AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA”  № 2, 2015

 

 

Şəbnəm ŞIXƏLİYEVA

BMA-nın dissertantı

 

“Şüştər” muğamının ustad ifaçıları

 

Açar sözlər: Şüştər, ustad ifaçılar, dəstgah, instrumental muğam

 

Azərbaycan muğam sənətinin yaşamasında, təbliğində və inkişaf et­mə­­­sində peşəkar ifaçılar olan görkəmli xanəndə və sazəndələrin böyük xid­­mətləri vardır. Hər bir muğam sənətkarının özünəməxsus üslubda və ənə­nədə təqdim elədiyi muğam nümunələri bu qədim musiqi janrının me­lo­diya, forma, ritm, intonasiya və ifa zənginliyini qoruyub-saxlamış, yeni ifa­çı nəsillərə ötürülmüşdür. “Bu janr uzun əsrlərin məhsulu olub, sazən­də­lərin və xanəndələrin ifasında cilalanmış, mükəmməl forma al­mış, nə­sil­­dən-nəsilə ötürülərək, bu günümüzə gəlib çıxmışdır” [4, s. 87]. Ustad xa­­­nəndələrin, tarzənlərin, kamanzənlərin və balabançıların ifasında səs­lə­nən dəstgahlar, instrumental muğamlar, zərbli muğam və təsniflər hər ye­ni ifaçı nəsil üçün sənətkarlıq meyarına, örnəyə çevrilmişdir. “Hətta par­laq istedada malik bəzi xanəndə və sazəndələr bu sənət üçün lazım olan qa­nunlar çərçivəsində yeni ənənələr, parlaq üslublar, hətta deyərdik ki, mək­təblər də yaratmışlar” [6, s. 54]. Bu baxımdan, muğam ifaçılığında hər bir sənət xadiminin öz yeri, məktəbi və üslubu vardır. Onların hər bi­ri­nin ifa tərzi və repertuarı da muğam sənətinin inkişafında önəmli rol oy­na­mışdır. Ən vacibi isə, keçmiş muğam ustadlarının ifaları müasir döv­rü­müz­də dəyərli bir mədəniyyət irsi kimi qorunur, gənc sənətkarlara öyrə­di­lir və təbliğ olunur.

Musiqişünaslar muğam sənətinin keçmiş və müasir ənənələrinə əsasla­na­raq, hər bir muğamın ayrı-ayrılıqda araşdırılmasına mühüm əhəmiyyət ve­rirlər. Bu aktual yanaşmada hər bir muğamın Azərbaycan musiqi tari­xin­də təkamül yolları, onun müxtəlif forma və məqam xüsusiyyətləri, kom­pozisiyası, şöbə-guşə tərkibi, ifaçılıq sənətində yeri və bəstəkar yara­dı­cılığında tətbiqi kimi məsələlər araşdırılır. Məsələn, son illər “Dügah”, “Rast”, “Şur”, “Nəva”, “Rəhab” muğamları haqqında disser­tasiya işləri ya­zılmışdır. Bütün muğamlar kimi “Şüştər” də musiqişü­naslıq tədqiqa­tı­na cəlb olunmuşdur. Bu məqalədə “Şüştər” muğamına ifaçılıq sənəti ba­xı­mından nəzər yetirilir.

İfaçılıq məsələləri professional muğam sənətində orta əsrlərdən indiyə qə­dər öz sabit ənənələrinə, yeniliklərinə, qayda-qanunlarına, nəzəri və prak­tik məsələlərinə malikdir. Onlardan biri də professionallığın səviy­yə­si, məktəb tərbiyəsi və xüsusi istedaddır. Uzun illərin ifaçılıq ənənələri gös­­tərir ki, muğamların hər birinin özəlliklərinin doğru-düzgün təfsiri məhz ifaçının peşəkarlıq, məktəb, yaradıcılıq səviyyəsindən, təcrübəsin­dən və musiqi istedadından asılıdır.

Bu fikrimizə “Şüştər” nümunəsində nəzər saldıqda, belə məlum olur ki, XX əsr ərzində bu muğam musiqi kolleclərinin və ali musiqi məktəb­lərinin tədrisinə daxil edilmiş, ustadlar tərəfindən gənc xanəndələrə və tələbələrə öyrədilmişdir. Lakin “Şüştər”in ifasına dair bir neçə nümunə var ki, onlar tədrisdə də, ifaçılıqda da muğam öyrənənlərə və dinləyici­lə­rə bi­la­vasitə klassik örnək rolunu oynayır. Burada söhbət əlbəttə, məhz ko­ri­fey muğam sənətkarlarından gedir.

Hər bir muğam kimi “Şüştər” də özünəməxsus bədii-emosional məz­mu­na malikdir. Muğamların bədii-emosional təsir imkanlarını aşkara çı­xa­ra bilmək və dinləyiciyə olduğu kimi çatdırmaq ifaçılığın professio­nal amil­lərindən biridir. Bu baxımdan, muğamlar arasında “Şüştər” öz musi­qi­sinə, melodik ifadəsinə və emosional təsirinə görə ən qəmgin və kədərli mu­ğam hesab olunur. Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqi­sinin əsas­ları” kitabında muğamların bədii təsir imkanları haqqında belə yaz­mış­dır: “Bədii-ruhi təsir cəhətindən “Rast” dinləyicidə mərdlik və güm­rah­lıq hissi, “Şur” şən, lirik əhvali-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüş­tər” dərin kədər, “Çahargah” həyəcan və ehtiras, “Bayatı-Şiraz” qəm­­ginlik, “Hümayun” isə “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oya­dır” [3, s. 16]. Ü.Hacıbəylinin bu fikrindən də göründüyü kimi, kədər his­si oyadan muğamlar “Şüştər” və “Hümayun”dur. Nəzərə alsaq ki, “Şüş­tər” həm müstəqil dəstgah kimi, həm də “Hümayun”un tərkibində iri şöbə ki­mi də ifa olunur, bu zaman “Şüştər”in “Hümayun” muğamına kə­dər­li ov­qat aşıladığını mülahizə edə bilərik. Daşıdığı dərin kədər his­s­lə­ri­nə görə, “Şüş­tər”, başqa muğamlarla müqayisədə həmişə və hər yerdə ifa olun­­mur. Bu muğamın təlqin etdiyi bədii-emosional yaşantılar təkcə din­ləyici üçün deyil, ifaçı üçün də xüsusi emosional durum tələb edir. Çünki “Şüş­tə­r”in daşıdığı kədər insanın hər hansı həyat və məişət olaylarından ya­ra­nan qəm və kədər deyildir. Bu, irfani, səmavi, fəlsəfi kədərdir. Şərq klas­sik poeziyasında olduğu kimi, muğam sənətində də kədərin fəlsəfəsi eş­­qin və aşiqin kədəri kimi bəşəridir, sakraldır, səmavidir, irfanidir. Ma­raq­­lı­dır ki, sənətşünaslıq doktoru, professor R.Zöhrabov “Şüştər” muğa­mın­­da kədər ifadəsi ilə yanaşı, dramtizm olduğunun da qeyd edir: “Şüş­tə­rin mu­siqi təranələri üçün eyni zamanda dramatizm də xasdır. Məhz dəst­gah­da səmimi lirikanın qəmli hisslərlə çulğalaşmış epizodlarında drama­tiz­min daha çox şahidi oluruq. Bu muğamın bəzi bölmələri insanda ruh yük­səkliyi də yaradır” [6, s. 219].

“Şüştər” dəstgahının xanəndə ifaçılığına nəzər yetirək. Əvvəla qeyd edək ki, Azərbaycan xalq musiqisində xanəndə sənəti yalnız ifaçılıq de­yil, yaradıcılıq və müəllimlik (ustad-şagird) rolunu yerinə yetirmişlər. Be­lə ki, xanəndələr əsrlər boyu professional musiqiçilər kimi muğamların ye­niləşməsində, ifaçılıq sənətinin daha da inkişaf etməsində böyük rol oy­­namışlar. Onlar təsniflərin və xalq mahnılarının yaradıcısı hesab olu­nur­lar. Bu üç təbəqədə yüksək peşəkar səviyyədə fəaliyyət göstərən və na­i­liyyətlər əldə edən xanəndələr istər xalq arasında, istərsə də sənət­kar­lar arasında “ustad” kimi qəbul olunmuş və tanınmışlar. Azərbaycan milli vo­kal sənətinin banisi, görkəmli vokal ustası, musiqi xadimi, SSRİ xalq ar­­tisti, professor Bülbül “Azərbaycan oxuma məktəbi” məqaləsində xa­nən­dələrin roluna yüksək qiymət verərək yazırdı: “Azərbaycanın klassik mu­­siqi mədəniyyəti özünün ən parlaq ifadəsini xanəndə ansamblının ya­ra­dıcılığında tapmışdır. Bu professional muğənni və musiqiçilər öz sənət­kar­lığı ilə illər boyu şəhər və feodal-mülkədar malikanələrində hakim möv­qe tutmuşdular. Həmin sahədə onların rəqibləri olmamışdır. Xanəndə əsr­lər boyu yaranan ənənələrin izlərini saxlamışdır” [1, s. 135].

Bülbül “Xanəndə və aşıqlar” məqaləsində isə bu sənətinin məktəb və pro­fessionallıq kimi amillərini belə səciyyələndirir: “Xanəndələr keçmiş Azər­baycan klassik musiqisinin inkişafında böyük rol oynamışlar. Onlar xü­susi vokal sənəti məktəbi keçmiş professional müğənnilərdir. Hazırda res­publikanın xalq artisti, 80 yaşlı müğənni Cabbar Qaryağdıoğlu vaxtı ilə Şuşa şəhərində bu cür məktəblərdən birində oxumuşdur… Xanəndələr öz işinin ustasıdırlar. Onların ifası qeyri-adi sənətkarlıq və saflığı ilə fərq­lə­nir. Xanəndələrin repertuarına Azərbaycanın klassik melodiyaları – mu­ğamlar daxildir. Bu orijinal əsərlər, musiqi ladları əsasında instru­men­tal, vokal və rəqs musiqisi qurulur. Muğamlar geniş inkişaf etmiş musiqi for­ması və melodik mövzunun çox gözəl işlənməsi ilə fərqlənir” [2, s. 26-27].

“Şüştər” dəstgahının ən kamil və klassik ifaçılarından biri bütün Şərq­də və Qafqazda məşhur olan xanəndə Cabbar Qaryağdıoğludur (1861-1944). Bu qüdrətli sənət xadiminin repertuarında, demək olar, bütün mu­ğam­lar, zərbli muğamlar yer almışdır. “Şüştər” üzərində qurulan “Ov­şa­rı” zərbli muğamını C.Qaryağdıoğlunun ifasında dinləyən dünya şöhrətli bəs­təkar Fikrət Əmirov onun oxumasından “Kürd-Ovşarı” simfonik mu­ğa­mını yazmışdır.

Məşhur Şuşa xanəndəsi Malıbəyli Cümşüd (?-1915) “Şüştər” muğa­mı­­nın mahir ifaçısı olmuşdur. Musiqi tarxçisi Firidun Şuşinskinin “Azər­bay­can xalq musiqiçiləri” kitabında oxuyuruq: “O dəstgahları özü­nə­məx­sus bir üslubla ifa etməklə, Azərbaycan muğamlarının təbiətində olan mu­siqi dramatizmini emosional təsirli ifadə ilə dinləyicilərə çatdı­rardı. Bu cəhətdən onun oxuduğu “Orta Mahur”u, “Şüştər”i, ritmik mu­ğam­lar­dan “Heyratı”, “Ovşarı” və “Qarabağ şikəstəsi” və s. səciyyəvidir. Cüm­şüd həmin muğamları sənətkarlıqla oxuyardı” [5, s. 126]. Musa Şuşinski xa­­ti­rələrində qeyd etmişdir ki, o, “Şüştər” muğamını Malıbəyli Həmid­dən öyrənmişdir [5, s. 385].

Ələsgər Abdullayevin (Şəkili Ələsgər, 1866-1929) 1902 və 1903-cü il­lərdə Bakıda keçirilən Şərq konsertlərində “Şüştər” oxumasının rəğbətlə qar­şılanması haqqında dövrü mətbuatda məlumat verilmişdir [5, s. 177]. Onun ifasında “Şüştər” dəstgahı qrammofon valına da yazılmışdır.

“Şüştər” dəstgahının klassik ifalarından biri də xanəndə Məşədi Məm­məd Fərzəliyevə məxsusdur. Onun ifası dövrün böyük sənətkarları və mu­ğamsevərləri tərəfindən yüksək qiymətləndirilmişdir: “Azərbaycan vo­­­kal sənəti tarixində Cabbar Qaryağdıoğlu “Mahur”, Seyid Şuşinski “Ça­hargah”, Şəkili Ələsgər “Şur”, İslam Abdullayev “Segah” ustası kimi məş­hur idilərsə, Məşədi Məmməd Fərzəliyev də “Şüştər” ustası kimi da­ha məşhur idi. Məşədi Məmməddən sonra musiqimizin son 50 ilində heç kəs “Şüştər” oxumamışdı. Bizim bütün klassik xanəndələrimizin əksə­riy­yə­ti Məşədi Məmmədin “Şüştər” oxumağını yüksək qiymətləndirmişlər. Hət­ta Seyid Şuşinski kimi böyük muğam ustası Məşədi Məmmədin “Şüş­tə­r”inə valeh olarmış” [5, s. 181].

Muğam sənətinin korifeylərindən olan Seyid Şuşinski “Şüştər” dəst­ga­hı­nı mükəmməl ifa etsə də, onun audio-yazısı olmamışdır. Bununla belə, o, “Hümayun” dəstgahı daxilində ən iri şöbə olan və bir neçə guşəni özün­də birləşdirən “Şüştər”in əsl ənənəvi-klassik nümunəsini yarat­mış­dır. Ustad sənətkar “Hümayun” dəstgahını Bəhram Mənsurovun mü­şa­yi­ə­ti ilə oxumuşdur. İki böyük sənətkarın birgə ifa elədiyi “Hü­mayun” dəst­gahı bu gün də bu muğamın ən mükəmməl ifası hesab olunur. Bu mi­sil­siz ifa Azərbaycan televiziya və radiosunun “qızıl fondu”nda qorunur, səs­yazma şirkətləri tərəfindən SD-lərə yazılaraq kütləvi yayımlanır.

Hacı Hüsünün, Xanlıq Şükürün, İslam Abdullayevin, Hüseynqulu Sa­rab­­skinin də oxuduqları “Şüştər” dəstgahının “səsi-sədası” böyük idi. Bu qüd­rətli muğam sələflərinin yolunu layiqincə davam etdirən Azərbaycan xal­qının sevimli ustad sənətkarı Hacıbaba Hüseynov da “Şüştər” dəst­ga­hı­nı oxumuş, ona özünün fərdi üslubuna xas olan gözəl intonasiya ça­lar­la­rı, ustad “nəfəsləri” ilə fərqli bir təfsir vermişdir. Bakı-Abşeron muğam ənə­nələrinin ən yaxşı davamçılarından olan Hacıbaba Hüseynov “Şüş­tər”i məhz bu məktəbə məxsus xanəndəlik üslubunda oxumuşdur. Bu ifa da Azər­baycan radiosunun “qızıl fondu”nda qorunur.

“Şüştər” muğamı ustad tarzənlərin ifasında da yaşarılıq qazanıbdır. Hə­lə XX əsrin əvvəllərində və ortalarında Qafqazda və Şərqdə məşhur olan tarzənlər — Mirzə Sadıq, Qurban Pirimov, Mirzə Fərəc Rzayev, Mir­zə Mənsur Mənsurov, Bəhram Mənsurov bir çox muğamlar kimi “Şüş­tər”i də xüsusi məharətlə çalmışlar. Azərbaycan muğamlarının ifasında, təd­risində və təbliğində böyük xidmətləri olan Xalq atristi Bəhram Mən­su­rovu xüsusilə qeyd etmək istərdik. B.Mənsurovun ifasında “Şüştər” mu­ğamın bir neçə dəfə vala və radionun fonduna yazılmışdır. Qüdrətli tar ifa­çısı “Şüştər” instrumental muğamını fərqli quruluşda çalmışdır: Şüştər (bəm, zil), Bidad, Mənəvi, Mövləvi, Bəzmi Şüştər.

Xalq atristləri, görkəmli tar ifaçısı Hacı Məmmədovun və Ağasəlim Ab­dullayevin ifasında “Şüştər” muğamı daha bir yeni və özünəməxsus bə­dii üslubda təfsir olunmuşdur. Hər iki sənətkarın təqdim etdiyi “Şüş­tər” muğamı tar-muğam ifaçılığının ən gözəl sənət abidələridir.

Etiraf etmək lazımdır ki, “Şüştər”in ən yaxşı instrumental ifaçıları sı­ra­sında kamança ustadları çoxluq təşkil edir. Bunun bir səbəbi də həmin mu­ğama məxsus musiqi məzmununun kamança aləti vasitəsilə daha də­rin­dən və daha orijinal şəkildə açıqlanmasıdır. Həqiqətən də, keçmiş us­tad­ların dediyi kimi, “Şüştər” kamança üçün, kamança da “Şüştər” üçün ya­ranıbdır. Şəfiqə Eyvazovanın ustadanə ifasında “Şüştər” muğamını din­­­ləmək yetər ki, bu sözün həqiqət olduğuna inana biləsən.

İstifadə edilmiş ədəbiyyat: 

  1. 1. Bülbül. Azərbaycan oxuma məktəbi // Seçilmiş məqalə və məru­zə­lə­ri (tər­ti­bat, şərhlər və qeydlər Q.Qasımov və Ə.İsazadənindir). B.: Azər­baycan SSR EA nəşriyyatı, 1968, s. 131-179.
  2. Bülbül. Xanəndə və aşıqlar // Seçilmiş məqalə və məruzələri (tər­ti­bat, şərhlər və qeydlər Q.Qasımov və Ə.İsazadənindir). B.: Azərbaycan SSR EA nəş­riyyatı, 1968, s. 26-29.
  3. Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Yazıçı, 1986.
  4. Quliyev M.B. Muğam sənətində ifaçılıq məsələləri. B.: MBM, 2013, 140 s.
  5. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
  6. Zöhrabov R.F. Azərbaycan muğamı. B.: Təhsil, 2013, 336 s.

 

 

Шабнам Шихалиева

Мастера-исполнители мугама ««Шуштер»

Резюме

Статья Ш.М.Шихалиевой посвящена вопросам исполнительства мугама ««Шуштер» в азербайджанской традиционной музыке. Азер­байджанское мугамное искусство имеет древнюю историю. В развитии мугамного исполнительства огромная роль принадлежит профессиональным мастерам-музыкантам ханенде и сазенде. В данной статье рассматривается классические исполнения ««Шуштер»а в вокально-инструментальном и инструментальном формах. Особо выделяется интерпретации этого мугама в исполне­нии выдающихся ханенде и сазенде.

Ключевые слова: ««Шуштер», мастерское исполнение, дастгях, инструментальный мугам

 

Shabnam Shikaliyeva

Master performers of mugham “Shushtar”

SUMMARY

This article by Shabnam Shikhaliyeva about is performing of “Shushtar” mugham. Traditional mugham art of Azerbaijan possesses ancient history. The role of mugham performers is great in the promotion and development of the mugham art. The author tells the story about the famous master performers of “Shushtar” mugham, for example, Jabbar Garyagdioglu, Mirza Mahammadhasan, Mashadi Mammad Farzaliyev, Seid Shushinski, Bahram Mansurov, Hajibaba Huseynov, Haji Mammadov, Agasalim Abdullayev, Shafiga Eyvazova, etc.

Key words: “Shushtar”, master performers, dastgah, instrumental mugham

 

 

Rəyçilər:

professor Gülnaz Abdullazadə;

professor M.Qafarova.

Mövzuya uyğun