AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA” №3 2017

     Şəbnəm ŞIXƏLİYEVA

Ü.Hacıbəyli adına BMA-nın dissertantı

Ünvan:  Bakı, Ş.Bədəlbəyli küçəsi, 98

                                                                                     Email: shabnam.shixaliyeva@mail.ru

UOT 781.7   

ŞÜŞTƏR MUĞAMININ RƏNGLƏRİNƏ DAİR

 endir

PDF

 

 

 

Xülasə: Məqalə instrumental rəng janrı haqqındadır. Bu janr “Şüştər” muğa­mının nümunəsində araşdırılır. Şifahi ənənəli professinonal ifaçılq sənətində hər bir muğam dəstgahının özünəməxsus rəngləri vardır. Məqalədə “Şüştər” rənglərinin forma, melodiya və məqam xüsusiyyətləri təhlil olunur.

Açar sözlər: Şüştər” muğamı, şüştər məqamı, dəstgah, rəng

 

Rəng – Azər­bay­can şi­fa­hi ənə­nə­li pro­fes­sio­nal mu­si­qi­si­nin inst­ru­men­tal jan­rı­dır. Bu janr mu­ğam dəst­gah­la­rın­da­kı möv­qe­yi­nə və ro­lu­na gö­rə, üç nö­və bö­lü­nür: rəng, də­ra­məd, di­rin­gi. İnst­ru­men­tal də­ra­məd dəst­ga­hın əv­və­lin­də  sa­zən­də tə­rə­fin­dən ifa olu­nur və “inst­ru­men­tal gi­riş” ro­lu­nu oy­na­yır. Də­ra­mə­din me­lo­di­ya­sı isə dəst­ga­hın ən mü­hüm şö­bə­lə­ri­ni, in­to­na­si­ya­la­rı­nı, is­ti­nad pər­də­lə­ri­ni əha­tə edir. Də­ra­məd­dən fərq­li ola­raq, rəng­lər şö­bə­lər ara­sın­da ça­lı­nır. Rəng­lə­rin dəst­gah­da tut­du­ğu möv­qe ifa­çı­lar ara­sın­da onun bə­zən “ara­çal­ğı” ad­lan­ma­sı­na sə­bəb ol­muş­dur. Di­rin­gi­lər isə oy­naq xa­rak­te­ri, rəqs­va­ri səc­ci­yə­si ilə se­çi­lir. On­la­rın vəz­ni da­ha çox 6/8 öl­çü­yə ma­lik olur. Bu rit­mik ro­lu­na gö­rə, oy­naq rəqs me­lo­di­ya­la­rı dəst­gah­lar­da di­rin­gi ki­mi də ça­lı­nır. Rəng jan­rı­nın da­ha bir özəl­li­yi tem­pin­də və me­lo­dik xa­rak­te­rin­də­dir. Nik­bin, şən və ya li­rik əh­va­li-ru­hiy­yə­li rəng­lər mü­va­fiq ola­raq, sü­rət­li, or­ta, ağır temp­lər­də olur. Dəst­gah ifa­çı­lı­ğın­da ağır, tən­tə­nə­li, marş­va­ri, rəqs­va­ri və mah­nı­va­ri xa­rak­ter­də olan rəng­lər möv­cud­dur. Ü.Ha­cı­bəy­li rəng­lə­ri “bəhr­li mu­si­qi” ad­lan­dır­mış və jan­rı be­lə sə­ciy­yə­lən­dir­miş­dir: “Rəng və ya di­rin­gə təs­nif ki­mi bir mu­si­qi olub fə­qət qof­tə­si, yə­ni söz­lə­ri ol­maz, yal­nız ça­lı­nar, ək­sə­rən yün­gül bəhr­li olub rəqs ha­va­la­rı­na bən­zər. Rəng də­xi dəst­gah­lar ara­sın­da xa­nən­də­nin ka­mal və mü­vəf­fə­qiy­yət­lə ic­ra et­di­yi ma­hi­ra­nə tə­ğən­ni mü­təa­qib ça­lı­nıb sa­me­yi­ni məh­züz et­mək­lə dəs­tə­ni də­xi qı­zış­dı­rır, fə­qət uzun çək­mə­yib tək­rar dəst­ga­hın ma­bə­di­nə ke­çi­lir” [1, s. 220].

Dəst­gah­la­rın iri ya­xud ki­çik həcm­li ol­ma­sı rəng­lə­rə də tə­sir edir. Be­lə ki, iri həcm­li mu­ğam­la­rın rəng­lə­ri say eti­ba­ri­lə çox­dur. Ki­çik həcm­li dəst­gah ki­mi ça­lı­nıb-oxu­nan “Şüş­tər”ə aid rəng­lər isə o qə­dər də çox de­yil. Be­lə ki, “Şüş­tər” dəst­ga­hın­da ifa edi­lən rəng­lər də­ra­məd­dən, “Şüş­tər” və “Tər­kib” şö­bə­lə­ri­nə aid bir ne­çə rəng­dən iba­rət­dir. Ma­raq­lı­dır ki, “Şüş­tər” dəst­ga­hı­nın ilk şö­bə­si “Əmi­ri” ol­sa da, ifa­çı­lıq­da bu şö­bə­yə aid rəng yox­dur. “Şüş­tər”ə aid bir ne­çə də­ra­məd nü­mu­nə­sin­də də “Əmi­ri” şö­bə­si­nə is­ti­nad edil­mir.

Bu mə­qa­lə­də təh­lil olu­nan “Şüş­tər” rəng­lə­ri xalq ar­tis­ti, pro­fes­sor S.Rüs­tə­mo­vun  “Azər­bay­can xalq rəng­lə­ri” top­lu­su­nun I dəf­tə­ri­nə da­xil­dir. Bu rəng­lə­rin ha­mı­sı “do” ma­yə­li “Şüş­tər”də no­ta ya­zıl­mış­dır. Azər­bay­can mə­qam­la­rı­nın Av­ro­pa ma­jor-mi­nor sis­te­mi ilə əla­qə­si­ni araş­dı­ran gör­kəm­li mu­si­qi nə­zə­riy­yə­çi­si, pro­fes­sor M.İs­ma­yı­lov be­lə nə­ti­cə­yə gəl­­miş­­dir ki, “Şüş­tər”in ma­yə uca­lı­ğı onun açar işa­rə­lə­ri­nin də han­sı mi­nor qam­ma­sı­na məx­sus ol­du­ğu­nu gös­­tə­­rir [2, s. 95]. Bu ba­xım­dan, “do” ma­yə­li “Şüş­tər”ə əsas­la­nan də­­ra­­mə­­d və rəng­lə­rin S.Rüs­tə­mov tə­rə­fin­dən do mi­no­ra uy­ğun üç be­mol işa­rə­si ilə, har­mo­nik hal­da no­ta yaz­ma­sı nə­zə­ri ba­xım­dan düz­­gün­dür.

“Şüş­tər də­ra­mə­di”. Də­ra­məd Al­leg­ret­to tem­pin­də, 2/4 vəzn­də, “Şüş­tər” dəst­ga­­hı­nın ənə­nə­vi to­nal­lı­ğın­da – “do” ma­yə­li “Şüş­tər”də ça­lı­nır [3, s. 26].  Ma­yə uca­lı­ğı ikin­­ci ok­ta­va­nın “do” sə­si­dir (c2).

 “Şüş­tər də­ra­mə­di” dəst­­ga­­hı­n aşa­ğı­da­kı şö­bə­lə­ri­ni və mə­qa­mın aşa­ğı­da­kı is­ti­nad pil­lə­lə­ri­ni əha­tə edir:  1.Şüş­tər” (ma­yə­ni eh­ti­va edən şö­bə) – III, VI pil­lə­lər; 2. “Tər­­kib” – VII pil­lə;  3. “Ayaq” (“Şüş­tər”ə qa­yı­dış) – III pil­lə. Be­lə­lik­lə, də­­ra­­mə­d­də mən­tiq­lə dəst­ga­hın əsas şö­bə­lə­ri­nə “to­xu­nu­lur”.

“Şüş­tər də­ra­mə­di” üç­his­sə­li for­ma­ya ma­lik­dir: AB+CB+DB1. Bu üç­his­sə­li for­ma­da ron­do ele­ment­lə­ri də özü­nü gös­tə­rir. Be­lə ki, for­ma­nın qu­ru­lu­şun­da hər də­fə b cüm­lə­si­nə qa­yıt­ma­sı ron­do əla­mə­ti ki­mi çı­xış edir. Bi­rin­ci his­sə (pe­ri­od) iki cüm­lə­dən qu­rul­muş­dur: a+b. Pe­rio­dun  a cüm­lə­si kvad­rat qu­ru­luş­lu­dur, 8 xa­nə­dən iba­rət­dir. Cüm­lə tək­rar qu­ru­luş­lu 2 fra­za­dan təş­kil olu­nub: 4x+4x. La­kin fərq­li ka­dans­lar fra­za­la­rı da fərq­­lən­dir­mə­yə əsas ve­rir. Be­lə ki, I fra­za VI pil­lə­də (ma­yə, do) bi­tə­rək ya­rım ka­dans, II fra­za­sı II pil­lə­də (ta­mam­la­yı­cı ton, sol) bi­­tə­rək tam ka­dans ya­ra­dır. Bu fra­za­la­rın ilk xa­nə­lə­rin­də­ki (xa­nə 1 və 5) aşa­ğı x4 sıç­ra­yı­şı me­lo­­di­­ya­ya xü­su­si in­to­na­si­ya aşı­la­yır. Bu sıç­ra­yış VI-III hə­rə­kə­ti ilə baş ve­rir (do-sol). Di­gər tə­rəf­dən, fra­za da­xi­lin­də x4 sıç­ra­yı­şı­nı və “do-sol-do” in­to­na­si­ya­sı­nı eh­ti­va edən mo­tiv­lər­də elə ilk an­dan “do” ma­yə­li şüş­tə­rin mə­qam kö­kü­nü və özü­­nə­­məx­­sus me­lo­di­ya-mə­qam özəl­li­yi səs­lə­nir.

Birinci periodun b cümləsi a cümləsinin melodik materialı əsasında quru­la­raq, onu davam etdirir. Bu cümlə də 8 xanəli olub 2 frazadan əmələ gəlib: 4x+4x. B cüm­ləsinin birinci frazası yarım kadansla, ikinci frazası tam kadansla bi­tir. Melodiyada ritmik dəyişiklik də özünü göstərir. Belə ki, onaltılıqların triol qruplaşmaları və punk­tirlər melodiyaya vəzn əlvanlığı və ritmik inkişaf gətirir:

Dəramədin mərkəzi hissəsi iki cümlədən təşkil olunmuşdur: c+b. Orta his­sə­­nin c cümləsi yeni melodik materiala əsaslanır. Cümlə 5x+5x quruluşuna malik olub, iki frazadan təşkil olunmuş­dur. Frazalar təkrar quruluşludur. Cümlənin özünə­məxsus melodik xüsusiyyətlərindən biri də kvinta sıçrayışı­­dır. İkinci oktavada yuxarı istiqa­mətdə c2-g2 sıç­ra­yı­şın­dan sonra bu interval melodiyanın aşağı istiqamətdə hərəkətilə “doldurulur”. Maraqlıdır ki, dəramədin mərkəzi hissəsində c cümləsi VII pillə ətrafında gəzişməklə yaranır. Bu pillə məqamın mayəsinin üst aparıcı tonudur, eyni za­manda “Tərkib” şöbəsinin (d) dayaq tonudur. Bununla da c cümləsi VII pilləyə əsaslanmaqla, dəstgahın “Tərkib” şöbəsini əhatə edir və VII pillədə yarım kadansla bitir. Bu cümlədə II pillənin oktavasının (f2) yarım ton zilləşməsi (fis2) müşahidə olunur ki, belə alterasiya da şüştər məqamı və muğamı üçün səciyyəvi olmasa da, melodik inkişafda özünü büruzə verə bilir:

C cümləsi Tərkib

Mərkəzi hissənin c cümləsindən sonra gələn b cümləsi isə birinci periodun b cümləsinin eynilə təkrarıdır.

Dəramədin üçhissəli formasında üçüncü period iki cümlə birləşməsindən yaran­mışdır: d+b1. Bu period yeni melodik materialla başlayır. D cümləsi repriza sayəsində 8 xanəli olur və iki təkrar frazadan qurulur: 4x+4x. D cümləsinin III pillə­nin (g1) zilindən, yəni ikin­ci ok­tavanın “g2” səsindən başlaması kul­mi­na­si­ya­­ya səbəb olur. Bu cümlə aşağı eniş­lə, pilləvari şəkildə tamalayıcı tona doğru hə­rə­kət edir. Qeyd edək ki, bu cümlədə III pillənin oktavası tərkib şöbəsinin zili kimi çıxış edir. Bununla da dəraməd tərkib şöbəsinin bütövlüklə əhatə edir:

Üçüncü hissə və ümumiyyətlə, dəraməd b1 cümləsi ilə bitir. Bizcə, bu cümlə, birinci və ikinci hissələrdəki b cümləsinin variantlı təkrarıdır. B1 cümləsi 8 xanəli olub iki frazadan əmələ gəlmişdir. Hər iki frazada melodiya hərəkəti “do” mayəli şüştərin II pilləsin­dən (f) başlayaraq, mayəyə doğru hərəkət edir. Melodiyada k3, x4 sıçrayışları özü­nü göstərir. Birinci 4 xanəli fraza mayədə (c) bitməklə yarım kadans, növbəti fraza III pillədə (g) bitməklə tam kadans yaradır.

“Şüştər” dəstgahında ilk çalınan rənglərdən biri “Mayəyi-Şüştər rəngi”dir [3, s.27]. Adından göründüyü kimi bu, dəstgahın mayə şöbə­si­nə aid rəng­dir və bu şöbədən sonra çalınır. Rəng əslində, “Ovşarı” zərbli muğa­mı­nın ins­trumental varian­tıdır. “Mayəyi-Şüştər” rəngi məqamın III, VI, VII pillələri üzə­rində dayanmaqla, “Şüştər”-“Tər­­kib”-“Şüştər” (“Ayaq”) sxeminə malik olur. Belə quruluş rəngə üç­hissəlilik aşılayır. Bu isə məqamın quruluşunun formayaradıcı rolunu bir daha aydınlaşdırır.

“Mayəyi-Şüştər rəngi” üçhissəli formaya malikdir: ABA1. Rəngin birinci his­sə­sində (A) melodiyanın hərəkəti şüştər məqamının tamamlayıcı pərdəsi (g) ətra­fın­da baş ve­rir. 8 xanədən ibarət olan I cümlə (xanə 1-8) iki təkrar quruluşlu bəra­bər frazadan ibarətdir: 4x+4x. Bu cümlədə x4, k6 sıçrayışları özünü göstərir:

II cümlə (xanə 9-18)  III-VIII pillələr arasında (g–es) k6 in­ter­valına sıç­ra­yışla baş­layır və aşağı enən sekventiv hərəkətlə III pilləyə (g) doğ­ru istiqamətlə­nir. “Do” mayəli “Şüştər”in III pilləsində (g) başlayan cümlə, həmin pillədə yenə tam kadansla bitir:

III cümlə isə (xanə 19-28) II cümlənin variantlı tək­ra­rı­dır. Bu cümlədə əvvəlki cümlənin melodik variasiyalanması baş verir. Həmin cümlədə k6 (g1-es2) və l x5 sıçrayışları (g1–d2, g1–c2) müşahidə olunur ki, bu da intonasiya ifadəliyini zənginləşdirir. III cümlənin da­xi­lin­də təkrarlar və sekvensiyalı enmə özünü göstərir:

“Mayəyi-Şüştər rəngi”nin ikinci hissəsində (B) muğamın “Tərkib” şöbəsinə məxsus diapazon əhatə olunur. Bu period iki cümlədən ibarətdir və 8x+8x quruluşuna malikdir. I cümlə rep­ri­za işarəsi ilə ça­lı­nır və təkrar olunmaq sayəsində 8 xanəli cümlə əmələ gəlir. Cüm­lə­nin tərkib pər­də­sin­dən (VII, d) vurğu ilə başlaması və fraza, cüm­lə sonluqlarının mayə pilləsində (VI, c) bitməsi bu şö­bə­yə məx­sus olan mə­qam-melodiya xüsusiyyətini əks etdirir.

Rəngin B hissəsində II cümlə cavabverici xarakter daşıyır. Maraqlı cəhətlərdən biri də cümlədə baş verən məqam alte­ra­­si­yasıdır. Belə ki, II cümlədə mə­qa­mın IV pilləsi – “lya bemol” ya­rım ton zilləşərək “lya bekar”a çevrilir (IV+). Be­­lə alterasiya nəticəsində mə­qa­mın III pilləsi də yarım ton zilləşərək “sol di­yez” olur (III+). Frazanın sonunda özünü gös­tə­rən “si bekar-lya bekar” və “sol diyez-lya be­kar” kadansı, eləcə də cüm­lənin “lya bekar” ilə bitməsi şüş­tər məqamında alterasiyalı IV pilləyə dayaq to­nu və yarım kadans səciyyəsi verir:

Rəngin reprizası –A1 bölümü qısaldılmış formadadır, cəmi 8 xanəli bir cümlədən ibarətdir. Bu hissədə məqam alterasiyasından na­tural və­ziyyətə qayıdış baş verir. Maraqlıdır ki, son 4 xanədə rəngin başlanğıc melodik frazasını eşidirk.

“Şüştər” dәstgahında çalınan daha bir rəng “Tərkib rəngi”dir [3, s. 28]. “Tərkib” – “Şüştər” dəstgahının əsas və iri şöbələrindən biridir. Bu şöbə məqamın VII pilləsinə istinad etsə də, onun melodik ibarə və cümlələri VI pillədə son­la­na­raq mayədə bitir. Marşvari xarakter daşıyan 2/4 vəznli “Mayəyi-rəng”lə müqayisədə “Tərkib rən­gi”nin tempi sürətli (Allegretto), vəzni 6/8 və musiqi məzmunu isə oynaq, nikbin ovqatlıdır.

“Tərkib rəngi” ikihissəli formada olub, A+B quruluşundadır. Rəngin melodik quruluşu və inkişafı təkrarlar, variantlı təkrarlar, variantlılıq, sekvensiya, or­na­ment (trel, forşlar, mordent), qeyri-simmetrik sintaksis kimi amillər əsasında baş ve­rir. Rəngin birinci hissəsi (A) 2 cümlədən ibarət sadə perioddur. I cümlə (a) repriza işarəsilə təkrarlanaraq 6x+6x quruluşu alır və 12 xanədən ibarət olur. Başqa sözlə I cümlə 6 xanəli frazanın təkrarlanması ilə yaranır:

Hərəkətli, sürətli və qətiyyətli xarakterdə olan bu cümlə pilləvari şə­kildə tonlarla aşağı enən sek­vensiya quruluşundadır. Xa­nənin güclü hissəsində çərək notların trellə səslənməsi melodiyaya xüsusi məqam ahəngdarlığı və oynaq ifadəlilik verir. Mayənin üst mediantasından (es) pilləvari enən hərəkət tam kadansla bitir. Cümlə sekvensiya quruluşludur və 3 halqadan ibarətdir:

II cümlə 7-20-ci xanələri əhatə edir. Bu cümlə I cümləyə əks hə­rə­kət­lə başlayır. Cümlə 3 frazadan təşkil olunmuşdur: 4x+5x+5x. Birinci fra­­za (a1) təkrar olunan iki motivdən əmələ gəlmişdir: 2x+2x=4x. Bu fraza 7-10 xanə­lə­ri əhatə edir:

İkinci fraza (a2) 5 xanədən ibarətdir, hər xanə bir motivi təşkil edir. Bu fraza 4 xanəli I frazanın əksinə – VII pillədən aşağı istiqamətlə pil­lə­va­ri şəkildə tamamlayıcı tona (III) – tam kadansa doğru hərəkət edir. İkinci frazada melodiya enən sek­vensiya hərəkətlidir. 5 xanəli frazada 4 sekven­siya halqası vardır. Sekvensiya hal­qaları tonal-pilləvari sekunda münasibətin­dədir. Lakin sekvensiya hal­qaları daxilində və onların sonu-başlanğıcı arasında tersiya münasibətləri də özünü göstərir. Bu frazada punktirlə də qarşılaşırıq. Üçün­cü fraza ikinci frazanın eynilə təkrarıdır (a2). Məhz bu təkrar hesabına II cüm­lə 5 xa­nə genişlənmişdir. Bu təkrar fraza da eyni sek­vensiya ilə qu­rulmuşdur. Təkrar quruluşa malik II və III frazaları (a2+a2) əyani not misalı ilə gös­tə­rək:

Rəngin ikinci hissəsi (B) iki cümlədən ibarətdir. 8 xanəli birinci cümlə kvadrat quru­luş­lu­dur, təkrar quruluşlu iki frazadan (b+b) təşkil olunmuşdur: 4x+4x. Bu cümlə mə­qa­mın iki pil­ləsi – VI (mayə) və alterasiyalı IV pillə ətrafında gəzişməklə əmələ gəlir. Cümlədə “Tərkib” şöbəsinə xas olan alterasiya baş verir. Burada IV pillənin yarım ton zilləşməsi (lya bekar) və eyni zamanda III pillənin də yarım ton zilləşmə­si rəngin melodiyasına yeni melodiya və intonasiya çalarları aşılayır və onun oy­naq, nikbin ovqatını daha da artırır. Melodiya məqamın mayə pilləsində qərar tutmaqla başlayır:

B hissəsində II cümlə məqamın alterasiya vəziyyətindən natural vəziyyətinə qayıdışı və melodiyanın tam kadansla bitməsilə səciyyələnir. 8 xanədən iba­rət II cümlə də I cümlə kimi aşağı enişlidir. Təkrar motivli quruluşa bu cümlədə də rast gəlinir. II cümlə hər biri 4 xanədən ibarət olan iki frazadan əmələ gəlmişdir.

“Şüştər” dəstgahına məxsus daha bir rəng də “Tərkib” şöbəsinə aiddir və “Tər­kib rəngi” adlanır [3, s. 29]. Bu rəng də 6/8 vəzndə olub, sürətli tem­pi (Allegretto), dinamik və ardıcıl hərəkəti, oynaq və şən xarakteri ilə sə­ciy­yə­lə­nir. “Tərkib rəngi” iki hissəli formadadır: AB+CB. Birinci hissə period formasındadır və iki cümlədən qurulmuşdur: a+b. Bu hissədə cümlə quruluşları qeyri-simmetrik düzümdədir. A cümləsi 9 xanəlidir və iki frazadan ibarətdir: 4x+5x:

Pil­lə­vari şəkildə məqam pillələrinin aşağı enişli ardıcıllığı ilə hərəkət edən ikinci frazada sekvensiya quruluşu özünü göstərir. Sekventiv hərəkət III pillədə (g) dayanmaqla, tam kadans əmələ gətirir:

B cümləsi də quruluş baxımdan qeyri-simmetrikdir (xanə 10-24). Bu cümlə 3 frazadan təşkil olunmuşdur. Cümlədə frazaların təkrar oluması ilə yanaşı, frazadaxili motiv təkrarları da baş verir. Ən başlıcası, B cümləsi tərkib şöbəsinə məxsus olan məqam alte­rasıyası ilə səciyyələnir. Məqamın IV pilləsinin zilləşməsi (a) və bu alterasiyaya mü­vafiq III pillənin də yarım ton artması (gis) melodiyada yeni intonasiya ifadəliliyinə səbəb olur. B cümləsinin ilk frazası (xanə 10-13) mayədə bitərək yarım kadans ilə tamamlanır:

II fraza isə melodik cəhətdən I frazanın davamıdır. Bu fraza da yarım kadans ilə bitir. Lakin əsas fərq bundadır ki, II fraza tərkib şöbəsinə məxsus olan xü­susiyyəti da­şı­yaraq, alterasiyalı IV pillədə (lya bekar) dayanmaqla yarım kadans ya­radır. Digər bir fərq də melodiyanın hərəkətində özünü göstərir. Əgər 1-ci fraza üçün yuxarı hərəkət səciyyəvidirsə, II frazada melodiya qarşışıq (yuxarı-aşağı) hərəkətə malikdir:

B cümləsində III fraza 8 xanəlidir (xanə 17-24). Bu frazada alterasiyalı “Şüştər”­dən natural vəziyyətə qayıdış baş verir. Sekvensiyalı enən hərəkət sonda tamam­layıcı pillədə (III, sol) tam kadansla yekunlaşır.

“Tərkib” rənginin ikinci hissəsi də iki cümlədən ibarət perioddur: c+b. İlk cümlə (c) rəngin formasında və melodiya inkişafında mərkəzi yer turur. Məhz bu cümlədə me­lodiya öz kulminasiya nöqtəsinə çatır. Məqamın alt tetraxordun­dakı II və III pillələrin (f1, g1) oktava zilləşməsi nəticəsində (f2, g2) melodiyanın dinamizmi və gərgin­liyi artır, diapazon ikinci oktavanın “sol” səsinə qədər çatır və bu səs rəngin melodik kul­minasiyasına çevrilir. Cümlə məqamın son pilləsindən (VIII, g) yuxarıya doğru yönələrək, ikinci oktavada ardıcıl səs sırası ilə ən yüksək kulminasiyada dayanır: es2 – f2 – g2:

Sonra cümlə əks istiqamətdə qurulur və aşağı enən hərəkətlə oktava diapa­zo­nunu əhatə edir: g2-g1. Melodiyanın pilləvariliyi məqam pillələrinin enən ardıcıllığı üzə­rin­də baş verir. Cümlənin daha bir maraqlı xüsusiyyəti sekvensiyadır. Bu cüm­lənin g2-g1 diapazonunda aşağı hərəkəti sekvensiyalarla baş verir və cümlə 7 sekvensiya hal­qası ilə qurulur. Sekvensiya tam kadansla bitir:

Rəngin forması b cümləsi ilə davamını tapır. İkinci hissənin (periodun) b cümləsi eynilə birinci hissənin b cümləsini təkrar edir. Bununla rəng ikihissəli formaya malik olur: AB+CB. Eyni zamanda rəngin quruluşunda refren əlaməti də nə­zə­rə çarpır.

 

ƏDƏBİYYAT:  

  1. Hacıbəyov Ü.H. Azərbaycan musiqi həyatına bir nəzər. // Seçilmiş əsərləri. Dörd cilddə, II c. B.: Azərb.SSR EA nəşriyyatı, 1965, s. 215-225.
  2. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin məqam və muğam nəzə­riy­­yəsinə dair elmi-metodik oçerklər. B.: Elm, 1991, 120 s.
  3. Rüstəmov S.Ə. Azərbaycan xalq rəngləri. I dəftər. B.: İşıq, 1978, 60 s.
  4. Zöhrabov R.F. Azərbaycan rəngləri (janr, lad-məqam və melodik xüsusiyyətlərin tədqiqi). B.: Mars-print, 2006, 250 s.
  5. Zöhrabov R.F. Azərbaycan muğamları. B.: Təhsil, 2013, 336 s.

 

                       Шабнам ШИХАЛИЕВА

Диссертант БМА имени У.Гаджибекова

 

О РЕНГАХ МУГАМА «ШЮШТЕР»

 

Резюме: Предметом статьи является инструментальный жанр «ренг».  Данный жанр рассматривается на примере мугама «Шюштер». В традиционном профессиональном исполнительстве каждый мугам-дестгях имеет свои ренги. В статье анализируется структурные, мелодическиеи ладовые особенности ренгов мугама «Шюштер».

Ключевые слова: мугам «Шюштер», лад шюштер, дестгях, ренг

 

                           Shabnam SHİKHALİYEVA

Candidate for a degree of Baku Music Academy

 

ABOUT THE REHGS OF MUGHAM SHUSHTAR”

 

Summary: The subject of this article is the instrumental genre of “reng”. This genre is studied on the example of mugham “Shushtar”. İn traditional professional performance, each mugham-dastgah has its own rengs. Author analyzes the structural, melodic, modal and cadence features of the rengs of mugham “Shushtar”.   

Key words: mugham “Shushtar”, maqam shushtar, dastgah, reng

 

Rəyçilər: fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Maya Qafarova

Mövzuya uyğun