Dadaş Dadaşovun bəstəkar və müəllim portretinə bəzi ştrixlər
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
Lalə HÜSEYNOVA
Azərbaycan Milli Konservatoriyasının
elmi işlər üzrə prorektoru
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Yüksək meyar və keyfiyyət keşiyində:
Dadaş Dadaşovun bəstəkar və müəllim portretinə bəzi ştrixlər
Bəstəkar və müəllim, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Dadaş Dadaşov bu il şərəfli ömür yolunun çox əlamətdar bir tarixini – 80 yaşını qeyd edir. Hər zaman özünü tərifdən, reklamdan uzaq tutan Dadaş müəllim, nəhayət bu şanlı yubiley ilində geniş ictimaiyyət qarşısına çoxşaxəli yaradıcılığını dolğun şəkildə sərgiləyən böyük bir Musiqi Festivalı ilə çıxdı. Bu xoş olayın ölkəmizin əsas akademik musiqi səhnəsi – M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutması isə ona ayrıca bir əzəmət aşıladı. Bir neçə gün ərzində bəstəkarın müxtəlif illərdə yazılmış kamera və irihəcmli orkestr əsərləri, o cumlədən “Azərbaycan” simfonik poeması və I simfoniyası, Qanun və simfonik orkestr üçün 3 hissəli konserti, Kamera simfoniyası, çeşidli instrumental və vokal əsərləri, mahnıları respublikamızın aparıcı musiqi kollektivlərinin və ifaçılarının təqdimatında dinləyicilərə ərməğan edildi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri (dirijor – Fəxrəddin Kərimov), Qara Qarayev adına Dövlət Kamera orkestri (dirijor – Teymur Göyçayev), Azərbaycan Dövlət Xalq Çalğı alətləri orkestri (dirijor – Ağaverdi Paşayev) və tanınmış solistlərin ifasında Dadaş Dadaşovun 60 illik bəstəkarlıq fəaliyyətinə geniş bir festival formatında güzgü tutuldu. Bu əlvan musiqi panoramı musiqi ictimaiyyətinə Dadaş Dadaşovun yaradıcılıq prioritetləri, düşüncə tərzi və üslubunun təkamülü haqqında dolğun təsəvvür əldə etmək üçün də yaxşı fürsət yaratdı.
İlk növbədə onu vurğulayaq ki, Dadaş Dadaşov musiqinin müxtəlif janrlarında özünü rahat hiss edən və ifadə etməyi bacaran bir sənətkardır. O, həm simfonik orkestrin imkanlarına, həm xalq çalğı alətlərinin incəliklərinə, həm də kamera janrlarının xüsusiyyətlərinə yaxşı bələddir. Bəstəkarın yaradıcılıq çantasında bütün bu istiqamətlər təmsil olunsa da, onlar kəmiyyət baxımından çox deyil. Bu da Dadaş Dadaşovun bəstəkarlıq prinsiplərinin bir vacib cəhətinə dəlalət edir. O, bədii nəticələrini dəfələrlə təkrarlamaqdan, tirajlamaqdan uzaq olan sənətkarlarımızdandır. Bəstəkarın simfonik musiqi nümunələrinin yazılma tarixləri də bunu aydın göstərir. D.Dadaşovun üç simfoniyası müvafiq surətdə 1981, 2006 və 2012-ci illərdə ərsəyə gəlmişdir. Bu əsnada bir epizodu xatırlayıram. 1985-ci ildə, Azərbaycan Bəstəkarlar İttifaqının Böyük Bətən Müharibəsinin 40 illiyinə həsr olunmuş Plenumunda Dadaş müəllimin “Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinə” adlı Simfoniyasının premyerası oldu. Bu, bəstəkarın çoxhissəli simfoniya janrında ilk işi idi. Yaxşı yadımdadır, plenuma Moskva Konservatoriyasından təşrif buyurmuş tanınmış musiqişünas, sənətşünaslıq doktoru Yelena Dolinskaya müzakirələr zamanı yetkin bəstəkarın I simfoniya ilə çıxış etməsinə təəccübünü gizlədə bilməsə də, bu faktı özünətələbkarlığın bariz nümunəsi kimi xüsusi vurğuladı. Həqiqətən də, simfonik musiqi sahəsində ilk qələm təcrübəsi olan uğurlu diplom işi – Simfonik poemadan (onu da qeyd edək ki, 1963-cü ildə yazılmış bu əsər bir sıra nüfuzlu festivallarda müəllifinə başucalığı gətirmişdir) uzun illər sonra bəstəkar yenidən simfonik janrda öz sözünü deməyə, ciddi şəkildə düşünüb-daşındığı fikirlərini ortaya qoymağa ərk etmişdi. 6 hissəli miqyaslı partiturada bu aşıq-aşkar hiss olunurdu. Şostakoviç simfonizminə, Cövdət Hacıyev ənənələrinə istinadən yazılmış bu böyük musiqi lövhəsində bəstəkarın fəlsəfi ümümiləşdirmələr aparmaq iqtidarı göz qabağında idi. Dadaş Dadaşov haqqında yazılmış məqalələrdə artıq dəfələrlə yer almış Y.Dolinskayanın bəzi fikirlərini bir daha diqqətə çatdırmaq istərdik: “Şübhəsiz ki, D.Dadaşovun hərb və sülh mövzusunun təcəssümü ilə bağlı simfoniyası ciddi bir işdir. Arxitektonika mütənasibliyi, parlaq müasir səs koloriti, səs simvolikasından fəal istifadə, ümumi emosional gərginlik əsərin cəlbedici xüsusiyyətlərindəndir”. Təqdirəlayiq haldır ki, bəstəkarın yaradıcılığına həsr olunmuş festival proqramlarında onun hər üç simfoniyasını, o cümlədən 3 hissəli Simli simfoniyası və 3 hissəli Kamera simfoniyası, habelə kamera orkestri üçün parlaq konsert pyeslərini yenidən canlı ifada eşitmək imkanı yarandı.
Axtarışlara meyl, hər səsin qədrini bilmək kimi iş prinsipi bəstəkarı daha inadla və davamlı surətdə kamera musiqisi sahəsində çalışmağa sövq edib. Dadaş müəllimin yaradıcılıgında bu sahə Simli kvartet, Simli trio, Kvartet-poema, artıq pianoçuların tədris və konsert repertuarına daxil olmuş və seriya texnikasını milli məqamlarla üzvi çulğalaşdırmış “24 prelüd” silsiləsi, Etüd-skertso, habelə Rəsul Rzanın sözlərinə orijinal bir tərkib – metso-soprano, fleyta, piano və violonçel üçün yazılmış “Rənglər” silsiləsi, Almaz Yıldırımın sözlərinə səs və piano üçün “Azərbaycan” balladası kimi maraqlı və sanballı əsərlərlə təmsil olunub. Bu əsərlərin hər biri dəyərli sənət nümunəsi kimi musiqi salnaməmizdə yer alıb, onların məziyyətləri barədə musiqişünaslarımız tutarlı sözlərini söyləyib. Məsələn, professor İmruz Əfəndiyeva D.Dadaşova həsr etdiyi “Axtarış yollarının bəhrəsi” məqaləsində yazır: “Dahi şairimiz Rəsul Rzanın “Rənglər” silsiləsinə Dadaş Dadaşovun bəstələdiyi vokal əsəri Azərbaycan kamera-vokal musiqisində bir növ yenilikdir. Bəstəkar şairin silsiləsindən beş şeir seçmiş və XX əsr musiqisinin bədii-estetik imkanlarından bəhrələnərək gözəl hisslərlə səciyyələnən dərin mənalı kompozisiya yaratmışdır”. Professor Ramiz Zöhrabov isə öz məqaləsində Dadaş Dadaşovun violin, viola və violonçel üçün yazdığı Triosunu Azərbaycan musiqisində bu tərkibdə yazılmış ilk və uğurlu əsər kimi xüsusi vurğulayır.
Şübhəsiz ki, Dadaş Dadaşovun əldə etdiyi uğurlarının mənbəyində şəxsi keyfiyyətləri ilə yanaşı, bir sənətkar kimi formalaşdığı dövrün, mühitin rolu böyük olub və mükəmməl, keyfiyyətli təhsil faktoru bu sırada, zənnimizcə, ön sırada dayanır.
Dadaş Dadaşov keçən əsrin 50-60-cı illərinin son dərəcə tələbkar bir musiqi mühitində böyüyüb boya-başa çatmış və musiqi təhsilinin bütün pillələrini layiqli şəkildə adlamışdır. Milli musiqi ifaçısının ailəsində dünyaya göz açan bəstəkar 1 saylı Uşaq musiqi məktəbini bitirdikdən sonra 1950-54-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda tanınmış tarzən və pedaqoq Adil Gərayın tar sinfində püxtələşmiş, perspektivli və istedadlı gənc tar ifaçılarından biri olmuşdur.
Məlumdur ki, 1952-ci ildə Hacı Xanməmmədovun bəstələdiyi ilk tar konserti yeni ifa tərzi və virtuoz texnika nümayiş etdirmək həvəsi ilə yaşayan gənc tarzənlərə böyük meydan açdı və onları bir daha geniş səpkidə tarın əzəli repertuarı çevrəsindən çıxmağa sövq etdi. Musiqi texnikumunda bu yeni məcraya cəsarətlə baş vuran ilk tələbə isə Dadaş Dadaşov idi: 17 yaşlı gənc tarzən musiqimizin ilk tar konsertini hətta Maestro Niyazinin idarəsilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri ilə çalmaq şansı qazanmışdı. Elə bunun nəticəsidir ki, Musiqi Texnikumunu əla qiymətlərlə başa vuran D.Dadaşov görkəmli bəstəkarımız Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə dəvət olunaraq 10 ilə yaxın bu kollektivdə həvəslə çalışmışdır. Bu fəaliyyətin Dadaş Dadaşovun gələcək bəstəkarlıq təcrübələrində rolu da çox əhəmiyyətli oldu. Çünki milli orkestrlə sıx təmasda keçən illər Dadaş Dadaşovun, ümumiyyətlə, bu sahəyə bir bəstəkar kimi sönməyən marağını şərtləndirib.
Dadaş müəllim daim böyük həvəslə xalq çalğı alətləri orkestri üçün yazıb-yaradır, orkestrin orijinal əsərlərə tələbatını dərindən anlayaraq (məlumdur ki, mövcud xalq çalğı alətləri orkestrləri əksər hallarda köçürmələrlə, yəni simfonik və kamera orkestri üçün yazılmış əsərlərin xüsusi versiyaları ilə kifayətlənməli olur) vaxtaşırı onun repertuarını yüksək keyfiyyətli partituraları ilə zənginləşdirir. Bəstəkar xalq çalğı alətləri orkestri üçün müxtəlif illərdə bəstələnmiş (1966, 1972, 1983, 2005, 2014) 5 böyük süitanın, habelə bir sıra məşhur pyeslərin müəllifidir. Bu əsərlər şablondan uzaq, təravətli obraz-intonasiya dairəsi ilə diqqəti cəlb edir. Əsərlərin bir mühüm kefiyyəti də onların dolğun orkestr səslənməsidir. Orkestrləşdirmə ustası olan Dadaş müəllim adətən, bu sayaq əsərlərin orkestr üslubuna xas olan yeknəsəqlikdən (unison səslənmələr, alət qruplarının qeyri-mütənasib tənzimi) qaçmağın yollarını gözəl duyur. Simfonik orkestrlə müqayisədə xalq çalğı alətləri opkestrlərimizin nisbətən məhdud imkanları bəstəkar üçün əngəl törətmir, əksinə ona yaradıcılıq fantaziyasından, bu sahədə geniş bilgilərindən maksimum bəhrələnməyə meydan açır.
Dadaş Dadaşovun milli musiqi alətlərinə olan xüsusi marağı digər janrlarda da özünü büruzə verir. Bu baxımdan bəstəkarın bir tarixi xidməti xüsusi vurğulanmalıdır. Dadaş Dadaşov Azərbaycan musiqisində Qanun və simfonik orkestr üçün ilk konsertin müəllifidir. Bu konserti Dadaş müəllimin xoşbəxt taleli (bəlkə də ən xoşbəxt taleli) əsəri adlandırsam, zənnimcə, yanılmaram. Əvvəla, 2009-cu ildə ərsəyə gəlmiş qanun konsertinin (I hissəsinin) premyerası çox əlamətdar mədəniyyət bayramında – Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyilə bağlı düzənlənmiş Musiqi Festivalında baş tutdu və elə ilk ifadan diqqət çəkdi. Daha sonra bu konsert 2012-ci ildə Ukraynada keçirilən “Azərbaycan musiqisi günlərində” və Tatarıstanda baş tutmuş “Türkdilli ölkə bəstəkarlarının I Musiqi Festivalında” səslənmişdir. Bütün bu ifaları bilavasitə izləmək imkanı əldə etmiş bir şəxs kimi qeyd etməliyəm ki, Dadaş Dadaşovun qanun konserti dinləyicilər və mütəxəssislər tərəfindən xüsusi rəğbətlə qarşılanmış, haqlı olaraq yüksək rəylərə layiq görülmüşdür. Qədim qanun alətinin məxsusi tembr çalarını böyük simfonik orkestrin zəngin səs palitrası ilə uzlaşdırmış bəstəkar musiqi toxumasını milli musiqinin cazibədar, dəyişkən və mürəkkəb ritm-intonasiya formulları üzərində qurmaqla uğurlu bədii nəticə əldə etmişdir. Əsərin məziyyətləri haqqında ünlü bəstəkarlar tərəfindən səsləndirilən qiymətli fikirlər Dadaş Dadaşovun bu əsərinin heç şübhəsiz ki, əsl müvəffəqiyyətindən xəbər verir.
Bəstəkarın qanun alətinə böyük marağını 1996-cı ildə bəstələdiyi “Çinarənin sevinci” adlı qanun və piano üçün parlaq Skertso əsəri də nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, hər iki əsər qanunçalan Çinarə Mütəllimovanın ilk ifasında məşhurlaşmışdır. Əməkdar artist fəxri adına layiq görülmüş bu gənc və istedadlı qanun ifaçısının ən müxtəlif repertuarı əxz etməyə qadir universal qanun çalan kimi yetişməsində və ümumiyyətlə, qanun ifaçılığında son illər müşahidə edilən yeni virtuoz ifa üslubunun yaranmasında bu əsərlərin rolu danılmazdır. Bu fikirləri digər istedadlı və gənc ifaçı – kamançada virtuoz ifa tərzi ilə diqqət çəkən Azərbaycan Milli Konservatoriyasının tələbəsi Mədinə Şahgəldiyeva barəsində də demək mümkündür. 2013-cü ildə V Beynəlxalq Ü.Hacıbəyli Musiqi Festivalı zamanı Bəstəkarlar İttifaqının kamera salonunda D.Dadaşovun kamança və fortepiano üçün “Əlvan naxışlar” kapriççiosunun yaddaqalan premyerası oldu. Bu əsər, onu xüsusi bir şövq və məharətlə ifa edən Mədinə Şahgəldiyevanın potensial imkanlarını yeni çalarlarla “bərq vurmağa” gözəl zəmin yaratdı. Əlamətdardır ki, bu parlaq konsert pyesi Mədinə Şahgəldiyevaya bir sıra nüfüzlu xarici festivallara dəvət də qazandırdı. Tatarısatan Bəstəkarlar İttifaqının sədri, görkəmli tatar bəstəkarı, xalq artisti, “Avrasiya Beynəlxalq Musiqi festivalı”nın bədii rəhbəri Rəşid Kalimullinin dəvətilə Kazan şəhərinə yollanmış Mədinə Şahgəldiyeva növbəti festivalda bu əsərin əla ifası ilə dinləyiciləri heyrətləndirmişdi. Təbii ki, bütün bunlar ilk növbədə bəstəkar-ifaçı tandeminin uğurlu nəticələridir. Dadaş Dadaşovun “Əlvan naxışlar” kapriççiosu isə kamança repertuarında hətta bir virtuozluq rəmzinə də çevrilə bilər.
Deyilən faktlar Azərbaycan Milli Konservatoriyasının professoru Dadaş Dadaşovu həm də həssas bir pedaqoq kimi də səciyyələndirir. Dadaş müəllim uzun illərdir ki, konservatoriyada “Partitura oxunuşu” fənnini tədris edir. Bəstəkarlıq sənətinin sirlərinə qüdrətli bəstəkarımız, milli simfoniya janrının banilərindən biri – Cövdət Hacıyevin sinfində yiyələnmiş bəstəkar nəinki ustadının yaradıcılıq ənənələrini layiqincə davam etdirir, eyni zamanda onun ciddilik, dürüstlük, məsuliyyət və tələbkarlıq kimi möhkəm pedaqoji prinsiplərinə də öz müəllimlik fəaliyyətində hər zaman sadiq qalır. İstedadlı və qabiliyyətli tələbələrinin gələcək “aqibəti” onu qəlbən narahat edir və Dadaş müəllimlə bu təhsil ocağında birgə çalışdığım qısa müddətdə artıq bunun şahidi olmuşam.
Ömrün müdriklik çağına – 80 yaşına dürüst və ləyaqətli ömür yaşamaqla gəlib çatmış Dadaş Dadaşov indi də daim yaradıcılıq axtarışlarında, istedadlı gənc nəsil sorağındadır. Qoy bu şərəfli yolda ona hər zaman uğur yar olsun!