XIX-XXI əsrlərdə Azərbaycan muğam sənətinin təkamülünə dair
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
AMK-nın dosenti
XIX-XXI əsrlərdə Azərbaycan muğam sənətinin təkamülünə dair
Açar sözlər: muğam, ifa, konsert, segah
XIX əsrin II yarısından etibarən Azərbaycan muğamları yeni inkişaf mərhələsinə qədəm qoyur. XIX əsrin 80-cı illərinə qədərki dövrdə muğamlar əsasən, toy şənliklərində, musiqi məclislərində ifa olunur və bu muğamların ifasına vaxt baxımından heç bir məhdudiyyət qoyulmurdu. Dəstgahlar irihəcmli və bir neçə muğamdan ibarət kompozisiya şəklində bir neçə saat ərzində ifa olunardu. Amma bunu da qeyd etmək lazımdır ki, muğamların bu tərz ifası xanəndə və sazəndələrin ustalıq səviyyəsinin də əsas göstəricisi idi. Tanınmış tarzən, respublikanın xalq artisti Əhməd Bakıxanov öz xatirələrində yazır: “Bir zaman Seyid Şuşinski dörd saata qədər “Çahargah” muğamı oxuyurmuş” (4, s. 77).
Cabbar Qaryağdıoğlu |
İfa olunan muğamlar | Həcmi (dəqiqə ilə) |
Şahnaz | 3:01 | |
Orta Mahur | 3:10 | |
Manəndi-Müxalif | 2:43 | |
Mirzə Hüseyn segahı | 3:02 | |
Yetim segah | 3:12 | |
Vilayəti | 3:01 | |
Bayatı-Qacar | 3:26 |
Həmin illərdə muğamlar həmçinin teatr tamaşalarında fasilələr zamanı oxunmağa başlayır. Bu fasilələr qısa olduğu üçün ifa olunan muğamlara artıq müəyyən vaxt məhdudiyyəti qoyulmağa başlandı. Bu isə öz növbəsində muğam ifaçlığında yeni bir ifa tərzinin yaranmasına səbəb oldu. Konsert ifa tərzinin yaranması nəticəsində dəstgahlar həcmcə kiçildi və kompozisiya baxımından yeni formalar əmələ gəldi. Konsert ifa tərzi muğam ifaçılığına yeni baxış olmaqla yanaşı, muğamın həcmcə yığılmasına və yekunda muğam dəstgahlarının yeni quruluşda formalaşmasına gətirib çıxardı.
Bu haqda musiqişünas-alim, professor Məmmədsaleh İsmayılov qeyd edir: “Məlum olduğu kimi, muğamlar hələ qədim zamanlardan, əsas etibarı ilə vokal və vokal-instrumental əsərlər kimi yayılmışdır. Lakin bununla yanaşı, Azərbaycanda muğam bir instrumental əsər kimi də yayılmış və inkişaf etmişdir ki, bu da bir sıra muğamların çalğı alətlərində, xüsusilə tar və kamançada solo şəklində ifa olunması ilə bağlıdır. Muğamatın bir instrumental janr kimi inkişaf etməsi, onun xalq çalğı alətimiz tarda dəstgah şəklində ifa olunması ilə çox əlaqədardır” (3, s. 59).
Muğam ifaçılığında yeni bir formanın, ifa tərzinin yaranmasına təkan verən amillərdən biri də 1902-ci ildə ilk qrammofon vallarının işıq üzü görməsi oldu. Qrammofon vallarının ifa müddəti üç dəqiqədən bir az artıq olduğuna görə hər bir ifaçı və xanəndə muğamları verilən vaxt ərzində yeni kompozisiyada reqlamentə uyğun ifa etmək məcburiyyətində idi. Buna görə də qrammofon vallarına yazılan muğamlar bir-iki şöbə, təsnif və rəngdən ibarət olan birhissəli forma xarakteri daşıyır. Buna əyani misal olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə buraxılmış “Qarabağ xanəndələri” adlı alboma nəzər salmaq kifayət edər (məsələn: Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev və b.)
Keçəçioğlu Məhəmməd |
İfa olunan muğamlar | Həcmi (dəqiqə ilə) |
Çoban bayatı | 3:06 | |
Əraq | 3:05 | |
Hümayun | 3:15 | |
Yetim segah | 3:15 | |
Şüştər | 3:10 | |
Rəhab | 3:13 | |
Dəşti | 3:09 |
XX əsrin əvvələrində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” operası bu ifa tərzini bir növ tam təsdiqlədi. Üzeyir bəy “Leyli və Məcnun” operasında əsərin qəhrəmanlarının daxili aləmini, onların keçirdikləri hiss və həyəcanları tamaşaçıya daha da dolğun çatdırmaq üçün muğamlardan çox məharətlə istifadə etmişdir.
Beləliklə, Azərbaycan xalqının musiqi həyatına üzvi daxil olan muğamlarımız artıq bəstəkarların da maraq dairəsinə öz təsirini göstərməyə başlayır. 1930-cu illərə təsadüf edən muğamların ilk nota alınmış nümunələri muğamı bir incəsənət sahəsi kimi öyrənən elm adamları üçün ilk mənbə rolu oynayırdı. Muğamların nota alınması şifahi mənbələrə əsaslanır və buna görə də dəstgahların ifasını daha dəqiq və incəliyi ilə nota köçürmək üçün xüsusi üsullardan istifadə etmək bacarığı və böyük təcrübəyə malik olmaq lazımdır.
Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Zakir Bağırov kimi görkəmli bəstəkarlar “Rast”, “Zabul”, “Dügah” kimi muğamları fortepiano alətində ifa etmək üçün nota alıblar. Muğamların nota alınmasının əsas dəyərli xüsusiyyətlərindən biri də odur ki, bu nümunələr vasitəsilə müəyyən bir dövrdə ifa olunan eyniadlı muğam dəstgahlarının tərkib hissələrinin ardıcıllığında gedən dəyişiklikləri və şöbələrin sayında olan fərqləri üzə çıxarmaq mümkündür. Artıq 1960-70-ci illərdə bəstəkar Nəriman Məmmədov bu ənənəni davam etdirərək səkkiz muğam dəstgahı, o cümlədən, 1962-ci ildə “Çahargah”, “Hümayun”, “Bayatı-Şiraz”, “Şur” muğamlarını, 1963-cü ildə “Rast” və “Şahnaz” muğamlarını, 1965- ci ildə “Segah-Zabul” və “Rəhab” muğamlarını nota alır. Bəstəkarlıq məktəbinin ənənələrindən bəhrələnən muğam ifaçıları bu sahəyə təcrübə baxımından çox yaxın olduqlarına görə öz imkanları sayəsində xeyli işlər görüb.
Nümunə olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru, əməkdar incəsənət xadimi, kamança ifaçısı Arif Əsədullayevin 2003-cü ildə nota köçürdüyü “Bayatı Şiraz” və “Hümayun”, 2005-ci ildə “Rast” və “Çahargah”, 2006-cı ildə “Şur”, “Şüştər” və “Zabul-Segah”, 2009-cu ildə “Rast”, “Segah”, “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun”, “Zabul-segah” instrumental muğamlarına, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi, tarzən Əkrəm Məmmədlinin 2010-cu ildə nota aldığı “Rast”, “Bayatı-Qacar”, “Mahur-Hindi”, “Orta-Mahur”, “Şur”, “Hümayun”, “Rəhab”, “Şahnaz”, “Çahargah”, “Xaric-segah”, “Zabul-segah” və “Bayatı-kürd” kimi muğamların not nəşrini misal gətirmək olar.
Sovet hakimiyyəti illərində incəsənətə, yaradıcı irsə xüsusi diqqətin olması muğamın qarşısında geniş imkanlar açır. Musiqimizin tədris olunması üçün musiqi məktəbləri, texnikum və konservatoriya kimi tədris müəssələri yaradılır. Bu elm ocaqlarında xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə təhsil alan tələbələrə muğamları öyrənmək üçün xüsusi tədris proqramları işlənib hazırlanır. Proqramda nəzərdə tutulan muğamlar professional muğam ifaçılarının məsləhəti ilə tərtib olunur: “9 may 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərlik etdiyi Türk (Azərbaycan – V.Ə.) Musiqi Texnikumunda xalq çalğı alətləri şöbəsi üçün nəzərdə tutulmuş ilk dərs proqramı hazırlanıb. Bu proqramın yaradıcısı və təşkilatçısı Üzeyir Hacıbəyli olub. Musiqi Texnikumunun tar, kamança və muğamat sinifləri üçün proqramları 9 may 1925-ci il xalq çalğı alətləri şöbəsində müzakirə olunmuş və qəbul edilmişdir. Proqram həm birinci dərəcəli (ibtidai təhsil), həm də ikinci dərəcəli (orta təhsil) təhsil alan şagird və tələbələr üçün nəzərdə tutulmuşdur. Muğam üçün nəzərdə tutulmuş proqramda “Rast”, “Şur”, “Çahargah”, “Bayatı-Şiraz” və “Bayatı-İsfahan” “Hümayun”, “Mahur-Hindi”, “Rəhab”, “Segah-zabul”, “Dügah” və “Şüştər” kimi dəstgahların şöbələrinin siya-hısı verilir və tədris olunması məsləhət görülürdü” (5, s. 84).
Musiqi təmayüllü tədris müəssisələrinin artması, konsert fəaliyyəti üçün nəzərdə tutulan filarmoniyanın açılışı, tanınmış professional musiqiçi və xanəndələrin iştirakı ilə təşkil olunan konsertlər, yeni keyfiyyətli qrammofon vallarının buraxılışı, muğam festivallarının və müsabiqələrin keçirilməsi muğam ifaçılarının ustalıq səviyyəsinin artmasına və yaradıcı təxəyyülünün inkişafına böyük təsir göstərdi.
Muğamların yeni forması sayılan simfonik muğamların meydana gəlməsi muğam sənətinə fərqli bir baxış idi. Bəstəkar Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını, Niyazi isə “Rast” simfonik muğamını yazmaqla Azərbaycan muğamlarının dünya səhnəsinə yol açmasına təkan verdilər.
Simfonik muğamlar muğamın yeni konteksdə təqdimatı idi. Avropanın sayılıb-seçilən orkestrlərinin ifasında səslənən bu əsərlər Azərbaycan muğamının zirvədə olduğuna daha bir sübutdur. Bu sənət əsərləri bir növ Azərbaycan bəstəkarlıq məktəbinin ən böyük nailiyyətlərindən biridir desək, yanılmarıq.
Dövlətimizin muğam irsinə verdiyi dəyərli qiymətin sayəsində muğam sənətinin inkişafı bu gün də davam etməkdədir. Heydər Əliyev Fondunun prezidenti YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam müsabiqə və festivalları, Azərbaycan muğam irsinin disklərə köçürülüb albom şəklində buraxılması, Azərbaycan muğamlarının qorunması və təbliğ olunması sahəsində göstərilən ən böyük qayğıdır. Bu qayğı sayəsində muğamlarımız dili, mədəniyyəti müxtəlif olan xalqlarla ünsiyyət qurmaq üçün ən gözəl vasitəyə çevrilib.
ƏDƏBİYYAT:
- Hacıbəyov Ü.Ə. Secilmiş əsərləri. B.: Yazıçı, 1985, 650 s.
- Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm,1969, 248 s.
- İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: İşıq, 1985, 100 s.
- Bakıxanov Ə.M. Ömrün sarı simi (Məqalələr və xatirələr). Tərtibçilər: Tofiq Bakıxanov və Məmmədrza Bakıxanov. B.: İşıq, 1985, 78 s.
- Əbdülqasımov V.Ə. Azərbaycan tarı. B.: İşıq, 1989, 96 s.
- Məmmədov N.H. Rast və Şahnaz. B.: Azərnəşr, 1963, 65 s.
- 7. Əsədullayev A. İnstrumental muğamlar. B.: Adiloğlu, 2009, 168 s.
- 8. Məmmədli Ə. Azərbaycan muğamları (İnstrumental). B.: Azərbaycan, 2010, 328 s.
Доцент АНК
OБ ЭВОЛЮЦИИ АЗЕРБАЙДЖАНСКОГО МУГАМА В XIX — XXI ВЕКАХ
Резюме
В представленной статье рассмотрены причины сжатия объема Азербайджанских мугамов и формирование новой исполнительской концертной версии мугам-дастгяхов в конце XIX и в начале XXI веков.
Ключевые слова: мугам, исполнение, концерт, сегях.
Associate Professor of ANC
THE APPLY OF AZERBAIJAN MUGHAM ART IN THE NINETEENTH AND TWENTY FIRST CENTURIES AND EVOLUTION IN PERFORMING
Summary
The article deals with the reasons for the shortening of wide performinq of Azerbaijan muqams in size and their design in the form ofconcert stile performance and their areas of application during the period covering the end of the XIX and beginning of the XXI centuries.
Key words: mugham, performanse, concert, segah
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman Qəniyev