AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2017

Ağahüseyn Anatolluoğlu

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

AMK-nın baş elmi işçisi

Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

E-mail: agahuseyn.abbas@gmail.com

UOT 781,7                                                                                     

  TAR ALƏTİNİN ÖLÇÜ MEYARLARI

Mirzə Sadıq Əsədoğlunun (Sadıqcanın) anadan olmasının 170 illiyinə həsr olunur. 

endir

PDF

Xülasə: Məqalədə tar alətinin daha gözəl və şəffaf səslənməsini təmin edən dəqiq ölçü vahidlərinin, yəni ölçü meyarlarının vacibliyi və əhəmiyyətindən söhbət açılır.

Açar sözlər: ölçü, tar, səs, rekonstruksiya, tembr, akustika, muğam, rəng, təsnif, diringə

Ölçü – bütün kainat üçün, onun mövcudatı, inkişafı və təkamülü üçün vacib olan, özündə fəlsəfi mahiyyət daşıyan bir anlayış olaraq, bütün sahələrdə kəmiyyət və keyfiyyəti şərtləndirən əsas amillərdəndir. Təkcə təbiətdə deyil, insanın yaratmış olduğu ən ibtidai əmək və məişət, ov alətlərinin də yararlığı, istifadə üçün əlverişli  olması məhz ölçü vahidlərinin düzgün seçilməsi ilə əlaqədardır. Ən kamil hesab edilən ölçü vahidləri isə ölçü meyarı kimi dəyərləndirilir.

tar

İnsan təxəyyülünün və idrakının məhsulu olan bütün əşya və cismlərdə olduğu kimi, musiqi alətləri də yarandıqları gündən daim təkmilləşməyə, rekonstruktiv dəyişikliklərə məruz qalaraq böyük bir inkişaf yolu keçmiş, insanın bu və ya digər tələblərinə uyğunlaşdırılmışdır. Üzərində ən çox islahatlar aparılmış, müasir dövrdə mütərəqqi bir musiqi aləti olaraq öz münfərid imkanlarına görə Avropa və Şərq musiqisini gözəl və yetərincə ifa etməyə imkan verən Azərbaycan tarı hələ bu gün də müxtəlif təcrübələrə, rekonstruktiv dəyişikliklərə məruz qalır. Əgər bu alət yuxarıda söylədiyimiz kimi zaman-zaman dəyişərək bu gün öz inkişafının zirvəsini yaşayırsa, bəs onda hansısa təcrübə və islahatların aparılmasına səbəb nədir?

Bu bir faktdır ki, hər bir ifaçını ilk növbədə alətin səsi maraqlandırır. Əgər alətin səsi gözəldirsə, ifaçını qane edirsə, daha sonra alətin digər cəhətlərinə nəzər yetirilir. Təcrübədən məlumdur ki, bu əsas cəhət alətin digər qüsurlarını kölgədə qoyur. Musiqi alətini yaxşı tanıyan, onun imkanlarına bələd olan şəxs məhz ifaçı olduğundan, alətdə olan çatışmazlıqları da ilk növbədə o duyur və hiss edir. Onları aradan qaldırmaq üçün ilkin fikirlər də məhz ifaçılarda yaranır. Sənətkarlıq qabiliy-yətlərinə görə bəzən ifaçılar özləri buna təşəbbüs göstərir, bir çoxları isə ustalara müraciət edirlər.

Səsin düzgün və gözəl alınması, akustik tembrin şəffaf və səlistliyi ilk növbədə alət quruluşunun ölçü meyarları ilə bağlıdır. Alət quruluşunun ölçü meyarları dedikdə isə alətin ən kiçik bir hissəsinin özlüyündə, habelə hissələrin bir-birlərinə olan nisbət  ölçülərinin toplusu başa düşülür. Konstruksiyaların düzgün, çanaq boşluğunun dürüst yonulması gələcəkdə alətin səsinə və tembrinə bilavasitə təsir edir. Qeyd edək ki, alətin səs və tembri bu gün olduğu kimi, ən qədim zamanlarda da insanları düşündürmüşdür. Biz bu fakta dahi Azərbaycan şairi N.Gəncəvinin “İsgəndərnamə” əsərində rast gəlirik. Dahi mütəfəkkir iki misra ilə bunu belə izah edir:

Səhnənin günbəzi düzgünsə əgər,

Orda tarımsız tel də gözəl səs verər (2, s. 71).

Tar alətinin ölçü meyarlarını müəyyənləşdirmək üçün alət ilə onun ifaçısının qarşılıqlı münasibətinin müxtəlif cəhətlərinə diqqət yetirək:

  1. 1. İfaçılıq və alətin imkanları dedikdə hər hansı bir alətə şüurlu yanaşmanın – yəni, ifaçının yaradıcı münasibəti və bu prosesin gerçəkləşməsi üçün alətə məxsus maksimum imkanlar, mövcud şəraitlər toplusu başa düşülür.
  2. Bir-birinə qarşılıqlı təsir: alətin səs, tembr, diapazon, quruluş, struktur və s. ifaçılıq imkanları ifaçıda müəyyən estetik dünyagörüşü, estetik zövq, düşüncə tərzi formalaşdırır, onda alətə qarşı müəyyən fikir yaradır. Məsələn, əgər alətin səthi nahamardırsa onu hamarlamaq, simləri, yaxud üzü köhnəlibsə dəyişmək, aşıxları kök saxlamırsa yenisilə əvəz etmək. Həmçinin alət gözəl səsli və ahənglidirsə, ələ yatım-lı, yüngül və bütün göstəriciləri yerindədirsə ifaçıda xoş ovqat, yaradıcılıq eşqi və ilham yaradır. Demək, təkcə ifaçı deyil, həm də ifa etdiyi alət sənət nöqteyi nəzərdən “ruhu” olan varlıq kimi qiymətləndirilə bilər. Əgər kamil alət ifaçı üçün böyük nemətdirsə, nöqsanlı, yararsız alət isə onun zövqünü korlayan, onun ifaçılıq imkan-larını məhdudlaşdıran, onu həvəsdən salan bir vasitədir. Bu cəhətə dahi alman bəstəkarı Robert Şuman (1810-1856) böyük diqqət yetirmiş, özünün “Musiqiçilər üçün həyati qaydalar” toplusunda dəyərli məsləhət vermişdir: “Lal klaviatura deyilən alət icad etdilər: bir qədər çalmaq kifayətdi ki, onun tam yararsız olduğunu anlayasan. Laldan danışmağı öyrənmək mümkün deyil” (4).
  3. Biri digərini inkişaf etdirən dedikdə, ifaçının daxili istedad və potensialını üzə çıxarmaq üçün alətə yaradıcı yanaşma, yeri gəldikcə onun səs, ifa, tembr, texniki göstərişlərini genişləndirməkdən ötrü ümumi struktura xələl gətirmədən rekonstruktiv dəyişiklik və əlavələr etməklə, eyni zamanda ifaçılıq manera və keyfiyyətlərinin zənginləşməsinə səbəb olan münasibət başa düşülür.
  4. Biri digərinin inkişaf yollarını müəyyənləşdirən söyləyərkən əvvəlki cəhətlər daxil olmaqla bərabər, burada alətin öz imkanları ilə öz ifaçısına bir növ “diqtə” etdiyi ifaçılıq şəraiti və bu şəraitə uyğun inkişaf yolları, digər tərəfdən isə ifaçının əldə etdiyi ifaçılıq imkanları, təxəyyülü, yaradıcı münasibəti ilə alətin imkanlarını dəyişə bilən rekonstruktiv əlavə və dəyişikliklər başa düşülür.
  5. Biri digərsiz mümkün olmayan vəhdət məhfumlar söylədikdə isə sırf yaradıcılıq və sənət nöqteyi nəzərindən alət ifaçısız, ifaçı isə alətsiz sanki yarımçıq, biri-digərinə gərəkli olan məhfumlar kimi qəbul olunmalıdır.

sad-qcan

Tar üzərində aparılan ən böyük inqilabi islahatlar  XIX əsrdə yaşamış ustad tarzən, virtuoz sənətkar Mirzə Sadıq Əsədoğluna aiddir. Bildiyimiz kimi, XIX əsrdə Azərbaycanda bir sıra tar ifaçıları olmuş və onlar tarı gördükləri kimi qəbul edərək ifa etmişlər. Bəs onda Sadıqcanda tarda islahatların edilməsi fikirlərinin meydana gəlməsinə hansı mühit və şərait səbəb olmuşdur? Bu şəraiti doğuran bəzi subyektiv və obyektiv səbəblər üzərində dayanaq:

– Əvvəla, hər bir alətin təkmilləşdirilməsi bilavasitə ona olan tələbatla əlaqəlidir. Demək, musiqi alətləri də onda ifa edilən musiqilərin daha kamil və dolğun olması, zaman-zaman meydana gələn daha çətin və virtuoz ifaçılıq tələb edən əsərlərin ifası üçün təkmilləşmələrə məruz qalmışlar.

  • O dövrdə ifa edilən muğamlar, rəng və təsniflər, hətta diringə və oyun havaları da tələb olunan dəyişikliklərə zərurət yaradırdı.

– Sadıqcan özünə daim tənqidi yanaşan, öz üzərində yorulmadan çalışan bir sənətkar olmuşdur. Təkcə bircə fakt onun sənət aləmində tərəqqisinə bariz nümu-nədir. Belə ki o, ilk öncə tütək və ney çalmağı öyrənmiş, daha sonralar kamança ifa etmiş, özünü, potensial imkanlarını məhz tar çalmaqla təsdiq etmişdir. Özünü bu qədər dəyişə bilən adam gələcəkdə mütləq ifa edəcəyi aləti də dəyişməli, onu inkişaf etdirməli idi.

– Digər bir səbəb, Sadıqcan öz dövrünün virtuoz ifaçısı olaraq təkcə Şuşada deyil, Azərbaycan və onun hüdudlarından kənarda bir sənətkar kimi tanınır və sevilirdi. Onun bu virtuozluğu ona qədərki deyil, məhz böyük zəhmət bahasına ərsəyə gətirdiyi tarla mümkün olmuşdu.

– O dövrdə Azərbaycanın bir sıra şəhərlərindəki musiqi məclislərinin sənət-karlar üçün əsl ifaçılıq yarışı, sənət meydanı olduğundan, hər bir sənətkar burada qeyri-adi ifaçılığı ilə öz sənət rəqiblərini üstələməyə çalışırdı. Əlbəttə ki, öz ifaçılıq imkanlarını artırmaq istəyən bir sənətkar bunun üçün alətin ifa imkanlarını da genişləndirməli idi. Məhz bu kimi səbəblər Sadıqcanı tarda əsaslı dəyişikliklər etmək zərurətilə üz-üzə qoymuş və o, bunun öhdəsindən böyük bacarıqla gəlmişdi.

Onu təkcə virtuoz ifaçılıqda və tarın təkmilləşdirilməsində novator sənətkar adlandırmaq zənnimizcə az olardı, çünki o, bunlarla yanaşı istedadlı bir bəstəkar kimi rənglər, oyun havaları, rəqslər bəstələmiş, muğamlara müəyyən guşələr və gəziş-mələr əlavə etmiş, pedaqoq-tarzən kimi tar ifaçıları yetişdirmiş, alət ustası kimi şəyirdlər ərsəyə gətirmiş, bacarıqlı təşkilatçı kimi o vaxtlar Şuşada keçirilən musiqili tamaşalara quruluş vermiş və bu tamaşalarda ifaçı kimi iştirak etmişdir. O, muğam-larımızı və onların daxili qanunauyğunluqlarını dərindən bilir, muğamdan-muğama, şöbədən-şöbəyə, məqamdan-məqama böyük ustalıqla keçərdi. Bu baxımdan bir musiqişünas kimi onu eşidər, məsləhətini qəbul edərdilər.

Ancaq biz tədqiqatımıza uyğun olaraq onun yaradıcılığının şah əsəri olan rekonstruksiya olunmuş tar, daha doğrusu, bu “sirli” alətin ölçüləri üzərində dayan-maq istərdik. Şərq musiqi alətlərinin tacı olan tar ilə Avropa musiqi alətlərinin ən kamili olan violin ilə paralel müşahidə aparsaq görərik ki, hələ Orta əsrlərdə Avropada violin bir sıra alət ustalarının timsalında özünün ən böyük kamillik səviyyəsinə çatmış və onların düzəltdikləri alətlər öz ustalarının adları ilə yanaşı adlanaraq misilsiz sənət nümunələri kimi dünya mədəni irsinə daxil olmuşlar. XVI və XVII əsrlərdən başlayaraq avropada Nikkolo Amati (1596-1684 İtaliya), Antonio Stradivari (1644-1737 İtaliya), Andrea Qvarneri (1623-1698 İtaliya), Qaspara da Salo (1542-1609 İtaliya), Ştayner Yakob (1617-1683 Avstriya) kimi alət ustalarının düzəltdikləri violinlər öz möhtəşəmliyi, son dərəcə kamil hazırlanması ilə böyük şöhrət tapmış, digər ustaların düzəltdikləri alətləri üstələyərək onları kölgədə qoymuşdur.

XVIII əsrdə Avropanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən İtaliya, Fransa, Almaniya, XIX əsrin əvvəllərində Rusiyada artıq sənaye yolu ilə violin istehsal olunmuş, sex və manufakturalar müxtəlif ölçülü violin və bu ailədən olan alətlər istehsal etmişlər. Lakin hələ bu gün də yuxarıda adlarını çəkdiyimiz sənət-karların düzəltdikləri alətlərin “sirri” açılmamış qalır, o səviyyədə violinlər  ərsəyə gəlmir.

  Əvvəldə qeyd etdik ki, Sadıqcanın düzəltdiyi tar həm də gözəl akustik tembri ilə seçilirdi. O öz sağlığında Qənbər, Manas, sonralar Muxan kimi alət ustaları yetişdirmiş, bu sənət sirrini onlara öyrətmişdi. Bunlardan birincisi hələ Mirzə Sadığın sağlığında böyük şöhrət qazanmış və ustadı həmişə onun haqda “Sənətkarlıqda əsl müdəqqiq və mütəcəssis adam Qənbərdir!“ söyləyərək etiraf etmişdir. (3, s. 23). Qənbər təkcə tar deyil, kamança alətinin də ustası olmuş və ona Azərbaycanın müxtəlif yerlərindən sifarişlər gəlmişdir. Mirzə Sadıq tarının ölçü meyarları usta-şəyird münasibəti və sərbəst ölçüçıxarma yolu ilə tez bir zamanda bütün Qafqaza yayılmışdı. Əlbəttə, bu prosesdə müəyyən təhriflərin də meydana çıxması danıl-mazdır, yəni, hər bir usta bu yeniliyi qəbul edə bildiyi qədər mənimsəyərək yeni tarı düzəltməyə başlamışdır. Məhz bu səbəbdəndir ki, müxtəlif tarları nəzərdən keçirsək bütün ölçü göstəriciləri bir-birinin eyni olan iki tar tapa bilmərik. Əgər bu müqayisə müxtəlif sənətkarlar və bölgələr üzrə aparılarsa nə qədər böyük fərqlərin olduğu meydana çıxar.

Biz tədqiqatımızın əvvəlində qeyd etmişdik ki, hər bir alətin kamillik zirvəsi onun ölçü meyarları ilə sıx əlaqəlidir. Ona görə də sənətkarlarımızın istifadəsində olan belə alətlərin dəqiq ölçüləri öyrənilərək istehsala tətbiq olunmalıdır. Bu ölçülər isə təkcə alətin hissələri arasında deyil, alət səthinin hər kvadrat santimetrində gözlənilməli, ağac növü və onun xassələri, yapışqan və digər cəhətlər, hətta qəribə səslənsə də istehsal zamanı əhvali-ruhiyyənin də təsiri nəzərdə saxlanılmalıdır. Bütün bu proses böyük elmi və praktiki dəqiqliklə aparılmalı və artıq milli sərvətimizə çevrilən Azərbaycan Milli Konservatoriyasında bu istiqamətdə peşəkar kadrların da yetişdirilməsi həyata keçirilərsə bu, Mirzə Sadıq yadigarı olan müasir tarımıza, Azərbaycan musiqi mədəniyyətinə böyük tövhə olardı. Alətlərin istehsalı isə kütləviliyilə deyil, unikallığı, yəni hər bir professional ifaçının arzuladığı, onun istedad və potensialını üzə çıxarmağa imkan verən, nadir sənət nümunələri olmaları ilə seçilərsə, bu sahədəki məqsədimizə nail olmuş olarıq.

ƏDƏBİYYAT:

  1. Abbasov A. A. Pyeslər Məcmuəsi. :  Adiloğlu, 2005, 28 s.
  2. Gəncəvi N. İskəndərnamə (İqbalnamə, tərcümə: Mikayıl Rzaquluzadə). B.: Lider, 2004, 256 s.
  3. Quliyev V. Sadıqcan, B.: Şuşa, 2016, 238 s.
  4. Шуман Р. Жизненные правила для музыкантов (1850). Перевод с немецкого А.Г.Габричевского и Л.С.Товалевой URL: https://www.mmv.ru/gootenberg/schumann/schumann.htm

 

Агагусейн Анатоллуоглы

Доктор философии по искусствоведению

Главный научный сотрудник АНК

КРИТЕРИИ ИЗМЕРЕНИЙ ИНСТРУМЕНТА ТАР

Резюме: В представленной статье рассматриваются важность и значение критерии измерения, которые влияют на акустические возможности (чистота звучания) тара.

Ключевые слова: мера, тар, звук, реконструкция, тембр, акустика, мугам, рянг, тесниф

 

Aghahuseyn Anatolluoghlu

 

PhD of arts

Senior researcher of ANC

MEASUREMENT CRITERIAS OF INSTRUMENT TAR

Summary: This research is about the precise units of measurement which provide more beautiful and transparent sound of tar (about the importance and significance of measurement criteria)

Key words: size, tar, sound, reconstruction, timbre, acoustic, mugham, reng, classification, tesnif

 

Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova

sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə

 

Mövzuya uyğun