və s. Bu çətin və şərəfli yolda bilik və bacarığını daima zən­ginləşdirdi, nəfis və iti qələmi heç vaxt əlindən düşmədi.

2

      İncə ruhlu qoçaq və əməksevər xanım bütün bunları özünün şah əsərində – ingilis dilində işıq üzü görmüş “Azerbaijani Music: From Mugham to Opera” monoqrafiyasında (Iidiana University Press, 2016, 322 p.) son­suz məhəbbətlə qələmə almışdır. Kə­nar­dan adi və çox asan görünə bilər! Əslində isə, təkbaşına və qəriblikdə yaşamış müəllif özü­nün etiraf etdiyi kimi, əsərin yazılmasına uzun müddət və gərgin yaradıcılıq əməyi sərf etmiş, çox çətin maneələri yarmalı olmuş, bədxahların qərəzli fikirlərini kü­bar­ca­sına təkzib etmişdir.

        Amerikada yaşayıb-yaratmaq, bu ölkə barə­də cild-cild kitab oxumaqdan, dürlü-dür­lü filmləri seyr etməkdən çox fərqli ol­ma­lıdır.

       Okeanın o tayından baxdıqda mu­si­qi­mizə qarşı baxışları da dəyişmiş, onu azərbaycanlı-amerikan musiqişünası kimi yetiş­dirmiş, lakin doğma musiqi sevgisi azalmamış, əksinə, qat-qat artmış. Zənnimizcə, musiqi mədəniyyətimiz bəstəkar və ifaçılarımızın əməyi sayə­sin­də bütün dünyada hüsn-rəğbət qazandığı kimi, görkəmli musiqişünaslarımızın da elmi-publisistik məqalələrində geniş təbliğ olunmalıdır. Bu istiqamətdə Azər­baycan milli musiqi elminin lideri sözsüz ki, Aida Hüseynova idi və o öz üzərinə götürdüyü məsuliyyətli vəzifəni ömrü boyu yüksək ləyaqət və şərəflə daşımışdı.

Gözəl xanımın dəhşətli dərəcədə ağır xəbəri bütün musiqi xadimlərini və mədəni ictimaiyyətimizi sarsıtdı. Həmin ərəfədə musiqişünasın əsərlərini necə mütaliə edirdimsə, elə indi də onlar masamın üstündədir. İndi anlamaq olur ki, yazdığı kitab və məqalələrinin baş qəhrəmanı elə özü imiş, parlaq elmi-bədii təfək­kürü, nəfis qələmi, aydan arı saf qəlbi, ipək kimi yumşaq xasiyyəti ilə birlik­də! Əsərləri oxunursa, deməli, özü də bizimlədir. O hələ çox yaşayacadır! Haq­qında tədqiqatlar aparılacaq, unudulmaz, əziz xatirəsi hər zaman və hər yerdə anılacaq, surəti daima qəlblərimizdə qalacaqdır. Dünyanın işi belədir!

Tezdən açdın, vaxtsız soldun, neyləyim!

Allah rəhmət eləsin! (adamın deməyə də dili gəlmir.) Qoy bu qara yazını bizlərə kövrək bir təsəlli, nəsillərə isə qürur verəcək işıqlı sözlərlə bitirim.

Nə yaxşı ki, bu dünyada Aida Hüseynova var idi!

endir

PDF

 

 

Mövzuya uyğun