AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2015

 

 

Rəna İmanova

Azərbaycan Milli Konservatoriyasının dissertantı

 

Ədilə Hüseynzadənin həyat və yaradıcılıq yolu

 

Açar sözlər: Ədilə Hüseynzadə, bəstəkar, Üzeyir Hacıbəyli, yara­dıcılıq, romanslar

 

Ədilə Hacıağa qızı Hüseynzadə – Azərbaycanın ilk qadın bəstəkar­la­rın­­dan biridir. 1916-cı ildə yüksək mədəniyyətə sahib olan, incəsənətin müx­təlif növünə maraq göstərən bir ailədə dünyaya göz açmışdır. İçəri­şə­hər­də boya-başa çatan Ədilə xanım uşaqlıqdan musiqiyə həvəs gös­tə­rə­rək altı yaşında yeddiillik musiqi məktəbində professor İ.S.Ays­berqin sin­fində fortepiano ilə məşğul olmağa başlayır. Bu dərslər ona böyük se­vinc bəxş etmiş, eyni zamanda da orta məktəbdə riyazi fənlərə olan ma­ra­ğı onu bir neçə illik başqa istiqamətə yönəltmişdir.

1929-cu ildə N.Nərimanov adına Sənaye Texnikumuna qəbul olur, 1932-ci ildə bitirərək ən yaxşılar sırasında olduğu üçün imtahansız indiki Dövlət Neft Akademiyasına göndərilir. Gələcək həyat yoldaşı Hidayət Nov­ruzlu ilə burada tanış olurlar. Mühəndis-texnoloq peşəsinə yiyələn­dik­dən sonra musiqisiz yaşaya bilmədiyini başa düşür. Xoş təsadüf nə­ti­cə­sində dahi Üzeyir Hacıbəyli ilə tanışlıq Ədilə xanımın gələcəkdə pe­şə­kar bir musiqiçi olması üçün təməl yaradır.

1936-cı ilin yay aylarında Üzeyir bəy Hacıbəyli dincəlmək və yara­dı­cı­lıqla məşğul olmaq üçün Şüvəlanda sakit bir bağ axtarırdı. Ədilə xa­nı­mın atasının bağında ayrıca qonaq-qara üçün olan evi bəyənərək Üzeyir bəy ailəsi ilə bərabər orada istirahət edir və “Koroğlu” operasının dör­dün­cü pərdəsini də orada yazır. Böyük bəstəkar nə qədər israr etsə də, Ədi­lə xanımın atası onunla pul söhbəti etmir. Və elə həmin yay Üzeyir bəy Şüvəlan bağlarına elektrik xətti çəkdirir. Ona qədər bağlarda sakinlər lam­pa işığından istifadə edərdilər. Beləliklə, Hüseynzadə ailəsi və Üzeyir Ha­cıbəyli arasında yaxın dostluq münasibəti yaranır.

1937-ci ildə Hüseynzadələr ailəsinin həyatını dəyişən sarsıdıcı hadisə baş verir. İran pasportu olan bir çox azərbaycanlıları ölkədən deportasiya edirlər. Ədilə xanımın övladları olduğu üçün İrana göndərilməkdən azad edilir, lakin ən yaxın doğmaları olan ana-atasından və bacı-qardaşından ay­rı düşür. Bu ağır günlərdə Üzeyir Hacıbəyli Ədilə xanıma əsl atalıq qay­­­ğısı göstərir. Bu dəhşətli ayrılıq uzun illər davam edir. Ötən əsrin an­caq 60-cı illərinin əvvəllərində Ədilə Hüseynzadə çox sevdiyi anası, otuz ildən sonra isə kiçik bacısı Şəfiqə ilə görüşə bilir.

Nəhayət 1942-ci ildə Ədilə Hüseynzadə Azərbaycan Dövlət Konser­va­­toriyasına Üzeyir bəy Hacıbəylinin yanına gəlir və müğənnilik sənətinə yi­yələnmək istədiyini bildirir. Üzeyir Hacıbəylinin topladığı komissiya­nın dinləyişindən sonra Ədilə xanımın vokal şöbəsinə qəbulu barədə qə­rar verilir. Gözəl metso-soprano səsinə malik olan Ədilə Hüseynzadə ye­ni­dən tələbə adını qazanır. Vokal dərslərini əfsanəvi Bülbülün sinfində al­­mağa başlayır və sonralar Ədilə xanımın əsərlərinin ilk ifaçılarından bi­ri məhz elə onun müəllimi olur.

Konservatoriyada gənc musiqiçinin qarşısında geniş imkanlar açılır. Gün­lərin birində Ağabacı Rzayevanın Üzeyir bəy Hacıbəylidən bəstəkar­lıq dərsləri aldığını öyrənən Ədilə Hüseynzadə əvvəlcə “qızdan da bəstə­kar olar?” – deyə, çox təəcüblənir. Bu barədə çox düşünür və özünü bu sa­­­­hədə sınamaq qərarına gəlir. Uzun axtarışlardan sonra İs­mayıl Soltanın “Ya­digar” şeirindən təsirlənir və ona bir musiqi bəstələyir. Birinci bəstə­si­ni Üzeyir bəyə göstərməyə gətirir, amma sini­finə girməyə cürət etmir. Tə­sadüfən oradan keçən Şövkət Məmmədova Ədilə xanımın orada tərəd­düd­lü duruşunun səbəbindən xəbərdar olduqda, onu içəri itələyir və “Pro­fes­sor, Ədilə mahnı bəstələyib” deyir. Üzeyir Hacıbəyli mahnını ifa et­mə­yi təklif edir. Diqqətlə dinləyərək bir daha ifa etməyini istəyir və sonra “yo­rulmadınmı? Bir daha oxu” deyir. Üzeyir bəy gülümsəyərək Ədilə xa­nı­ma sabahdan dərsə gəlməsini söyləyir. Beləliklə vokal şöbəsindən bəs­tə­karlıq şöbəsinə keçən gənc bəstəkar həftədə dörd dəfə Üzeyir Ha­cıbəy­li­dən dərs almağa başlayır. Dahi şəxsiyyətin tələbəsi olaraq Ədilə xanım xa­tirələrində bunları yazmışdır: “Mən özümü çox xoşbəxt sayıram ki, be­lə bir müəllimin tələbəsi, “Azərbaycan xalq musiqisinin əsasları” fənnini Üze­yir bəyin sinfində ilk də­fə dinləyənlər sırasında olmuşam”. Həftənin iki günü bəstəkarlıqla, di­gər iki günü isə Azərbaycan ladları ilə məşğul olur­lar. Üzeyir bəyin də­və­ti ilə dərslərdə istedadlı tarzən Mirzə Mənsurun ifa­sından muğamlar nota ya­zılır, sonra isə royalda tələbələr tərəfindən ça­lı­nırdı. Beləliklə, bu şə­kil­də muğamların bütün şöbələri öyrənilirdi və Üze­yir bəyin öz iştirakı ilə tə­ləbələrdən imtahan götürülürdü. Hər ladın mə­nimsənilməsi mütləq yeni əsər bəstələnməsi ilə nəticələnirdi.

1945-ci ildə ekranlaşdırılmış dünyaşöhrətli “Arşın mal alan” filmində Üze­­yir bəy tərəfindən Ədilə xanıma Asyanın vokal partiyası həvalə olu­nur. Ədilə Hüseynzadənin gənclik səsi vokal ifaçısı kimi tarixdə yadigar qa­lır. Eyniadlı operetta əsasında çəkilən bu filmin musiqi redaktoru diri­jor Niyazi olmuşdur. Əvvəlcədən Ədilə xanıma maestro ilə işləməyin çox çə­­tin və əziyyətli olduğunu, get-gələ salacağını demişdilər. Lakin tam ək­si­nə olur, gözəl tembrə malik Ədilə Hüseynzadənin çıxışı Niyazi tərəfin­dən bəyənilir və elə ilk səsləndirmədən lentə alıınır. Filmi ilk dəfə izlə­dik­dən sonra Üzeyir bəyin gülümsəyərək “Amma mənə hamıdan çox As­ya­nın oxumağı xoş gəldi” söyləməsi Ədilə xanım üçün ən dəyərli qiymət ol­muşdur. Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Nizami Gəncəvinin qəzəl­lə­ri­nə görkəmli şairin 800 illik yubileyi münasibətilə tələbələri tərəfindən ro­manslar bəstələnmişdir. Ədilə Hüseynzadənin “Vəslin həvəsi” adlı ro­man­­sı müəllimi tərəfindən yüksək qiymətlən­dirilmiş və ifa üçün Bülbülə təq­dim edilmişdir. Bu vokal miniatürü ilə bağlı bir ailə xatirəsi vardır. Ədi­lə xanımın atası Hacıağa Hüseynzadə vətənindən xəbərdar olmaq üçün radio dinləyərkən Bülbülün ifasında bu romansı eşidərək çox duy­ğu­lanır. Fərəh və xoşbəxtlik hissləri keçirərək kövrəlir, bu dünyadan ra­hat köçə biləcəyini deyir və bir neçə gün sonra rəhmətə gedir.

Hələ tələbə ikən Ədilə Hüseynzadə artıq respublikada və onun hüdüd­la­rında öz əsərləri ilə tanınmağa başlayır. 1944-cü ilin dekabrında, 1945-ci ilin yanvarında Zaqafqaziya Respublikalarının sovet musiqisi Deka­da­sın­da həm bəstəkar, həm müğənni kimi iştirak edərək orada Ağabacı Rza­yevanın “Gözlərim” və öz əsəri “Yadigar”ı ifa etmişdir. Böyük Vətən Mü­haribəsi zamanı Ədilə Hüseynzadə hərbi hissələr və hospitallarda təş­kil olunmuş konsertlərdə tez-tez çıxış edərək vətənpərvər ruhlu mahnılar ifa edir və bu əməyin nəticəsində “Böyük Vətən Müharibəsindəki şüca­ət­li əməyinə görə” medalı ilə təltif edilir.

1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra Ədilə Hüseynzadə pro­fessor B.İ.Zeydmanın sinfinə keçirilir. Onun sinfində kurs yoldaşları A.Rza­yev, Q.Rzayev, İ.Quliyev, B.Hüseynli olmuşdur. Ədilə xanımın mü­əl­limi haqqında olan xatirələrindən bəllidir ki, Boris İsakoviç tələbə­lə­ri­­nə təkcə müəllim deyil, həmçinin istənilən zaman məsləhət üçün mü­ra­ci­ət edə biləcəkləri bir dost olmuşdur. İllər sonra Bakıdan köçdükdə belə B.İ.Zeydman hər zaman tələbələri ilə maraqlanar və bütün bayramlarda on­ları təbrik etməyi unutmazmış.

1953-cü ildə Ədilə Hüseynzadə Konservatoriyadan məzun olaraq “Bəs­­tə­karlıq” fakultəsində təhsil almış Azərbaycanın ilk qadın bəstəkarı olur. Konservatoriyanı bitirdikdən sonra Ədilə xanım Bülbül adına xüsusi musiqi məktəbinə göndərilərək pedaqoji fəaliyyətə başlayır. Böyük usta­lıq­la musiqinin incəliklərini öz şagirdlərinə aşılayır, öz biliyini onlarla bö­lüşür, gənc musiqiçilərə sənətə yiyələnməyə kömək edir. 33 il çalışdığı mək­təbdə Müslüm Maqamayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, El­na­rə Dadaşova, Rəşid Əfəndiyev, Zümrüd Dadaşzadə, Lalə Hüseynova ki­mi tələbələrinə kompozisiyanın əsasları fənnini tədris et­mişdir. Müəl­lim­lik fəaliyyəti yaradıcılığına mane olmayıb, əksinə bəstəkar Ədilə xa­nı­mı daha da ilhamlandırmışdır. Müxtəlif janrlarda əsərlər yazır, öz döv­rü­nün musiqi həyatında aktiv iştirak edir. 1944-cü ildən Azərbaycan Bəs­tə­kar­lar İttifaqının üzvü olan Ədilə Hüseynzadənin həm bəstəkar, həm də mü­əllim kimi xidməti musiqi mədəniyyətimizə böyük töfhədir.

Kamera-instrumental janrlarda yazdığı əsərləri sırasında ən uğurlu nü­mu­nə kimi 1949-cu ildə bəstələdiyi violonçel və fortepiano üçün sonati­na­nı və 1952-ci ildə simli kvarteti qeyd etmək lazımdır. Bəstəkarın yara­dı­cılığında iri həcmli əsərlərinin yazılması iki mərhələyə ayrılır. Birinci mər­hələ 1946-1953-cü illəri əhatə edir və bu dövrdə xor üçün “Oktyabr”, xor və sim­fonik orkestr üçün “Vətən” kantatası, simfonik poema, “Və­tən” vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün “Sül­hün səsi” kan­tatası yazılmışdır. Sosialist Əməyi Qəhrəmanı, pam­bıq­çı – Bəsti Ba­ğı­rovaya həsr etdiyi simfonik poemasını 1951-ci ildə yaz­mış­dır. Azər­bay­can musiqi tarixində Ədilə Hüseynzadə böyük sim­fonik orkestr üçün po­ema bəstələyən ilk qadın kimi öz adını yazmış olur. Bəs­tə­karın yara­dı­cı­lığında bu poema iri formalı əsərlər arasında ən parlaq və müvəf­fə­qiy­yət­li nümunələrdən sayılır.

Ədilə Hüseynzadənin yaradıcılığının ikinci mərhələsini təşkil edən 1972-1975-ci illərdə yazılmış əsərlər ikinci mərhələni əhatə edərək, əsa­sən, xor kollektivləri üçün bəstələnmişdir. Bu illər ərzində tar, solist­lər və xor üçün “Ərəb dostlarıma”, solistlər və xor üçün “Neylərəm”, xor üçün “Üzün bərqi gülitərdir”, a kapella xoru üçün “Vətən” adlı xor əsərləri, so­list bariton qadın xoru və orkestr üçün “Oğlumun babasına” adlı ballada ya­­zılmışdır. Sözləri G.Fəzliyə aid olan “Oğlumun babasına” adlı ballada Bö­yük Vətən Müharibəsində faşizm üzərində qələbənin 30 illiyinə həsr edil­mişdir. “Bəstəkarın musiqisində ictimai-tarixi prosses­lərin dərinliyi be­ləcə öz əksini tapır və sübut edir ki, o özü tarixi dövrün və milli mə­də­niy­yətin ayrılmaz hissəsidir” [5, s. 45].

Yorulmadan öz üzərində çalışan bəstəkar müxtəlif janrlara müraciət et­­sə də, mahnı və romanslar onun yaradıcılığında başlıca və mühüm yer tu­tur. Məhz vokal yaradıcılığında öz duyğu və düşüncələrini daha qa­ba­rıq şəkildə əks etdirə bilmişdir. Bir vokal ifaçısı kimi bu sənətin incə­lik­lə­rinə bələd olması, şeiriyyata uşaqlıq illərindən bəri meyl etməsi onu mah­nı və romans yaradıcılığının muvəffəqiyyətli olmasına sövq etmişdir.

Ə.Hüseynzadə həm klassik, həm də müasir poeziya nümunələrinə mü­ra­­ciət edərək bir çox görkəmli şairlərin – N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, X.Na­təvan, A.Puşkin, S.Vurğun, B.Vahabzadə, N.Xəzri, R.Rza və N.Rə­fi­bəylinin dəyərli şeirlərinə incə bir zövqlə neçə-neçə mahnı və romans bəs­tələmişdir. Bəstəkar “Bülbül”, “Qarayazı meşəsin­də”, “Bir səs”, “Sus­du bülbülümüz”, “Günəşdən gənclik istədim”, “İn­san­ları sevməsəydim”, “Ye­nə elədir” və bir sıra digər romansların müəl­lifidir.

Ədilə Hüseynzadənin həyatında elə bir an gəlib çatır ki, ailə qayğıları onu yaradıcılıqdan 6 il müddətinə uzaqlaşdırır. Bir gün isə qəzetdə oxu­du­ğu R.Rzanın “Yaşamaq” şeiri onu yenidən yazıb-yaratmağa ruh­lan­dı­rır. Ardınca 1970-1971-ci illərdə R.Rzanın “Yaşamaq”, “Mənim arzum” , “So­ruşuram sevincdən”, “Yenə-yenə ürək” şeirlərinə romanslar bəs­tə­lə­nir. Daha sonra Ədilə Hüseynzadə bu romansları Azərbaycan musi­qi­sin­də nadir və dəyərli incilərdən olan “Duyğular” vokal silsiləsinə daxil edir. Bu silsilədə müxtəlif illərdə bəstələnmiş səkkizi R.Rza, ikisi N.Rə­fi­bəylinin poeziyasından təsirlənərək yazılmış, ümumilikdə on romans yer almışdır. Bəstəkarın 60-dan çox vokal əsərlərini Bülbül, Sona Asla­no­va, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəhilə Cab­barova, Fidan Qasımova, Əli Haqverdiyev və digərləri ifa etmişlər.

Musiqi sənətinin inkişafında göstərdiyi xidmətlərin qarşılığında Ədilə Hü­seynzadəyə 1982-ci ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi adı verilir. Bu münasibətlə Azərbaycan SSR xalq artisti bəstəkar Tofiq Qu­liyev Ədilə xanıma səmimi təbrik məktubunda bunları yazmışdır:

“Hörmətli Ədilə xanım!

Çoxdan bəri layiq olduğunuz fəxri ad almağınız münasibətilə Sizi ürək­dən, səmimi qəlbdən təbrik edirəm. Mən xusuilə şadam ki, Sizin is­te­dad­lı yaradıcılığınız son onillikdə sözün tam mənasında çiçək açmış, bər­ki­miş və Azərbaycan kamera musiqisində əhəmiyyətli hadisə olmuşdur. Si­zə yaradıcılığınızda daha böyük müvəffəqiyyətlər, möhkəm can sağlığı və həyatda bir qədər az təvazökarlıq arzu edirəm”.

Bu sətirlərdə Ədilə Hüseynzadənin nailiyyətlərinin nə dərəcədə uğurlu ol­duğu əks edilmiş, həmçinin onun nəcib xarakterə malik olduğu təcəs­süm olunmuşdur.

Həyatının son illərində bəstəkar yaradıcılıqla məşğul ola bilməmişdir. Uzun və maraqlı ömür sürən Ədilə xanım 2005-ci ildə dünyasını dəyiş­miş­dir.

Musiqi onun ömür yolunda ən böyük dayağı olmuşdur. Hal-hazırda da onun həyat yolu və yaradıcılığı bu gözəl xatirələr ilə yazılır, müxtəlif təd­bir və konsertlərin keçirilməsi ilə yad edilir.

 

 

İstifadə edilmiş ədəbiyyat: 

  1. Dadaşzadə Z.A. Zaman gözəllik qarşısında acizdir… [Ədilə Hüseyn­zadə bəstəkar, vokalist] // Dadaşzadə Z.A. Biz də dünyanın bir hissəsiyik. B.: 2004, s. 129-135.
  2. Qarabağlı S. Üzeyir bəydən dərs almış bəstəkar. // “Azərbaycan” qəzeti, 20 iyul 2006.
  3. Bəstəkarın xatirəsi…(Məqalələr və xatirələr). Hüseynzadə Ədilə. Qay­ğı­keş ata. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1976, s. 34.
  4. Hüseynova L.Ş. Bəstəkar və müəllimi anarkən… // “Musiqi dünyası” jurnalı, 2006, № 3-4/29, 133-135.
  5. Nikolayeva R. Bəstəkar və zaman: Bəstəkar Ədilə Hüseynzadə haq­qın­da // “Qobustan” jurnalı, 1986, № 3, s. 43-45.
  6. Николаева Р.Р. Адиля Гусейнзаде: Монография. Б.: Ишыг, 1985, 48 с.

 

Рена Иманова

Жизненный и творческий путь Адили Гусейнзаде

РЕЗЮМЕ

В статье раскрывается жизненный и творческий путь ученицы великого Узеира Гаджибейли, одной из первых женщин-компози­торов Азербайджана – Адили Гусейнзаде.

Ключевые слова: Адиля Гусейнзаде, композитор, Узеир Гаджибейли, творчество, романсы

 

Rana İmanova

Adila Huseynzadeh’s life and creativity way

SUMMARY

This article is about one of the genius Uzeyir Hacibayli’s student — Adila Huseynzadeh. She is one of the first woman composer in Azerbaijan.

Key words: Adila Huseynzadeh, composer, Uzeyir Hacibayli, creativity, romances

 

Rəyçilər:   

dosent Ülkər Əliyeva;

dosent Jalə Qulamova.

Mövzuya uyğun