Simpoziumun görünməyən tərəfləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” 2023 № 3 (60)
SİMPOZİUMUN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ
AMK pandemiyadan qabaq 2017, 2018 və sonra (2022 və 2023) möhtəşəm binasında beynəlxalq və hətta ümumdünya elmi tədbirlərə imza atmışdır. Bu tədbirlərdə professor-müəllim heyətinin, xüsusilə də Təşkilat komitəsinin səyləri və səriştəsi “Muğam aləmi” Festivalı çərçivəsində keçirilən Simpozium günlərində (20-23 iyun, 2023 il) də özünü bir daha göstərdi.
Beynəlxalq əhəmiyyətli Simpozium və konfranslarda bir çox ölkələrin nümayəndələri bir araya gəlməklə, deyərdim ki, əsl yaradıcılıq abu-havası yaratdı. Şübhəsiz ki, məruzələrin dinlənilməsi və müzakirəsi yenə də simpoziumun ən maraqlı hadisələrindən oldu. Bütün məruzələrin əvvəlcədən elektron formada iştirakçılara təqdim olunması materiallarla tanış olmaq üçün çox yaxşı fürsət idi. Məruzə mətnləri yəqin ki, forum günlərindən sonra da diqqət mərkəzində olacaq və onlardan hər biri, elə bilirik ki, dövriyyədə özünə layiq yerini tutacaqdır. Beləliklə, mövzular, metod və yanaşmalar, baxış bucaqları müxtəlif olduğu təqdirdə məruzələr ən ədalətli hakim olan Zamanın mühakiməsinə təqdim olunmuş oldu.
Bu kimi beynəlxalq tədbirlərin keçirilməsində dil və ünsiyyət məsələləri yenə də əsas yerlərdən birini tutur. Sovet illərindən post-Sovet dövrünə adladıqda linqvistik vəziyyətin xeyli dəyişməsi, ingilis dilinin hakim mövqeyə çıxması hər kəsə yaxşı bəllidir. AMK-nın salonlarında ingilis dilli məruzələr heç vaxt bu qədər böyük yer tutmamışdı. Müəllim və tələbələrimiz üçün bu artıq adi bir hadisəyə çevrilmişdir. Lakin biz beynəlxalq tələblərə daha yaxşı cavab verən vəziyyətə doğru keçid dövrünü yaşayırıq. Yeni şəraitə uyğunlaşmaq asan deyil. Lakin bir çox beynəlxalq forumlarda olduğu kimi, qeyri-ingilis dilində olan məruzələrin ingiliscə mətnləri bir qayda olaraq ekranda göstərilsəydi (sinxron tərcümə olsa belə) yəqin ki, simpoziumun nüfuzunu daha da artırardı.
Bu kimi simpozium və konfransların şübhəsiz ki, başqa üstünlüklərindən danışmaq istərdim. Köhnə dostlarla görüşlərin, yeni, ilk dəfə gördüyümüz tədqiqatçılarla tanışlıqların elmi dəyərindən başqa mənəvi tərəfləri də vardır. İştirakçılarla aparılan şəxsi və qeyri-rəsmi söhbətlər çox vaxt dar çərçivədə, hətta ikilikdə baş verdiyi üçün adətən gizlin qalır, lakin onların da nə zamansa elm camiyasına təqdim olunması mümkün və zəruridir.
İclaslar iki və qat-qat çox bölmələrdə keçirsə (məsələn ümumdünya konqreslərində), təbii ki, bütün məruzələri dinləmək müyəssər olmur. Belə hallarda, imkan tapıb nadir şəxsiyyətlərlə görüşmək vərdişləriniт tərbiyə olunmasını gənclərə tövsiyə edərdim
İran dəsgahları və digər milli makam məktəblərinin gözəl bilicisi Doktor Jean Durinqlə ünsiyyət zamanı sənətin incə məqamları barədə maraqlı məlumat əldə etdik. Etnomusiqişünaslıq elmində musiqi mədəniyyətlərinin daxili və xarici tədqiqatçılarının imkanları bir-birindən fəqrləndirilir (onlara insider və outsider deyilir). Dr. J.Dürinq bir çox onilliklər ərzində İran və Azərbaycan dəstgahlarını praktiki və nəzəri cəhətdən öyrənmiş, onların ruhuna yaxından bələd olmuşdur. Söhbət zamanı hörmətli qonağımız bu barədə maraqlı açıqlamalar verdi.
– Mən tədqiqat obyektinə münasibətdə əlbəttə ki, özümü insider kimi hiss edirəm. Bu bizim üçün bir ailə ənənəsinə çevrilmişdir. Oğlum və nəvəm də dəstgah sənətini ifa edirlər. Təkcə Şərq monodiyasını oxumaq bizə çətin gəlir. Bununla belə tədqiqatçı məhz oxuma sənətinə dair olduqca maraqlı məruzə oxudu: “İran klassik musiqisində təhrir boğaz texnikası və melodik bəzək forması kimi”.
Hesab edirik ki, xanəndəlik sənətinə yiyələnmək üçün dili, qəzəlləri və xüsusi oxu tərzini də mənimsəmək lazımdır. Görünür, Dr.J.Dürinq bu sənətin ifa qaydalarına yiyələnməkdən sonra onun tədqiqatçısı olmaq məqsədini qoymuş, oxumağa meyl etməmişdir. Bu barədə adətən yerli musiqiçilərin (insider) problemləri yaşanmır.
Görkəmli Fransa aliminin Azərbaycan aşıq havalarına qarşı outsider münasibəti sezilirdi. Onun Plenar iclasda bir aşıq musiqi nümunəsini “İran havası” kimi təqdim etməsi dərhal sual doğurdu. Şəxsi söhbətlərində isə J.Dürinq bu adı Aşıq Ədalətdən eşitdiyini bildirdi: “Aşıq özü belə dedi!”. Halbuki milli tədqiqatçılar mədəniyyətin öz daşıyıcıları (yəni, insider) olaraq, belə bir adı eşitcək onu dəqiqləşdirərdilər.
Qocaman Yaponiya musiqi şərqşünası, tanınmış mənbəşünas – alim Geniçi Tsuge Bakını tez-tez ziyarət edən iştirakçılar arasında idi. Fars dilli mənbələrlə sərbəst işlədiyi üçün dəyərli tədqiqatlara imza atmışdır. Buna baxmayaraq, o da özgə (outsider) tədqiqatçı kimi, tarixi milli alətlərimiz barədə müəyyən xətadan qaça bilmədi. Sözsüz ki, musiqini kənardan tədqiq edən alimlər həmin mədəniyyətə qarşı ehtiyatla yanaşmalıdırlar. Lakin bütün bu iradlara baxmayaraq, səriştəli alimlərin konfransa təşrif buyurması, şübhəsiz ki, müsbət haldır və çox gərəkli müzakirə və bəzən də mübahisələrə yol açır.
Simpoziumun qeyri-rəsmi söhbətlərində dəfələrlə axsaq ritmik üslub barədə söhbət açıldı. Mövzu son zamanlar xüsusi marağımı cəlb etdiyi üçün çox yerinə düşdü. İran-Britaniya təmsilçisi Said Kordmafi sözü gedən üslub haqqında Məşriq ölkələri timsalında – həm də axsaq üsullar adı ilə geniş məlumat verdi. Onun ingiliscə məruzəsini belə səsləndirmək olar: “İqa qaydaya riayət, yoxsa qaydanı pozmaqdır? Məşriq klassik musiqisində bəstəçilik və improvizə (bədahətən) ifalarda ölçü strategiyasının dixotomiyası”. Demək istərdim ki, bu kimi mövzularda mütəxəssislər ritmik quruluşun mənşəyini bəzən əruz vəzni ilə əlaqələndirməyə meyl edirlər. İclasdan sonra məruzəçi ilə dərhal səmimi dialoq qura bildik (o, yəqin ki, məruzəsinə göstərilən marağa görə sevinirdi). Lakin axsaq ritmlərin mənşəyinə gəlincə, bu üslubun Osmanlı sənət ənənəsindən qaynaqlandığını qəti şəkildə bildirdikdə, təbii ki, biz də məmnun qaldıq. Bu sənətin daha dərin ənənələri isə Türk xalq(larının) musiqisi, məsələn, saz, dombra, dütarda çalınan epik instrumental havalar təşkil edir. Axsaq üsulların müxtəlif musiqi mədəniyyətlərinin janr laylarında təkamülünü öyrənmək aktual məsələlərdən biridir.
Britaniyalı mütəxəssis Reyçil Harris Uyğur mukam sənətinin tədqiqi ilə məşğul olur. Hazırda isə o, Londonda yaradılmış maraqlı bir layihəyə qoşulmuş və simpoziumda maraqlı bir mövzu təqdim etdi: “Maqam Geographies: New Approaches to the Study and Practice of Maqam”.
Bildiyimiz kimi, çağdaş zamanda makam mədəniyyətinin bəzi milli məktəbləri (məsələn, Uyğur, İraq, Suriya və başqa) Vətəndən kənarda fəaliyyət göstərməyə məcburdur və dövlət dəstəyindən məhrum olan sənətkarlar kosmopolitanizm şəraitində çıxış edirlər. Bu şəraitin sənətə göstərdiyi təsiri qaçılmazdır və bir qədər mənfi olsa da öyrənilməsi vacibdir. Tədqiqatçıların belə bir layihə üzərində işləməsi isə sözsüz ki, müsbət bir haldır.
Arada imkan tapıb Reyçil Harrisdən də məni düşündürən mövzu barədə bir qiymətli məlumat aldım. Axsaq üsullar Uyğurlar arasında da geniş yayılmış və dərvişlər tərəfindən istifadə olunur.
Simpoziumun dəyərli qonaqlarından biri, hazırda Daşkənddə yaşayan görkəmli tacik musiqişünası Abduvəli Abdurəşidov Özbək-Tacik “Şaşmakom”unun görkəmli tədqiqatçılarındandır. Hörmətli mütəxəssis sənətin məqam qanunauyğunluqlarını tənbur alətinin pərdələr düzümü əsasında, deyərdim ki, nümunəvi şəkildə tədqiq etmişdir. Simpoziumda isə “Şaşmakom” silsiləsinin ritmik aspektinin metodikasını təqdim etdi. Əruz bəhrləri ilə doyranın üsulları arasında yaranan komplimentar ritmika əyani formada təqdim olundu. “Аруз и музыка: о новом методе преподавания ритмики классической музыки Шашмакома”. Məruzə bir sıra mühüm nəzəri məsələlərə toxunsa da, metodiki səpkidə hazırlandığı üçün onların hamısını əhatə etmək imkanı yox idi. Maraqlıdır ki, əruz bəhrlərinin musiqi təcəssümü variantlığı və temp müxtəlifliyi ilə şeirdən seçilir. Bu xüsusiyyətlər müasir şeirşünaslıqda az toxunulduğu üçün müasir musiqi araşdırmalarının aktual məsələlərindən hesab olunur.
Əruz vəzni “vurğulu xanə sistemi” ilə (“акцентная система такта”) uyuşduğu üçün başqa bir anlayışı da xatırladır – “Xanə içrə yazılan formul” (“формула, вписанная в такт”). Dr.A.Abdurəşidovla fikir mübadiləsi zamanı bir daha bəlli oldu ki, həmin anlayışların nəzəri cəhətdən tam şəkildə işlənilməsinə yenə də bir ehtiyac vardır.
Bəzi ritmik prinsiplərin ürəyin nəbzi və ya hissiyyatı ilə qavranılması da əslində perspektivli məsələlərdəndir və musiqi ilə şeirin qarşılıqlı əlaqələrində bioloji, psixoloji faktorların iştirakını tələb edir.
Uyğur musiqi duetinin (dəf və oxuma) maraqlı ritmik şəkil təqdim etdiyi mukam şöbəsində ritmik formulun və mukamın adı elan edilməsə də, bu cəhətləri ifaçılarla apardığım söhbət zamanı dəqiqləşdirdim. Nəva mukamı, Cula şöbəsi. 8/8 ölçülü ritmik formul da şöbənin adını daşıyır.
VI “Muğam Aləmi” simpoziumunun ümumi mövzusu və düşünülmüş bölmə başlıqları müasir elmin aktual problemlərinə yönləndirilmişdi. Eyni zamanda muğam sənətinin sonsuz dünyasında meydana gələ bilən gözlənilməz sualların məşvərət-məsləhət edilməsi üçün ən yaxşı imkanlar var idi. Sözsüz ki, iştirakçıların qənaətləri çox rəngarəng idi.
Məsələn, Kanadadan gəlmiş soydaşımız Zərif Saşar özünün rəqs-musiqi layihələri ilə, o cümlədən muğamları rəqsin dilinə çevirmək məharəti ilə beynəlxalq aləmdə şöhrət tapmışdır. Lakin onun performansları və məruzəsindən başqa, rəqqas öz ailəsinin yaşlı nümayəndələrindən söz, hava, oyun incilərini də özündə yaşatmaqdadır. İstedadlı musiqişünas-alim professor Zümrüd Dadaşzadə onun folklor nəğmələrinin arxaik və özəl üslubunu dərhal sezə bilmişdi. Mən isə Zərifin ifasında “Yar bizə qonaq gələcək” mahnısının çoxdan axtardığımız bir variantını eşitdiyimiz üçün xeyli məmnun qaldım. Lakin mahnının köhnə variantı hələ sənədləşdirilmədiyi üçün öz fikir və mülahizələrimizi bildirmək hələ tezdir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
AMK-nın professoru