AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Tutuxanım QULUZADƏ

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Kəmalə ATAKIŞIYEVA

Baş müəllim

 

Şirvan şikəstəsi aşıq və xanəndə ifaçılığında

 

Açar sözlər: Şirvan, şikəstə, aşıq,  xanəndə, janr

 

Şikəstə janrı həm aşıq, həm də xanəndə yaradıcılığı üçün eyni dərə­cə­də doğma və sevimli bir janrdır. Bu janr aşıq yaradıcılığına məxsus olsa da xanəndə repertuarına o qədər dərindən daxil olmuşdur ki, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” kimi nümu­nələri demək olar ki, muğam sənəti nümunəsi kimi qəbul olunur. Birinci və ikinci şi­kəs­tə aşıq repertuarında artıq işlədilmir. “Şirvan şikəstəsi” isə hər iki sənətdə eyni sevgi ilə ifa olunur. Adını sadala­dığımız bu üç musi­qi nümunəsi bölgə etibarilə də fərqlidir. Belə ki, “Qarabağ şikəstəsi” Qa­ra­bağ bölgəsinə, “Kəsmə şikəstə” (ona bəzən “Bakı şikəstəsi” də deyir­lər) Abşeron ərazisinə, “Şirvan şikəstəsi” isə adından da məlum olduğu ki­mi Şirvan bölgəsinə məxsus musiqi havaları kimi tanınır. Lakin bundan asılı olmayaraq hər üç şikəstə bütün xanəndələrin repertuarında önəmli yer tutur.

Şikəstə janrının xanəndə repertuarına yol tapmasının bir sıra səbəbləri var. Bunlardan ən birincisi şikəstə janrının quruluş etibarilə zərbi mu­ğam janrına uyğun olmasıdır. Bu uyğunluq ilk növbədə özünü hər iki jan­rın qarışıq bəhrli qrupa aid olması ilə yaranır. Şikəstələrdə də zərbi mu­ğamlar kimi musiqi materialının vokal hissəsi bəhrsiz, instrumental his­sə­si isə bəhrlidir. Digər tərəfdən şikəstələrin musiqi materialının xanəndə ifa üslubuna yaxınlığı, əhval-ruhiyyənin, emosional aləmin muğamla səs­ləş­məsi bu janrın xanəndələr tərəfindən də sevilməsinə gətirib çıxar­mış­dır.

Şikəstə janrı Azərbaycan musiqişünaslığında xüsusi diqqət çəkən təd­qiqat obyektidir. Şikəstələr haqqında ilk əvvəl Üzeyir bəyin “Azərbay­can musiqi həyatına bir nəzər” məqaləsində məlumat verilir: “Şikəstə və ba­ya­tıya aşıq dəstəsinin dəstgahı demək olar, çünki bu növ musiqi təğənnisi əsl onların sənətidir… Şikəstə və bayatının sözləri də zatən köy xalqına məxsus bəstə və qoftə olub qoftəsi məzmunca müxtəlif olduğu halda, bəstəsi yeknəsəqdir…” (1, s. 188). Daha sonra alim bu janrın müxtəlif mahallarda yaranması ilə əlaqədar variantlarının adını çəkir.

Bundan başqa şikəstə janrı haqqında ətraflı məlumat M.İsmayılovun “Azərbaycan xalq musiqi janrları” elmi əsərində verilib. Bu əsərdə alim qarışıq bəhrli janr qrupu olaraq şikəstələrə xüsusi bölmə həsr etmişdir. Bu­rada şikəstə janrının xüsusi tərifi verilir: «Azərbaycan şikəstəsi hər biri müs­təqil xarakter daşıyan iki çalardan ibarət vokal-instrumental bir mu­si­qi janrıdır. Adi mahnılardan fərqlənən şikəstənin əsas xüsusiyyəti ondan ibarətdir ki, “Segah” muğamının “Şikəsteyi-fars” şöbəsi üzərində sərbəst gə­zişmək yolu ilə yaranan şikəstənin oxunan hissəsi, yəni əsas melo­di­ya­sı metro-ritmik cəhətdən bəhrsiz olduğu halda, xalq çalğı alətlərindən tar, kamança və xüsusən zərb alətləri bu əsas melodiyanı müəyyən metrik vəzndə müşayiət edir” (3, s. 84).

Tərifdən də aydın olduğu kimi alim xanəndə ifasında səslənən şikəstə­dən danışır. Sonrakı məlumat və təhlillər də məhz xanəndə ifasının məh­su­lu olan “Qarabağ şikəstəsi”nin əsasında aparılır. Burada həmçinin şi­kəs­tə “Ovşarı”, “Arazbarı”, “Kərəmi” kimi musiqi nümunələri ilə müqa­yi­sə edilir.

Şikəstə janrı haqqında İ.Köçərli geniş və samballı əsər yazmış, bu jan­rın inkişaf yollarını, daxili quruluşunu ətraflı şəkildə təhlil etmiş, şi­kəs­tə­ni xalq və bəstəkar yaradıcılığında araşdırmışdır. Tədqiqatçı ilk dəfə ola­raq şikəstə janrına aşıq sənətinin məhsulu olaraq yanaşmış və onun hər iki sənətdə (aşıq və muğam) yerini, mövqeyini müəyyən etməyə çalış­mış­­dır. Şikəstələri əsas etibarilə zərbi  muğamlarla müqayisə edən alim on­ların xanəndə sənətinə yol tapmasını bu cür izah edir: “…Şikəstə tari­xən aşıq yaradıcılığının məhsulu olmuş, sonrakı təkamül, inkişaf prose­sin­də Azərbaycan xalq musiqi yaradıcılığının bütün qolları ilə qovuşmuş, xalq mahnı və rəqs yaradıcılığı, muğam sənətinin uyğun cə­hət­lərini mə­nim­səmiş və nəhayət, xanəndə sənətində son dərəcə tək­milləşmiş bir for­ma almışdır. Şikəstənin muğam ifaçılığına daxil olması bu janrın daxili qanunauyğunluqları ilə şərtlənmişdir. Vokal melodiyanın improvizasiya xüsusiyyətlərinə malik olması, instrumental hissənin inkişaflı, rəngvari “xasiyyət” daşıması onların xanəndə ifaçılığına daxil olması üçün əlve­riş­li zəmin yaratmışdır” (5, s. 27). “Aşıqların reper­tuarına daxil olan “Ba­ya­tı”, “Şikəstə” kimi xüsusi, başlıca olaraq kədərli təsirli melodiyalar sil­si­ləsində xalqın inqilabdan əvvəl ağır taleyi öz ifadəsini tapmışdır. Xalq ara­sında həmin mahnıların külli miqdarda mətni və musiqi variantı mey­da­na gəlmişdir. Bunlar müxtəlif rayonlarda müxtəlif şəkillərdə ifa olunur. Bizə Bayatı və Şikəstənin onlarca variantı gəlib çatmışdır” (2, s. 27).

Bütün misallardan da göründüyü kimi şikəstə janrı aşıq sənətinin məhsulu kimi tanınır. Lakin təəssüflər olsun ki, müasir dövrümüzdə aşıq sə­nətində bu janra getdikcə daha az yer ayrılır. Xüsusilə də məşhur “Qa­ra­bağ şikəstəsi”nə aşıq repertuarında demək olar ki, rast gəlmək mümkün deyil. Şikəstənin bu növü və «Kəsmə şikəstə» daha çox xanəndə repertu­a­rında yer alır. Aşıq sənətində müasir dövrümüzdə “Şir­van şikəstəsi”, “Sarıtorpaq şikəstə”, “Badamı şikəstə”, “Cığdan çıxma şikəstə”, “Quba şikəstəsi”, “Zarıncı şikəstə”, “Kərəm şikəstəsi” və s. kimi növləri daha məşhurdur. Son zamanlar “Şirvan şikəstəsi” xanən­dələr arasında da geniş yayılmışdır.

Şikəstə janrına öz tədqiqatlarında geniş yer ayıran İ.Köçərli bu janrı bir sıra aspektlərdən araşdırır və məhz “Qarabağ şikəstəsi” və “Kəsmə şi­kəstə”ni musiqi və poetik baxımdan yaxın olan digər aşıq havaları ilə mü­­qayisə edir. Müqayisəyə cəlb olunan şikəstələr xanəndə ifasına əsas­la­nır. Müəllif daha sonra bu şikəstələrlə aşıq yaradıcılığında yayılmış “Şir­van şikəstəsi”ni və digər şikəstə növlərini də müqayisə edərək, şikəstə jan­rının məhz aşıq sənətinin məhsulu olmasını müxtəlif faktlarla sübuta yetirməyə çalışmışdır.

Şikəstə janrının xanəndə repertuarında yer alması ilk növbədə onun zərbi muğam janrı ilə yaxınlığından irəli gəlir. Hər iki musiqi janrı qarı­şıq bəhrli janr qrupuna daxildir, hər ikisində poetik mətn bayatıya əsas­la­nır, hər iki musiqi nümunəsində “Segah” muğamı (“Şikəsteyi-fars”) üs­tün­lük təşkil edir. Musiqi materialının digər oxşar xüsusiyyət­lərini də sa­da­lamaq mümkündür. Bütün bu səbəblər şikəstə ilə zərbi muğam janrını bir-birinə yaxınlaşdırır. Bununla belə şikəstənin xanəndə repertuarındakı növləri bu qəbildən olan digər havalar kimi zənginləşmiş, inkişafa məruz qalmışdır.

“Şirvan şikəstəsihaqqında musiqişünaslıqda maraqlı tədqiqatlara rast gəlinir. Belə ki, “Şirvan şikəstəsi” adı altında bu şikəstənin çoxsaylı növləri haqqında dəfələrlə qeyd olunmuşdur. Bu barədə daha ətraflı İradə Köçərli aşıq sənəti ilə bağlı tədqiqatlarında bəhs edir. O, şikəstənin növ­lə­ri kimi “Döymə şikəstə”, “Qədim şikəstə”, “Cığdan çıx­maz şikəstə”, “Ba­yatı şikəstə”, “Zarıncı şikəstə”  və s. adlarını çəkir. “Şirvan şikəstə­si”­nin ən məşhur variantı əsas etibarilə xanəndə repertua­rına yol tapmış növüdür ki, bu hava «Şirvan şikəstəsi» adı ilə tanınır.

“Şirvan şikəstəsi” nəinki xanəndələrin, hətta estrada müğənnilərinin də diqqətini cəlb etmiş, onun müasir üslubda aranjman olunmuş ifa vari­ant­ları yaranmışdır. Bu şikəstədə musiqi materialı əvvəlki şikəstədən ol­duq­ca fərqlidir. Həm instrumental, həm də vokal partiya həzin və nis­bə­tən lirik xarakterlidir, aşığın ifasında bu həzinlik daha çox duyulur, ins­tru­mental partiyada balabanın iştirak etməsi lirik xarakteri gücləndirir. Bu şikəstənin xanəndə ifasında həmin xarakterin mümkün olduğu qədər sax­lanılması təsir qüvvəsinin aşıq tərəfindən daha artıq olması fikrini ya­ra­dır. “Şirvan şikəstəsi”ni ifa edərkən xanəndələr aşıq havasının əhvali-ru­hiyyəsini yaratmağa çalışırlar.

 

ƏDƏBİYYAT:

  1. Hacıbəyov Ü.Ə. Seçilmiş əsərləri. B.: Yazıçı, 1985, 653 s.
  2. Bülbül. Seçilmiş məruzə və məqalələri. B.: EA nəşriyyatı, 1968, 237 s.
  3. İsmayılov M.C. Azərbaycan xalq musiqi janrları. B.: İşıq, 1984, 100 s.
  4. Məmmədov T.A. Azərbaycan aşıq yaradıcılığı. B.: Apostrof, 2011, 648 s.
  5. Köçərli İ.T. Azərbaycan xalq musiqi yaradıcılığında şikəstə. B.: Tu­ral, 2003, 124 s.
  6. Quluzadə T.N. Üzeyir Hacıbəyli və Qara Qarayevin yaradıcılığında aşıq musiqisinin təzahür xüsusiyyətləri. B: Mütərcim, 2012, 144 s.
  7. Зохрабов Р.Ф. Азербайджанская профессиональная музыка устной традиции: мугам-дестгях и зерби-мугамы. Б.: Марс-принт, 2010, 458 с.

  

Тутуханым ГУЛУЗАДЕ

Доктор философии по искусствоведению,

Доцент

Кaля АТАКИШИЕВА

Старший преподователь АНК

 

«ШИРВАН ШИКЕСТЕСИ» В ИСПОЛНЕНИИ АШЫГА И ХАНЕНДЕ

 Резюме

Данная статья посвящена музыкальному жанру шикесте в исполнительском творчестве ашыга и ханенде. Авторы дают обширную информацию о жанре  шикесте,  а также сравнительный анализ «Шир­ван шикестеси» в исполнении ашыга и ханенде.

Ключевые слова: Ширван, шикесте, ашыг, ханенде, жанр

 

 Tutuxanim QULUZADE

Assistant Professor of ANC,

 Doctor of Philosophy

Kamala ATAKISHIYEVA

Senior lecturer ANC

«SHIRVAN SHIKESTESI» PERFORMED ASHIG AND SINGERS

Summary

This article is dedicated to the music genre in the performing art shikeste Ashig and singers. The authors provide a wealth of information about the genre shikeste, conduct a comparative analysis of «Shirvan shikestesi» performed Ashig and singers.

Key words: Shirvan, shikeste, Ashig, singers, genre

 

Rəyçilər: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Quliyev;

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor F.Xalıqzadə.

Mövzuya uyğun