İfaçılıqda sənət “möhür”ü vurmuş kamança ustadı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
AMK-nın müəllimi
Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT: 786/789
İFAÇILIQDA SƏNƏT «MÖHÜR»Ü VURMUŞ KAMANÇA USTADI
Xülasə: Məqalədə dünya şöhrətli kamança ifaçısı Habil Əliyevin sənət dünyasından söz açılır. Habil Əliyev muğamları çalarkən heç kimi təqlid etmir, ifa etdiyi muğamlara yeni xallar, xırdalıqlar, guşələr gətirir. Onları yeni quru-luşda, yeni formada, yeni məzmunda dinləyicilərə çatdırır.
Açar sözlər: kamança, kaman, ifaçı
Mən kamança ifaçılığında yadların
hökmranlığına son qoymuşam.
Habil Əliyev
Respublikanın xalq artisti, “Şöhrət“ və “İstiqlal”ordenli sənətkar Habil Əliyevin (1927-2015) hər çıxışı, hər ifası əsl sənət möcüzəsidir. Ustadın çalğısı dünyanı yeni göz-lə görməkdə, onu dərindən duymaqda hisslərimizin bələdçisidir.
Kaman ustası Habil Əliyev demişdir: “Kaman ifaçısı olmaq istəyən adam dərk etməlidir ki, çaldığı alət xalqın mənəvi simasıdır. O, məsuliyyət hiss etməlidir, kamanı sevməlidir, fanatik olmalıdır. Başqa cür mümkün deyil. Əgər ifaçı kamana milli vətən-daşlıq mövqeyindən yanaşmırsa, ondan həqiqi sənətkar olmayacaq. Dediyim odur ki, bu sənətdə yalnız zəhmətkeş, peşəkar yox, həm də qeyrətli vətəndaş olmalısan” (4, s. 75).
Habil Mustafa oğlu Əliyev 1927-ci ildə may ayının 28-də Ağdaşın Yuxarı Üçqo-vaq kəndində anadan olmuşdur. Görkəmli sənətçi, dahi Üzeyir Hacıbəylinin yaxın qohu-mu və əziz dostu, Qarabağ muğam məktəbinin parlaq təmsilçilərindən olan Əhməd Ağ-damskinin (1884-1954)məsləhəti ilə ailəsi 6 yaşlı Habilə musiqi təhsili vermək qərarına gəlir.
Qarayanız, zahiri görkəmcə çox zəif uşaq olan Habil o qədər kiçik imiş ki, qəbul komissiyasında ona təqdim edilən tarı sinəsində tutmağa gücü çatmamışdı. Onda uşağa kamança vermişdilər. Dizi üstündə dirənib dayanmaq keyfiyyəti ilə bu alət Habilin ürəyincə olmuş, elə o vaxtdan da gənc musiqiçinin ifaçılıq sənətindəki yolu qəti şəkildə müəyyən edilmişdi. Musiqi məktəbi və natamam orta məktəbi müvəffəqiyyətlə bitirən Habil Ağdaş Pedaqoji Texnikumuna daxil olmuş, tələbəlik çağlarında rayon teatrının musiqili tamaşalarını öz kamançası ilə müşayiət etmişdi. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil olmuş, 1953-cü ildə onun ifasında “Segah” muğamını dinləmiş görkəmli Azərbaycan sənətçiləri Şəmsi Bədəlbəyli, Səid Rüstəmov, Soltan Hacıbəyov, Niyazi onu təhsilini davam edərək M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına vokal ifaçılarının müşayiətçisi vəzifəsinə götü-rülməsi məsələsini qaldırırlar. O vaxtdan Azərbaycan ifaçılıq sənətinin Seyid və Xan Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi məşhur təmsilçilərini ecazkar çalğısı ilə müşayiət etmiş, özü də filarmoniyanın solisti kimi Bakıda, respublikanın müxtəlif bölgələrində uzaq-yaxın xarici ölkələrdə çıxışlar etməyə başlamışdı.
Habil Əliyev bənzərsiz ifası ilə ürəkləri fəth etmiş, milli musiqi alətimiz kaman-çanı dünyada tanıtmışdır. O, muğam üçlüyünün tərkibində kamançanı ilk dəfə solo kon-sert aləti kimi təqdim etmişdir. Kamançanın ifa imkanlarının mükəmməl şəkildə ifadə və inkişaf etdirilməsində onun çox böyük xidmətləri olmuşdur. Habil Əliyev kamançanın səslənməsində müxtəlif texniki ifa üsulları tətbiq edərək onun tembr zənginliyinə nail olmuşdur. O, kamançanın üç müxtəlif tembr çalarını çox parlaq şəkildə göstərmişdir. Bunlar, həzin və ağlağan – aşağı tembr, mülayim – orta tembr, dramatik və yanğılı yüksək (zil) tembrlərdir.
H.Əliyev virtuoz ifaçılıqla yanaşı, bəstəkarlıqla da məşğul olur. O, muğam əsa-sında improvizasiyalar edərək, müxtəlif melodiyalar bəstələmiş, bir çox mahnılar yarat-mışdır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi”, Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli, professor Firəngiz Əlizadə yazır: “Mənim bəstəkarlıq fəaliyyətimdə Habil Əliyevin böyük rolu olmuşdur. H.Əliyevin əsrarəngiz ifasının vurğunu olmaqla yanaşı, mən öz bəstəkarlıq təcrübəmdə onun sənətindən bəhrələnərək, müəyyən mənada Azərbaycan musiqisində yeni üslublu “Habilsayağı” əsərini yaratmışam”. Bəstəkar qeyd edir ki, o, H.Əliyevin ifası yazılmış valı görkəmli violonçel ifaçısı, bir çox beynəlxalq müsabiqələrin laureatı İvan Monigettiyə təqdim etdikdə, o, xüsusi bir maraqla valı dinləmiş və Azərbaycan milli ifaçılıq sənətinin ona böyük təsir bağışladığını bildirmişdi. İ.Monigetti Habil Əliyevin ifasını David Oystrax ilə müqayisə edərək onu, hətta üstün hesab etmişdi. Firəngiz Əli-zadənin violonçel və fortepiano üçün 1979-cu ildə bəstələdiyi “Habilsayağı” əsəri son dərəcə çətin virtuoz texnika ilə yazılıb. Onu yalnız virtuoz ifaçılar çala bilər. Əsərin premyerası 1979-cu il dekabrın 10-da Leninqradda olub. 1989-cu ildə keçirilmiş “Varşava payızı” beynəlxalq musiqi festivalında “Habilsayağı” onilliyin ən uğurlu əsəri adlandırılmışdır.” “Habilsayağı” artıq dünya violonçel ifaçılarının əksəriyyətinin repertuarında habelə beynəlxalq müsabiqələrin daimi proqramında özünə möhkəm yer tutmuşdu. F.Əlizadə yazır: “Habilsayağı mənim yaradıcılığımın mühüm səhifələrindən birini təşkil edir”. Akademik Vasif Məmmədəliyev yazır:“Habil Əliyev kamançaya Azərbaycan ruhu, Azərbaycan nəfəsi gətirib onu bizimkiləşdirdi. Başqa sözlə Habil Əliyev kamançanı erməni ifaçılarının əlindən alıb yenidən millətimizə qaytardı. O, ka-mançanın səs palitrasını, texniki imkanlarını genişləndirib ona özünəməxsus yeni tembr, səslənmə və çalarlar gətirdi” (2, s. 104). Habil Əliyev xanəndəni müşayiət edəndə ona xüsusi enerji verir. Xalq artisti Əbülfət Əliyev yazır: “Habilin çalğısını eşidib pis oxu-maq günahdır” (2, s. 96).
Əlçatmaz zirvələr əldə edən böyük sənətkar haqqında dahi musiqiçilər, şairlər, yazıçılar, çox qiymətli, dəyərli sözlər demişlər. Habil Əliyev yaradıcı şəxsiyyət kimi ca-vanlığından üzübəri rəssam və heykəltəraşlarımızın sevə-sevə müraciət etdikləri mövzu-lardan biri olmuşdur. Onun sənətkar xöşbəxtliyinin biri də budur ki, sağlığında heykəl-ləşmişdir.
H.Əliyev müasir dövrümüzdə Azərbaycan musiqi mədəniyyətinin ən parlaq nüma-yəndələrindən biridir. Xalq arasında milli musiqi aləti kamançanın ən mükəmməl, virtuoz ifaçısı kimi muğamları çalarkən heç kimi təqlid etmir, ifa etdiyi muğamlara yeni xallar, xırdalıqlar, guşələr gətirir. Onları yeni quruluşda, yeni formada, yeni məzmunda dinləyicilərə çatdırır. Habil Əliyev müvəffəqiyyəti, onun novatorluğu, muğam janrına, janrın təbiətinə, qanunauyğunluğuna yaxından bələd olması ilə bağlıdır. Sənət nümu-nələrini H.Əlyev qəlbinin hərarəti, bəstəkar ilhamı ilə ifa edir. Onun ifasında səslənən hər bir sənət nümunəsi sanki dil açıb danışır. O, ifa zamanı texniki cəhətdən çətin passaj-ları çox məharətlə ifa edir, alətin geniş texniki imkanlara malik olduğunu dinləyicilərə məharətlə çatdırırdı. H.Əliyevin ifasını dinləyərkən, ifaçı ilə musiqi alətinin canlı dia-loqda iştirak etdiyinin şahidi olursan. İfaçı, sənəti ilə bu alətin geniş imkanlara malik olduğunu bir daha sübut etdi. Kamançada həm muğamı, həm milli nəğmələri, həm də klassik Avropa və populyar Qərb musiqisini çox gözəl və virtuoz şəkildə ifa edir. Habilin ifasında hər hansı bir musiqini dinləyərkən elə bil ki, xalqın səsinə qulaq asırsan. Bu çalğı, ifaçı ilə dinləyicinin ürək söhbəti, onların duyğularını, sevinc və kədərini, adi nigarançılıqlarını bir-biri ilə bölüşməsidir. Habilin kamanı yarım əsrdən artıq bir dövrdə dünyanı sehrləmişdir. Kaman sənətimizin zənginliyi, milli musiqimizin ölməzliyi, bu ecazkar sənətkarın sayəsində dünya xəzinəsinə öz misilsiz töhfəsini vermişdir.
Habil hər hansı bir muğamı və ya mahnını dəfələrlə çalsa da, onlar bir-birinə bənzəməz, hər dəfə ona yeni bir nəfəs, yeni bir rəng, yeni bir ahəng qataraq, həmin ifanı zənginləşdirirdi. Habil sanki Nizaminin zəkasından, Nəsiminin əqidəsindən, Babəkin qəhrəmanlığından, Füzulinin məhəbbətindən, Şah İsmayılın qəhrəmanlığından, Sabirin, Mirzə Cəlilin yanğısından, Üzeyir bəyin qeyrətindən su içərək qidalanmış, öz ecazkar musiqisi ilə kökümüzə bağlılığını sübut etmişdir. Bu kökə bağlı olan hər kəs Habil sənətinin sehrinə düşür. Kamançanın tərcümeyi-halında ən yuxarı sırada yaxşıların ən yaxşısı kimi Habil Əliyevin adı durur. Elə bircə bu həqiqəti anladır ki, Habil nadirlərin nadiri, həm də möcüzəsidir.
Habilin sayəsində biz, kamanın azərbaycanlılara məxsusluğunu sübut etməyə eh-tiyac duymuruq. Çünki bu ifada kaman sanki dil açıb, onun ulularımıza məxsusluğunu söyləyir.
Habil Əliyev həmişə ifaçılıq sənətinin, Azərbaycan musiqi mədəniyyətinin geniş təbliğatçısı olub. Misir, Əlcəzair, Türkiyə, Fransa, Belçika, İrlandiya, Şotlandiya, Bol-qarıstan, Monqolustan, Tunis, İsveç, İsveçrə, Pakistan, İspaniya, İtaliya, ABŞ və digər ölkələrdə müxtəlif millətlərdən olan tamaşaçılar və soydaşlarımız Habil Əliyevi dönə-dönə alqışlamış, ifasından Azərbaycanın ətrini almışlar. Habil Əliyevin “Şəhla gözlüm”, “İlk məhəbbət”, “Gülüm yatsın”, “Güləsən gərək” və digər 15-ə yaxın mahnıları müğənnilərimizin repertuarını bəzəyir.
R.Rza, B.Vahabzadə, M.Araz, Ə.Kərim, Ə.Tudə, N.Həsənzadə, Z.Yaqub və digər şairlərimiz Habil Əliyevə yüzə yaxın şeir həsr etmişlər. Sənətçimiz haqqında 3 kitab, saysız-hesabsız təqdiredici məqalələr yazılmışdır. Heykəltəraşlarımız, dahi xalçaçı-rəssam Lətif Kərimov Habilin portretini toxumuş, Xalq rəssamı Toğrul Nərimanbəyov onun orijinal portretini çəkmişdir.
ABŞ-da, İtaliyada, Fransada, Yaponiyada, diskləri çıxmış, onu həmişə hər yerdə qiymətləndirmişlər. 1964-cü ildə “Əməkdar artist”, 1978-ci ildə “Xalq artisti” fəxri adına layiq görülmüşdü. 1997-ci ildə Ümummilli liderimiz Heydər Əliyev ona “Şöhrət” ordeni vermiş, 2007-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın ən yüksək təltifi olan “İstiqlal” ordeninin yaşıl lentini öz əli ilə Habil Əliyevin boynuna asmışdır. Habil Əliyev ifaçılara öz tövsiyyələrini aşılayaraq demişdir: “Yaxşı ifaçı olmaq üçün gərək “yoruldum” kəlməsini dilinə gətirməyəsən. Yalnız o sənətkarlara qulaq asıram ki, məndən yaxşıdılar. Hazırda yalnız İranda yaşayan sənətkarlardan Əlirza Şəcəryan, Cəlil Şahnaza qulaq asıram. Valehedici sənətkarlardır, həm də sənətə böyük qiymət verirlər. Bir anımı belə kamançasız təsəvvür etmirəm, yatıb – duranda da, yeyib-içəndə də, yol gedəndə də kamança mənimlədir. Kamança mənim qanımdır, canımdır. Əgər şair deyəcəyi fikri sözlə ifadə edirsə, rəssam tabloda verirsə, mən də hər mətləbimi kamança ilə deməyə çalışıram. Yeganə arzum azad olunmuş Qarabağda kamanımı dizim üstə alaraq “Segah-Zabul” çalmaqdır. Heç vaxt kamançanı utandırmamışam. Dünyanın harasında olursa-olsun kamançam alqışların, sevgilərin şahidi olub”.
Habil Əliyevin bilavasitə tələbələri yoxdur. Lakin bu gün böyük bir musiqiçi nəsli özlərinə Habil Əliyevi ustad sayırlar. Onlar məhz Habil Əliyevin ifalarından qida-lanmışlar.
Xalqımızın sevimli sənətkarı Habil Kaman 2015-ci il sentyabr ayının 8-də gözlərini əbədi yumaraq dünyasını dəyişdi. Lakin o, öz əzəmətli sənəti ilə musi-qisevərlərin qəlbində daim yaşayacaqdır.
ƏDƏBİYYAT:
- Abduləliyev A.Ə. Ustad haqqında ustadnamə. B.: 2008, 80 s.
- Ol Ə. Kaman əfsanəsi H.Əliyev haqqında. B.: 2012, 160 s.
- Məlikova F. Kamança ifaçılığında ənənəvi üsullar. // “Konservatoriya” jurnalı №1, 2011, s. 67-70.
- Möhbəddin S. Nağıllar yalan olmur.B.: 1983, 200 s.
Преподаватель АНК
ОБ ИСПОЛНИТЕЛЬСКОЙ МАНЕРЕ МАСТЕРА КЕМАНЧИ ГАБИЛЯ АЛИЕВА
Резюме: В представленной статье раскрывается неподражаемое испол—нительское искусство Габиля Алиева на кеманче. В исполнении Габиля Алиева мугам был представлен слушательcкой аудитории в новой структуре.
Ключевые слова: кяманче, исполнитель, кяман
Teacher in ANK
MASTER OF KHEMANCHA, WHO FREED PERFORMING ARTS FROM FOREIGN DOMINATION
Summary: In the article on the basis of analysis such conclusion is done, that the performance art of Qabil Aliyev emulates nobody. In execution Qabil Aliyev of mugham brought to listeners in new to the structure.
Key words: khemance, performer, kheman
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə
professor Ağasəlim Abdullayev