AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Samir ŞAHBƏDDİNOV

AMK-nın doktorantı

 

S.Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün 1 nömrəli konsertində muğam ifaçılıq üsullarının təzahürü

 

Açar sözlər: Tar, musiqi, muğam, konsert, orkestr

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan bəstəkar Süleyman Ələsgərovun zəngin yaradıcılıq irsində xalq çalğı alətləri orkestri üçün müxtəlif janrlı instrumental əsərlər mühüm yer tu­tur. Özünəməxsus milli xüsusiyyətlər və üsluba malik olan bu əsərlər bəs­­təkarın yaradıcılığında digər sahələrdə olduğu kimi tükənməz xalq mu­­­siqisindən bəhrələnir. Səlis və eyni zamanda rəngarəng musiqi dili ilə fərqlənən xalq çalğı alətləri orkestri üçün “Sözsüz mahnılar”, “Qarabağ təranələri” rapsodiyası, kamança ilə xalq çalğı alətləri orkestri üçün “Skertso”, “Tarantella”, tar ilə orkestr üçün “Daimi hərəkət”, qanun ilə orkestr üçün  poema, eləcə də tar ilə orkestr üçün konsertlər Azərbaycan xalq musiqisinin qaynaqları ilə sıx əlaqəli peşəkar musiqimizin maraqlı bir səhifəsini təşkil edir.

Bütün yaradıcılıq fəaliyyəti boyu xalq çalğı alətləri orkestri ilə bağlı olan Süleyman Ələsgərov böyük sənət dünyasına tar aləti ilə gəlmiş ba­ca­rıqlı və səriştəli bir ifaçı kim yetişərək Azərbaycan Dövlət Tele­viziya və Radio verilişləri şirkətinin xalq çalğı alətləri orkestrində əvvəl tarzən, sonra isə bir neçə il dirijor vəzifəsində çalışıb. Bu, bəstəkarın bir çox xalq çalğı alətlərinə hərtərəfli bələd olmasına təkan vermişdir. Bəs­tə­kar bu alət­lərin xüsusiyyətlərini öyrənərək, bütün yaradıcılığı boyu onlar üçün böyük səylə maraqlı repertuar üzərində işləmişdir.

Süleyman Ələsgərovun xalq çalğı alətləri orkestri üçün yaratdığı zən­gin əsərlər sırasında tar ilə orkestr üçün konsertlər xüsusilə seçilir. Bəs­tə­kar tar üçün bəstələdiyi 1 və 3 nömrəli konsertlərini xalq çalğı alətləri or­kestri üçün bəstələyib.

2 saylı konsert (tarzən R.Quliyevə həsr olunub) əvvəlcə simfonik or­kestr üçün yazılmış (1982), bir il sonra isə Azərbaycan xalq çalğı alətləri orkestri üçün köçürülmüşdür. Hər üç konsertdə tarın bədii – texniki im­kan­ları, bu alətdə ifaçılıq mə­də­niyyəti əks olunub klassik forma ilə xalq musiqisinin gözəl vəhdəti nü­mayiş etdirilmişdir.

S.Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı konserti 1972-ci ildə tamamlanmış və 1973-cü ildə görkəmli tarzən, respub-likanın əməkdar artisti Əhsən Dadaşov və Teleradio şirkətinin xalq çalğı alətləri orkestri tərəfindən ifa olunmuşdur. Qeyd etməliyik ki, bu konsert Əhsən Dadaşova həsr edilib.

Tarın tembr regist çalarlarının ifa üsullarının geniş tətbiqi ilə yanaşı bu konsertdə xalq çalğı alətləri orkestrinin ahəngdar səslənməsi də özünə geniş yer tapır.

Tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı konsert yaranana qədər Süleyman Ələsgərov bu orkestr üçün “Rəqs”, “Tarantella” (1941), “Cən­gi”, “Yallı”, “Qaytağı” (1942), “Marş” (1944), “Çahargah” (1954) əsər­lə­ri­ni bəstələmişdi. 1956-cı ildə yaranan tar ilə fortepiano üçün sonatina da tar ifaçılığı üçün səciyyəvi olan rəngarəng ştrixlər məharətlə tətbiq edi­l­mişdi.

  1. Ələsgərov konsert janrında ilk dəfə 1947-ci ildə öz qələmini sına­yıb. Be­lə ki, onun violençel, fortepiano və simfonik orkestr üçün bəstə­lə­di­yi ikiqat konserti milli konsert janrının inkişafında müəyyən rol oyna­mış­dır. Çox maraqlı bir faktı da qeyd etməliyik ki, Süleyman Ələsgərov həmin dövrdə bəstələdiyi “Bayatı-Şiraz” simfonik muğamında bəstəkar xalq musiqisindən, muğamdan bəhrələnərək kamil və dolğun formalı bir əsər yaratmağa nail olmuşdur. Beləliklə bəstəkarın xalq çalğı alətləri or­kestri üçün pyesləri, tar üçün yazılan sonatinası, eləcədə “Bayatı-Şiraz” simfonik muğamında əldə edilən tapıntılar, xalq musiqisinin müx­təlif qaynaqlarından bəhrələnmə sahəsindəki axtarışları nəticəsində tar ilə xalq çalğı alətləri orkestri üçün 1 nömrəli konsert yaranıb ərsəyə gəlmişdi.

1 nömrəli konsert əlvan musiqi obrazları, parlaq musiqi koloriti ilə fərq­lənir. Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən Süley­man Ələsgərov öz konsertində milli məqam intonasiya xüsusiyyətlərini klas­sik funksional sistemlə qovuşdurur. Bəstəkar xalq musiqisinə yaradıcı­ münasibətini nümayiş etdirir.

Azərbaycan bəstəkarlarının muğama əsaslanaraq öz yolunu tapmağın məhz Ü.Hacibəyli yaradıcılığından qaynaqlandığını bir sıra elmi tətqiqatlarında ardıcıl araşdıraraq, təhlil edən musiqişünas, professor Cəmilə Həsənova belə bir fikri vurğulayır: “Milli musiqimizin klassiki Üzeyir Hacıbəyov öz məqalələrində qeyd edirdi ki, xalq musiqi­sindən və muğam sənətindən xalqın arzularını, düşüncələrini, həyata, dün­yaya baxışını, sənətkarlıq sirlərini öyrənmək və bundan yaradıcılıqla faydalanmaq lazımdır. Çünki xalq musiqi sənətinin əsasını təşkil edən cid­­di qayda-qanunlara riayət olunması bəstəkar fantaziyasına qol-qa­nad verir (5, s. 150).

Süleyman Ələsgərov Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı kimi tar ilə xalq çalğı alətləri orkestri üçün 1 nömrəli konsertində xalq musiqi­sin­dən yaradıcılıqla bəhrələndiyini nümayiş etdirir.

1 nömrəli konsert ənənəvi klassik formadadır, üç hissədən ibarətdir: Bi­­rinci hissə Allegro con fuoco (a – moll), ikinci hissə Andante cantabile (b – moll – f – moll), üçüncü hissə Allegro moderato (a – moll). Birinci his­sə nikbin ruhlu olub, canlı və dinamikdir, sonata formasındadır. İkinci hissə konsertin lirik mərkəzidir. Bəstəkarın “Sözsüz mahnıları”na obraz baxımından yaxın olan bu hissə mürəkkəb üçhissəli formadadır. Tən­tə­nə­li və gümrah xarakterli üçüncü hissə nikbin obrazlardan qurulur. Bu hissə rondo-sonata formasındadır. Burada rəngarəng obrazlar bir-birini əvəz­­ləyir.

Konsertdə xalq musiqisinin, rəngarəng janrlarının, muğam ifaçılığının bir sıra xüsusiyyətləri öz təzahürünü tapıb. Burada konkret mövzuların lad əsasları səciyyəvi xüsusiyyətlərə malikdir. Mövzuların inkişafında mu­­ğam­­lardakı inkişaf üsulları ilə bağlı müəyyən qanunauyğunluqlar mey­dana çıxır. Forma quruluşunda ladın formayaradıcı xüsusiyyətləri özü­nü büruzə verir.

Konserin birinci hissəsi qısa və yığcam iki xanəli girişlə açılır. Sadə üçhissəli formada qurulan əsas mövzu şur məqamına əsaslanır. Lya mayəli şur məqamı üzərində qurulan mövzuda ladın VIII pil­lə­si­nin yarım ton bəm­ləş­miş alterasiyalı növü “Şur” muğamının “Şur-Şah­naz” şöbəsinin xü­su­siyyətindən irəli gəlir. “Şur-Şahnaz” da VIII pillə ya­rım ton bəmləşir, IX pillə isə yarım ton zilləşir. (Musiqi nümunəsi № 1)

konsert

Sadə üçhissəli formada qurulan mövzunun orta bölməsini orkestr ifa edir (3-5). Burada mövzu hümayun məqamında səslənir (Do mayəli hü­ma­yun). Beləliklə, iki lad arasında maraqlı uyğunlaşma yaranır. Yəni şurun al­terasiyalı şəkli “hümayun”un səs sırası ilə uyğunlaşır. Bəstəkar bu uy­ğunluğu çox məharətlə duyaraq tətbiq edir.

Konsertin birinci hissəsinin köməkçi mövzusu (d moll, Andante con moto) əsas mövzu ilə obraz, temp və lad baxımından təzadlıdır. Köməkçi mövzu şüştər ladına əsaslanır. Əvvəlcə orkestrdə səslənən əsas mövzu (6) sonra solistin ifasına keçir. Axıcı, lirik xarakterli mövzu muğamda ol­du­ğu kimi vahid rüşeymdən yetişərək inkişaf edir. Melizmlərlə zəngin olan melodiya şüştər ladında başlayıb, segah ladına modulyasiya edir. (re – şüştər – fa#– segah)

Musiqi nümunəsi № 2

Re – şüştər

sustər

Fa # segah

segah

Burada şüştər məqamı ilə “Segah”ın alterasiyalı şəkli arasında uy­ğunluq yaranır. Segah məqamında VII pillənin bəmləşməsi və VIII pil­lə­nin yarım ton zilləşməsi nəticəsində şüştər ondan böyük tersiya yuxarı yerləşən alterasiyalı segah ladlarının səs sırası arasında uyğunluq ya­ra­nır.

Bu xüsusiyyət bir sıra xalq musiqisi nümunələrində də müşahidə edi­lir. Məsələn: “Segah” muğamında ifa olunan “Müxalif” rənginin başlan­ğı­cı mi  segah, orta hissəsi isə do şüştər tonallığında verilir.

Musiqi nümunəsi № 3

konsert3

S.Ələsgərovun konsertinin birinci hissəsinin işlənmə bölməsində də melodiya şüştər ladından segaha modulyasiya edir. (13-14 )

Xalq musiqisinin ifaçılıq üsulları, melodik və lad-intonasiya xüsu­siy­yətləri konsertin birinci hissəsinin kadensiyasında daha parlaq şəkildə tə­za­hür edir. Musiqişünas E.Babayev bu kadensiyanı belə səciyyələndirir: “Konsert janrı üçün səciyyəvi olan kadensiya bəstəkarın tar konsertində tamam başqadır. Onu texniki imkanların nümayişindən daha çox tarın mo­noloqu adlandırmaq olar (7, s.10).

Konsertin işlənmə bölməsinin sonunda şüştər ladından eyniadlı baya­tı­-şiraz məqamına keçid baş verir. Sonra bayatı-şiraz məqamı üzərində ka­densiya başlanır.

Musiqi nümunəsi №4.

konsert

Melodiya qısa anda şur ladına modulyasiya etdikdən sonra segah mə­qa­mı üzərində kadensiyanın ikinci bölməsi başlanır. Burada “Haşım se­ga­hı” muğamının intonasiyaları səslənir və zəng simlərdə çalğı üsulu tət­biq edilir.

Musiqi nümunəsi №5.

konsert5

Kadensiyanın üçüncü bölməsi (Andante) “Çahargah” muğamının “Hi­sar” şöbəsinin intonasiyaları üzərində qurulub (yəni sol mayəli çahargah). Burada melodiya muğamda olduğu kimi zildən bəmə enir və variant – sek­vensiya üsulu ilə inkişaf edir. Çahargah məqamı üzərində qurulan böl­mə­də də zəng simlərdə çalğı üsulu tətbiq olunur. Ümumiyyətlə, ka­den­siyanın segah və çahargah məqamları üzərində qurulan bölmələri instru­men­tal muğam üçün səciyyəvi olan gəzişmə bölmələrini xatırladır. Mu­ğa­mın gəzişmə bölmələri sekvensiyalı inkişafa əsaslanır burada “sekven­si­ya daxilində sekvensiya” verilir. Yəni ladın müəyyən pərdələri əhatəyə alı­nır, müəyyən melizmatik fiqurlar əvvəlcə kiçik özəklərlə sekvensiya şək­lində təkrar olunur. Bu sekvensiyalar enən istiqamətə malikdir. Daha son­ra “özəklər” (“rüşeym”) qrup halına salınaraq, sekven­siya kimi təkrar edi­lir (kadensiyanın 23-37-ci xanələri). Bu bölmədə melodiya muğamda olduğu kimi variant şəklində inkişaf edir.

Kadensiyanın ikinci və üçüncü bölmələri segah və eyni mayəli ça­har­gah məqamlarının dinamik qovşağıdır. Bütövlükdə kadensiyanın məqam-tonal inkişaf sxemi belədir:

Mib bayatı-şiraz – Sib şur – sol segah – sol çahargah.

Bəstəkar kiçik bir kadensiyada müəyyən modulyasiyaşəbəkəsi yaradır. Məqamların sıx qarşılıqlı tabeçiliyi və intonasiya bağlılığı zəminində mü­əy­yən ölçüyəsalma səddi yaranır. Hər bir ladın spesifik intonasiya zo­nası va­sitəsilə maraqlı keçidlər edilir, əvvəlki tonika inkar olunur. Ba­yatı-şi­raz məqamından şura keçərkən “düyün” bağlanır və nəticələnir.

Musiqişünas R.Məmmədova “Muğam – sonata qovşağı” tədqiqat əsə­rində yazır: ”Muğam – instrumental və vokal-instrumental janrdır (dəst­gah və ritmik muğamlar onun növ müxtəlifliyinə aiddir). Bu janrların əsa­sında birincisi – daxilən inkişaf etmiş zəngin xalq musiqisi janrları, ikincisi – bunların hər dəfə yeniləşən təkrarları dayanır.

“Azərbaycan (geniş mənada Şərq) musiqisinin spesifikası isə ciddi lad əsasları üzərində qurulan konkret tematik intonasiyalaşdırma sahəsində axtarılmalıdır” (6, s.11).

S.Ələsgərovun konsertinin timsalında bütün bunların şahidi oluruq. Xü­susən birinci hissənin kadensiyasında milli təfəkkür – musiqi ma­te­ri­a­lı­nın muğam inkişaf prinsipi özünü büruzə verir. Konsertin birinci hissəsi məqam baxımından çox zəngindir. Burada rast məqamından başqa bütün ladlar tətbiq edilir. Aparıcı məqamlar şur, şüştər və segahdır.

Konsertin ikinci hissəsi Andante cantabile birinci hissəsinin köməkçi mövzusunun lirik obrazlar dairəsini davam etdirir.

Andante cantabile (b moll) bəstəkarın sözsüz mahnılarını xatırladır. Heyrətamiz nəfis və zərif melodik üslub, koloritli harmoniyalar bu hissəyə xüsusi rövnəq verir. Mürəkkəb üçhissəli formanın birinci bölməsində bayatı-şiraz məqamından şüştər məqamına modulyasiya baş verir. Çahar­gah məqamına əsaslanan orta bölmədə aşıq musiqisinin xüsusiyyətləri nə­­zərə çar­pır. S.Ələsgərovun xalq çalğı alətləri orkestri üçün yaratdığı müxtəlif janrlı instrumental əsərləri araşdıran tədqiqatçı M.Qafarova ya­zır: “Orta bölməni dinlədikcə bizim gözlərimiz önündə iki aşığın deyiş­məsi can­lanır. Müəllif belə deyişməni orkestr və solist arasında aparır” (1, s. 123).

Konsertin ikinci hissəsinin orta bölməsi məqam-tonal inkişaf baxı­mın­dan zəngindir: (çahargah – segah – şüştər). Bayramsayağı, nikbin ruhlu final (a moll) rondo–sonata formasın­da­dır. Burada xalq musiqisinin instrumental muğamların bir sıra xüsusiy­yət­ləri tətbiq olunmuşdur.

Şur məqamına əsaslanan refren mövzusundan sonra verilən segah üzə­rin­də qurulan birinci epizodda “Qarabağ şikəstəsi”nin intonasiyaları ve­ri­lir (xanə 33-38). Orkestrin ritmik formulunun müşayiəti zərbi muğamla bən­zəyiş yaradır. Refrenə qayıdış (62) “Segah” muğamının “Şikəsteyi-fars” şöbəsinin intonasiyalarına əsaslanır. İkinci epizoda (Piu mosso) ke­çid şur məqamından “Şüştər” muğamının “Tərkib” şöbəsi vasitəsilə baş ve­­rir. İkinci epizodda (Meno mosso – “Şüştər”in “Tərkib” şöbəsi) solisti orkestrin ostinat ritmik fiqurları müşayiət edir. Bu, bir növ zərbi muğamı xatırladır.

Konsertin melodik üslubunda melizmlərə geniş yer verilir. Birinci his­sə­nin köməkçi mövzusu, eləcə də üçüncü hissənin birinci epizodunun me­lizmləri lal barmaq üsulu ilə ifa edilir. Maraqlı bir ştrix ikinci hissənin başlanğıc mövzusunda rast gəlinir. Burada melodiyada glissando tətbiq edilir. Belə glissando – sürüşmə muğam ifaçılığında təsadüf edilir.

 

ƏDƏBİYYAT:

  1. Qafarova M. Bəstəkar Süleyman Ələsgərov və xalq çalğı alətləri orkestri. Dərs vəsaiti. B.: ADPU, 2012, 226 s.
  2. Quliyev S. Süleyman Ələsgərovun tar ilə xalq çalğı alətləri orkestri üçün konserti (Metodik tövsiyələr). B.: 1982, 24 s.
  3. Xəlilov V.C. Süleyman Ələsgərov. B.: İşıq, 1985, 64 s.
  4. İsmayılov M.C. Azərbaycan xalq məqamlarının qohumluq münasi­bət­lə­ri haqqında. // Azərbaycan Dövlət Konservatoriyasının Elmi Xəbər­lə­ri, 1972, № 9, s. 5-43.
  5. Həsənova C.İ. “Leyli və Məcnun”operası Üzeyir Hacıbəyovun lad nəzəriyyəsinin təşəkkülündə ilkin mərhələ kimi – “Musiqi dünyası” jurnalı. 2008, 2/35, s. 150-153.
  6. Məmmədova R. Muğam – sonata qovşağı. B.:İşıq, 1989, 128 s.
  7. Babayev E.Ə. Süleyman Ələsgərov. B.: Azərnəşr, 1982, 29 s.
  8. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin məqam və muğam nəzə­riy­yəsinə dair elmi-metodik oçerklər. B.: Elm, 1991, 117 s.

 

 

Самир ШАХБЕДДИНОВ

Докторант АНК

ИСПОЛЬЗОВАНИЕ  ПРИЕМОВ МУГАМНОГО ИСПОЛНИТЕЛЬСТВА В 1-OМ КОНЦЕРТЕ ДЛЯ  ТАРА И ОРКЕСТРА НАРОДНЫХ ИНСТРУМЕНТОВ СУЛЕЙМАНА АЛЕСКЕРОВА

 Резюме

 Творчество видного деятеля Азербайджанской культуры, народ­ного артиста Азербайджанской Республики, лауреата государст­венной премии, обладателя «Ордена Славы», профессора Сулеймана Алескерова богато по своему наследию.

Объектом исследования данной статьи является Концерт №1 для тара и оркестра  народных инструментов С. Алескерова, написанный  в 1972-м году.  В 1973-м году произведение было исполнено известным таристом Ахсаном Дадашевым, которому и посвящен данный концерт.  В статье концерт анализируется с позиции претворения приципов мугамного исполнительства.

Ключевые слова: тар, музыка, мугам, концерт, оркестр

 

Samir SHAHBEDDINOV

post-graduate student of ANC

POSSIBILITIES OF USING SAMPLES OF THE MUGAM IN PERFORMANCE OF THE FIRST CONCERT OF S.ALESGEROV FOR TAR WITH ORCHESTRA OF FOLK INSTRUMENTS

Summary

Benefiting by inexhaustible folk music activities of a notable representative of Azerbaijan Music Culture, People`s artist, with Order of Glory, State prize – winner, professor S.Alesgerov are very rich.

The First concert of S.Alesgerov for tar with the Orchestra of Folk Instruments completed on 1972 and on 1973 performed by tar player,Honoured artistAhsanDadashov and the Orchestra of Folk Instruments of Teleradio Company. This concert devote to AhsanDadashov.

Here were applied some of characters instrumental mughams of folk music.

Key words: Tar, music, mugham, concert, orchestra

 

Rəyçilər:

xalq artisti, professor Ağaverdi Paşayev;

dosent Səbuhi Cəfərov

Mövzuya uyğun