AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Arslan NÖVRƏSLİ

AMK-nın müəllimi

 

Ü.Hacibəylinin “O olmasin, bu olsun” operettasının yazılma tarixçəsi

 

Açar sözlər: Üzeyir Hacıbəyli, operetta, dram

XIX əsrin sonu, XX əsrin əvvəllərində müstəqil, professional musiqi mə­dəniyyətimizin yaranmasında Üzeyir Hacıbəyli adı böyük ehtiramla yad olunur. Yaradıcılığa başladığı dövrdən onlarla musiqişünasın tədqi­qat obyektinə çevrilmiş Üzeyir bəy fəaliyyəti müasir dövrə qədər araşdı­rıl­maqdadır. Bu baxımdan gənc yaşlarından bütün Şərqdə, tədricən isə bü­tün dünyada yaradıcılığı ilə əks-səda doğuran Ü.Hacıbəyli haqda yeni söz demək hazırkı dövrdə böyük məsuliyyət tələb edir.

Bəstəkarın çoxşaxəli yaradıcılığı bir neçə musiqi janrı sahəsində yeni söz dediyini aşkar ortaya çıxarır. Bununla yanaşı, musiqi mədəniyyə­ti­mi­zin inkişafı naminə müdafiəçi rolunda dəfələrlə yazılı mətbuatda çıxışları onun uzaqgörənliyinin aşkar sübutudur.O, “Səhnənin tərbiyə əhəmiy­yə­ti”, “Opera və dramanın tərbiyə əhəmiyyəti” haqda bir sıra məqa­lələrində bu janrı inkar edən mühərrirlərə qəti cavab verərək Azərbaycan dram və operasının düzgün inkişaf yolunu göstərirdi.

Ü.Hacıbəyli opera və operettanı səhnə sənətinin II, hətta III dərəcəli məh­sulu hesab edənləri tənqid edir: “Drama – gimnaziyadır. Opera – da­rül­­fünündur. Bizim xalq ibtidai məktəb şagirdidir” kimi bu cür fikir yü­rü­dən cahil və avam “tənqidçilər”i öz kəskin məqalələrində ifşa edir və on­la­rın çürük mühakimələrini heçə çıxarırdı. “Tutalım ki, “Дни нашей жиз­­ни” dramasına 100 dəfə baxmaqla demək olmaz ki, mən “Boris Qo­du­­nov” operasını dinləməyə hazıram”. Yaxud: “Bizim xalqa “Nadir şah” dra­­mını dinləmək üçün 100 il də vaxt verəndən sonra ona “Leyli və Məc­nun” operasını dinləməyə icazə verilməlidir”. Nəhayət, əgər “Drama –gim­naziya, opera – darülfünun” nisbəti düzgündürsə, onda bu da düz­gün­dür ki, dram kursunu əsaslı keçən camaat operaya getməyə hazırdır, de­mə­li, artıq dramaya getməyə heç bir lüzumiyyət yoxdur: çünki gimna­zi­ya­nı bitirənlər, təkrarən ora daxil olmurlar”.

Ü.Hacıbəyli eyni kəskinlik və ehtirasla dram sənətini də müdafiə edir­di: “…Mən yalnız musiqi səhnə tamaşalarının tərəfdarı deyiəm. İctimai tər­biyə üçün həm faciə, həm drama, həm komediya, həm opera, həm də ope­retta lazımdır. M.F.Axundovun komediyalarından “Vəziri xani – Lən­kə­ran”, “Dərviş Məstəli şah”, “Hacı Qara” və bizim məşhur dra­ma­tur­qu­muz Ə.Haqverdiyevin “Dağılan tifaq” draması ilə demək olar ki, mən in­ki­şaf etmişəm”.

Ü.Hacıbəyli ciddi dram, məzmunlu komediya, xalqı maraqlandıran sa­tiralar yaranmasını tələb edirdi. Bədii əsərlər onun fikrincə, tamaşa­çının estetik tələblərinə cavab verməlidir. Ancaq tamaşaçının zövqünə cavab verən və dövrünün qabaqcıl fikirlərini ifadə edən əsərlər səhnədə yaşaya bilərlər.

Musiqili komediyalar Üzeyir bəyin yaradıcılığında xüsusi yer tutur. Bu operettalar – “Ər və arvad”, “O olmasın, bu olsun”, ”Arşın mal alan”­dan ibarətdir. Azərbaycan dramaturgiyasının qiymətli inciləri hesab olu­nan bu əsərlər öz əhəmiyyətini indiyə qədər itirməyib və bizim zəmanə­miz­də də böyük maraqla dinlənilir. Ü.Hacıbəyli bu əsərlərdə klassik ko­me­diya­mızın qanunlarını və ənənələrini davam etdirərək sadə, təbii bir dillə oynaq və canlı hadisələr və surətlər yaratmışdır. Bu komediyalar A.Qo­qol və M.F.Axundovun əsərləri kimi dərin ictimai məna və əxlaqi əsaslar üzərində qurulub. O, xüsusilə M.F.Axundov teatrının yolunu ye­ga­nə düzgün yol hesab etmiş, bu teatrın ədəbi üslub və tələblərini özü üçün əsas tutmuşdur.

Ü.Hacıbəyli öz komediyalarını Azərbaycanda ictimai fikrin oyandığı, sinfi mübarizənin kəskinləşdiyi bir dövrdə yazıb. Xalqın gələcəyi ilə bağlı suallar bütün ictimai fikri məşğul edirdi. Mövhumat və cəhalət, köh­nə adət-ənənələr, qadının cəmiyyət və ailədəki hüquqsuz vəziyyəti hə­lə M.F.Axundov komediyalarında ifşa edilirdi.

Bəstəkarın 1908-ci ildə möhtəşəm “Leyli və Məcnun”, 1909-cu ildə “Şeyx Sənan” operalarının ardınca 1910-cu ildə yeni janrın əsasını qoyan “Ər və arvad” musiqili komediyasını səhnələşdirdi. Musiqili komedi­ya­nın premyerası 24 may 1910-cu ildə uğurla baş tutdu. “Kaspi” qəzetinin ver­diyi məlumata görə, benefis münasibətilə 25 yaşlı müəllif – yubilyar “Nicat” cəmiyyətinin üzvləri tərəfindən təbrik olundu, yaradı­cılığı haqda danışıldı.

 “O olmasın, bu olsun” 1910-cu ildə yazılaraq elə həmin ilin sentyabr ayı­nın 12-də tamaşaya qoyulub. Lakin 1910-cu ildə cəmi bir dəfə oy­na­nı­lan əsər 8 ay sonra Mayılov qardaşlarının teatrında 25 aprel 1911-ci ildə ye­ni quruluşda səhnələşdirildi. Əsərlərin qazandığı böyük uğurdan sonra bəstəkar musiqi təhsilini Moskvada davam etdirmək qərarını alır.

“Nicat” xeyriyyə cəmiyyətinin üzvü olan bəstəkar 1913-cü ildə yeni­dən mədəni-maarif işi sahəsindəki fəaliyyətini dayandıraraq Peter­burqa ge­dir. Burada qəbul imtahanları ilə yanaşı növbəti musiqili kome­diyası – “Ar­şın mal alan” üzərində işə başlayır və bu əsər 1913-cü il oktyabr ayı­nın 25-də səhnələşdirilir.

Qadın azadlığı, azad məhəbbət və sevgi Ü.Hacıbəylinin hər üç mu­si­qi­li komediyasının mərkəzində durur. Gülnaz və Sərvərin sevgisi bundan qa­baq hələ “Leyli və Məcnun”da öz klassik ifadəsini tapmışdı. Məşədi İbad Mərcan bəyin, Rüstəm bəy Kəblə Qubadın daha qüvvətli davamı de­yil­mi?

J.Molyer və M.F.Axundov ko­me­diyalarının qüdrətilə səs­­lə­­­şən “Məşədi İbad” və ya “O olmasın, bu ol­sun” operettaları o zamankı ədəbiyyatımızın hakim üslubu olan tənqidi re­a­lizm ruhunda yazılmış əsərlərdir. Əsərin ideyası Cəlil Məmmədquluzadənin məş­­hur “Anamın kitabı” əsərində inkişaf etdirilərək daha yüksək for­ma­ya salınmışdır.

Üzeyir bəyin inqilaba qədər yazdığı bu əsərlər xalqımızın ictimai şüur oyanışında köhnə dünya və köhnə əxlaqın sarsıldılması uğrunda nəinki Azərbaycanda, bəlkə bütün Yaxın Şərq aləmində inqilabi və mütərəqqi bir rol oynamaqla musiqili komediyanı yeni kütləvi musiqi janrı olaraq ilk dəfə yaratmış oldu.

1911-ci ildə “O olmasın, bu olsun”un Tiflisdə ilk qastrol turu oldu. Ope­retta müxtəlif dillərə tərcümə olunub. Zaqafqaziya, Bolqarıstan, Türkiyə, Yəmən  s. tamaşaya qoyulub. Əsərin ədəbi mətni 1912-ci ildə Ba­­kıda Orucov qardaşları mətbəəsində nəşr edilib, 2 dəfə ekranlaş­dı­rıl­mışdır. Əsər 1918-ci il nəşrindən etibarən 4 məclisdən ibarət nəşr olu­nub. Üçüncü məclis kimi təqdim olunan “Hamam səhnəsi”ni bəstəkar əsə­rə sonradan əlavə edib.

İlk dəfə 1919-cu ildə Yaltada A.Xanjankovun studiyasında rejissorlar V.Papazyan və İ.Lakka ekranlaşdırılmağa başlasa da, işi sona çatdır­ma­dı­lar. 1956-cı ildə Bakı kinostudiyasında S.Rəhmanın ssenarisi üzrə 9 his­səli, rəngli, səsli film çəkildi. Rejissor H.Seyidzadə, baş operatoru Ə.Ata­ki­şiyev, rəssamlar C.Əzimov, N.Zeynalov, musiqi redaktoru F.Əmirov. Baş rollarda Ə.Ağayev, A.Mirzəquliyev, T.Gözəlova, A.Gəraybəyli, B.Şə­kinskaya, M.Sənani, M.Mərdanov, İ.Əfəndiyev, Ə.Əhmədov və b. çı­xış edib. Soltan Hacıbəyov əsəri musiqili komediya teatrı üçün redaktə edib.

Bu operetta böyük tamaşaçı kütləsi, ziyalı tərəfindən yüksək qiymət­lən­dirilsə də, rəsmi dairələr buna mənfi rəy bildirmişdi. “O ol­ma­sın, bu olsun” musiqili komediyası “Ər və arvad”dan bir müddət son­ra ya­zılaraq Ü.Hacıbəylinin bəstəkar–dramaturq kimi inkişafını göstərir. Bu­rada artıq vodevillik yoxdur. “O olmasın, bu olsun” inkişaflı süjet və fa­bulalı böyük musiqili səhnə əsəridir. Əsərdə hadisə dairəsi daha genişdir, həqiqət bəstəkar tərəfindən daha dərin təsvir edilir. Komediyanın lib­rettosu “Ər və arvad”ın süjetini davam etdirir, yeni motivlər daxil edə­rək bu komediyada açıq siyasi protest verilir. Üç komediya arasında “O ol­masın, bu olsun” öz ifşaedici tonuna görə daha kəskin xarakter daşıyır. Məhz bu cə­hət onu satirik “Molla Nəsrəddin” jurnalı, habelə M.Axun­dov, N.Vəzirov, Ə.Haq­verdiyevin komediyaları ilə yaxınlaşdırır. Komediyanın mənfi qəh­rəmanları Ə.Əzimzadənin “Köhnə Bakı tipləri” karikatur-portret sil­si­lə­si ilə assosiasiya yaradır. Burada müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulun gü­cünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi inandırıcı təsvir olunub. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrun­da mübarizə aparan, pulun hökmranlığı və sosial məişət qanunları ilə ba­rış­mayan yeni nəslin nümayəndələri əski cəmiyyətə qarşı qoyulmuşdur.

Ü.Hacıbəyli klassik teatr ənənələrini öyrənərək ciddi dramaturgiya qu­rur. XX əsrin əvvəllərində Azərbaycan məişətinin geniş təsvirini verir. Bəs­təkar komediya teatrı sahəsini inkişaf etdirərək əsərə lirik xətt də da­xil edir. Ü.Hacıbəyli: “Süjet və librettosu mənə məxsus olan musiqili ko­me­­diyalarımda, Azərbaycan qadınını bağlı qapı arxasında saxlayan və hü­quqlarından məhrum edən burjua cəmiyyəti nümayəndələrini kəskin gü­lüş hədəfinə çevirmişəm”.

O, bu əsərdə ifadə vasitələri və diapazonu artıraraq pərdələrin sayını 4-ə, iştirakçıları isə 13-ə çatdırır. “O olmasın, bu olsun”da birinci ko­me­di­yadakı kimi 13 deyil, artıq 23 musiqi nömrəsi var. Müvafiq olaraq mu­si­qinin dramatik rolu da artıb. Musiqi nömrələrinin yarıdan çoxu süjetə da­xil olan ansambl və xor səhnələridir. Bəzi solo vokal nömrələr də mü­hüm dramatik əhəmiyyət kəsb edir.

Əsərdə bəstəkar qadın – kişi bərabərliyini, qızın müstəqil seçim etmək hü­ququnu daha sərbəst açır. Hacıbəyli – dramaturq köhnə qanunları, döv­lət­li qocaların özlərinə cavan qız “almaq” məsələsini gülüş hədəfinə çevi­rir. Əsərin qəhrəmanları – tələbə Sərvər və gənc Gülnaz bütün qa­nun­lara əks olaraq sonda evlənir, dövlətli qoca və onun puluna qalib gəlirlər. Bu qəh­rəmanlar vasitəsilə bəstəkar müasir gəncləri məhəbbət uğrunda müba­ri­zəyə çağırır. Burada feodal aləmdən Rüstəm bəy, o dövrə xas obrazlar – döv­lət­li tacir Məşədi İbad, qoçu Əsgər, hambal, hamamçı Məşədi Qəzənfər, ye­ni “intelligent” nümayəndələrindən millətçi Həsənqulu bəy, qəzetçi Rza bəy, qulluqçu Sənəm təsvir olunur. Əsərdəki bütün obrazlar Hacı­bəy­linin müasirləridir.

Bəstəkar satirik komediya janrının xüsusiyyətlərindən irəli gələrək mən­fi qəhrəmanların musiqi xarakteristikasında parodiya metodlarından is­tifadə edir. I komediyanın heç bir nömrəsində bəstəkar Məşədi İbad ki­mi parlaq musiqili portret yarada bilməmişdi. Digər mənfi qəhrəmanlar isə musiqidə deyil, ədəbi mətndə satirik xasiyyətnamə tapırlar. Müsbət qəh­rəmanlar Sərvər və Gülnaz Üz.Hacıbəyli komediyalarında ilk lirik ob­razlardır. Bu operettanın ədəbi mətnində Şərq poeziyasının böyük şair­ləri M.Füzuli,  Sədi Şirazi və Hafiz Şirazinin əsərlərindən istifadə edilmişdir.

Bu əsərin dramaturgiyasında ilk dəfə orkestrin iştirakı, ilk dəfə böyük ins­trumental solodan istifadə nəzərə çarpır. Musiqi komediyalarında nöm­rə­lərin forması improvizasiyadan uzaqdır.Hacıbəyli ilk dəfə obraz-ların fər­di aləmini əks etdirən mahnı–ariya xarakterli melodiyalar yaratmaqla “Ar­şın mal alan” və “Koroğlu” ariya üslubuna yol açmışdır. Tamam­lan­mış müstəqil instrumental nömrələr ümumən Hacıbəylinin musiqi üslu­bu­nun inkişafından xəbər verir.

Bir çox bəstəkarların yaradıcılığının böyük tədqiqat işlərində araş­dırıl­ma­ya ehtiyacı olduğu halda, Üzeyir Hacıbəyli yaradıcılığını “məsuliy­yət­lə qorunmaq və şəkildəyişkənliyinə uğramaqdan uzaq tutmaq” bir kredo­ya çevrilməlidir.

 

ƏDƏBİYYAT:

  1. Üzeyir Hacıbəyov Ensiklopediyası. Azərbaycan Mədəniyyətinin Dostları Fondu. B.: Şərq-Qərb, 2007, 264+16 s.
  2. Qarabağlı S. Şərqin 100 yaşlı ilk operettası – “Ər və arvad”: Üzeyir Hacıbəyov-125 // “Xalq” qəzeti, 2010, 6 iyun,  N 121.  5
  3. Üzeyir Hacıbəyov. Elektron dərs vəsaiti. “O olmasın, bu olsun. Mühazirəni təqdim edir müəllif – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədiCəmilə Həsənova. URL:http://ders.musigi-dunya.az/meshadi_lecture.html

 

Арслан НОВРАСЛИ

Преподаватель АНК

ОБ ИСТОРИИ СОЗДАНИЯ ОПЕРЕТТЫ УЗЕИРА ГАДЖИБЕЙЛИ «НЕ ТА, ТАК ЭТА»

Резюме

Оперетта У.Гаджибейли «Не та, так эта» – второе произведение в названном жанре, в которой раскрывается социально – бытовые отношения того времени. Все 3 оперетты композитора являются шедеврами национальной музыкально-сценической классики.

 Ключевые слова: У.Гаджибейли, оперетта, драма

 

 

 

Arslan NOVRASLI

Lecturer of ANC

ABOUT THE HISTORY OF UZEYIR HAJIBEYLI `S OPERETTA «IF NOT THAT ONE,

THEN THIS ONE»

Summary

U.Hajibeyli`s operetta “If not that one, then this one” is the second piece in this genre where was disclosed social relations of that time. All of three operettas are considering as  masterpieces of the national classic music.

Key words: U.Hajibeyli, operetta, drama

 

Rəyçilər:

professor Məmmədağa Kərimov;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Novruzov.

Mövzuya uyğun