AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2015

 

 

Möhlət Müslümov

Azərbaycan Milli Konservatoriyasının professoru

 

“Mahur-hindi” muğamının ifaçılıq xüsusiyyətləri dair

 

Açar sözlər: muğam, “Mahur-hindi”, dəstgah, “Rast” ailəsi, “Bərdaşt”, “Üşşaq”

Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şi­fa­hi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənə­nələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azər­baycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də ölkə bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tü­kən­məz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təs­diq­lə­nir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəst­gah­la­rı, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nuba­la­rı, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümu­mi-bədii ənənələrini təşkil edirlər. Bununla yanaşı, mu­ğam sənəti azər­baycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləş­dirmənin əsa­sı­nı təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır.

Azərbaycan muğamlarından danışarkən muğam ailələri anlayışına rast gə­lirik. Belə ki, milli musiqimizin 3 muğam ailəsi mövcuddur. Onlardan bi­ri “Rast” muğam ailəsidir. Digər muğamlar yarandığı dövrlərdən bu gü­nə kimi müxtəlif Şərq ölkələrində transformasiyaya uğrasalar da, “Rast” muğamı daha da inkişaf edərək həm özünü, tonallığını qorumuş, həm də böyük bir muğam ailəsi yaratmışdır. Təsadüfi deyil ki, “Rast” mu­ğam ailəsi təkcə “Şur” muğam ailəsi ilə müqayisə oluna bilər. Ona gö­rə də “Rast”ı muğamlar arasında ən qocamanı sayırlar. “Mahur-hindi”, “Or­ta Mahur”, “Qatar”, “Bayatı-Qacar”, “Dügah” və “Heyratı” zərbli mu­ğa­mı bu ailənin üzvləridir. Həqiqətən, adlarını çəkdiyimiz muğamlar öz qu­ru­luşu və musiqi məzmunu baxımından eyni lada – rast ladına əsas­la­nır­lar.

Bu gün haqqında söhbət açacağımız muğam isə “Mahur-hindi” mu­ğa­mı­dır. “Mahur-hindi” dəstgahına gəldikdə ilk öncə onu qeyd edək ki, “Ma­hur”un farsca hərfi mənası uçurum, dərin yarğan deməkdir. “Mahur” qədim dəstgahlardan sayılır. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edi­lir. Yazılı mənbələrdə deyilir ki, hindlilərdəki Mahuriya qəbiləsinin adı ilə bağlıdır [1, s. 82]. Hələ XIII əsrdə Səfiəddin Urmə­vi­nin tərtib et­di­yi cədvəldə biz “Mahur” adına rast gəlirik. XV əsrdə Əbdürrəhman Ca­mi­nin “Musiqi haqqında risalə”sində “Mahur” öz əksini tapır.

“Mahur-hindi” Şərqdə, həmçinin Azərbaycanda sevilən irihəcmli dəst­gah­lardan biridir. Rast dəstgahı kimi, Mahur-hindinin də rast ladina əsaslanması  heç də o demək deyil ki, hər iki dəstgah eyni şöbə, guşə­lərdən iba­rət­dir və ya hər iki dəstgahın emosional təsir gücü eynidir. Muğam ifa­çıları bilir ki, “Mahur-hindi” dəstgahının ifasında xüsusi səciyyəvi me­lo­dik dönmələr, “əyaq”lar var və məhz bunlar, eyni zamanda müxtəlif şöbə, gu­şələrdən təşkil edilmiş ardıcıl quruluşlu rədiflər hər iki muğam dəst­ga­hı­nı, melodik və emosional təsir baxımından fərqləndirir.

“Mahur-hindi” muğamının “Bərdaşt”ı “Mayə”nin tonikasından bir ok­ta­va zildə oxunan hissədir. “Bərdaşt”dan mayə pərdəsinə doğru gəziş­mək­lə bərabər başqa bir guşə vasitəsilə də qayıtmaq mümkündür. Həmin gu­şənin adı “Zəngi-şütür”dür. Bu guşənin vasitəsilə “Bayatı-Qacar”ın “Bər­daşt”ından “Mayə” tonikasına qayıtmaq mümkündür.

“Mayə” “Mahur-hindi”nin mayası, əsası, köküdür. “Mayə”də həm xa­nən­də öz səsini formalaşdırmalı, həm də hansı muğamı oxuyacağını ta­ma­şaçıya çatdırmalıdır. Çünki bütün muğamların “Mayə”si var. Bir tək “Şüş­tər”də yoxdur.

“Rast” muğamından fərqli olaraq xalq artisti Hacıbaba Hüseynov “Üş­şa­q”a yenilik gətirdi. Ümumiyyətlə, oxu tərzi müxtəlif cürdür. Ölçülü oxu­ma, sərbəst oxuma, vəznli-ölçülü oxumaq növləri vardır. “Rast”da da bu belədir. “Mahur”da isə sərbəstdir. 4 cümlə və 4 misradan ibarət olan “Üş­şaq” sanki 2 nəfər aşiq ilə məşuq arasında bir mükalimə yaradır. Bə­zən bu münaqişəyə çevrilir. Təsadüfi deyil ki, Üşşaq ərəbcədən tərcü­mə­də aşiqlər deməkdir. Bəzi musiqişünas-alimlərin fikrincə, ona “üç şərqi” də deyilir. Üç şərqi üç şarkı anlamındadır. Coğrafiya elminə görə üç Şərq yox­dur. Quranın 55-ci “Ər-Rəhman” surəsində deyilir: “Mən 2 Şərqin və 2 Qərbin Allahıyam”.

“Üşşaq” guşəsi ritmik səciyyə daşıyır, eyni zamanda aram bir şəkildə ça­lınıb ifa olunan guşədir. Bu guşə rəməl bəhrinin eyniadlı bəhrində ifa olu­nur. “Mayə”yə daxil olan sonuncu guşə “Hüseyni” guşəsidir ki, keçid xa­rakteri daşıyır. Məsələn, “Hüseyni” guşəsində “Orta Mahur”a keçmək müm­kündür. “Orta Mahur”un “Hüseyni” pərdəsindən isə “Bayatı-Qa­car”ın tonallığına – “si bemol” notuna düşmək olar. “Bayatı-Qacar”ın “Hü­sey­ni”sindən isə “Dügah”a keçid mümkündür. Bundan sonra “Vilayəti” şöbəsi gəlir. “Vilayəti” “Şur” xarakterli şöbədir. “Vilayəti” “Rast”da “re” to­­nallığında, “Mahur-Hindi”də isə “sol”da ifa olunur. “Şikəstyi-fars” “Rast”­da “Xocastə” adlanır. “Mahur-Hindi”də isə “Şikəstə”dir. Əslində bu eynilik təşkil edir. “Segah” muğamında da şikəstələrin xarakterində ahu-nalə, kövrəklik öz əksin tapır. Şikəstələrin ayaqları “Əşiranla” bitir. “Əşiran”la ayaq verib həm vəznlə, yəni avazla, qəzəllə, ya da sözsüz ifa­də vasitəsilə ayaq vermək olar.

“Mahur-hindi” muğamının kulminasiyası “Əraq”dır. “Əraq” “Mahur-Hin­di”də “do” tonallığında çalıb-oxunur.

Qeyd edək ki, “Mahur-Hindi” muğamını ifa edərkən Qəzənfər Abba­sov ilk dəfə “Vilayəti” şöbəsində “Şüştər” muğamını ifa etmiş və “Ma­hu­r”a ayaq verib bitirmişdir.

Müasir şifahi ənənəyə əsaslanan professional musiqimizdə “Mahur”un iki növü intişar tapmışdır. “Mahur-Hindi” və “Orta Mahur”. Mir Möhsün Nəv­vabın muğam cədvəlində “Mahur” dəstgahı aşağıdakı şöbələri özün­də cəmləşdirir: Mahur, Şur, Əşiran, Dilkeş, Dügah, Zəngi-şütür, Hicaz, Ma­vərənnəhr, Şahnaz, Hacıyuni, Sarənc, Şüştər, Məsnəvi, Suzi-güdaz [3, s. 50].

Təəccüblüdür ki, həmin əsrdə, M.M.Nəvvabla bir dövrdə yaşamış tar­zən Mirzə Fərəcin cədvəlində yuxarıda göstərilən şöbələrin çoxu yoxdur. Mir­zə Fərəcin cədvəlində “Mahur-Hindi” dəstgahı 13 şöbə və guşə ilə ve­ril­mişdir: Bərdaşt, Mahur, Üşşaq, Hicri, İqbal, Vilayəti, Mübərriqə, Əşi­ran, Rak-hindi, Şikəsteyi-fars, Əraq, Heyratı-Kabili, Mahur-hindi [3, s. 50].

Onu da deyək ki, M.Fərəcin cədvəli Üzeyir Hacıbəylinin rəhbərliyilə “Türk Musiqi Texnikumu” Şərq şöbəsi müəllimlər komissiyasının iclas­la­rında qəbul edilmiş proqrama daha yaxındır. Həmin proqramda “Ma­hur-hindi” dəstgahının siyahısı müəyyən qədər qısaldılmış və artıq 9 şöbə və guşəyə endirilmişdir. Bunlar Mahur-Hindi, Üşşaq, Mübərriqə, Əşiran, Şi­kəsteyi-fars, Əraq, Raki-Hindi, Heyratı-Kabili, Mahur-Hindi şöbələri­dir [4, s. 42].

Sonradan “Mahur-Hindi” dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt, Ma­yə-Mahur, Üşşaq, Hüseyni, Vilayəti, Şikəsteyi-fars, Əraq, Qərai. Xa­tır­la­daq ki, Ə.Bakıxanovun proqramında “Əraq”dan sonra “Pəncgah” da verilir. O, əsasən, instrumentalçıları nəzərdə tutmuşdur.

Göründüyü kimi, hazırda “Mahur-Hindi” məhz “Rast” dəstgahının şö­bə və guşələrini özündə cəmləşdirir. Bu şöbə və guşələrdən ətraflı danış­dı­ğımızı nəzərə alaraq, biz həmin şöbə və guşələrdən söhbət açmaya­ca­ğıq. Məhz buna görə də Məmmədsaleh İsmayılov “Azərbaycan xalq mu­si­qisinin janrları” kitabında “Rast” və “Mahur”u müqayisə edərək yazır: “İstər məqam əsasında, istər melodiyaların quruluşu, istərsə də şöbələ­ri­nin xüsusiyyətlərinə görə “Rast”a uyğun gələn muğamlardan biri “Ma­hur-hindi”dir. “Rast” haqqında dediyimiz sözləri eynilə bu muğama aid et­mək olar” [2, s. 66].

Bu mülahizə ilə razılaşmamaq olmaz. Bütün bu müştərək cəhətlərə bax­mayaraq “Rast”la “Mahur-hindi”nin fərqli xüsusiyyətləri də mövcud­dur. O, birinci növbədə kök cəhətdəndir. Əgər “Rast” qəbul olunmuş ki­çik oktavanın “sol” mayəli tonallığındadırsa, “Mahur-Hindi” isə “do” ma­yəli kökdə (tonallıqda) çalınıb oxunur.

İkincisi, hər iki muğam bir-birindən əhvali-ruhiyyəsinə görə də fərq­lə­nir. Belə ki, “Rast” ağır, təmkinlə çalınıb-oxunursa, bir növ “nurani ba­ba­nın nəsihətlərini” xatırladırsa, “Mahur-hindi” öz coşğunluğu, əzəməti ilə diq­qəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.

“Mahur” İran musiqisində də özünə geniş təşəkkül tapmışdır. Məlum­dur ki, müasir İran musiqisində mövcud olan 7 dəstgahdan biri – “Ma­hur”­dur. Onun tərkibinə vokal variantda 20, instrumental not yazısı vari­an­tında 58 guşə daxildir.

 Qədim muğam dəstgahlarından biri olaraq “do” mayəli tonallıqda ça­lı­nıb oxunur. XIII əsrdə Səfiəddin Urməvinin tərtib etdiyi muğam risa­lə­sin­də, həmçinin, XV əsrdə yaşayıb-yaratmış Əbdürrəhman Caminin “Mu­siqi haqqında risaləsində” təsadüf edirik.

“Mahur-hindi” muğam dəstgahı ümumiyyətlə, 8 şöbə və guşədən iba­rət­dir. Mövcud dərs prosesində həmin şöbə və guşələrdən istifadə olunur:

Bərdaşt – Bəzmigah, Mahur-hindinin istinad şöbəsi – Mayə — Mahur, Üş­şaq, Hüseyni, Vilayəti, Şikəsteyi-fars, Mübərriqə, Əraq. Bu şöbə və gu­şə­lər müəyyən mahiyyət daşıyırlar. “Əraq”dan sonra oxunan “Qərai” gu­şəsi “Rast” muğam dəstgahındakı “Təsnif-Qərai” guşəsindən mahiyyət ba­xımından zəif olduğu üçün “Mahur-hindi” muğam dəstgahının ümumi ru­huna heç bir xələl gətirmədən kadanslaşdırıla bilər.

“Mahur-hindi” dəstgahı quruluşca “Rast”dan az fərqlənir. “Mahur”un ma­yəsi kvarta yuxarı yerləşdiyi üçün zildə “Pəncgah” və “Rak” şöbə­lə­ri­nin icrası mümkün olmur. “Vilayəti”dən “Dilkeş”ə düşmək ənənəsi də “Ma­hur-hindi” dəstgahında yoxdur. Qalan hər şey, o cümlədən, şöbələrin ar­dıcıllığı belə “Rast”da olduğu kimi qalır [1, s. 83].

“Orta Mahur” dəstgahının mayəsi “Mahur-hindi”dən də kvarta yuxarı yer­ləşir. Buna görə də kulminasiya bu dəfə oktava deyil, kvinta yuxarı – Şi­kəsteyi-fars pərdəsinə düşür.

Dəstgahın “Bərdaşt”ı da oktava və ya kvinta yuxarı deyil, Hüseyni pər­dəsinə (yəni mayədən kvarta yuxarı) təsadüf edir.

“Bayatı-Qacar” dəstgahının mayəsi kiçik oktavanın “si bemol” səsinə is­­tinad olunduğu üçün hər şey ənənəvi mövqeyinə qayıdır. Yenə “Bər­daşt” və kulminasiya bölməsi mayənin oktavasına, “Hüseyni” və “Şikəs­te­yi-fars”a uyğun olaraq, kvarta və kvintasına düşür.

Dəstgahın kulminasiya zonası geniş inkişaf mərhələsi təşkil edir. Bu­ra­ya Zil Bayatı-Qacar, Zəminxarə, Dügah, Ruhül-ərvah, Mavərənnəhr şö­bə­ləri və ən yüksək zirvə – Şah Xətai guşəsi daxildir.

“Mahur-hindi” muğamı ilə eyni mayə yüksəkliyi olan “Heyratı” və “Qa­tar” onunla müştərək səssırasına da malikdir. “Qatar”ın cəmi iki şö­bə­si var: Bəm Qatar və Zil Qatar (II oktavanın “do” səsi).

Bildiyimiz kimi, “Mahur-hindi” dəstgahının lad əsasını “Rast” muğam dəst­gahı təşkil edir. Muğamlarda laddan əlavə, musiqi fikrindən, onun mən­tiqi inkişafından, yəni obrazlı intonasiyaların vahid sujet ətrafında bir­ləşdirilməsindən çox şey asılıdır. Məhz bu komponentlər, həmçinin vokal-instrumental dəstgahlarda qəzəlin muğamların ifasında bu və ya di­gər obrazın, intonasiya çeşidlərinin bərqərar olmasına böyük təsiri var. Bu baxımdan da “Mahur-hindi” dəstgahının ifasında artıq ənənə kimi qə­bul olunmuş bir sıra spesifik xüsusiyyətlər, intonasiya çeşidləri, musiqi cüm­lələrinin əyaqları mövcuddur ki, ustad sənətkarlar, ifaçılar bu cəhət­lə­ri ifa zamanı hökmən nəzərə alırlar. “Rast-hindi”, “Mahur-hindi”yə “hin­di” sözünə görə etimoloji cəhətdən çox uyğundur. Digər tərəfdən isə “Ma­hur-hindi” dəstgahının ifasında “Üşşaq” yox, məhz “Üşşaq-yeri” ad­lan­dırılması da təsadüfi deyil. Çünki adətən “Rast”da ifa olunan “Üşşaq”ı “Ma­hur-hindi”də ifa edilmir, “Üşşaq”ın elementlərindən istifadə edərək “Ma­hur-Hindi”yə uyğun yeni musiqi fikri ifa olunur.

“Mahur- hindi” muğamı təəssüflər olsun ki, klassik xanəndələrin ifa­sın­da lent yazıları qalmamışdır. Lakin bu muğam bir çox xanəndələrin ifa­sında bu günə qədər səslənməkdədir. “Mahur-hindi”nin ən maraqlı ifa­çı­ları Hacıbaba Hüseynov, İslam Rzayev, Ağaxan Abdullayev, Alim Qa­sı­mov, Qəzənfər Abbasov və başqaları olmuşlar.

 

İstifadə edilmiş ədəbiyyat: 

  1. Əliyev İ. Muğam və zaman. // “Musiqi dünyası” jurnalı 2007, №3-4/33 s. 122.
  2. Müslümov M. Azərbaycan muğam sənətinin inkişafı tarixindən. // “Musiqi dünyası” jurnalı, 2011, № 2/47.
  3. Nəvvab M.M. Vüzuhül-Ərqam. B.: Elm, 1989, 84 s.
  4. Qəzənfər Abbasov. Muğamın 7 lad-məqamını fəth edən sənət­kar. // “Xalq” qəzeti № 40 (26970) 19 fevral 2012-ci il.

Мохлет Муслимов

Особенности исполнения мугама “Махур-хинди”

 РЕЗЮМЕ

 

В представленной статье говорится о характеристике пения, знаменитого в Азербайджане и на Востоке мугама «Махур-Хинди». «Махур-Хинди» относится к семейству «Раст» и в данной статье исследуются история, развитие и его роль в современном вокальном исполнении.

 Ключевые слова: мугам, Махур-хинди, дастгях, семьи Раст, Бердашьт,Ушшаг

 

 

Mohlet Muslimov

“Mahur-Hindi” on the features of mugham performing

SUMMARY

The given article deals with the performing characters of “Mahur-Hindi” mugam, which is well-known in East and in Azerbaijan. Article also consists the history, the developing process, and the role of “Mahur-Hindi” mugam (which enters to “Rast” mugam family), in our modern performing history.

Key words: mugham, Mahur-Hindi, dastgah, Rast family, Basrdasht, Ushshaq

 

Rəyçilər:

professor Rafiq Musazadə;

professor Ağasəlim Abdullayev.

Mövzuya uyğun