AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2019 №2 (44)

KAMANÇA İFAÇILARINA ƏVƏZSİZ TÖHFƏ    

 

Həzin tembri, iniltili, az qala dil açıb danışan intonasiyası ilə başqa milli alət­lə­ri­miz­dən xüsusilə seçilən kamança xalq çalğı aləti musiqi baxımından çox zövqlü olan xal­qımızın yaddaşında özünəməxsus nüfuzlu yerlərdən birini tutur. Xalqın həm şad gü­nündə, toy-düyündə, həm də dəstəyə ehtiyacı olan hüznlü günlərində səslənən bu alə­tin qədim tarixi, müasirliyə cavab verən bu günü, çox ehtimal ki, gələcəyi də var. Mü­şayiətçi alətdən solo alətə qədər, daha sonra ansambl və orkestrlərin tərkibində bə­ra­bərhüquqlu üzvü olunca sürən uzun təşəkkül yolunda kamança təkmilləşərək bu gü­nü­müzə çeşidli zövqləri ödəyə biləcək bir alət kimi gəlib çatmışdır. Əlbəttə, Üzeyir bəy Şərqlə Qərbi yaxınlaşdırmaq məqsədilə tar və kamançanı simfonik orkestrin alət­lə­ri ilə yanaşı yerləşdirən kimi nəinki tar və kamançanın, demək olar bütün milli mu­si­qi alətlərimizin gələcək inkişaf yolunu müəyyənləşdirmiş oldu. Bundan belə Azər­bay­can­da violində muğamat çalınacaq, kamança və tarda isə dünya klassiklərinin əsərləri səs­lənəcəkdi. Müasir ifaçılar üçün dünyaca məşhur əsəri milli alətdə ifa etmək həm də us­tadlığın daha bir üzünü göstərmək deməkdir.

XX əsrin əvvəlindən istiqamət götürmüş bu cərəyan, yəni Qərb bəstəkarlarının əsər­lərinin milli alətlərdə çalınması, bərabər temperasiya üçün yazılmış əsərlərin ifası, elə­cə də yeni ruhda bəstələnəcək milli əsərlərin çalınması ifaçıları yeni problemlərlə qar­şı-qarşıya qoydu. Alətin spesifikası, tonallıq, applikatura, kök, temperasiya və baş­lı­cası repertuar məsələlərini həll etmək gərək idi. Daha doğrusu, repertuar seçimi bü­tün sadalanan məsələləri nəzərdə tutaraq meyarlara cavab verməli idi. Kamança re­per­tua­rı bir neçə nəsil ifaçılar və pedaqoqlar tərəfindən zərrə-zərrə yaradılıb, təkmilləşib, ar­tıb və müxtəlif üslubları əhatə edə bilib. Alətin imkanlarının genişləndirilməsi işində əsas rolu əlbəttə ki, bu sahədə durmadan çalışan pedaqoqların, daim yeni çətinlik zir­və­sini fəth etmək arzusu ilə daha mürəkkəb əsərlərin köçürmə və işləmələrini yaradan in­sanların xüsusi zəhməti var. Amma təəssüf hissi ilə deməliyik ki, musiqi tədrisində tə­ləbə və şagirdlər hələ də əlyazma və üzü çıxarılmış keyfiyyətsiz not surətlərindən is­ti­fadə etməkdədirlər.

Artıq iki ilə yaxındır ki, Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin təd­­qiqi” və “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat la­bo­ra­to­­riyaları kamança aləti üçün köçürmələrdən ibarət 4 cildlik toplunu nəşrə ha­zır­la­maq­la məhz bu problemin həlli istiqamətində çalışır. Çoxcildlikdə 50 illik pedaqoji iş təc­rübəsi olan, hazırda respublikanın az qala bütün tədris ocaqlarında yetirmələri ça­lı­şan, əməkdar mü­əllim, mərhum Almaz xanım Kərimovanın (Abdullayevanın) müx­tə­lif illərdə ha­zır­la­dı­ğı köçürmə və işləmələri əlyazmalardan nota alınaraq kitab halına sa­lınmışdır. Top­lu­nun tərtibçi redaktorları Manafova Gülnarə, Azmanlı Mətanət, rəy­çi­ləri Şəfiqə Eyv­a­zo­va, Adıgözəl Əliyev, Yaqut Seyidova, elmi redaktoru Lalə Hü­sey­no­vadır.

untitled-1

2019-cu il, iyun ayının 5-də kamança pedaqogikasında öz izini qoymuş Almaz xa­nımın illər uzunu çalışdığı doğma Bülbül adına orta ixtisas musiqi məktəbində ki­tab­ların təqdimat mərasimi və xatirə gecəsi keçirildi. Gecədə dostlar, tanışlar, tələbələr və kitabın tərtibçiləri ürək sözünü deyərək Almaz xanımı bir daha xatırladılar. Almaz xa­nımın yetirmələri, necə deyərlər, “nəvələri” gecənin musiqi tərtibatını öz üzərilərinə gö­türmüşdü.

untitled-2

Müasirləri, tələbə və şagirdləri Almaz xanımı üzügülər və çox işgüzar adam kimi xatırlayır. Almaz xanımın şagirdlərinə not hədiyyə vermək adəti vardı. Ma­raq­la­nar, şagirdin ən çox sevdiyi əsəri öyrənər, qısa zamanda köçürmə edib “Bunu məxsusi ola­raq səninçün etmişəm” sözləri ilə hədiyyə verərdi. Onun sinfində təhsil almış elə bir şagird tapılmaz ki, müəlliminin öz əli ilə yazılmış əlyazmasını xatirə kimi sax­la­ma­sın. Onlar bu əlyazmaları həm müəllimin yadigarı olaraq, həm də bədii dəyəri yüksək ol­d­uğuna görə qısqanclıq hissi ilə heç kimə vermək istəmir. Ona görə də Almaz xa­nı­mı yaxından tanıyanlar onu “özünü tələbələrin içində əritmiş müəllim” kimi xatırlayır. Bəl­kə də həmin səbəbdən ölümündən sonra Almaz xanımın bütün əlyazmalarını top­la­maq mümkün olmadı. Bununla belə “Xarici ölkə bəstəkarlarının əsərləri” adında 2 cildlikdə 75 əsər, “Azərbaycan bəstəkarlarının əsərləri” adlı 2 cildlikdə isə 76 əsər iş­lə­nərək çapa hazırlanmışdır. Bu məcmuələrin hazırlanması Azərbaycan Milli Kon­ser­va­toriyasının elmi laboratoriyasının qüvvəsi və xalq çalğı alətləri kafedrasının birgə sə­yi ilə həyata keçirilmişdir.

Məcmuədəki əsərlərin sırasında başqa bir müəllimin daha erkən vaxt köçürmə edib artıq çapdan çıxardığı əsərin adına rast gəlmək mümkündür. Amma biz bu əsər­lə­ri təkrardı deyə siyahıdan çıxarmadıq. Çünki hər müəllimin öz dəsti xətti, öz ya­naş­ma­sı, tonallıq seçimi və applikaturası var. Ola bilər, kimsə artıq öz müəlliminin də əsərə ya­naşmasını bəyənməsin, bu da təbiidir. Ona görə də nota saldıqca xüsusilə kamança par­tiyasında, əlbəttə ki, texniki səhvləri düzəltmək şərtilə əlyazmaya daha yaxın ol­ma­ğa çalışdıq. Fortepiano partiyasında isə əksinə, əsərin müəllifinin versiyası daha üstün sa­yıldı. Anlaşılmazlıq, çaşqınlıq hallarında əlyazmalar orijinalla tutuşdurularaq bütün səhv­lər aradan götürüldü. Qruplaşdırma, harmoniya səhvləri mütəxəssislərlə məslə­hət­li şəkildə düzəldildi. Tam külliyyat olduğu üçün əsərlər pedaqoji repertuarda olduğu kimi sadədən mürəkkəbə doğru deyil müəlliflərin soyadı üzrə əlifba sırası ilə düzüldü. Belə olduqda əsəri ümumi siyahıdan tapmaq daha asan olur.

Əlyazma ilə işləməyin ağır olduğunu nəzərə almaq şərtilə elmi laboratoriyanın nə boyda iş gördüyünü təsəvvür etmək çətin deyil. Amma bütün bu zəhmətin tə­lə­bə­lə­rin keyfiyyətli təhsil alması yolunda edildiyinin əzmindəyik. Top­lu ali və orta ixtisas musiqi məktəblərinin tələbə və şa­gird­lə­ri üçün gözəl töhfə olacaq. Dünya musiqisini öz milli alətimiz va­sitəsilə öyrənmək işini bir qədər yüngülləşdirmək istəyimiz so­nunda həm milli musiqimizin, kamança alətinin, həm də klas­sik musiqinin təbliğinə xidmət edəcək.

untitled-3Kərimova (Abdullayeva) Almaz Ələsgər qızı 1946-cı il­də Bakı şəhərində anadan olub. İlkin musiqi təhsilini 1958-1962-ci illərdə 2 saylı musiqi məktəbində kamança sinfində alıb. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəz­din­dəki 11 illik orta ixtisas musiqi məktəbinə daxil olub. 1966-cı ildən etibarən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Kon­ser­vatoriyasının axşam şö­bə­sinə qəbul olaraq təhsilini davam et­dirib. Almaz xanımın pedaqoji fəaliyyəti də hə­min ildən baş­layır. Çünki o, təhsil almağı ilə paralel 12 saylı musiqi mək­tə­bin­də ka­man­ça müəllimi kimi çalışmağa başlayıb. Almaz xa­nım 1971-ci ildə Konservatoriyanı əla nəticələrlə bitirib. Bül­bül adına orta ixtisas musiqi məktəbindəki fəaliyyəti isə 1973-cü ildən hesablanır. Son günlərinədək bu məktəbdə çalışan Almaz xanım 45 illik ara­sıkəsilməyən pedaqoji işi sayəsində onlarla hazırda öz məktəbini yarada bilmiş ye­tir­mələrinə, müxtəlif müsabiqələrdə iştirak edərək nüfuzlu mükafatlarla fərqləndirilən şa­gird­lərinə ifaçılığa və eləcə də müəllimliyə həvəsləndirmiş, həyata vəsiqə vermişdir. Azər­baycan Respublikası Prezidentinin 2008-ci il 17 sentyabr tarixli, 3046 saylı sə­rən­ca­mı ilə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.

Tələbələri, əməkdaşları Almaz Kərimovanı həmişə gülərüz, mehriban və zəh­mət­keş bir insan kimi xatırlayır. Əgər ambisiyaları olsaydı, zamanında daha böyük mər­təbələrə çata, daha çox kitab çıxarda bilərdi. Amma o, sanki bir musiqi bulağının ba­şında oturub hər gələn kiçik kamança ifaçılarına bu bulaqdan bir ovuc su içirməyi üs­tün bildi. Heç vaxt “Bir və, iki və …” deməkdən yorulmadı, bezmədi. Klassik mu­si­qi­ni nəinki çalmaq, heç eşitmək istəməyənlərə bu musiqini öz üsullarıyla sevdirdi. Nota baxmağa ərinən kamança ifaçılarını necə öyrətdisə bu gün tələbələrinin ək­sə­riy­yə­ti müəllimlərinin yoluyla gedərək köçürmə və işləmələri böyük həvəslə edir. Amma hə­yat belə gətirdi ki, bu Almaz xanımın işlərini əhatə edən ilk və son kitabı oldu. Al­maz xanım Kərimova uzun sürən xəstəlikdən sonra 2017-cı ildə dünyasını dəyişib.

Bu kitablardan seçilmiş bir əsər hər dəfə səsləndikcə Almaz xanımın ruhu se­vi­nə­cək…

Manafova Gülnarə

AMK-nın “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi”

elmi laboratoriyasının elmi işçisi

Mövzuya uyğun