Muğam dəstgahlarında “Şikəsteyi-fars” şöbəsinin funksional əhəmiyyəti
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
AMK-nın magistrantı
Muğam dəstgahlarında “Şikəsteyi-fars” şöbəsinin funksional əhəmiyyəti
Açar sözlər: “Şikəsteyi-fars”, “Xocəstə”, “Mübərriqə”, şöbə, dəstgah, aşıq
Dəstgahların daxilində digər muğamlara aid şöbələrin ifa olunması və ya müəyyən dəstgahın ifası zamanı müvəqqəti olaraq digər muğamlara keçilməsi qanunauyğun bir hal olub, dəstgahların quruluş xüsusiyyətlərindən irəli gəlir. Muğam ifaçılığı təcrübəsində elə şöbələr var ki, bir neçə muğamın tərkibinə daxil olaraq dəstgahda müxtəlif funksiya daşıyır, melodik inkişafın mərhələlərini və məqam dəyişkənliyini göstərir. Məsələn, “Əraq”, “Üşşaq”, “Nişibü-fəraz”, “Şikəsteyi-fars” və s. şöbələr əsas ifa olunduğu, aid edildiyi dəstgahdan başqa bir neçə digər muğam dəstgahlarında da ifa olunur. Bu baxımdan “Şikəsteyi-fars” şöbəsinin əhəmiyyəti daha qabarıqdır və bir sıra muğamların quruluşunda mühüm rol oynayır.
Məlumdur ki, muğamlarımız haqqında artıq Orta əsr risalələrində geniş bilgilər verilmişdir. Lakin S.Urməvi və Ə.Marağayinin əsərlərində “Şikəsteyi-fars” şöbəsinin adına rast gəlinmir və ümumiyyətlə, “Şikəstə” adı ilə yalnız XIX əsrdə, musiqişünas alim M.M.Nəvvabın “Vüzuhül-Ərqam” risaləsində “Şikəsteyi-Şirvan” adı ilə qarşılaşırıq. Deməli, Azərbaycanda “Şikəstə” növlərinin XIX əsrdə muğam sənətinə daxil olmasında heç bir şübhə yeri yoxdur.
Xalq musiqi yaradıcılığına diqqət yetirdikdə 3 istiqaməti izləyə bilirik. Birincisinə xalq mahnı və rəqsləri aid edilirsə, ikincisi xalq professional, üçüncüsü isə şifahi ənənəli professional musiqi janrlarını nəzərdə tutur. Heç şübhəsiz ki, bu janrların yaşaması, onların daha da inkişaf etməsinin ən vacib səbəblərindən biri də janrların bir-biri ilə “canlı ünsiyyəti”dir. Belə ki, “…Xalq musiqisi növləri və şifahi ənənəyə əsaslanan professional musiqi janrları bütün dövrlərdə bir-biri ilə çox sıx əlaqədədir. …Xalq musiqisi və şifahi ənənəyə əsaslanan professional musiqi janrları qarşılıqlı zənginləşmə, qarşılıqlı təsir prosesində inkişaf etmişdir. Məhz indinin özündə də bu cür inkişaf yolu davam olunur” (6, s. 40).
Onu da qeyd edək ki, bu proses yalnız folklor musiqisi ilə professional musiqi janrları arasında deyil, eyni zamanda professiional musiqi janrlarının öz aralarında da – aşıq sənəti ilə muğam sənətinin arasında özünə göstərir. Yəni, öz növbəsində aşıq sənəti muğama, muğam da aşıq sənətinə təsirsiz ötüşmür. Bu təsirin nəticəsi olaraq sözügedən janrlar “ünsiyyətdə” olduğu janrların müəyyən xüsusiyyətlərini əxz etmiş olur.
Üzeyir Hacıbəyli yazır: “Zaman dolandıqca bu muğam və avazlar get-gedə bir çox dəyişikliklərə uğrayıb, bir para muğamlar avaza, avazlar dəxi muğamlara keçməklə bir xeyli təbəddülat hasil olmuşdur” (4, s. 392). Bundan əlavə, hansısa muğama aid edilən şöbələr digər muğam dəstgahlarına keçərək ifa olunmağa, eyni zamanda müəyyən aşıq havaları muğam dəstgahlarına daxil olub müəyyən şöbə kimi oxunmağa başlayıb.
Qeyd edək ki, bir şöbənin müxtəlif muğamların daxilində ifa olunmasında iki məqam xüsusi diqqət cəlb edir. Bu şöbələri şərti olaraq iki yerə bölmək olar. Birincisi, şöbənin aid olduğu dəstgahın xarakter və ən əsası da məqamına uyğunlaşdırılmasıdır. İkinci cəhət isə şöbənin hansı muğamda ifa olunmasından asılı olmayaraq eyni funksiyaya malik olması və eyni məqama istinad etməsidir. “Şikəsteyi-fars” şöbəsi də eyni adı daşıyıb, müxtəlif muğamların daxilində ifa edilməklə şərti olaraq böldüyümüz kateqoriyanın ikincisinə aid edilə bilər. Çünki, bu şöbə ifa olunduğu dəstgahların hər birində eyni məqama, segaha istinad edir. Burada diqqət çəkən əsas məqam bu şöbənin eyni adı daşıyıb başqa dəstgahlarda ifa olunan şöbələrdən (“Nişibü-fəraz”, “Əraq” və s.) fərqli olaraq, 2-3 dəstgahın deyil, demək olar ki, bir çox dəstgahların daxilində ifa olunmasıdır.
Göründüyü kimi, “Şikəsteyi-fars” iki müstəqil – “şikəstə” və “fars” sözlərinin birləşməsindən ibarətdir. Burada “Şikəstə” – sınıq, qırıq, qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış mənasını ifadə edir. “Fars” sözünə diqqət yetirsək, bəllidir ki, bütün “Şikəstə” və onun növləri segah məqamına istinad etdiyi kimi bilavasitə “Şikəsteyi-fars” da məhz həmin məqamdadır. “Şikəsteyi-fars” şöbəsi bir sıra dəstgahlarda ifa olunsa da, onun əsas yeri də məhz “Segah” dəstgahıdır.
“Şikəstə” və “Şikəsteyi-fars” haqqında digər bir yazı maraq doğurur. Əjdər Fərzəli (1937-2011) “Dədə Qorqud yurdu” kitabında qeyd edir: “Şikəstə: şik-işıq çaxması – şimşək, “şik” — əst — əstə — istə — isti — iştar. İştarın şimşək tək çaxmasını (görünməsini) andıran odlu haraydır”. O, fikirlərini davam etdirərək yazır ki, burada fars adlı xalqdan söhbət getmir, “Şikəsteyi-fars” – odlu, yanğılı şikəstədir. Müəllif, şikəst – şikəstə sözlərinin bütün komponentləri ilə Azərbaycan dilinə aid olduğunu göstərir (3, s. 162). Bu mənada “Şikəstə”nin “fars” ifadəsi ilə yanaşı, bir şöbə adı əmələ gətirməsi onun Azərbaycan aşıq-muğam sənət ənənələrinin hüdudlarından kənarda formalaşması anlamına gəlmir.
XX əsrin tanınmış ictimai-siyasi və dövlət xadimi, folklor tədqiqatçısı, Azərbaycanın həmişəcavan şairi Mikayıl Müşfiqin yaxın qohumu olmuş Əlihüseyn Dağlının (1898-1981) da “şikəstə” sözü ilə bağlı fərqli fikirləri maraq doğurur(7, s. 162-163). Onun fikrincə, qədimdə döyüşlərdə yaralanana “sığışda” deyilib. Türklər yaralı düşmənə hörmətlə yanaşmış, onları müalicə etdirmiş, sağaldıqdan sonra “sığışda”ları vətənlərinə yola salmışlar. Sonralar farsların dilində “sığışda” fonetik dəyişikliyə uğrayaraq “şikəstə”yə çevrilib.
Bundan əlavə yuxarıda qeyd etdiyimiz kimi, nə S.Urməvi, nə də Ə.Marağayi risalələrində bu adlarla, yaxud da bu adı daşıyan şöbə və ya guşə adı ilə qarşılaşmadığımız halda yalnız ilk dəfə M.M.Nəvvabın təqdim etdiyi muğam dəstgahlarında – “Nəva dəstgahı”nın şöbəsi kimi “Şikəsteyi-Şirvan”ın adına rast gəlirik. Bu da Orta əsr alimlərinin yaşadığı mərhələdən 4-5 əsr sonrakı dövrə – XIX əsrə təsadüf edir. XIX əsr isə Azərbaycan mədəniyyətində olduqca mühüm və xüsusi bir mərhələdir.
“Şikəsteyi-fars”ın XIX əsrə qədər heç bir ədəbi mənbədə rast gəlinməyib, yalnız bu əsrdə özünü göstərməsini də bu dövrdə muğamın yeni mərhələ yaşaması ilə əlaqələndirmək olar. Yəni XIX əsrdə çoxsaylı xalq şənlikləri, musiqi gecələrinin keçirilməsi ilə aşıq ifaçılarının, eləcə də muğam ifaçılarının yaradıcılıq ünsiyyəti sözsüz ki, bir-birinə qarşılıqı təsir göstərib. Musiqişünas İradə Köçərli yazır ki, “Çox vaxt “toxunulmaz” mənbə olaraq qəbul edilmiş muğam, milli təfəkkür tərzi kimi Azərbaycan xalq yaradıcılığının bütün başqa sahələrində özünü büruzə verdiyi kimi, mahnı və rəqs yaradıcılığı, aşıq sənəti də öz növbəsində, eyni dərəcədə, muğam sənətinə təsir göstərmişdir” (5, s. 11).
Onu da qeyd etmək lazımdır ki, “Tarixi, sosial, mədəni amillərin nəticəsi kimi aşıq sənətində özlərinin repertuarı, ifaçılıq özəllikləri, məclis keçirmə qaydalarına görə bir-birindən fərqlənən aşıq mühitləri meydana gəlmişdir: Göyçə, Borçalı, Gəncəbasar, Ağbaba-Çıldır, Dərələyəz, Təbriz, Urmiya, Şirvan və s.” (2, s. 81). Aşıq məktəblərinin muğam sənəti ilə qarşılıqlı əlaqəsi baxımından həmin məktəblər arasında Şirvan aşıq məktəbini xüsusilə qeyd etmək lazımdır. Çünki, aşıq musiqisi, məktəbləri ilə bağlı tədqiqatları izlədiyimiz zaman muğamla, muğam ifaçıları ilə təmasın Şirvan musiqi mühiti ilə daha sıx bağlı olduğunu görürük. Onu da vurğulayaq ki, xalq musiqi yaradıcılığında geniş intişar tapan “Şikəstə” janrı həm aşıq, həm də muğam sənətində xüsusi yer tutur. Bundan əlavə, “Şikəstə”nin məhz aşıq musiqi yaradıcılığına aid olması haqqında dahi bəstəkarımız Ü.Hacıbəyli də yazır ki, “Şikəstə və bayatıya aşıq dəstəsinin dəstgahı demək olar, çünki bu növ musiqi təğənnisi əsl onların sənətidir” (4, s. 379).
Belə qənaətə gəlirik ki, “Şikəstə”lər məhz inteqrasiyanın təsiri ilə Şirvan aşıq mühitindən muğam sənətinə daxil olub. Bu baxımdan “Şikəstə”lərin bir növü olan “Şikəsteyi-fars”ın da muğam dəstgahlarına aşıq sənətindən həmin qarşılıqlı təsirin nəticəsində şöbə kimi daxil olması XIX əsrə aid edilə bilər.
Ümumiyyətlə, “Şikəsteyi-fars” muğam sənətinə daxil olan başqa “Şikəstə”lərdən bəzi cəhətlərinə görə fərqlənir. Digər “Şikəstə” növləri – “Qarabağ şikəstəsi”, “Bakı şikəstəsi” (“Kəsmə şikəstə”), “Şirvan şikəstəsi” və s. hər biri zərbi muğam ailəsinə daxildir. Lakin müasir muğam ifaçılığında bu və başqa “Şikəstə”lərdən fərqli olaraq “Şikəsteyi-fars” zərbi muğam deyil, ifası zamanı zərb alətləri ilə müşayiət edilmir, dəstgahlarda şöbələr ifa olunduğu kimi – müstəqil şəkildə səsləndirilir.
“Şikəsteyi-fars” şöbəsi bir sıra dəstgahlarda əsas şöbələrdən biri kimi ifa olunur. Həmin dəstgahlar aşağıdakılardır: 1. “Rast” 2. “Mahur-hindi” 3. “Orta Mahur” 4. “Bayatı-Qacar” 5. “Dügah” 6. “Şur” 7. “Zabul-segah”, 8. “Rəhab” 9.“Segah”.
Muğam tədrisi proqramlarında bütün muğamların tərkibinin izlənilməsi “Şikəsteyi-fars” şöbəsinin muğamın kompozisiyasındakı rolunu üzə çıxarır. Bu baxımdan “Şikəsteyi-fars” şöbəsinə intonasiya baxımından yaxın və onunla əlaqədar şöbələr də mühüm əhəmiyyətə malikdir.
Onu da deyək ki, “Rast” dəstgahında bəzən “Şikəsteyi-fars” şöbəsinin yerinə “Xocəstə” oxunur. Ə.Bədəlbəyli “Xocəstə”ni “Rast” və “Mahur” dəstgahlarında “Vilayəti” şöbəsindən sonra gələn, melodik cəhətdən muğamlardakı “Şikəsteyi-fars” mərkəz şöbənin eyni olan və muğamat kökündə dominanta (5-ci pillə) mövqeyini tutan mühüm bir şöbə” kimi göstərmişdir (1, s. 75).
Ümumiyyətlə, “Şikəsteyi-fars” iri həcmli şöbədir. Sanki ifa olunduğu dəstgahda bir mərhələ-keçid səciyyəsi təşkil edərək, dinləyicini özünəməxsus bədii-emosional təsirə kökləyir. Lakin, çox vaxt sonra “Mübərriqə” guşəsi səsləndirilir. Bu guşə də “Şikəsteyi-fars”ın istinad etdiyi pilləyə əsaslanır.
R.Zöhrabov yazır ki, “Şikəsteyi-fars” şöbəsindən sonra “Mübərriqə” guşəsi çalıb-oxunmalıdır. Çünki, “Mübərriqə” bir növ “Şikəsteyi-fars”ın yekunu sayılır. Melodiya baxımında isə o, hər bir dəstgahda əsas etibarilə eyni melodiyaya malikdir. Lakin onun istinad pərdələri muğam dəstgahlarının kökünə uyğun olaraq dəyişilir” (6, s. 206). Hətta bu şöbənin tamamlanması “Şikəsteyi-fars”ın kadensiyası ilə baş verir. Bu şöbənin “Şikəsteyi-fars”ın istinad etdiyi pilləyə əsaslanması və onun kadensiyası ilə tamamlanması bu şöbənin “Şikəsteyi-fars”ı yeni ad altında və bir qədər də inkişaf etmiş şəkildə davamı olmasını göstərir. Bütün dəstgahlarda “Şikəsteyi-fars” üçün səciyyəvi olan xüsusiyyətlər – quruluş, başlangıc intonasiya, istər həcm, cümlə ardıcıllığı, istərsə də ifa olunduğu yer-pərdə, məqam nöqteyi nəzərindən eynilik təşkil edir.
“Şikəsteyi-fars” aid edildiyi dəstgahlarda səssırasının eyni tonuna istinad edir. Yəni “Şikəsteyi-fars” segah məqamının VI pilləsinə əsaslanır. Hər bir dəstgahda “Şikəsteyi-fars” öz səslənmə ucalığına malik olub, aid edildiyi dəstgahlarda öz istinad pərdəsini saxlayır. R.Zöhrabov yazır ki, “Şikəsteyi-fars” şöbəsinin “istinad pərdələri hər bir dəstgahın kökünə, məqam xüsusiyyətinə uyğun olaraq dəyişilir. Belə ki, “Rast” dəstgahında o, “re” pərdəsinə, “Mahur-hindi” dəstgahında “sol” pərdəsinə, “Orta Mahur”da “do” pərdəsinə, “Zabul-segah”da (“Orta segah”) və “Rəhab”da “sol” pərdəsinə, “Bayatı-Qacar”da və “Şur” da “fa” pərdəsinə istinadən çalınıb-oxunur” (6, s. 193).
Diqqət yetirsək görərik ki, “Şikəsteyi-fars” şöbəsi hər bir dəstgahın orta bölməsində səslənir və dəstgahın kulminasiyasını hazırlayan şöbə kimi çıxış edir. Bununla da aid edildiyi dəstgahın həm məqamını, həm də daşıdığı emosional təsirini dəyişmiş olur. “Şikəsteyi-fars” muğam şöbəsi “Rast”, “Mahur-hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Şur”, “Rəhab”, “Xaric segah” muğamlarının tərkibində mütləq ifa olunan şöbələrdən biridir. Bu şöbə ifa olunduğu muğamların mərkəzi şöbəsi kimi yer alır. Həmçinin, bəzi ifaçılıq təfsirlərində “Dügah”, “Bayatı-Şiraz”, “Zabul-segah” muğamlarında da rast gəlirik. Segah məqamına əsaslanan bu şöbə xüsusilə rast və şur məqamlarında qurulan dəstgahların kompozisiyası daxilində modulyasiya əmələ gəlməsinə xidmət edir və dəstgahın dramaturji inkişaf xəttində mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, məqam dəyişikliyinə yol açan bu şöbə dəstgahın səslənməsinə və xarakterinə rəngarənglik qatır.
“Şikəsteyi-fars” aid edildiyi dəstgah kompozisiyasının daxilində modulyasiya əmələ gətirən bir şöbədir. Dəstgahın əsaslandığı əsas məqamdan segah məqamına keçid və yenidən əsas məqama qayıdışı üçün əlverişli pərdəyə istinad etdiyindən bir çox dəstgahlarda ifa oluna bilir. Dəstgah kompozisiyasının dramaturji inkişaf xəttində muğam şöbələrinin məntiqi ardıcıllaşması prosesində “Şikəsteyi-fars” əlverişli şərait yaratmış olur. “Şikəsteyi-fars”ın bir sıra dəstgahda ifası da məhz bundan irəli gəlir. Belə ki, “Şikəsteyi-fars” şöbəsi ümümiyyətlə bütün dəstgahların musiqi obrazlarının ana xəttinin həm daşıyıcısı, həm də ötürücüsü kimi funksional əhəmiyyətli bir şöbədir”(8, s.149).
“Şikəsteyi-fars” şöbəsinin dəstgahlardakı yerini araşdıraraq, onun muğamın quruluşunda funksional əhəmiyyətə malik bir şöbə kimi xarakterizə etmək olar. Beləliklə, bütün bu deyilənlər “Şikəsteyi-fars”ın dəstgahlarda tutduğu mövqenin əhəmiyyətini təsdiq etmiş olur.
ƏDƏBİYYAT:
- Bədəlbəyli Ə. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 246 s.
- Dadaşzadə K. Azərbaycan aşıq sənəti. //Azərbaycan musiqi tarixi. B.: Şərq-Qərb, 2012. s. 60-87.
- Fərzəli Ə.Ə. Dədə Qorqud yurdu. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1989, 181 s.
- Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. Dörd cilddə, II cild, B.: Şərq-Qərb, 2005, 256 s.
- Köçərli İ. Azərbaycan xalq musiqi yaradıcılığında “Şikəstə”. B.: Tural NPM, 2003, 124 s.
- Zöhrabov R. Azərbaycan muğamları. B.: Təhsil, 2013, 336 s.
- Dağlı Ə (Həmidov Ə.H.). Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, 192 s. (tərtibçi-redaktor A.Nəcəfzadə).
- Musazadə R. “Dügah” dəstgahı. B.: Adiloğlu, 2009, 240 s.
Магистрант АНК
ФУНКЦИОНАЛЬНОЕ ЗНАЧЕНИЕ РАЗДЕЛА
“ШИКЕСТЕИ-ФАРС” В МУГАМАХ-ДАСТГЯХАХ
Резюме
В статье отмечается роль и значение раздела “Шикестеи-фарс” в мугамах-дастгяхах. “Шикестеи-фарс” вошел в искусство мугама из Ширванской ашугской среды. Он является одним из основных разделов в мугаме “Раст”, “Махур-хинди”, “Орта Махур”, “Баяты-Гаджар”, “Дюгах”, “Шур”, “Рахаб” и др., где после его исполнения обычно следует раздел – гюше “Мюбарриге”.
Ключевые слова: «Шикестеи-фарс», «Ходжесте», «Мюбарриге», раздел, дастгях, ашыг
AMC’s master
THE FUNCTIONAL IMPORTANCE OF “SHIKESTEYI-FARS” SECTION IN MUGAM DESTGAHS
Summary
The article talks about importance and role of “Shikesteyi-fars” section in Mugam destgahs. The “Shikesteyi-fars” takes origin from Shirvan Ashug atmosphere and performance of several destgahs such as “Rast”, “Mahur hindi”, “Orta Mahur”, “Bayati-Qacar”, “Dugah”, “Shur” and “Rahab” and after performance “Shikesteyi-fars” “Muberrige” sections are come.
Key words: “Shikesteyi-fars”, “Xoceste”, “Muberrige”, section, “Destgahs”, ashug.
Rəyçilər:
professor Cəmilə Həsənova;
dosent Lalə Hüseynova.