“Zabul Segah” muğamında bəzi variantlar
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
AMK-nın baş müəllimi
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT 781,1
“ZABUL SEGAH” MUĞAMINDA BƏZİ VARİANTLAR
Xülasə: Məqalədə “Zabul Segah” muğamının bəzi variantları, ondan istifadə üsulları öz əksini tapmışdır. Həm də “Manənd Hisar” və “Manənd Müxalif”ə izah verilmişdir.
Açar sözlər: “Zabul”, “Segah”, “Hisar”, “Oxşar”, məntiq, yaradıcılıq
Dünya musiqi mədəniyyəti xəzinəsinin bir hissəsi olan muğamlarımız əsrlərin süzgəcindən keçib bu günə qədər müxtəlif dəyişikliklərə uğrayaraq, cilalanaraq təkmilləşib musiqi dünyasında qabaqcıl mövqeyə malik sənət nümunəsinə çevrilmişdir. Muğamların ecazkarlığı onun daxilindəki quruluş, məntiq, səslərin məlahəti, musiqi cümlələrinin bir-biri ilə vəhdəti sayəsində yaranır. Bununla bərabər ifaçının istedadı, muğamların sirlərinə vaqif olub, ifa üsulların müxtəlifliyi və mükəmməlliyinə nail ola bilmək bacarığından çox asılıdır.
Muğamlar uşaq musiqi məktəblərində, kolleclərdə, ali məktəblərdə sadədən mürəkkəbə doğru prinsipi ilə proqramlar əsasında öyrədilir. Tədrisdə muğamları öyrənən bilməlidir ki, tərtib olunmuş proqramlardakı şöbə və guşələrin “giriş”, “gəzişmə” və “çıxış” cümlələrini dəqiqliklə mənimsəyib ifa etməlidir. Amma muğam materialına mükəmməl yiyələndikdən sonra illərin təcrübəsinə arxalanaraq, müxtəlif variantlarda geniş və ya yığcam, özünəməxsus ifalar göstərmək də vacibdir. Muğamlar hər ifa zamanı yeni bir əsər təsiri bağışlayır. Dəyişmək xüsusiyyəti muğamların canında olduğu üçün, eyni muğam müxtəlif musiqiçilərin ifasında özünəməxsus yeni çalarlar, melizmlər, improvizələr, varinatlar işlətməklə yeniləşə bilir. Yeknəsəqlik muğamlar üçün məqbul deyil. Ona görə də korifey sənətkarlar, istər xanəndə, istərsə də sazəndələr vaxtaşırı öz ifalarına yeni nəfəs, yeni cümlə, yeni qəzəl, mahnı, təsnif, rəng əlavə etməklə yeni ecazkar musiqi nümunələri yaradırlar. Dahi bəstəkar Üzeyir Hacıbəyli muğam ifaçılarını bu xüsusiyyətlərinə görə “bəstəkar” adlandırardı.
Dediklərimizə nümunə olaraq çox ifa olunan, emosional təsir gücünə görə seçilən “Zabul-segah” muğamına nəzər salaq. İfaçıların müxtəlif pərdələrdə ifa etdikləri “Mirzəhüseyn segahı”, “Xaric segah”, “Haşım segah” və başqa “segah”ların içində orta registrin “mi” pərdəsində qərar tutmuş “Orta segah” “Zabul” ilə birlikdə mükəmməl bir dəstgah əmələ gətirir. İki oktava diapazon, müxtəlif məqamların bir muğamda yer tutması, bəm, orta, zil registrlərin mövcudluğu muğam ifaçısına yaradıcılıq üçün geniş imkanlar açır.
Əvvəlcə müasir muğam tədris proqramında “Zabul-segah” muğamının hissələrinə nəzər salaq: “Bərdaşt” (“Zabul” və ya “Manəndi Hisar – Müxalif”), “Mayə Zabul”, “Muye”, “Manəndi Müxalif”, “Segah”, “Zil Zabul”, “Manəndi Hisar”, “Manəndi Müxalif”, “Zabul Segah”a “ayaq”.
Göründüyü kimi, “Bərdaşt”ın özü iki variantda verilib. “Bərdaşt” vasitəsilə muğam haqda təsəvvür almaq olur. “Bərdaşt” konkret musiqi cümlələri ilə zildən-bəmə doğru muğam dəstgahının əsas şöbələrini anons edir. Dinləyicidə muğam dəstgahı haqqında konkret fikir formalaşdırır.
Əlbəttə, “Zil Zabul” ilə “Bərdaşt” edib “Mayə Zabul”a gəlmək elə də çətinlik yaratmır. Problem muğamın “Segah”dan sonra ikinci dəfə “Zil Zabul” şöbəsində yaranır. Xanəndə qəzəli dəyişməklə yeni nəfəs, yeni zəngulə və gəzişmələr etməklə təkrarçılıqdan yayına bilir. Ansambl şəraitində alətləri dəyişməklə, tembr vasitəsi ilə vəziyyətdən çıxmaq olur. “Bərdaştı” tar ifa edibsə, “Zil Zabul”u klarnet və ya qarmon ifa edəndə təkrar müəyyən qədər hiss olunmur. Klassik üçlükdə isə tar və kamançanın imkanları bir az məhdud olduğu üçün “Bərdaşt”ı “Manəndi Hisar – Müxalif” ilə başlamaq məsləhət olunur. “Zabul-segah” muğamında “Manəndi Hisar – Müxalif” “Bərdaşt”ı dinləyicidə nəsə qeyri-adi bir ifa olacağına əminlik yaradır.
Bu “Bərdaşt” iki vacib məqam həll etmiş olur: I. “Zil Zabul” “Segah”dan sonraya qalır. II. Xanəndə öz səs imkanlarını nümayiş etdirmək üçün dəstgahın axırında “Manəndi Hisar” və “Manəndi Müxalif” oxuyacağı mesajını vermiş olur.
Virtuoz tarzən, müəllimim, Azərbaycanın xalq artisti Hacı Məmmədov “Manəndi Hisar – Müxalif” “Bərdaşt”ını 3 cümlə ilə ifa edirdi. I cümlə “Manəndi Hisar”, II cümlə “Manəndi Müxalif”, III cümlə isə “Manəndi Müxalif”in üstü və “Zabul” pərdələri ilə, pillə-pillə, əvvəl “Zil Zabul”a sonra “Manəndi Müxalif” bəmdə, sonra isə “Mayə Zabul”a düşərdi.
Birinci cümlə sırf “Hisar” pərdəsi “si bekar” olmaqla “Manəndi Hisar”a işarədir.
Nümunə 1
“Manəndi Hisar” cümləsi
İkinci cümlə “si bekar” və “do” pərdələrinə istinad edən “Manəndi müxalif”ə işarədir.
Nümunə 2
“Manəndi müxalif” cümləsi
Üçüncü cümlə “Manəndi müxalif” və “Müxalifin üstü” deyilən “Tərkib”ə oxşayan kulminasiya nöqtəsinə toxunan “Məxlut”a işarədir.
Nümunə 3
“Müxalifin üstü”
Dördüncü cümlə “Zabul” pərdələri ilə pillə-pillə “Zabul”a qayıdışı əks etdirir.
Nümunə 4
“Qayıdış”
Beşinci cümlə “Zil Zabul”dan “Mayə Zabul”a qayıdışın bir variantıdır.
Nümunə 5
Müasir ifaçılar nədənsə birinci nümunəni çalmayıb, ikinci cümlədən “Bərdaşt” edirlər. İfa nə qədər gözəl olsa da, məntiqə görə əvvəl “Hisar”, sonra “Müxalif”!
Görkəmli pedaqoq, Azərbaycanın əməkdar artisti Adil-Gəray Məmmədbəyli özünün yazdığı “Muğam etüdləri” məcmuəsində “Manəndi Hisar – Müxalif” “Bərdaşt”ını “Segah” etüdündə qabarıq şəkildə əks etdirmişdir.
Keçən əsrin əvvəllərində də tərtib olunmuş muğam cədvəllərində çoxvariantlılıq özünü büruzə verir. Görkəmli tarzən, muğam bilicisi Mirzə Mansur Mansurovun ifasında 1936-cı ildə Tofiq Quliyev və Zakir Bağırovun nota yazdıqları “Zabul segah” muğamı “Mayə Zabul”, “Muye”, “Manəndi müxalif”, “Orta segah”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”, “Yədi Hisar”, “Aşiq-quş” şöbələri geniş tərkibli dəstgah variantında verilmişdir. Göründüyü kimi, “Zil Zabul” əvəzinə “Şikəsteyi fars” və “Əraq” ifa olunub.
Korifey xanəndə Zülfü Adıgözəlov “Zabul segah” muğamını “Zil Zabul” ilə “Bərdaşt” edib, zildə heyrətamiz nəfəslər, gəzişmə və zəngulələr edərək “Mayə Zabula” düşərdi. “Mayə Zabul”dan sonra “Muyə”, “Manəndi Müxalif”, “Orta segah”, “Zil Zabul”, yenə zildə “Muyə”, sonra “Manəndi Müxalif” və “Zabula ayaq” oxuyardı.
Görkəmli xanəndə, Azərbaycanın xalq artisti Xan Şuşinski də “Zabul Segah” muğamını özünəməxsus üsullarla, müxtəlif variantlarla ifa edərdi. Sadəcə “Zabul” muğamını “Zil Zabul”, “Mübərriqə”, “Əraq” və “Mübərriqə” ilə “Segaha ayaq” hissələri ilə qısa variantda, bəzən geniş formada “Segah Zabul” variantında “Orta segah”, “Zil Zabul”, “Muye”, “Manəndi Hisar”, “Manəndi Müxalif”, “Mübərriqə” və “Segaha ayaq” hissələri ilə daha möhtəşəm, təkrarolunmaz bir ifa yaradırdı. Ümumiyyətlə, Xan Şuşinski öz səs imkanlarının zildə “Manəndi Hisar” və “Manəndi Müxalif” ilə göstərə bilirdi.
Ağabala Abdullayevin ifasında da “Zabul Segah” özünəməxsusluğu ilə seçilir. Müasir dövrümüzdə də muğam ifaçılarımız “Zabul Segah” muğamının öhdəsindən layiqincə gələ bilirlər. Bu yaxınlarda, geniş diapazonlu səsə malik, Azərbaycanın xalq artisti Zabit Nəbizadə Azərbaycan Milli Konservatoriyasının böyük zalında verdiyi konsertdə “Zabul Segah” dəstgahını “Əmiri” ilə “Bərdaşt” edib, bütün şöbə və guşələri ifa etməklə muğamların tükənməz xəzinə olduğunu, özünün isə novator xanəndə olmasını geniş auditoriyaya nümayiş etdirdi.
Başqa bir ifaçı gənc xanəndə, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov Muğam Mərkəzində verdiyi konsertdə “Zabul Segah” muğamını zənginləşdirərək muğamın sonuna yaxın “Zabula ayaq” hissəsində pillə-pillə geri qayıdarkən “fa” pərdəsində dayanaraq “lya bemol” pərdəsində “Hümayun” muğamından bir hissə oxuyub, dinləyicilərə xoş məqamlar bəxş etmişdir. Belə variantları vaxtilə Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə, Alim Qasımov və başqa muğam ustalarından eşitmişdik. Gənc ifaçıların bu axtarışları muğam sənətinin etibarlı əllərdə olduğunu göstərir.
İnstrumental muğam ifaçılığında da “Zabul”, “Zabul Segah” konsert versiyasında çox ifa olunur. Ustad tarzənlər Hacı Məmmədov, Sərvər İbrahimov, Əhsən Dadaşov, Məmmədağa Muradov, Ramiz Quliyev, Ağasəlim Abdullayev və başqaları öz ifalarında “Zabul” muğamını müxtəlif variantlarla ifa etmişlər. Bu ifalar öz cazibəliyi ilə diqqəti cəlb edir və gənc tar ifaçıları üçün dərs vəsaiti kimi öyrənilir.
Hacı Məmmədov ayrıca “Zabul” muğamında “Bərdaşt”, “Zil Zabul”, “Mayə Zabul”, “Muye”, “Manəndi müxalif” və “Zabula ayaq” variantını, “Zabul Segah” muğamında isə “Bərdaşt”, “Zil Zabul”, “Mayə Zabul”, “Muye”, “Manəndi müxalif”, “Orta segah”, “Aşiq quş”, “Mübərriqə” və “Zabula ayaq” hissələri ilə daha geniş, daha məzmunlu, daha məntiqli, həmişə aktual olan ifa yaratmışdır. Artıq “Orta segah”dan sonra “Aşiq quş” və “Mübərriqə” etməklə “Zil Zabul”u ikinci dəfə etməyib, xanəndələri də müşayiət edərkən “Zil Zabul”u başqa alətlərə həvalə edərdi.
“Zabul Segah”ın variantlarından danışarkən muğamın sonuna yaxın səslənən “Manənd Hisar” və “Manəndi Müxalif”dən bir az geniş məlumat vermək lazım gəlir. Hələ keçən əsrin əvvəllərində 1906-cı ildə səsini qrammafon valına yazdırmış Məşədi Məmməd Fərzəliyev “Zabul” muğamının “Hisar” şöbəsini ayrıca ifa etməklə üç dəqiqəlik zaman kəsiyində xanəndənin necə effekt yarada bilmək bacarığını sənəti öyrənmək istəyən dinləyiciyə ərməğan edib. Səsin məlahəti, zəngulələrin şaqraqlığı, zil pərdələrdə xanəndənin sərbəst surətdə səsindən istifadə etmə bacarığı “Hisar”ın “Zabul”da necə effekt yaratmasına bariz nümunədir. Müşayiətçilər – virtuoz tarzən Qurban Pirimov və kamanzən Saşa Oqanezaşvili müxtəlif gəzişmələr, variasiyalar etməklə xanəndənin yaratdığı auranı məharətlə saxlayıb, daha da zənginləşdirərək üçlükdə orkestr səviyyəli ifanın mümkünlüyünü nümayiş etdirmişlər.
Bu ifanı diqqətlə tədqiq etdikdə maraqlı məqamlar ortaya çıxır. “Hisar” “Çahargah” məqamına aid olub, “Zabul”da “si bekar”, “do” və “re diyez” pərdələrində ifa olunmalıdır. Bu ifada isə “si bekar”, “do” və “re ” (re sori, “re diyez”dən ¼ ton qədər əskik) səslənmə eşidirik. Düşünmək olar ki, yəqin xanəndənin səsi pərdəyə düz oturmur. Amma ondan da zil pərdələri rahat götürdüyünün şahidi oluruq. Q.Pirimovun və S.Oqanezaşvilinin “re ” (re sori) pərdəsindən istifadəsi ifanın bir az yumşaq səslənməsinə kömək etdiyini görürük. Hətta, “Hisar” rəngi çalıb, “re bekar” pərdəsinə toxunmaqla bir ağız “Segah” oxumuşlar. Sonra yenə “Hisar”a qayıtmalarının şahidi oluruq. “Re ” (re sori) pərdəsində istifadə “Hisar”ı “Hisara oxşar”, yəni “Manəndi Hisar” etdiyi qənaətinə gəlirik.
“Manəndi Müxalif” də “Müxalifə oxşayan” olmasını “sol”, “lya bemol”, “si bekar” və “do” pərdələrindən, yəni “Şüştər” məqam quruluşuna görə qəbul edirik. Əslində “Müxalif”in səs düzülüşü ½ t — 1 t – 1 t (yarım ton, ton, ton) olmalı halda, “Manəndi Müxalif”i ½ t — 1 ½ t — ½ t (yarım ton, ton yarım, yarım ton) quruluşunu görürük.
Başqa bir məsələ “Yədi Hisar” guşəsi ilə bağlıdır. Mirzə Mənsur Mənsurovun ifasından nota yazılmış “Zabul-Segah” dəstgahında “Əraq” şöbəsindən sonra “Yədi Hisar” gəlir. Adında “Hisar” sözü, onu heç də “Çahargah” məqamına aid olmağına dəlalət etmir. Sırf rast məqamından olan “Əraq” şöbəsindən “Segah”a düşməsini təmin edən bir cümlədir. Əslində “Yədi Hisar” “Manəndi Hisar”ın içində olub zil Hisardan bəm Hisara düşmək üçündür. Hacı Məmmədovun ifasında “Hisar Müxalif” adlanan qramafon valında öz əksini tapmışdır.
Nümunə 6
“Yədi-Hisar”
Bu məqalədə “Zabul-Segah” muğamının mümkün olan bəzi variantlarından danışdıq. Yaradıcı, istedadlı, zəhmətsevər musiqi fədailəri hələ neçə-neçə ifalarla xalqımıza və musiqimizə maraq yetirən hər bir dinləyicini riqqətə gətirə biləcək muğam nümunələrini yaradacaqlar. Bunun üçün muğamlarımızı dəqiq öyrənməli və maraqlı ifalar göstərməklə onu zənginləşdirməli, gələcək nəsillərə tükənməz xəzinə kimi ötürməliyik. Mizrablar (п v), lal barmaqlar (p), “xum” ( ), simi barmaqla dartıb dırnaq effekti ( ), mizrabsız, barmaqlar vasitəsilə “əngüştkar” (farscadan tərcümədə əngüşt — barmaq, kar — iş deməkdir) ifa üsullarından istifadə etmək, trel (tr), vibrasiya ( ) və başqa melizmlərdən istifadə edərək tarın ecazkar səsini dinləyiciyə çatdırmaq və sevdirmək olar.
Старший преподаватель АНК
О НЕКОТОРЫХ ВАРИАНТАХ МУГАМА «ЗАБУЛ-СЕГЯХ»
Резюме
В данной статье рассматриваются некоторые варианты мугама «Забул Сегях», роль значение и интропретация мугама. Обясняется значения слов «Маненди Хисар» и «Маненди Мухалиф».
Ключевые слова: «Забул», «Сегях», «Хисар», «Охшар», логика, творчество
Senior Lecturer of ANC
“ZABUL SEGAH” — SOME VERSIONS IN MUGHAM
Summary
The article discusses some of the versions of “Zabul Segah” in mugham. An explanation was given to «Manеnd Hisar» and «Manеnd Muxalif».
Key words: “Zabul”, “Segah”, “Hisar”, “Oxşar”, logic, creative work
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim, professor R.M.Musazadə
sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim, professor M.B.Quliyev