“Heyratı” zərbi muğamının ifa xüsusiyyətləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
AMK-nın baş müəllimi
“Heyratı” zərbi muğamının ifa xüsusiyyətləri
Açar sözlər: muğam, zərbi muğam, “Heyratı”, ifa, Ü.Hacıbəyli, instrumental və vokal-instrumental ifalar
Zərbi muğamlar illər uzunu maraqlı inkişaf yolu keçərək xalqın milli təfəkkürü, həyat tərzi, məişəti və milli keyfiyyətləri təsiri altında formalaşmış, tarixi inkişaf nəticəsində müəyyən ifadə vasitələri, yalnız özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Zərbi muğamlar Azərbaycanda şifahi ənənəli professional musiqinin janrlarından biri olub, instrumental müşayiəti dəqiq və sabit ölçülü musiqidən ibarət, vokal hissəsi isə sərbəst improvizasiyaya əsaslanan birhissəli vokal-instrumental əsərdir.
Muğam sənəti bir çox Şərq və Orta Asiya xalqları arasında yayılmışdısa, zərbi muğamlar öz mənşəyinə görə sırf Azərbaycan xalqı ilə bağlıdır. Bu da hər şeydən əvvəl zərbi muğamların tarixinin yaxın keçmişdə yaranması və yayılması ilə əlaqədardır. Çünki şifahi ənənəli musiqi nümunələrinin başqa regionlarda yayılması üçün uzunmüddətli bir dövr lazımdır.
Ü.Hacıbəyli Azərbaycan xalq musiqisini “bəhrli” (xalq mahnıları, rəqs havaları, rənglər, dringilər və təsniflər) və “bəhrsiz” (instrumental və vokal-instrumental muğamlar) olmaqla iki qrupa bölmüş, zərbi (və ya ritmik) muğamları bu 2 qrupdan heç birinə aid etməmişdir. M.C.İsmayılov bu iki qrupdan əlavə “Qarışıq bəhirli” qrupunu da ayırır və bura “zərbi muğamları” aid edib.
Zərbi muğamların yaranma amillərinin mühüm cəhəti ondan ibarətdir ki, onların ifa üslubu, xüsusən vokal partiyasının müşayiəti vaxtı instrumental ifada müəyyən ritmlərdən geniş istifadə edilir. Melodiyanın xarakterik xüsusiyyəti onun aşıq musiqisindən bəhrələndiyindən xəbər verir. Qədim aşıq havaları içərisində “Ovşarı”, “Heydəri”, “Heyratı”, “Koroğlu”, “Osmanlı” (“Mani”) və s. adlara rast gəlirik. Bu da aşıq musiqi havaları ilə zərbi muğamlar arasında sıx bağlılıqdan xəbər verir. Zərbi muğamların axırında bir çox xanəndələr “təsnif”lərə də müraciət edir. Vaxtilə böyük sənətkar, xanəndə S.Şuşinskinin məharətli ifa üsullarından indi müasir xanəndələr geniş istifadə edirlər. Zərbi muğamlarda dəstgahların tərkib hissələri: 1) muğamların vokal partiyası; 2) instrumental musiqi nömrələri (rənglər, diringilər); 3) təsniflər.
Zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlığına baxmayaraq, bir janr kimi indiyə qədər lazımınca tədqiq edilib öyrənilməmişdir. Bunun da əsas səbələrindən biri son illərə qədər zərbi muğamların not yazısının olmaması idi [3, s. 173].
Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir. Məhz zərbi muğam sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən instrumental ansamblların tərkibində zərb alətlərinə böyük yer verilməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa alətlər də ifa edir. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi cəhətini də müəyyənləşdirir. Məlumdur ki, dəstgahlar süitayabənzər çoxhissəli vokal-instrumental əsərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir. Sərbəst metro-ritmə əsaslanan dəstgahların əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiətin dəqiq ölçülü fonuna əsaslanır.
Adətən, zərbi muğamlar fəal, emosional səciyyəli inkişaf etmiş instrumental müqəddimə ilə başlayır. Dəqiq ölçülü bu müqəddimənin musiqi ibarələri əsasında melodiya şərh edilir. Vokal partiya yüksək kompozisiyaya əvvəlcə yüksək registrdə (məqamın oktava yuxarı zilində) giriş nidası ilə daxil olur. Uzadılmış səsdən sonra isə vokal melodiya reçitativ danışıq tərzində oxuma ilə inkişaf etdirilir. Məhz bu səbəbdən də zərbi muğamları ancaq yüksək tessituraya malik xanəndələr oxuya bilir. Lakin improvizə zamanı xanəndə mütləq müəyyən sxemə riayət etməlidir. Xüsusilə o, zərbi muğamın əsaslandığı məqamın intonasiya çərçivəsindən kənara çıxmamalıdır [3, s. 175].
Azərbaycanda “Heyratı”, “Arazbarı”, “Mənsuriyyə”, “Səmayi-şəms”, “Osmanlı”, “Ovşarı”, “Heydəri”, “Bakı şikəstəsi” (“Kəsmə şikəstə”), “Qarabağ şikəstəsi”, “Şirvan şikəstəsi” kimi sevilib ifa olunan zərbi muğamlar məşhurdur.
Bu məqalədə “Heyratı-Kabili” haqqında məlumat verəciyik. “Heyratı” muğamı Azərbaycanın mürəkkəb və ifası çətin olan zərbi muğamlarından biridir. O, qəhrəmanlıq ehtiraslarını özündə cəmləşdirən marş xarakterli sadə vokal-instrumental muğamdır.
“Rast” muğam ailəsinə daxil olan “Heyratı” zərbi muğamının tonikasını “do” səsi təşkil edir. XIX əsrin II yarısında Kabili geniş yayılmış muğamlardan biri kimi “Rast” və “Şur” dəstgahlarınıda da istifadə olunardı. Məşədi Süleymanın əlyazmasında “Rast” dəstgahında “Kabili”, “Gərayi” və “Rak” hissələrindən sonra verilib. “Şur” dəstgahından daha çox “Rast” və “Mahur-hindi” dəstgahlarının məqam-intonasiya xüsusiyyətinə uyğundur. Bu mənada “Kabili”nin “Şur” dəstgahında istifadə edilməsi məqam-intonasiya və məqam-tonal xüsusiyyətləri baxımından öyrənilməsi təqdirəlayiqdir.
Əvvəllər “Heyratı” zərbi muğamı “Əraq-Kabili” adlanıb. 1-ci şöbəsinə “Əraq”, 2-ci şöbəsinə “Kabili” deyilən və indi konkret olaraq “Heyratı” adlanan bu muğam xarakter baxımından coşqun və qəhrəmanidir. Bu zərbi muğamı adətən “Könlüm açılır zülfi pərişanını görcək, nitqim tutulur qönçeyi-xəndanını görcək”, “Gözüm aydın gözümə surəti-canan görünür”, “Sən zülfünü aç tök üzünə şanəsi məndən, Zənciri nişan ver mənə divanəsi məndən” mətləli qəzəllərlə oxunur. İlk ifaçısı böyük xanəndəmiz Cabbar Qaryağdıoğlu olub. Sonralar bu muğamı Xan Şuşinski və başqaları da ifa edib. Zərbi muğamları ifa edən xanəndələr öz yaradıcılıqlarında qlissandovari oxuma üsullarından, trellərdən, zəngulələrdən də geniş istifadə edir. Xanəndənin ifasının adətən orkestr və ansambl ostinatolu tərzdə müşayiət edir. Sazəndə dəstəsinin, yəni tarın, kamançanın, qavalın müşayiətində isə daha rövnəqli sərbəst xarakter alır ki, burada sazəndələrin ifaya yaradıcı münasibət bəsləyərək onun müxtəlif ifa məziyyətləri ilə zənginləşdirmək imkanı genişlənir.
“Heyratı” zərbi muğamının məqam-intonasiya əsasını “Mahur-hindi” dəstgahı təşkil edir. Vokal partiyasının musiqi materialı “Əraq” şöbəsinin məqam-intonasiya xüsusiyyətləri əsasında qurulduğu üçün qədim və qocaman muğam ifaçıları “Heyratı”nın vokal partiyasını “Əraq-Kabili”, instrumental müşayiətdə səslənən partiyanı isə “Heyratı-Kabili” adlandırıb. “Əraq” (İraq) “Mahur-hindi” dəstgahının əsas şöbələrindən biridir. Burada mayənin oktava zildə işlədilməsi həm funksional, həm də məqam-intonasiya əlaqələri baxımından son dərəcə lazımlı və əhəmiyyətlidir.
“Mahur-hindi” dəstgahının kulminasiyası sayılan “Əraq” şöbəsində vahid sujet ətrafında birləşən musiqi obrazlarının dramaturji düyünləri açıldığı üçün melodik inkişaf daha vüsətli, emosional təsir bağışlayır. Bir çox ifaçılar məhz bu şöbəni ifa edərkən ən çətin texniki passajları, mürəkkəb ifa məziyyətlərini öz ifalarına daxil edir və onu xüsusi ustalıqla, məharətlə çalırlar.
Musiqili poetik məzmunun açılması üçün və melodik obrazların inkişafına əsasən, “Heyratı” məqamın ən yüksək registrində səsləndirilir. Fəqət son anda, yəni bütün zərbi muğama yekun vurarkən melodiyanın dinamik inkişafı “Mahur-hindi” dəstgahının “Mayə” şöbəsinə enir. Nəticə etibarı ilə məqamın bir oktava yarım hüdudunda səssırası əhatə olunur.
“Heyratı” zərbi muğamı instrumental və vokal partiyaların ifasında səslənən bütün notları bir səs sırasında toplasaq, onda aşağıdakı diapazon alınar.
- İnstrumental müşayiətin diapazonu:
- Vokal partiyanın diapazonu:
“Heyratı” zərbi muğamında 1-ci epizod giriş funksiyasını daşıyır. Onu ancaq ümumi planda “Dəraməd” və “Bərdaşt”la müqayisə etmək olar. “Heyratı” zərbi muğamının vokal partiyası “Əraq” şöbəsinin məqam-intonasiya xüsusiyyətləri əsasında ifa edilir. “Mahur-hindi” muğam dəstgahında dramaturji düyünlər əksər hallarda “Əraq” şöbəsində açılır. Bu şöbənin mayənin oktava münasibətində, yüksək registrdə səslənməsi həm musiqili dramatik obrazların, həm poetik məzmunun açılmasında, həm də xanəndədə gözəl vokal imkanlar, böyük ustalıq, məharətdən başqa, şifahi professional ənənəvi musiqinin qanunauyğunluqlarını dərindən bilməyi tələb edir.
“Heyratı” və digər zərbi muğamlar üçün xarakterik olan iki cür melodik hərəkət mövcuddur: 1. enən; 2. yüksələn və enən. Vokal və instrumental partiyalarda hər iki melodik hərəkət növü qarşılıqlı əlaqədə istifadə edilir ki, bu məqam xüsusiyyətlərini qabarıq tərzdə üzə çıxmasını zənginləşdirir. Eyni zamanda melodiyanın tərənnümünə özünəməxsus milli çalarlar gətirir. İnstrumental partiyanın melodik əsasını yüksələn və enən melodik hərəkət tipi təşkil edir. “Heyratı”nın bütün instrumental partiyaları üçün tədrici dinamik xüsusiyyət xarakterikdir. Bu zərbi muğamın metroritmik quruluşu digər zərbi muğamlarda olduğu kimi iki formada – instrumental və vokal partiyalarda özünü göstərir.
Zərbi muğamlarda əsas aparıcı rolu vokal partiya oynayır. Dəstgahlardan fərqli olaraq zərbi muğamlarda iki əsas mövzu aparıcı paralel surətdə inkişaf etdirilir: 1. instrumental müşayiətin baş mövzusu; 2. xanəndənin ifa etdiyi vokal partiya. Burada instrumental musiqi partiyası zərbi muğamın məqam-tonal strukturunu müəyyənləşdirirsə, vokal partiyada isə musiqili-poetik məzmun, eyni zamanda bütün silsilənin musiqi dramaturgiyasının düyünləri açılır. Məhz bu iki mövzu (vokal və instrumental) zərbi muğamlarn üslubunu və struktur formasını müəyyənləşdirir.
İnstrumental musiqinin ritmini tar, kamança, qaval və ya ansambl, orkestr müəyyənləşdirir. Əksər halda ritmik konfiqurasiyanı sadə 2/4 ritmik ölçü təşkil edir. Bəzi hallarda isə müxtəlif epizodlarda instrumental partiyaların sadə 2/4 metroritmik ölçünün mürəkkəbləşdirilmiş ritmik şəkillərinə də rast gəlmək olur. Vokal-instrumental epizodlarda ritmik ölçü özünü mürəkkəb və özünəməxsus formada göstərir. Burada vokal partiyanın və instrumental müşayiətin müxtəlif ritmik ölçüləri bir-birinin üzərinə düşür. Yəni eyni zamanda paralel şəkildə biri sərbəst vəznli (vokal partiyası), digəri isə dəqiq ritmik (instrumental partiya) müşayiət edilir. “Heyratı”nın vokal partiyasının ritmi sərbəst vəznli əsasda qurulmuşdur. Vokal partiyaların qəzəl oxunan epizodlarında melodiyanın ritmi qəzəlin bəhrinin vəzninə tabedir. “Heyratı” zərbi muğamında bu ritm əsasında ifa edilir.
“Heyratı” zərbi muğamı Ü.Hacıbəyli tərəfindən Şərqin ilk operası olan “Leyli və Məcnun” operasında istifadə edilib. Bəstəkar bu zərbi muğamın köməyilə müxtəlif təzadlı səhnələrin musiqi dili ilə canlanmasına nail olub. Bu isə musiqinin qəhrəmanlıq, hərbi yürüş xüsusiyyətilə bağlıdır.
ƏDƏBİYYAT:
- Hacıbəyli Ü.Ə. Bədii publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, 544 s.
- İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. : İşıq, 1984, 100 s.
- Zöhrabov R. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
Старший преподователь АНК
ОСОБЕННОСТИ ИСПОЛНЕНИЯ РИТМИЧЕСКОГО
МУГАМА «ХЕЙРАТЫ»
Резюме
В статье раскрывается особенности музыки устной традиции. Представлена характеристика ритмического мугама «Хейраты», выявляются особенности исполнения представленного мугама.
Ключевые слова: мугам, ритмический мугам, Хейраты, исполнение, У.Гаджибейли, вокальное и инструментальное исполнение.
Senior lecturer of ANC
FEATURES OF PERFORMANCE OF RHYTHMIC MUGHAM «HEYRATI»
Resume
In article reveals features of music of oral tradition. The characteristic and features of performance of rhythmic mugham «Heyraty» are presented
Key words: mugham, percussion music, Heyrati, performance, U.Hajibeyli, instrumental and vocal performance
Rəyçilər:
professor Ağasəlim Abdullayev;
professor Fəxrəddin Dadaşov.