AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Firuz ƏLIYEV

AMK-nın dosenti

 

Şikəsteyi-fars

      

Açar sözlər: Şikəstə, Xocəstə, Şikəsteyi-fars, məqam, lad, melizm, ka­densiya

 

Şərq dünyasının ən qədim musiqi janrlarından biri olan muğam hər za­man böyük musiqişünas alimlərin, professional musiqiçilərin diqqət mər­kə­zində olmuşdur. Bu sahədə çalışan alimlərimizdən bəstəkarlıq mək­tə­bi­­mizin banisi Ü.Hacıbəyli başda olmaqla, Ə.Bədəlbəyli, M.İsmayılov, R.Zöh­rabov, G.Abdullazadə, R.Məmmədova, Z.Səfərova, S.Ağayeva, R.İm­­­rani, R.Musazadə, A.Nəcəfzadə, İ.Köçərli və başqalarının muğam­la­rı­mızla bağlı problemləri araşdıraraq bu mədəniyyət abidələrinin tarixi mənşəyi, strukturu, etimologiyası, məzmun və formaları haqqında elmi-nə­­zəri fikirlər söyləyiblər. Bu məqalədə “Şikəsteyi-fars” şöbəsinin yaran-ması, etimologiyası, in­ki­şaf mərhələlərinin elmi izahını verməyi qarşı­mıza məqsəd qoymuşuq.

“Şikəsteyi-fars” şöbəsi ilə bağlı bütün araşdırmalarda bir obrazın şərhi ilə kifayətlənirlər. La­kin professor İradə Köçərli “Şikəstə milli musiqi təfəkkürünün təzahür modellərindən biri kimi” adlı araşdırmasında bütün şikəstələr haqqında mülahizələr söyləyərək “Şikəsteyi-fars” şöbəsi haq­qın­­da da oriji­nal fikir­lər irəli sürüb: “Əlbəttə, hər bir muğamın özəl xüsusiyyətləri, ka­den­siya-ayaqları, müxtəlif mayə yüksəkliyi bu muğamlara daxil olan “Şi­kəs­teyi-fars” şöbələrinə müəyyən mənada fərdilik gətirmişdir. Bu baxım­dan, mu­ğam ifaçılarının yaradıcı, yenilikçi ruhu danılmazdır və məhz on­lar bu və ya digər muğamla bağlı olan “Şikəsteyi-fars” şöbələrinə özünə­məx­sus ça­lar, ovqat, intonasiya, məzmun, “nəfəs” və “gəzişmələr” daxil et­məyə na­il olmuşlar. Bununla belə, modulyasiya əhəmiyyətli bu şöbə ay­rı-ayrı mu­ğamların tərkib hissəsi olmaqla bərabər, xarakterik melodik, mə­qam-in­tonasiya məzmu­nunu qoruyub saxlayır və eyni özək üzərində in­kişaf edir” (2, s. 198).

Dahi Üzeyir bəyə istinadən deyə bilərik ki, şikəstələrin bir neçə növü var. “Şikəsteyi-fars”, “Qarabağ şikəstəsi”, “Şirvan şikəstəsi”, “Kəsmə-şikəstə” (“Bakı şikəstəsi” – F.Ə.). Ü.Hacıbəyli “Şikəsteyi-fars” haqqında yazır: “Şikəsteyi-fars” şikəstələrin bir növüdür (3). “Şikəsteyi-fars” Üze­yir bəyin nəzəri sistemində özünə yer tapan şöbə kimi bir çox muğam­lar­da var.

Onu da qeyd edək ki, bir çox aşıq havaları məhz “Şikəsteyi-fars”ın mə­­qamı intonasiyasındadır. Hər bir evdən gəlin köçən zaman bəy-gə­lini müşayiət edən məşhur el havası “Vağzalı” da “Şikəsteyi-fars” üs­tün­dədir. “Şikəsteyi-fars” havası el havalarından qaynaqlanıb, intona­si­ya­sı vokal-instrumental melizimlərinə görə milli, əsil Azərbaycan-Türk xa­rak­terli bir muğam şöbəsidir.

Adındakı “fars” kəlməsini çözdükdə bu şöbə “farssayağı şikəstə” anla­mı­nı verir. Əfsuslar olsun ki, tədqiqatçılar bu şöbədə “farssayağı”nın nə­dən burada özünə məskən salmasını aça bilməyib. Burada “fars” etnos bil­dirir. Muğam şöbəsinin adı isə onomastik vahid kimi izafətlə əmələ gəl­miş mürəkkəb söz kimi qəbul edilib. Lakin niyə bu şöbəyə “fars­sa­ya­ğı” şikəstə adı verilib? Bəzi şikəstələr qismən oynaq, ritmik olsa da xa­rak­terində, tempdə həmişə hüzn, kədərin intonasiyası izlənir. Sadəcə bu mu­ğam adı farsmənşəli olsa da, xarakteri, ifası türk xalqlarına, musiqi ilə Azərbaycan türklərinə xas olan “Segah”la səsləşir. Maraqlıdır ki, fars mu­­ğam­larında “Şikəsteyi-fars” adlı şöbə yoxdur və şöbəni isə farslar “Əf­şari” – yəni türkmənşəli adlandırırlar (2, s. 200). Bu şöbədə fars­la­rda “Segah”ı əvəz edən “Tehran-segah” muğamının nəfəs və çalarları var. Türk xarakterli şöbə bu səbəbdən ifa intonasiyasına görə “Şikəsteyi-fars” ad­lanıb.

Professor İ.Köçərli də öz araşdırmasında bizim mülahizələrimizlə səs­lə­şən fikirlər söyləyir: “ Fikrimizcə, “Şikəsteyi-fars” şöbəsi sırf milli səciyyə daşıyır və özündə milli məqam-intonasiya, melodik və intonasiya xüsusiyyətlərini daşıyır. Bütün bun­la­rı nəzərə alaraq söyləmək mümkündür ki, şöbənin adı – “Şikəsteyi-fars” və şö­bənin daxili, musiqi poetik (bayatı) konsepsiyası Azərbaycan Türk – bir-birinə uyğun gəlmir, hətta bir-birinə daxili təzad təşkil edir. Bu isə şöbənin adının dəyişdirilməsi məsələsini ortaya qoyur və şöbənin milli mahiyyətini ifadə edən başqa bir adla əvəz olunmasını tələb edir. Şi­kəstələr sırf Azərbaycan mədəniyyətinə, milli ifaçılıq sənətinə aid mu­si­qi nümunəsidir” (2, s. 11) .

Aşıq sənətinə dair araşdırmalara istinadən deyə bilərik ki, şikəstələr tam əminliklə aşıq musiqisiylə bağlı meydana gəlmişdir. Şikəstələrin for­ma-kompozisiyası, vokal intonasiyası, poetik mətn və ifa xüsusiyyətləri aşıq havası ilə sıx bağlıdır. Ü.Hacıbəyli yazır: “Şikəstə və bayatıya aşıq bəstəsinin dəstgahı demək olar. Çünki bu növ musiqi təğənnisi əsl onların sənətidir” (3, s. 242).

Ü.Hacıbəylinin məşhur “Azərbaycan xalq musiqisinin əsasları” mono­qra­fiyasında segah məqamında bəstələnmiş melodiyada “şikəsteyi-fars” şöbəsi də var. Dahi bəstəkar bu şöbənin istinad pilləsini qeyd edərək həmin şöbə üstündə musiqi nümunələri bəstələyib. Professional musiqi­mi­zin banisi göstərir ki, “Şikəsteyi-fars”ın istinad pilləsi segah məqa-mında əsas tonun kvintasıdır. Əsas tonun kvintası və mayə, əsas tonun kvintası və əsas ton, eləcə də mayə və əsas ton münasibətləri şöbənin melodik özəyinin kökündə dayanır. Yekun olaraq bir nəticə hasil olur ki, bu üç ton segah məqamının dayaq sütunudur.

Azərbaycan muğamşünaslığında “Şikəsteyi-fars” şöbəsi aşağıdakı ki­mi səciyyələnir: “Şikəsteyi-fars” muğam şöbəsidir. “Segah” məqamına əsaslanır. “Rast”, “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Orta – Mahur”, “Şur”, “Segah”, “Mirzə-Hüseyn”, “Zabul-segah”, “Dəşti”, “Bayatı-Şiraz” və s. istifadə olunur.

Göründüyü kimi, “Şikəsteyi-fars” bir çox muğamları əhatə edən aparı­cı leytmotiv şöbədir. Bu şöbə eyni zamanda “Dügah” dəstgahında da ifa olunur. Musiqişünas Rafiq Musazadə “Dügah dəstgahı” tədqiqa­tında bu barədə məlumat verir (1).

“Şikəsteyi-fars” şöbəsinin muğam sinonimi “Xocəstə”dir. Abşeronun muğam bilicilərinin dediyinə görə, “Rast” dəstgahında bu şöbə “Xocəstə” kimi deyilməlidir. Müasir dövrümüzdə “Xocəstə” arxivləşib və nadir hal­lar­da işlənir.

Xocəstə – “bəxtiyar, xoşbəxt, səadət, sevinc bəxş edən qız” anla­mın­da­dır. “Şikəsteyi-fars”ın sinonimi “Xocəstə” haqqında da eyni xarakterli sə­ciyyə verilir. Qeyd olunur ki, “Xocəstə”, “Rast” və “Mahur” dəstgah­la­rın­da “Vilayəti” şöbəsindən sonra gələn, melodik cəhətdən “Şikəsteyi-far­s”ın eyni olan və muğamat kökündə dominanta mövqeyini tutan mühüm bir şöbədir. Əməkdar artist, tarzən Valeh Rəhimov bu şö­bə­ni klassik üslubda ifa edərək tədrisdə istifadə olunmaq üçün lentə yazdı­rıb.

XIX yüzillikdə yaşamış klassik şairimiz Xan qızı Xurşidbanu Natəvan (1832-1897) “Xocəstə” sö­zünü bədii təyin – epitet kimi bülbülə aid edirdi. Yəni xoşbəxt bülbül, səadət gətirən bülbül. Bülbül də nəğmə deyən bir quşdur. Divan ədəbiy­ya­tımızda həmişə bülbül “nəğməzən” kimi poetik təsvirlə verilib.

Xocəstə bülbüli – xoşnitq, xoşzəban, getmə!

Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə! (6, s. 33)

Yenə XIX əsrdə yaşamış daha bir klassik şairimiz Seyid Əzim Şirvani də “Xocəstə” sözünü şeirlərində işlədir:

Bir vəyti – xocəstə, hiyni-xürrəm,

Kim talib idi könül dəmalən

Bir qasidi – xoşxəbər, hünərvər.

Yəni rəvisi kəmali – şəkkər.

İnsanda xoş hisslər oyadan, sonu nikbinlik olan bu şöbəyə boş yerə “Xo­cəstə” adı verilməyib. Melodiyanı dinləyəndə sanki səadət dolu, ümid­li bir gələcək göz önündə canlanır. Əvvəldə qeyd etdiyimiz kimi toy-düyün himnimiz olan “Vağzalı”nı dinləyəndə ayrılığa kədərlənsən də, sonu səadət dolu, körpə qığıltısından xəbər verən bir səadət üçün se­vi­nirsən. Ona görə “Vağzalı” da “Xocəstə” – “Şikəsteyi-fars” üstündə­dir.

Muğamlarla bağlı tədqiqatlara, tarixə nəzər saldıqda görürük ki, şikəstələr mu­ğa­mın inkişaf prosesində yaranır. Məlum olduğu kimi şikəs­tə­lər aşıq musiqisindən gəlib. Muğam bizim klassik musiqimizdir. Klassik musiqimizdən öncə bir də Dədə Qorquddan – 1300 il yol gələn və el sə­nət­karlığının bir qolunu təşkil edən aşıq musiqisi – ozan havaları olub. “Si­kəsteyi-fars” muğam şöbəsi olsa da, burada aşıq nəfəs melizmləri istifadə olunur. Bütün şikəstələrdə olduğu kimi “Sikəsteyi-fars”da da sev­gi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var. Məhz bu xüsusiyyətlərə görə “Şikəsteyi-fars”da bir həzinlik, yanğı da var.

“Şikəsteyi-fars”da klassik şairlərimizin qəzəlləri oxunsa da, eyni za­man­da bu şöbənin ifasında bayatılar da ifa olunur. “Şikəsteyi-fars” şöbə­si­ni xanəndə ifa edərkən intonasiyaca lirik tona xüsusi fikir verməlidir, şö­bəyə uyğun qəzəl seçməlidir. Əruzun ölçü və bölgülərini ustalıqla uy­ğun­laşdırmağı bacarmalıdır. Çox vaxt ustad xanəndələr bu şöbədə S.Ə.Nə­batinin “Yoxdu-yox” qəzəlini oxuyur və hərarətlə qarşılanırlar. Us­tad xanəndə də “Şikəsteyi-fars”ın sonluğunda “Segah” muğamının şi­rin nəfəslərindən məharətlə istifadə edir.

Bu məqamda Hacı Mailin “Nə olar, yar məni bircə dəfə yad eləsin” mət­ləli qəzəli çox yerinə düşür. Xanəndə “Segah” nəfəslərinin melizmləri ilə poetik mətni bədii orfoepik çərçivədə çatdıranda ifa, ahəng, intonasiya tamaşaçıları heyran edir.

Muğamlarımızın adlarında fars və ərəbmənşəli şeirlər kifayət qədər­dir. Bu normal və təbiidir və bütün Şərq mədəniyyəti ilə ortaq bağların ümu­mi köklərin olmasının göstəricisidir. Onu da yada salaq ki, əsrlər bo­yu bir çox xalqların nümayəndələri kimi Azərbaycanın dahi şəx­siy­yət­ləri də zən­gin Şərq mədəniyyətinin yaranması və inkişafında əsaslı rol oy­na­mış­lar. S.Urməvinin, Ə.Marağalının və başqalarının yaradıcılığı, on­la­rın mə­qam nəzəriyyəsi muğam sənətinə gətirdikləri elmi nailiyyətlər, ifa­çılıq sənətinə daxil etdikləri yeniliklər, bir çox muğam əsərlərinin ya­ran­ma­sın­da rolu, bunu bir daha sübüt edir.

Azərbaycanın qədim tarixə malik olan mədəni irsi, muğam ifaçılığı, muğamşünaslığımız daim inkişafdadır. Bu ba­­xımdan ümüd edirik ki, təqdim etdiyimiz araşdırma muğamlarımızın ta­rixi-nəzəri, etimoloji və inkişaf aspektlərinin öyrənilməsində az da olsa rol oynaya bilər.

 

ƏDƏBİYYAT:

  1. Musazadə R. “Dügah” dəstgahı. B.: Adiloğlu, 2009, 240 s.
  2. Köçərli İ. “Şikəstə” – milli musiqi təfəkkürünün ənənəvi təzahür modellərindən biri kimi. URL:http://www.mugam.az/files/pdf/16.pdf
  3. Hacıbəyli Ü.Ə. Əsərləri: II cild. B.: 1965.
  4. Zöhrabov R. Muğam. B.: 1991, Azərnəşr, 219 s.
  5. Səfərova Z. Azərbaycanın musiqi elmi. B.: 1998.
  6. Xurşidbanu Natəvan. 33 qəzəl. B.: Gənclik, 1981, 20 s.

 

Фируз АЛИЕВ

Доцент АНК

ШИКЕСТЕЙИ-ФАРС

Резюме

В исследовании раскрывается раздел «Шикестейи-фарс» с точки зрения истории, научной и этимологической значимости. В статье находят свое отображение некоторые соображения о синониме мугама «Шикестейи—фарс», «Ходжесте», о ладовых возможностях данного раздела мугама.

Ключевые слова: Шикесте, Ходжесте, Шикестейи-фарс, лад, мелизм

 

Firuz ALIYEV

Assistant Professor of ANC

SHIKESTEYI-FARS

Summary

The study talks about the scientific — theoretical, etymological history of “Shikesteyi-fars”. “Shikesteyi-fars” synonymous with the music of “Khojasta” is also reflected in the article. The study also shows the structureand the tune system.

Key words: Khojasta,Shikesteyi-fars, cripple, point fret, melizm

 

Rəyçilər:

professor R.Musazadə;

dosent M.Mansurov.

Mövzuya uyğun