XX əsrin əvvəllərində “Rast” muğamının səs və not yazılarında “Bərdaşt” şöbəsi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2 (36), 2017
AMK-nın magistrantı
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: fardin.mammadli@gmail.com
UOT 781.7
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ RAST MUĞAMININ SƏS VƏ NOT YAZILARINDA “BƏRDAŞT” ŞÖBƏSİ
Xülasə: Məqalədə “Rast” muğam ailəsində dəstgahların giriş hissəsi olan “Bərdaşt” bölmələrinə diqqət yetirilir. “Bərdaşt” şöbəsinin XX əsrin ilk yarısında tədris proqramlarında, səs və not yazılarında necə yer alması məsələsi aydınlaşdırılır.
Açar sözlər: “Bərdaşt”, şöbə, not yazıları, tədris proqramları, səs yazıları
Azərbaycan şifahi ənənəli professional musiqi sənəti olan muğam əsrlərdir bir janr kimi öz spesifikasını qoruyub saxlamaqdadır. Bu günədək şifahilik prinsipinə sadiq qalması muğamın əsas önəmli meyarıdır. Muğam Şərq təfəkküründə formalaşan, tətbiqi də, tədrisi də şifahi ənənəyə əsaslanaraq icra edilən janrdır. Digər tərəfdən şifahilik ənənəsi muğamda gedən prosesləri dərindən izləmək, araşdırmaq imkanlarını xeyli azaldır. Bu barədə Üzeyir bəy yazırdı ki, “O zamanlarda not və başqa bir musiqi yazmaq üsulu olmadığından dəstgahlardan bir çoxunun adı qalıbdırsa da, ağızdan-ağıza gələn və gəldiyi əsnada bir çox səbəblərdən dolayı müxtəlif təğəyyürat və təbəddülata yarayan havaları, bu gün bambaşqa olmaqla, əvvəlki əsasında dəxi dönüb başqa bir əsasa giribdir” [1, s. 37-38].
Lakin bütün bunlara baxmayaraq, özündə şöbə və guşələrlə bağlı müxtəlif və çoxsaylı termin, eləcə də ifadələr ehtiva edən muğam anlayışı daim ifaçılıq, nəzəri- morfoloji, etimoloji və digər aspektlərdən araşdırılaraq tədqiq edilmişdir. Bir çox görkəmli mütəxəssislərin araşdırmaları mühüm əhəmiyyətli olub, yeni fikirlərin üzə çıxarılmasında əsaslı mənbə kimi özünü göstərir.
Məlumdur ki, muğam sənəti XIX əsrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dönəmədək janrın inkişafında əsaslı dəyişikliklərin özünü göstərməsi şübhəsizdir. M.İsmayılov da yazır ki, əsrlərdən bəri davam edib gələn böyük musiqi irsimiz XIX əsrin ikinci yarısından başlayaraq daha da zənginləşməyə başlamışdır. Bu dövrdə Azərbaycanda bir sıra yeni muğamlar, müxtəlif muğam variantları, saysız-hesabsız orijinal musiqi nümunələri yaranmışdır [2, s. 25].
XX əsrdə muğama olan münasibət bir qədər də dəyişir. Bu da bəstəkar yaradıcılığının təsiri ilə istiqamətlənir. XX əsrdə bəstəkar yaradıcılığının formalaşması ilə müəyyən məqamlarla – xüsusilə muğamın sistemli tədris planına daxil edilməsi ilə bu janrın klassik modelinə yeni rakursdan yanaşılır. Yəni dəstgahın ümumi quruluşu daha konkret, yığcam şəkil alır. Bunu da yuxarıda qeyd etdiyimiz alimlərin tədqiqatları, habelə XX əsrin ilk yarısından başlayaraq Üzeyir Hacıbəyli (1885-1948), Mirzə Fərəc (1847-1927), Əhməd Bakıxanov (1892-1973), Kamil Əhmədov (1920-1996) və başqalarının tərtib etdiyi muğam proqramlarında, eyni zamanda not yazıları ilə müqayisədə görürük. Biz də sadaladığımız bu və digər tədqiqatlara, muğam ifaçılarının həyat və yaradıcılığından bəhs edən ədəbiyyata, arxiv materiallarına, habelə not və lent yazılarına istinad etməklə “Rast” muğam ailəsindən olan dəstgahlarda “Bərdaşt” hissəsi ilə bağlı bəzi mülahizələri əks etdirməyə çalışmışıq.
Qeyd edək ki, S.Urməvi və Ə.Marağayi risalələrini izlədiyimiz zaman “Bərdaşt” adlı terminlə qarşılaşmadıq. Bundan əlavə bu termin nəinki orta əsrlər, hətta XX əsrə qədər olan digər mənbələrdə də özünü göstərmir.
Ötən əsrin əvvəllərində sənət nümayəndələrinin, muğam ifaçılarının xatirələri, habelə onlar haqqında yazılan bir sıra kitablar həmin dönəmin ifaçılığı haqqında müəyyən təsəvvür formalaşdırır. Bu sırada “Bərdaşt”ın ifası ilə bağlı bir sıra xatirə xarakterli mənbələr də maraq doğurur. Belə ki, Xan Şuşinski haqqında yazılan kitabda [3] sənətçinin gənclik illərində iştirak etdiyi el şənlikləri ilə bağlı fikirləri diqqətimizi cəlb etdi. O, 1919-cu ildə dəvət aldığı toy məclisində Seyid Şuşinskinin də iştirak etdiyini xatırlayır: “Şuşada, bir toyda Seyiddən (Seyid Şuşinski – F.M.) “Çahargah” oxumağı xahiş etdilər. O, muğamı zildən başlayıb “Mayə”yə endi, şöbə-şöbə gəzib “Mənsuriyyə”yə keçdi” [3, s. 21].
Bundan əlavə 1929-cu ildə Bakıda keçiriləcək konsertdə iştirak etmək üçün dəvət olunan Xan Şuşinski haqqında oxuyuruq: “Gecəni müğənni (Xan Şuşinski – F.M.) “Bayatı-Şiraz” ilə açdı. O, muğamı zildən – “Üzzal” şöbəsindən başlayıb “Mayə”yə endi, sonra muğamı şöbə-şöbə ustalıqla axıra çatdırdı” [3, s. 36].
Başqa mənbədə qeyd olunub: “Müğənni (Seyid Şuşinski – F.M.) hər hansı bir muğamı təsniflə, ya “Bərdaşt”dan, ya da “Mayə”dən başlayıb ifa edirdi. […] Onun “Çahargah”ı “Mənsuriyyə”dən başlayıb bütün pərdələri ustalıqla gəzə-gəzə “Mayə”yə enməsi adamı heyrətdə qoyurdu” [4, s. 73].
Bu fikirlərdə “Rast” muğamı və ya ailəsindən söhbət getməsə də, mövzuya geniş mənada yanaşsaq, hələ ötən əsrin əvvəllərində Seyid Şuşinskinin də “Mayə”dən öncə “Bərdaşt” funksiyalı hissəni oxumasını görürük.
“Bərdaşt”la qarşılaşmaq məqsədi ilə muğam proqramlarına da üz tutduq. Öncəliklə XX əsrin ilk yarısında yazılan muğam proqramlarına nəzər yetirək. Üzeyir bəyin muğamın tədrisi üçün proqram yazmaq üçün yaratdığı şuranın (buraya Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Şirin Axundov, Mirzə Fərəc Rzayev, Mansur Mansurov daxil idi) 1925-ci ildə müəyyənləşdirdiyi ilk muğam proqramına baxsaq, buradakı “Rast” və “Rast” ailəsinə aid edilən dəstgahların heç birində “Bərdaşt” və ya “Novruzi-rəvəndə” ifadəsi ilə qarşılaşmırıq*.
Tarzən Mirzə Fərəcin nəvəsi Ruqiyyə Rzayeva da “Tarzən Mirzə Fərəc haqqında xatirələrim” kitabında [5] sənətçinin ifa etdiyi muğamların tərkibini qeyd etmişdir. Kitabda təqdim edilən dəstgahların şöbə və guşə ardıcıllığını izlədiyimiz zaman bir sıra maraqlı məqamlarla qarşılaşdıq. Belə ki, “Rast”, “Orta Mahur”, “Bayatı-Qacar” və “Dügah” dəstgahlarında “Bərdaşt”, “Novruzi-rəvəndə”, yaxud “Novruzi-əcəm” adlı şöbə və ya guşə adına təsadüf etmədik. Yalnız “Mahur-Hindi” dəstgahında “Bərdaşt” termini qeyd olunmuşdur: “Bərdaşt”, “Mahur”, “Üşşaq”, “Hicri”, “İqbal”, “Vilayəti”, “Mübərriqə”, “Əşiran”, “Rak-hindi”, “Şikəsteyi-fars”, “Əraq”, “Heratı-Kabili”, “Mahur-hindi” [5, s. 50]. Burada diqqətimizi çəkən əsas məqam isə “Hümayun” dəstgahında ayrılıqda “Novruzi” və “Ravəndi” adları ilə qarşılaşmağımız oldu. Belə ki, “Hümayun” dəstgahı Mirzə Fərəcin cədvəlində aşağıdakı tərkiblə verilmişdir: “Nəva-Nişapur”, “Hümayun”, “Bayatı-feli”, “Suzi-Güdaz”, “Tərkib”, “Bidad”, “Bəxtiyari”, “Üzzal”, “Novruzi”, “Günəş”, “Ravəndi”, “Məsnəvi”, “Pəhləvi”, “Mənəvi”, “Moalifi”, “Üzzal”, “Hümayun” (5, s. 49). Qeyd edək ki, 1925-ci ildə qəbul edilən tədris proqramında da “Hümayun”un tərkibində bu terminlə qarşılaşırıq: “Hümayun”, “Feili”, “Tərkib”, “Novruzi-Rəvəndə”, “Məsnəvi”, “Üzzal”, “Hümayun” [6, s. 231].
“Bərdaşt” anlayışının bugünkü ifaçılıqla əski çağlardakı ifaçılığın oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün yuxarıda nəzərdən keçirdiyimiz mənbələrin sırasına səs və not yazılarını da əlavə etmək zəruridir.
Məlumdur ki, ötən əsrin əvvəllərində bir sıra ustad xanəndələrin ifası qrammofon vallarına yazılmışdı. Bu sırada “Sport-Record”, “Qrammofon”, “Pate” və başqa şirkətlər tərəfindən Cabbar Qaryağdıoğlu (1861-1944), Şəkili Ələsgər Abdullayev (1866-1929), Seyid Mirbabayev (1867-1953), İslam Abdullayev (1876-1964), Məcid Behbudov (1873-1945), Məşədi Məhəmməd Fərzəliyev (1872-1962), Keçəçioğlu Məhəmməd (1868-1940), Seyid Şuşinski (1889-1965) və başqalarının valları buraxılmışdır. Adlarını sadaladığımız xanəndələrin lent yazılarında “Çahargah”, “Rast”, “Mahur-hindi”, “Zabul-Segah”, “Rəhab”, “Şüştər”, “Hasar” və başqa muğamlar yer alır. Lakin “Rast” muğamı ilə bağlı mövcud yazılar azlıq təşkil edir. Əsrin əvvəllərində, yəni 1903-1912-ci illər arası yazılan vallarda “Rast” və ya “Rast” ailəsinə aid muğamlara yalnız Cabbar Qaryağdıoğlunun (“Orta Mahur”, “Bayatı-Qacar”), Məcid Behbudovun (“Mahur”) və Seyid Mirbabayevin (“Mahur”, “Dügah”) ifasında qarşılaşdıq [7]. Qeyd edək ki, əsrin ikinci yarısında “Rast” və “Rast” ailəsinə aid muğamların yazıları şübhəsiz ki, say etibarilə çox olub, həm də daha böyük zaman çərçivəsində ifa edilib (30 və daha artıq dəqiqə). Lakin nəzər yetirdiyimiz əsrin ilk yarısının ifalarında bütün muğamlar bir neçə dəqiqədə tamamlanır.
C.Qaryağdıoğlunun ifa etdiyi “Orta Mahur”a nəzər yetirsək görürük ki, lent yazısında bu muğam kiçik zaman ərzində ifa olunmaqla (3:10) yalnız “Mahur” və “Vilayəti” şöbələrini əhatə edir. İki şöbə arasında da rəng çalınır. Burada “Bərdaşt” funksiyalı hissəyə təsadüf olunmur. Yaxud xanəndənin ifasında “Bayatı-Qacar” bütövlükdə 3:24 saniyəni əhatə edir. M.Behbudovun ifa etdiyi “Mahur” (3:14) isə “Mayə” ətrafında gəzişən improvizasiya və təsnifdən ibarətdir. Eyni zamanda S.Mirbabayevin ifasından vala yazılan “Mahur” (3:09) və “Dügah” da (2:41) digər qeyd olunan ifalar kimi kiçik çərçivədə, yalnız bir şöbə, ardınca təsnif və ya rəngin ifasından ibarətdir [7].
Lent yazılarından savayı “Bərdaşt”la bağlı daha çox məlumatı ötən əsrin ilk yarısında ərsəyə gələn not yazıları əks etdirir. Not yazılarının azsaylı olmasına baxmayaraq onların elmi əhəmiyyəti böyükdür. Məlumdur ki, muğamın ilk not yazısı kimi Müslüm Maqomayevin (1885-1937) 25 mart 1928-ci ildə Qurban Pirimovun (1880-1965) ifasından yazdığı Rast muğamı (nəşr olunmayıb) hesab olunur [8]. Aida Hüseynovanın təbirincə desək “…”Rast” muğamının Qurban Pirimovun çalğısından edilmiş nadir not yazısı var ki, onu Azәrbaycan musiqisindә muğam tematizmini notlamağın ilk tәcrübәsi hesab etmәk olar. Bununla da Maqomayev etnomusiqişünaslıqda әn mürәkkәb problemlәrdәn birini qaldırmış vә hәmin sahәdә bir sıra Azәrbaycan bәstәkarları – Niyazi, T.Quliyev, Z.Bağırov, N.Mәmmәdovun axtarışlarının sәlәfi olmuşdur” [14]. Bu not yazısında bir sıra maraqlı məqamlar özünü göstərir. Not yazısı mi mayəlidir. Bəstəkar həmin not yazısında muğamın şöbə və guşə ardıcıllığını müvafiq hissənin üstündə qeyd etmişdir. Həmin ardıcıllıq aşağıdakı kimi göstərilib: “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərayi” [9]. “Bərdaşt” və “Mayə”nin adı göstərilməsə də not yazısında sözügedən hissələr öz əksini tapıb. Bu da M.Maqomayevin yazısında “Bərdaşt”ın termin olaraq istifadə olunmadığına baxmayaraq, onun ötən əsrin 20-ci illərində mövcud olduğunu təsdiq edir.
Müslüm Maqomayev “Rast” əlyazma (1928-ci il)
Not yazıları sırasında Niyazinin (1912-1984) Cabbar Qaryağdıoğlunun ifasından 1935-ci idə yazıya köçürdüyü “Rast”ı da qeyd etmək lazımdır [10]. Bu not yazılarının əhəmiyyəti mühüm olub dörd böyük musiqiçinin (M.Maqomayev, Q.Pirimov, Niyazi, C.Qaryağdıoğlu) musiqi mədəniyyətimizə bəxş etdiyi töhfədir. Belə ki, Niyazinin əlyazmalarını izlədiyimiz zaman “Rast”ın bizə məlum olan tam şəkildə şöbə və guşə ardıcıllığı deyil, dəstgahın müxtəlif hissələrindən müəyyən cümlələri, qeydləri verilib [10]. Buradan belə anlaşılır ki, həmin not yazıları “Rast” simfonik muğamı üçün “qeyd vərəqləri” kimi olub və zənnimizcə, bu yazını bəstəkarın simfonik muğamı üçün hazırlıq və axtarışlarının qeydi kimi qəbul etmək olar.
Not yazıları sırasında bəstəkar Tofiq Quliyevin (1917-2000) Mənsur Mənsurovun (1887-1967) ifasından nota köçürdüyü “Rast” muğamı da xüsusi əhəmiyyətə malikdir. Bu yazı xronoloji baxımdan M.Maqomayev və Niyazinin yazılarından sonra ərsəyə gəlsə də ilk nəşr olunan nümunədir [11]. Həmin ildə T.Qulyevin “Rast”ı ilə yanaşı “Zabul dəstgahı” və Z.Bağırovun nota yazdığı “Dügah dəstgahı” [12] da nəşr olunmuşdur. Hər üç muğam L.Rudolfun harmonizəsində verilmişdir [6, s. 110].
Tofiq Quliyev “Rast” (1936-ci il)
T.Quliyevin “Rast” muğamının not yazısı aşağıdakı şöbələri özündə ehtiva edir: “Novruz-rəvəndə”, “Rast”, “Üşşaq”, Təsnif, “Hüseyni”, “Vilayəti”, Rəng, “Xocəstə”, Təsnif, “Xavəran”, “Əraq”, “Pəncgah”, “Raq”, “Xavəran”, “Əmiri”, “Məsihi” [11]. Burada “Bərdaşt”ın adı “Novruz-rəvəndə” kimi qeyd olunub. Bundan əlavə “Bərdaşt”ı səciyyələndirən hərəkət istiqaməti – mayənin oktavasından başlayaraq aşağı – mayəyə doğru hərəkət və mayədə tamamlanması da not yazısında öz əksini tapıb. Qeyd edək ki, burada xanə ölçüləri də maraqlı şəkildə öz həllini tapıb. Nəinki dəqiq metrə əsaslanan təsnif və rənglərdə, həmçinin improvizasiya bölümlərində də xanə önündə dəqiq metr göstərilir. Burada 4/4, 3/4, 2/4, 12/8,9/8, 6/8 ölçüləri növbələşir. Fərqli ritmlərin növbələşməsi və xüsusilə də Rudolfun harmonizasiyası bu not yazısını daha çox muğamsayağı pyesə yaxınlaşdırır. Keçmişdə dəstgahların geniş tərkiblə bir neçə saata ifa olunması təcrübəsini nəzərə alsaq, T.Quliyevin not yazısında bu ənənəni sezmək mümkündür. Burada “Bərdaşt” da daha çox musiqi cümləsini özündə ehtiva etməklə tədricən mayəyə doğru hərəkət edir və mayədə tamamlanır.
Həmin ildə nəşr olunan Z.Bağırovun nota yazdığı “Dügah” dəstgahını da qeyd etmək lazımdır. Həmin dəstgahın şöbə və guşə ardıcıllığı aşağıdakı kimi verilib: “Bərdaşt”, “Dügah”, “Guşeyi-boyati Qacar”, “Ruhül-Ərvah”, təsnif, “Mavəraünnəhr”, “Hüseyni”, “Şikəsteyi-fars”, təsnif, “Dilruba”, təsnif, “Əraq”, “Zəngi-şütür”, “Rak”, “Dügah” [12]. Gördüyümüz kimi burada “Bərdaşt” var. Lakin “Bərdaşt” üçün səciyyəvi olan mayə oktavasından başlayıb, pillə-pillə enərək mayədə tamamlanma prinsipinə riayət etmir. Burada “Bərdaşt” improvizasiyalı şəkildə deyil, 6/8 ritmində olub rəqs-rəng xarakterli musiqi kimi üzə çıxır.
Zakir Bağırov “Dügah” (1936-cı il)
Ötən əsrin ilk yarısında muğamı nota salan müəlliflər sırasında Fikrət Əmirovun adını da xüsusi qeyd etməliyik. Bəstəkar 1939-cu ildə xanəndə Bilal Yəhyanın ifasından “Rast” muğamını nota köçürmüşdür [13]. Həmin yazıda muğam do mayəlidir. Burada “Bərdaşt” şöbəsi verilməyib. Xanəndə “Mayə” şöbəsindən başlayır. F.Əmirovun B.Yəhyanın ifasında nota yazdığı “Rast” aşağıdakı şöbə ardıcıllığı ilə verilmişdir: “Mayə”, “Hüseyni”, “Vilayəti”, “Saginamə”, “Şikəsteyi-fars”, “Xocəstə”, “Əraq” [13]. Sözügedən not yazılarının bədii dəyəri muğamın ilk not nümunələri olması ilə yanaşı, həm də ötən əsrin ilk yarısının muğam baxışının, muğam təfəkkürünün, muğama yanaşma tərzinin təzahürü olmasıdır. Yaşadığımız dönəmdən 80-90 il öncə yazılan bu nümunələr timsalında həmin dövrün “Rast”ı, “Bərdaşt”ı ilə bugünkü “Rast” və “Bərdaşt” arasındakı oxşar və fərqli cəhətləri, zamanın təsirini açıq-aydın görmək mümkündür.
Beləliklə, qeyd etdiyimiz proqram, səs və not yazılarından belə qənaətə gəlirik ki, XX əsrin ilk rübündə bilavasitə bərdaşt termini ilə qarşılaşmasaq da, xatirə səciyyəli mənbələrdə və not yazılarında “Bərdaşt” funksiyalı hissə özünü göstərir. M.Maqomayevin notlaşdırdığı “Rast” da həmin funksiyaya əsaslanan hissə vardır.
XX əsrin 30-cu illərində nəşr olunmuş T.Quliyevin “Rast”ında bərdaşt funksiyalı “Novruzi-rəvəndə”, Z.Bağırovun “Dügah”ında isə “Bərdaşt” adı ilə rəng xarakterli hissə verilib.
Beləliklə, səs yazılarında olmasa da, not yazılarında “Bərdaşt” funksiyalı hissənin göstərilməsi ötən əsrin əvvəllərində bu hissənin ifa olunmasına dəlalət edir. Burada diqqət çəkən əsas məqam “Bərdaşt” funksiyalı hissənin yalnız instrumental variantlarda mövcudluğudur. Deməli, termin olaraq “Bərdaşt” muğam dəstgahının morfologiyasında XX əsrin 30-cu illərindən etibarən öz yerini tutur.
ƏDƏBİYYAT:
- Hacıbəyli Ü.Ə. Azərbaycan türklərinin musiqisi haqqında. (Təqdim edəni, ön söz və lüğətin müəllifi F.Əliyeva). B.: Adiloğlu, 2005, 76 s.
- İsmayılov M.C. Azərbaycan xalq musiqisi. // Musiqi və həyat. B.: 1961. s. 20-28.
- Muxtaroğlu V. Havalansın xanın səsi. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1971, 104 s
- Məmmədov V.M. Muğam, söz, ifaçı. B.: İşıq, 1981, 144 s.
- Rzayeva-Bağırova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, 76 s.
- Zöhrabov R.F. Azərbaycan muğamları. B.: Təhsil, 2013, 336 s.
- İzahlı muğam lügəti. Dörd CD disk ilə. Tərtibçilər T.Məmmədov, C.Quliyev. B.: OL NPKT, 2015, 214 s.
- Исмайлова Г.A. Муслим Магомаев, Б.: Азернешр, 1975, 124 с.
- Səfərova S.Q. Müslüm Maqomayev və Azərbaycan xalq musiqisi. Sən. nam. … dis. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası. B.: 1998, 176 s.
- Not yazısı Niyazi. Əlyazma, 1935, Niyazinin ev muzeyinin arxivi. DK № 14751
- Rast dəstgahı. Mansur Mansurovun tarda ifasından yazan Tofiq Quliyev. B.: Azərnəşr, 1938. 60 s.
- Dügah dəstgahı. Mansur Mənsurovun tarda ifasından yazan Zakir Bağırov. B.: Azərnəşr, 1938, 35 s.
- Not yazısı Fikrət Əmirov. Əlyazma, 1939, AMEA-nın Memarlıq və İncəsənət İnstitunun arxivi. İnv 94a.
Saytoqrafiya
- Aida Hüseynova. Müslüm Maqomayev: əsrlərin ayrıcından bir nəzər. URL: http://www.musigi-dunya.az/magazine1/articles/muslim/MuslimPrint.html
МагистрантАНК
РАЗДЕЛ «БАРДАШТ» МУГАМА «РАСТ» В ЗВУКОВЫХ И НОТНЫХ ЗАПИСЯХ НАЧАЛА ХХ ВЕКА
Резюме: В представленной статье основное внимание уделяется разделу «Бардашт» мугама «Раст», который является вступительной частью дастгяха. Рассматриваются звуковые и нотные записи раздела «Бардашт» начала ХХ века.
Ключевые слова: «Бардашт», шобе, нотные записи, учебные программы, звукозаписи
Master of Arts of ANC
THE SOUND AND MUSICAL NOTATION OF BARDASHT’S SECTION OF MUGHAM RAST AT THE BEGINNING OF THE XX CENTURY
Summary: The article talks about Bardasht (in Rast mugham family ) which is introductory part of dastkah..The sound and musical notation of Bardasht’s section of mugham Rast at the beginning of the XX century is traced.
Key words: “Bardasht”, section, musical notation, programmes, sound notation
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə